525.Az

Təhlükəsizliyin və sabitliyin Azərbaycan modeli


 

Təhlükəsizliyin və sabitliyin Azərbaycan modeli<b style="color:red"></b>

Bu gün dünyanın demək olar ki, bütün nöqtələrində qarşıdurmalar, mürəkkəb proseslər cərəyan edir. Belə bir vəziyyət bəşəriyyət üçün Üçüncü Dünya müharibəsini qaçılmaz edir. Hazırda Yaxın Şərq qaynar region olaraq qalmaqdadır, Afrika qitəsində gərginlik davam edir, keçmiş SSRİ məkanı da istisna deyil. Üçüncü ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi və digər mövcud münaqişələr, gərginliklər onu göstərir ki, dünyada təhlükəsizlik, sabitlik üçün çox ciddi təhdidlər, real risklər mövcuddur. Bu mənada İsrail-İran qarşıdurması pik nöqtə sayıla bilər. İndi gərginlik səngisə də, onun yenidən alovlana biləcəyi istisna deyil. Ümumiyyətlə, İsrail-İran qarşıdurması illərdir ki, davam edir. Bu iki ölkə bir-birini dövlət kimi tanımayıb. Ötən il oktyabrından başlayan İsrail-HAMAS müharibəsindən sonra İranla İsrail arasında gərginlik daha da artıb. İran Fələstin məsələsini əsas götürsə də, aydın olan budur ki, Tehran sadəcə bu mövzudan öz maraqları üçün istifadə edir. Yəni İran üçün "müsəlman həmrəyliyi" sadəcə sözdədir.

Yada salaq ki, aprelin 1-də İsrailin İranın Suriyadakı konsulluğuna aviazərbələr endirməsi ilə gərginlik daha da artdı. Hadisə nəticəsində 10-dan çox adam ölüb ki, onların arasında Suriya vətəndaşları da var. Ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçiləridir. Bundan sonra İran Prezidenti İbrahim Rəisi bəyan etdi ki, Dəməşqdəki İran konsulluğunun binasına hücum cavabsız qalmayacaq. O bildirib ki, raket hücumu nəticəsində briqada generalları Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü həlak olub.

İran cavab tədbiri olaraq aprelin 13-də İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 "yer-yer" tipli raketi atıb.

Atışların əksəriyyəti İrandan, az hissəsi isə İraq və Yəməndən həyata keçirilib. Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib ki, İran aprelin 13-də İsrail ərazisinə 200-dən çox raket və pilotsuz uçuş aparatı atıb. Hədəflərin əksəriyyəti ələ keçirilib və ən azı bir nəfər yaralanıb. Departament sözçüsü qeyd edib ki, hücum nəticəsində bir hərbi baza cüzi ziyan görüb.

Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının açıqlamasında vurğulanıb ki, esmineslərin köməyi ilə 80-dən çox PUA-nı və 6 ballistik raketi məhv edərək, İran və Yəməndən İsrailə hücum cəhdlərinin qarşısını alıb. Bildirilib ki, Birləşmiş Ştatlar İranın "təhlükəli hərəkətlərinə" qarşı müdafiədə İsraili dəstəkləməyə hazırdır.

Bu "əməliyyat"dan sonra isə İran rəhbərliyi bəyan edib ki, İsrailə qarşı əməliyyat başa çatıb. İsrailə endirilmiş PUA və raket zərbələri nəticəsində "qarşıya qoyulmuş məqsədlərin hamısına çatılıb".  Amma zərurət yaranarsa, ölkənin silahlı qüvvələri gələcəkdə də hərəkətə keçməyə hazırdır. Göründüyü kimi, yeni bir gərginliyin olacağı ehtimalı qalır.

Dünyadakı bütün bu gərginliklər, münaqişələr, qanlı toqquşmalar fonunda Azərbaycan təhlükəsizlik, sabitlik adası kimi inkişaf edir. Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələri sırasında ilk yerlərdən birini tutur. Əlbəttə ki, bütün bunlara nail olmaq heç də asan olmayıb. Azərbaycan Prezidentinin apardığı məqsədyönlü və uzaqgörən siyasət nəticəsində ölkəmiz bu gün həqiqətən də sabitlik adasıdır. Azərbaycan, eyni zamanda Cənubi Qafqazda sülhün, sabitliyin olması üçün çalışır, bütün imkanlarını səfərbər edir. 44 günlük müharibədə şanlı qələbədən sonra dövlətimizin daha da güclənməsini, regionun lider dövlətinə çevrilməsini həzm edə bilməyən qüvvələr var ki, onlar hər vəchlə qarşılıqlıq yatmağa, yeni gərginlik ocağını alovlandırmağa çalışırlar. Böyük güclərin Ermənistanı silahlandıması, sülh üçün süni maneələr yaratmaları, mülki missiya adı altında NATO qüvvələrini regiona yerləşdirmələri, 5 apreldə Brüsseldə İrəvana hərbi dəstək məqsədilə aparılan danışıqlar da deyilənləri sübut edir.

Təbii ki, Rusiya-Ukrayna, İsrail-İran müharibələri, Afrikada gərginliklər fonunda ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycanın sabit, dayanıqlı inkişafı, təhlükəsizliyinin təmin olunması üçün daha möhkəm əsaslar yarandı. Qarabağ probleminin həlli Azərbaycanın təhlükəsizliyini daha da gücləndirdi.

Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanda təhlükəsizliyin ən yüksək səviyyədə təmin edildiyini vurğulayıb. Dövlət başçısı deyib ki, dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir.

Faktiki olaraq Üçüncü Dünya müharibəsinin başladığı, hadisələrin Azərbaycanın şimal və cənub qonşularının iştirakı ilə baş verdiyi və böyük güclərin dünyanı yenidən bölməyə, ayrıcı xətlər cızmağa çalışdıqları bir vaxtda Azərbaycanda təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə olması mühüm əhəmiyyət kəsb edir. Onu da nəzərə almaq lazımdır ki, hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur. Bu məsələdə Ermənistandan alət kimi istifadə edilir. Qeyd etdiyimiz kimi, Ermənistanda Aİ missiyası, 5 apreldəki ABŞ-Aİ-Ermənistan görüşü bu planlara daxildir. Həm Azərbaycan, həm Türkiyə, həm də Rusiyanın bu görüşə sərt reaksiyalarına rəğmən, İran susmağa üstünlük verdi. Görünən odur ki, Tehran həmin güclərlə bu mövzuda razılığa gəlib.

İstənilən halda, Azərbaycan regionda həyata keçrilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirib və buna qarşı çıxır və ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir.

Əlbəttə ki, belə gərgin şəraitdə milli birlik və həmrəylik, dövləti maraqları hər şeydən üstün tutulmalıdır.

Politoloq İlyas Hüseynov mövzu ilə "525"ə bildirib ki, hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda Azərbaycan təhlükəsizlik adasına çevrilib: "Faktiki olaraq Üçüncü Dünya müharibəsi başlayıb. Müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşması, geosiyasi ambisiyaları, enerji və nəqliyyat yolları uğrunda mübarizə çoxqütblü dünyanın əsas özəllikləridir. Yeni dünya nizamının inşası istiqamətində qanlı müharibələr qarşıdakı dövrdə, kiber hücumlar və süni intellekt savaşlarına çevriləcək. Bir neçə gün əvvəl baş verən dron və raket hücumlarının qarşısının alınmasında müasir texnologiyaların milli təhlükəsizlik üçün nə qədər önəmli və həyatı əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Önəmli məsələ bundan ibarətdir ki, hadisələr Azərbaycanın şimal və cənub qonşularının iştirakı ilə baş verir. Dünyanın bölünməsi və ayrıcı xətlərin cızılması prosesi davam edir".

O bildirib ki, hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur: "5 apreldə Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticələri bir daha təsdiqləyir ki, bu məsələdə Ermənistandan alət kimi istifadə edilir. Azərbaycan regionda həyata keçirilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirib və buna qarşı çıxır. Azərbaycan regionda sabitləşdirici faktor kimi çıxış edir".

 

 





16.04.2024    çap et  çap et