525.Az

Avropa yeni nüvə çətiri yaradır - Xaqani Cəfərli yazır


 

Avropa yeni nüvə çətiri yaradır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) araşdırmasına görə, Rusiya NATO ilə uzunmüddətli geosiyasi qarşıdurmaya hazırlaşır. ISW-in ekspertləri hesab edirlər ki, Moskvanın məqsədi bu yolla Şimali Atlantika Alyansının üzvü olan dövlətlərdə NATO-nun hərbi infrastrukturunun yayılmasının qarşısını almaqdır. Lakin Rusiyanın təhdidləri NATO ölkələrini təhlükəsizlikləri haqqında daha çox düşünməyə vadar edir.

Neytral dövlət statusundan imtina edərək NATO-ya üzv olan Finlandiya hökuməti nüvə enerjisi haqqında qanuna dəyişiklik etmək niyyətindədir. Əgər rəsmi Helsinki bu addımını gerçələşdirsə, Finlandiyada nüvə silahının yerləşdirilməsinin önü açılacaq. Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov bildirib ki, Moskva Finlandiyada NATO-nun nüvə silahının yerləşdirilməsini cavabsız qoymayacaq. Səfir Pavel Kuznetsov Moskvanın cavabının nədən ibarət olacağını bildirməsə də, Rusiyanın Finlandiya ilə sərhəddə hərbi mövcudluğunu gücləndirəcəyi gözlənilir.

Səfir Pavel Kuznetsovdan öncə Rusiya Prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu da oxşar fikirlər səsləndiriblər. Ötən ilin dekabrında Prezident Vladimir Putin bəyan etmişdi ki, Finlandiyanın Rusiya ilə problemi yox idi, amma indi olacaq. Moskvada eyham vururlar ki, Leninqrad Hərbi Dairəsinin yaradılması da bu məqsədə xidmət edir. Təxminən bir ay əvvəl müdafiə naziri Sergey Şoyqu da Finlandiyanı hədələmiş, Leninqrad və Moskva hərbi dairələrinin yaranmasını bununla izah etmişdi. Moskvada hesab edirlər ki, Finlandiyanın NATO-ya daxil olması Baltikyanı regionunu "potensial eskalasiya zonasına" çevirib.

Ekspertlərin qənaətincə, Rusiya rəsmilərinin ehtimal olunan təhlükələr və NATO-dan gələn xəyali təhdidlərlə bağlı bəyanatları Qərblə uzunmüddətli geosiyasi qarşıdurmaya haqq qazandırmaq və ölkə daxilində dəstək qazanmağa xidmət edir.

Ekspertlərdən fərqli olaraq siyasətçilər və dövlət xadimləri Rusiyanın təhdidlərinə qarşı tədbirlər görülməsini təklif edirlər. İlk addım kimi isə Avropanı Rusiyanın təhdidlərindən qorumaq üçün nüvə çətirinin yaradılması təklifi irəli sürülür. Soyuq müharibə illərində Avropanın nüvə çətiri rolunu ABŞ-nin Belçika, Almaniya, İtaliya, Niderland və Türkiyədə yerləşən altı hərbi bazadakı nüvə başlıqları oynayırdı. Eyni zamanda ABŞ-nin Böyük Britaniyadakı təxminən 200 döyüş başlığı da bu məqsədə xidmət edirdi. İndi isə vəziyyət dəyişə bilər. ABŞ-da keçmiş prezident Donald Trampın yenidən hakimiyyətə qayıtmaq ehtimalı Avropa dövlətlərini qorxudur. Trampın yenidən prezident olacağı halda ABŞ-nin NATO-dan çıxacağı, Rusiyanın təcavüzü qarşısında Avropa dövlətlərini müdafiə etməyəcəyi ehtimalı var. Bu ehtimal Avropa dövlətlərinin kabusuna çevrilib və onlar ABŞ-nin nüvə çətirini əvəzləyəcək mexanizm hazırlamağa çalışırlar. Bu zaman Fransanın malik olduğu nüvə silahı Avropanın yeni nüvə çətirinin əsasını təşkil etməlidir.

Qeyd edək ki, Fransanın nüvə silahı yalnız milli müdafiə üçün nəzərdə tutulub və NATO-nun Nüvə Planlaşdırma Qrupuna daxil deyil. Lakin son zamanlar Paris nüvə silahının mümkün istifadəsi ilə bağlı qərarların qəbuluna görə məsuliyyəti bölüşmək üçün İsveç və Polşanın da daxil olduğu bəzi dövlətlərlə nüvə təhlükəsinin qarşısının alınması ilə bağlı ikitərəfli müzakirələr aparır. Son zamanlara kimi Fransanın bu mövzudakı təşəbbüslərinə ehtiyatla yanaşan Almaniyanın mövqeyində dəyişiklik müşahidə olunmağa başlayıb. Almaniyann maliyyə naziri Kristian Lindner ABŞ-nin nüvə çətirinə alternativləri nəzərdən keçirməyi mümkün hesab etdiyini bildirib. Avropa Parlamentində ən böyük fraksiyanı təşkil edən sağ mərkəzçi Avropa Xalq Partiyasına rəhbərlik edən Manfred Veber də təxminən eyni mövqedədir. Veber Fransanın nüvə silahlarının Avropa strukturlarına necə daxil edilməsi barədə düşünməyi və Böyük Britaniya ilə bu məsələdə konstruktiv dialoqa başlamağı təklif edib. İyun ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə Almaniya sosial demokratlarına rəhbərlik edəcək Katarina Barley də bildirib ki, Trampın son bəyanatları ABŞ-nin zəmanətlərinə etibar etməyin mümkünsüzlüyünü göstərir.

Polşanın Baş naziri Donald Tusk da Makronun Avropa təhlükəsizlik sistemi yaratmaq üçün nüvə silahından istifadə təklifinin "son dərəcə ciddi" qəbul edilməli olduğunu vurğulayıb.

İtaliya Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Natali Tocci Avropa liderlərinin 2020-ci ildə Makronun milli nüvə silahı proqramını genişləndirməklə bağlı çağırışına məhəl qoymamasını axmaq adlandıraraq deyib ki, indi Tramp faktoru bu müzakirəni yeniləmək üçün siyasi fürsət verir.

Parisdəki Strateji Araşdırmalar Fondunun direktor müavini Bruno Tertre isə hesab edir ki, Fransa və Böyük Britaniyanın nüvə arsenalları effektiv nüvə çətiri yaratmaq üçün kifayətdir. Hazırda Fransanın 290-a yaxın, Böyük Britaniyanın 260 döyüş başlığı var. Əksər ekspertlər hesab edir ki, Rusiyanın minlərlə nüvə başlığı olmasına baxmayaraq, Fransa və Böyük Britaniyanın nüvə başlıqları "Şər İmperiyası"ndan gələ biləcək təhlükənin qarşısını almağa yetərlidir.

NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer Kiyevə səfəri zamanı bildirib ki, Alyans Rusiya ilə potensial münaqişəyə hazırdır. Admiral qeyd edib ki, Krımın işğalından sonra NATO Rusiya ilə münaqişənin mümkünlüyü barədə düşünməyə başlayıb. Bu məqsədlə NATO şərq cinahında mövqelərini xeyli möhkəmləndirib. Lakin Rob Bauer xəbərdarlıq edib ki, ruslar təkcə NATO-nun şərq cinahında deyil, həm də kosmosda, kiberməkanda, Arktikada və Atlantikanın qərbində, eləcə də Afrikada, Aralıq dənizində və Qara dənizdə Alyansla rəqabət aparır.

NATO-nun hərbi komitəsinin rəhbəri hesab edir ki, Rusiya Ukraynada heç bir strateji məqsədə nail olmayıb və müharibə nəticəsində müəyyən mövqeləri zəifləyib. Bununla belə, aydın görünür ki, Rusiya NATO qarşıdurmasının coğrafiyası 24 fevral 2022-ci il tarixindən əvvələ müqayisədə genişlənib. Son zamanlar bu qarşıdurma Cənubi Qafqaza da siyarət etməyə başlayıb. Bütün bunlar isə hərbi münaqişə ehtimalını artır və Rusiyadan gələ biləcək nüvə təhlükəsinə qarşı Avropanı yeni nüvə çətiri yaratmağa vadar edir.

 

 

 

 





15.04.2024    çap et  çap et