525.Az

Yusif Həsənbəy dəst-xətti: "Can sağlığının sorağında"


 

Yusif Həsənbəy dəst-xətti: <b style="color:red"> "Can sağlığının sorağında"</b>

Şair və yazıçı Yusif Həsənbəy haqqında, onun təravətini itirməyən poetik aləmi barədə dəfələrlə yazmışam və hər dəfə də yaşını xatırlamışam, yaradıcılığın özünəməxsus psixologiyasını düşünmüşəm. Məşhur psixoloq Klarkın gəldiyi qənaətin bir postulatını təkzib etmişəm. Onun irəli sürdüyü: "İnsan yaşa dolduqca yaradıcılıq azalır, sönür" fikrini absurd hesab etmişəm. Yazıçının "ədəbi davranışı" heç də o demək deyil, yazmaqdan əl çəksin, əksinə, ədəbi davranışın uğuru müəllifə daha da üstünlük verir. Bunu Yusif Həsənbəyin nəsrində daha bariz şəkildə görürük. Onun "Can sağlığının sorağında" hekayəsi yazıçının, yaşadığı ömürə münasibəti haqqında maraqlı bir hekayətdir. Yaşamaq üçün həm özünə, həm də cəmiyyətə fayda vermək naminə sağlamlığını hər insan qorumağı bacarmalıdır. Bu təbii istəyi yerinə yetirmək mümkünmü? Cavabı ürəksevindirən deyil! Dünyanın "ekoloji  xəstəlik keçirməsi" bəşər nəslinin əxlaqına, davranışına ciddi təsir göstərən faktordur. O, insan şəxsiyyətinin silinməsinə, süqutuna aparır, təhlükəli qüvvəyə çevrilir. "Can sağlığının sorağında" hekayəsində qoyulan mənəvi və sosial-fəlsəfi problem budur, mən onu ritorik anlamda ifadə etdim. Burada söhbət təkcə müəllifin şəxsi müşahidəsinin təsvirindən getmir, cəmiyyətdə fərdlərin davranışından da, əlli min rubla başa gələn tibb təh-silindən də, xəstəliyin çarəsini başa düşməyən dırnaqarası həkimlərdən də söhbət açılır, obrazın dili ilə işarə vurulur ki, yerdən göyə qalxan tüstülər, kimyəvi tullantılar, zəhərli qazlar atmosferin "ozon qatı"nı söküb-dağıdır! "Ozon qatı"nın deşilməsi, kəskin, zəhərli tullantılar, havaya qalxan tüstülər "koronavirus"lar törədir, dünyaya sağlam doğulan adamları ölümlə hədələyir. "Qlobal istiləşmə və parazitlərin artması, xəstə hüceyrələrlə yüklənmiş səmanın qalın yorğan kimi insanların üstünə çəkilməsi" məcbur edir ki, adamlar "Can sağlığının sorağı"na düşsünlər!"

Əsərin bir üstünlüyü ondadır, yazıçı oxucusunu müxtəlif personajlarla qar-şılaşdırır. Maraqlıdır ki, bu surətləri tanıyırıq, öz psixoloji ritmlərilə fərdləşmişlər, xəstəyə qarşı laqeydcəsinə yanaşırlar, sanki lağlağı edirlər.

Əsərdəki direktor Bəhram yerində olmayan birisidir, "tezbazar" iclaslarda vacib məsələlərə toxunmaq əvəzinə: "Reşotkanın o tərəfindəki asfalt yolun mazut nəfəsi, maşınlardan çıxan qazlar həyətimizə dolur, xəstə qonaqlarımızı zəhərləyir", - gileyi direktor barədə müəyyən təsəvvür yaradır. Y.Həsənbəy həssas müşahidəçi kimi, əhatə olunduğu səhiyyə mühitinin "coğrafiyası"nı diqqətə çəkib, bu sahədəki  həqiqətləri ortaya atıb.

"Can sağlığının sorağında" olan biz oxucular məsuliyyətli, peşəsinin hakimi həkimlər görmək istərdik. Yazıçının bu barədə zəngin nəzəri və praktik məlumatı şəxsən məni heyrətləndirdi. "Özbaşına buraxılan viruslar saatlarla yox, saniyələrlə, özü də həndəsi silsilə ilə çoxalır"; "Büzdümümlə omba sümüyümün arasında oturuşmuş bakteriyaları dağıtmaq gərəkdir".

Baş həkim Xurşud xanım, eləcə də əhatəsinə topladığı Gülşən kimi doktorlar müəllifi "fantastik aləmlə qovuşdurur". Bu epizodu təsvir edən yazıçının ovqatı təzələnir, Süleyman peyğəmbərdən söz açır. "Sirləri açmaqda aciz qalan peyğəmbər qadın sirrindən də xəbərsizdir?.. Qadın ürəyini oxumaq mümkün deyil. Qadının sirrindən heç kim baş aça bilməz", - deyir. Analizlərdən sağlam çıxan yazıçı - müəllif (mən bu epizodları xatirə kimi qəbul edirəm) rahatlanmaya bilməzdi: "UZİ həkimi Seyran xanım yazır ki, hörmətli qonaq yaşına görə çox yaxşı qalıb. Vaxtilə böyrəyində bir kista olub, indi kristallaşıb. Yüz illərlə ağrısız, sakit yaşaya bilər. Qara ciyəri əllənmir. Öd kisəsi yumşaq, həm də hamardır. Prostatda şişmələr yoxdur". Bu proqnozlar, əlbəttə, cansağlığının əsas əlamətidir.

Maraqlıdır, müəllif həm də sağlam həyat sürməyin "açarı"nı nişan verir: "Çanağı incidən oynaqlararası artritdir. Ancaq müalicəni gecikdirmək olmaz. Naftalizlə aplekasiya eləmək. Zədəli yerlərə o məlhəmi çəkib, üstünü klyonkayla bağlamaq".

Əsərdə oxucu iki həyat hadisəsilə, bir-birinə həm zidd, həm də bir-birini tamamlayan proseslə qarşılaşır. İnsanları, onların sağlamlığının keşiyini çəkməli olan bəzi həkimlərin öz peşələrinə laqeydliyi və cansağlığının qorunmasına kömək edəcək vasitələrin axtarışı. "Birincilər" yalnız başlarını dolandırırlar, onlar "əlli min manata ali təhsil almışlar", "xəstə qonağ"ın tibbi savadı, həkimlərlə söhbəti daha professionaldır, zəngin informasiyaya malikdir, "ikincilər" isə peşəkar olur və daha çox üstünlüyü xalq təbabətinə verirlər. Məsələn, Səidə xanım - fizioterapiya şöbəsinin müdiridir, "təzə yanaşmalara əl atmaq istəyir, güclü preparatlardan istifadə etmək niyyətindədir, gənclik ehtiraslı, zövqlü gözləri şimşəklər kimidir". Xurşud doktor təklif edir ki, o fizioterapiya müalicəsinin ləğvinə tərəfdardır: "...elektrik cərəyanı yeritməyək orqanizmlərə. Biz zədəli nahiyələrə fiziki yollarla novakain yeridirik, novakainin tərkibindəki spirt toxumaları keyləşdirir, amma sağaltmır". İrəli sürülən təkliflərin səmərəsini biz sanatoriyada xalq təbabətilə müalicə olunan yad bir qadının timsalında görürük. Halbuki bu qadın Tomskda, Sankt-Peterburqda, Moskvada müalicə alsa da, faydası olmayıb və etiraf edir ki, "Moskvanın "Burdenko" hospitalında da olmuşam, müalicəsi səmərəsiz olub, iki həftədən sonra yenə ikiqat oldum. Amma burada can həkimi Gülşəncik apardı baş həkimin yanına, Baş həkim rentgen şəkillərinə baxandan sonra dedi ki, mütləq xalq təbabətilə "müalicə"ni məsləhət bilir". Onlar xalq təbabətinin əyani tətbiqilə nail olurlar. "Qayçı ilə armud ağacının budaqlarının ucunu birləşdirən kəndiri kəsirlər, budaqlar zərif-zərif yanlara açılır. Xəstənin bel tirindəki ağrılar get-gedə yoxa çıxır, budaqlar yanlara çırpılır. Gülşən xanım tumbuçkanın üstündəki həb, iynə  qutularını, dərman butulkalarını zibil səbətinə atır".

Qonaq xəstənin etirafı: "Çinar"ın həkimləri məni sağaltdı".

Y.Həsənbəy obrazlarını fərdiləşdirən, davranışını tipikləşdirməyi sevəndir. Hər bir personajın psixologiyasını öyrənmiş müəllifdir. Direktor Bəhram, bağban Mədət, baş həkim Xurşud, kordioloq Vəfa, Səidə xanım, Seyran xanım öz "davranış xətti" ilə yadda qalırlar. Hətta adsız xarici "qonaq" xəstə qadın da unudulmur. Hekayədəki təsvirlər hadisənin, məqamın, situasiyanın "açılışına" xidmət göstərir, əhvalatı detallaşdırır.

Y.Həsənbəy həyat həqiqətlərini, bu reallıqda özünə yer edən ziddiyyətləri görən, laqeyd qalmayan sənətkardır. Poeziyasında həssasdır, nəsrində realistdir, sevgi dolu şeirlərində lirikdir, sevən qəlbə malikdir, nəsrində həyatının bir parçasını maddiləşdirən müdrikdir. Təbiətə, insana, cəmiyyətə münasibətində həs-sasdır, ünsiyyətcildir, öncə nikbin ovqatlıdır, sözün yerini və qədrini biləndir.

Bu maraqlı hekayəsi ilə oxucuları sevindirən yazıçı Yusif Həsənbəyi yeni yaradıcılıq uğur münasibətilə təbrik edir, ona möhkəm cansağlığı arzulayıram.

 





23.04.2024    çap et  çap et