525.Az

Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır


 

Aktrisanın şirin-acı həyat hekayəti - <b style="color:red"> Telman Orucov yazır</b>

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 Bu, təkcə mənim taleyim deyildir. Bədbəxtlikdən bəziləri illüziyalarla qidalanmağa üstünlük verib, İstanbulda varlanmaq üçün  ora üz tuturdular. Onların arasında öz ölkəsində uğurlu fəaliyyət göstərən və varlanan biznesmenlər də az deyildi. Bəziləri mühitə uyğunlaşıb, biznesdə yaxşı irəliləyişə nail olur, çoxları isə öz sərmayələrini də itirmək məcburiyyətində qalırdı. Ölkədən qanuni xarakter daşıyan təqiblərdən qorxub qaçan qatı müxalifətçilər isə oradakı bəzi siyasi partiyaların himayəsinə qısılıb, ailələrini güclə dolandırırdılar. İstanbulda cənnət axtaranların bir hissəsi cəhənnəmlə üzləşməli olur, çünki onların əksəriyyəti biznesi sovet dövründə geniş miqyas alan alverlə qarışıq salır və iflasa uğrayırdı. Biznesdən baş çıxarmayanlar yad yerdə özlərini təsdiq edəcəklərinə ümid bəsləyirlər, hətta İstanbulu fəth edəcəkləri barədə istehza doğuran and da içirlər.

Mən orada əsl səfil bir insana çevrildim. Əvvəlcə bir televiziya kanalı üçün teatr tamaşaları barədə məqalələr yazıb, oradan az da olsa qonorar alırdım. Lakin bu da uzun sürmədi, səhnə quruluşlarını və aktyor ordusunu kəskin tənqid etdiyimə görə kanal mənim yazılarımdan imtina etdi, teatrlar da məndən yaxa qurtarmaq üçün qapılarını mənim üzümə bağladılar. Qəzetlər mənim rus olduğumu yazırdılar, anamın rus olduğunu haradansa öyrənmişdilər.

Mənim otaq kirayələməyə pulum olmadığından məscidlərin qapısında gecələyirdim. Tez-tez mənə soyuq dəyirdi, dərman almağa da pulum olmurdu. Nəhayət, məni insult vurdu, iflic oldum, nitqimi itirdim. Beynim də əvvəlki tək işləmirdi.

Sonralar, bir dükançının mənə yazığı gəldi və mənə küçədə smit satmaq işini verdi. Bütün günü ayaq üstə dolaşmalı idim ki, verilən smiti sata bilim. Xeyli müddət qəpik-quruşa bu işdə işlədim. Sonra vəziyyətimin daha da ağırlaşacağı qorxusundan bakılı sürücünün rəhmdilliyi hesabına vətənimə qayıtdım. Mənzilim də əlimdən çıxmışdı, gecələr dəmir yol vağzalında yatıram. Katorqaçılar kimi artıq evdə, rahat yorğan-döşəkdə yatmağı da tərkitmişəm.

Onun söhbəti məni çox həyəcanlandırdı. Mənə xəbər vermədən getdiyinin səbəbini soruşduqda bildirdi ki, istəmirdim ki, Mədəniyyət Nazirliyinin rəsmiləri sənə də pislik etsinlər. İstanbulda eşitdim ki, onları biabırçılıqla vəzifədən qovmuşlar. Sənə görə təşviş hissləri keçirirdim ki, mənimlə yaxınlığına görə sənə pislik edər, truppadan və kinoseriallardan uzaqlaşdırardılar. Yalnız bu səbəbə görə, səssiz-küysüz qeybə çəkilmişdim.

Mən çox həyəcanlanmışdım, vaxtilə gülərüz bu adamın belini dərd, ağır günlər əymişdi. Elə bil ki, o, özünü intihar etmək üçün zəhər içmişdi. Lakin zəhər onu öldürməyib, beynini zədələmişdi. Onun köməyə böyük ehtiyacı var idi. İşləməsə, aclıqdan ölə bilərdi. Ona bildirdim ki, nə olursa olsun, mən ona kömək göstərməyə cəhd edəcəyəm. Çünki vulkanı kənardan müşahidə etmək olar, lakin üzərində yaşamaq mümkün deyildir. Mən hiss edirdim ki, vulkan bir dəfə də püskürəndə Fərhad məhv olacaqdır, onun ağır səhhəti və çıxılmaz vəziyyətdə olması mürgüləyən vulkana bənzəyirdi.

O, mənə yalvardı ki, bunu etməyim, ailəndə söz-söhbət yarana bilər, səni teatrdan uzaqlaşdıra bilərlər. Məni istəməyənlər, özünə düşmən bilənlər, onların isə sayı çoxdur və onlar mənə pislik etmək üçün, köhnə arxivi araşdırmağa girişib, sənin xoşbəxtliyinə balta vura bilərlər.

Mən sərt qaydada ona dedim:

- Nə olursa olsun, sənə kömək etmək mənim borcumdur, təkcə keçmiş, üstünü mamır basmış sevgimizə görə deyil, vaxtilə məni ölümdən xilas etdiyinə və səninlə olan ən xoş xatirələrə görə. Təsəvvür et ki, bizim yerimiz dəyişik olsaydı, sən mənə kömək etməzdinmi? Mən sənin belə laqeyd hərəkətinə heç cür inana bilməzdim. Mən də sənin taleyinə biganə qalmayacağam. Mən ərimdən xahiş edəcəyəm ki, sənə köməklik göstərsin.

Fərhad yalvarmağa başladı ki, bunu etmə, ərin xahişindən pis nəticə çıxara bilər. Mən sərt qaydada bildirirdim ki, sən bu məsələyə qarışmamalısan. Ərimin mənə çox inandığına heç vaxt şübhə etməmişəm, indi də etmirəm. Vəziyyəti ona hərtərəfli başa salacağam. Və əminəm ki, mənim xahişimdən sonra o, sənə kömək əlini uzadacaqdır.

Biz ayrıldıq, beli bükülmüş bu qocanın yerişi məni heç açmırdı.

Mən indiyədək özümü olduqca xoşbəxt hesab edirdim. Məni sevən ərim, mənə və anama sevinc bəxş edən uşaqlarım, mənə gəlin kimi olduqca hörmətlə yanaşan qayınatam və qayınanam var idi. Onların təkcə mənə, uşaqlarıma olduqca xoş münasibət göstərmələri deyil, sənətimə də hörmətlə yanaşmaları məni sevindirirdi. Mənim belə ailəyə düşəcəyimi, nüfuzlu bir nəslin sırasına daxil olacağımı heç ağlıma da gətirmirdim. Düşdüyüm vəziyyətin yüksəkliyi nağıllar aləmini də ötüb keçmişdi. Uşaqlarıma iki dayə baxırdı və onları ingiliscə danışmağı öyrədirdi. Mənə sürücüsü olan bahalı və iri maşın ayrılmışdı və mən əvvəllər fəxr etdiyim sürücülüyü də yadırğamağa başlamışdım. Xarici ölkələrə səfər edərkən, bu isə mənim çoxdankı arzum idi və hələ ərə getməmişdən bir neçə ölkədə olmuşdum, lakin maddi sıxıntı gözəllikləri seyr etməyə də öz təsirini göstərirdi. İndiki səfərlərimizdə isə dayələr adətən uşaqlara qulluq etmək üçün onları müşayiət edirdi. Fərhadın xəbərdarlığını nəzərə alıb, ingilis dilini mükəmməl öyrənmişdim. Axı mən hətta Hollivudda da kinofilmə çəkilmək arzumun nə vaxtsa reallaşacağına ümidimi üzmürdüm.

Rəfiqələrimlə xoş münasibəti qoruyub saxlamağa çalışırdım. Hərdən bir Rafiqdən xahiş edib, rəfiqələrimə də güzəştli səfər təşkil etməyim, onları çox razı salırdı.

 

Rejissor mənə yüksək tələbkarlıq göstərir

 

Truppada yeganə adam yeni rejissor idi ki, mənim fərqli həyat tərzim onun gözlərini kor edə bilməmişdi və o, mənə başqaları kimi eyni tələbkarlıqla yanaşırdı. Obrazın daxili aləmini aça bilməməyim onu qəmləndirirdi və məzəmmət kimi bildirirdi ki, sən özünü gənc ana hesab edə bilərsən. Lakin sən təcrübəli aktrisasan, diqqəti yenə də zahiri əlamətlərə, süni gülüşə və göz yaşlarına vermək püxtələşmiş sənətkara yaraşmır. Bəlkə də, mən səhv edirəm, lakin səhnədə keçirdiyim illər dekadanı da arxada qoymuşdur. Əslində, sənin səhv etmək limitin bitmişdir, özünə bəraətlə yanaşmağın, nöqsanlarına haqq qazandırmağın sənin nail olduqlarının da üzərindən xətt çəkir.

Onun tələbkarlığı məni cana doydursa da, iradının haqlı olduğu qənaətinə gəlir və səhvlərimi düzəltməyə çalışırdım. O, mənə güzəştə getmirdi, başqa teatrda işləyən bir rejissorun isə aktrisaya, onun varlı hamisinə görə əsas rolları tapşırması, adama təəccüblü gəlirdi, həmin aktrisa isə oyunu ilə deyil, səhnədə yarada bilmədiyi, sadəcə ifaçı kimi oynadığı rolların siyahısı ilə öyünürdü.

Mənim tələbkar rejissorum - alter egom isə məni sənətkar kimi yetişdirməyə can atırdı. Çox saydakı rəylərə görə, deyəsən, buna da qismən nail olurdu. Bir dəfə böyük sənət adamı olmağın üstünlüklərini sadalayanda, onu da qeyd etdi ki, elələri dünyadan köçəndə matəm az qala milli ölçüyə yiyələnir, obrazlı qaydada deyirlər ki, böyük gəmimiz üzüb getdi, bir də qayıtmayacaqdır. Elə sənətkar olmaq lazımdır ki, sənin yoxluğunu bütün millət hiss etsin.

Belə xoşbəxt həyatımı bir gün baş verən, mənə yuxu kimi gələn hadisə alt-üst etdi. Üz-gözünü tük basmış, beli bükülmüş, nimdaş paltarda olan keçmiş sevgilim Fərhad mənim üçün yeni, üzücü problemə çevrilmişdi

Aktrisalar bir qayda olaraq nə qədər populyar, nə qədər sevilən olsalar da, onların şəxsi həyatı qaranlıq zolaqlarsız olmur. Onlar səhnədə varlı da olsa, daş-qaş gəzdirsələr də, həyatda isə bunların daim həsrətində olurlar. Mənim ailəm varlı hesab olunur, ərim şəhərdəki ən fərasətli biznesmenlərdən biridir və atasının da uğurlu işini davam etdirir. Lakin mən bahalı paltar, daş-qaş azarkeşi deyiləm, sadə geyimim məni öz həmkarlarımdan heç də fərqləndirmir. Bu, məni həm də paxıl gözlərdən də qoruyur və rəfiqələrimin məndən uzaqlaşmasına imkan vermir.

Lakin xarici ölkələrə səfərlərimiz vaxtı Rafiqin zövqlə geyinməyimə tələbkarlığı artırdı. Mən dəbə uyğun geyinməliydim ki, xaricdə də bizim zövqümüzün yüksək olduğuna şübhə etməsinlər. Ona görə də mənə fiquramı gözə çarpdıran bahalı paltarlar və tufli alırdı. Parisdə və ya Londonda küçə ilə gedənlər mənə heyranlıqla tamaşa edəndə, o, özünü xoşbəxt hesab edirdi. Mənə o, çox bahalı paltarı alan vaxt mən etiraz edəndə, narazı qalırdı və həmişə təkrar edirdi: "Qadına görə kişiyə qiymət verirlər". Bu sözlərə mən etiraz edə bilmidim, o, çox istəyirdi ki, onun arvadı başqalarından daha gözəl görünsün.

Səhnədə yeni ulduzlar yetişir, onlar çox vaxt təbii gözəllikləri ilə öyünür, fiquralarının, sifətinin, mimikasının xoş gələn cəhətləri onların populyarlıq qazanmasına kömək etsə də, istedadlarının yüksəlməsinə fikir vermədiklərindən, həqiqi artist, sənətkar kimi yetişə bilmirlər. Onlar gənclikdəki gözəgəlimliliklərinə arxayın olub, səhnəyə əslində xəyanət edirlər, sənət məbədini gözəllik konkursunun podiumu hesab edirlər. Mənə heç kəs çirkin demir, mən özümü gözəl də hesab etmirəm. Mən daim çalışıram ki, səhnədə gözəllik atmosferi, aurası yaradım və çoxlarının qeyd etdiyi kimi, deyəsən, bunu da bacarıram.

Səhnə amansız idman yarışına bənzəyir, burada lovğalıq, xudpəsəndlik pis nəticə verir, tamaşaçını saxta oyunla aldatmaq olmur. Biz daim, səhnədə də, həyatda da rampanın gur işığı altındayıq. Sifətimizdə, fiquramızda uğursuz dəyişiklik bizə xeyir əvəzinə, ziyan verir. Ona görə də hər bir aktyor və aktrisa döyüşə gedən əsgər, ölümün baş verəcəyini düşündüyü kimi, sərt səhnə sınağında da tamaşaçı diqqətindən qorxmalıdır. Etiraf edirəm ki, mən həmişə qorxmuşam, ona görə də indiyədək səhnədəyəm.

Fərhada gəldikdə, o, artıq səfilə çevrilmişdir, heç yerdə işləmir, onun hansısa bir qazanc mənbəyi də yox idi. İllüziyaları onu tam məhv etmişdi. O, tamamilə başqa bir aləmdə yaşadığını, ilhamının lazımınca qiymətləndirilmədiyini güman edirdi. Vəzifəli adamların hamısına nifrət edirdi, guya onlar ona münasibətdə ədalətsizliyə yol verirlər. Və özünün heç bir qüsuru olmadığı qənaətinə gəlmişdi. Fanatizmi onu məhv etmişdi. Hiddəti hədd tanımırdı, bunun tam ağılsız və kor olan bir şey olduğunu anlamırdı. Öz ölçüyə sığmayan ambisiyası hesabına atasını, anasını qurban verməyə də hazır idi. Nəticə isə göz qabağında idi, özünü dahi hesab edən bir adam, dünyanın ən böyük bədbəxtinə və dilənçi vəziyyətində olanına çevrilmişdi.

Mən onun bütün səhvlərini anlasam da, ona yazığım gəlirdi, bu vəziyyətdən onu qurtarmalı idim və bunu bacardım. Öz xoşbəxtliyimə zərbə dəysə də belə, mən ərli qadın və iki uşaq anası olsam da, keçmiş sevgilimə kömək əli uzatdım və alicənab ərimin yaxın iştirakı ilə onu işə düzəldə və ehtiyac girdabından xilas edə bildim. Fərhad bunları lazımınca duymasa da, çünki onun ağlında uçurumlar əmələ gəlirdi, yəqin ki, bu alicənab insanlara daim minnətdar olmalı idi. Lakin o, az yaşadı, Bakıya dönəndən düz bir il sonra həyatı tərk etdi. Rafiq onun dəfnini və yasını təşkil etdi. O dünyada hara düşməyindən asılı olmayaraq, mən bilirdim ki, onun taleyinə heç yerdə "ümid" sözü uyğun gəlməyəcəkdir, çünki bu kəlməni Allah özü lazım bildiyi yerdə yazmışdı və Dante də onu pozmağa cəsarət etməmişdi.

 (Ardı var)

 





15.04.2024    çap et  çap et