525.Az

Sözün ucalığına doğru - Eldar İskəndərzadənin 60 yaşına


 

Sözün ucalığına doğru - <b style="color:red"> Eldar İskəndərzadənin 60 yaşına</b>

Haqqında yazmaq istədiyim Eldar İskəndərzadə Lerikdə doğulub, rayonun ən mənzərəli dağ kəndlərinin birində: pirlər, müqəddəs məkanlar, gözəlliklər məkanı Rvarudda. Əslən də bu yaşıl obadandı, yeddi arxa dönəni də burdandı. Şair kəndinə-kəsəyinə də dəruni sevgisini və vurğunluğunu şeirlərində dönə-dönə tərənnüm edir, bu məhəbbət təsadüfi etiraf deyil, candan-qandan, sümükdən-ilikdən gəlir. Ona görə səmimi və inandırıcıdı.

Şairi şair edən həm də təşrif gətirdiyi ilk ictimai və təbii mühitdi. Kim bilir, ötən səksəninci illərin başlanğıcında Lerik qəsəbəsində orta məktəbi bitirən və arzularının dalınca Nizami yurduna - qədim Gəncəyə ali təhsil almaq naminə yollanan, burda Kənd Təsərrüfatı İnstitutunda (Aqrar Akademiyaya sonra çevrildi) oxuyan Eldar bu qaynar şəhərə düşməsəydi, bəlkə də talantı üzə çıxmayacaqdı, şair kimi yetişməyəcəkdi və yaxud da şairliyin daşını biryolluq atacaqdı. Sonralar sevdiyi Məmməd Araz demişkən, "İstedad elə bir toxuma bənzər, göyərər quruca daş üstündə də". Gəncədə o, ədəbiyyat dərnəklərinə getdi, poeziya axşamlarında ürəyi döyündü, ilk qələm təcrübələrini bədahətən dedi, kürsüyə sinə gərdi, oxudu...

Deyəsən, söz axı, aqranom oğlanın saqqızını oğurlamışdı, ağlını başından almışdı. Eldar tələbəlik dövründə şeir yazırdı, özü də yaxşısından yazırdı, heç bir yerli şairi təkrarlamır, heca şeirinin şəhdi-şirəsindən bəhrələnir, dəst-xəttini yaradır, üslubunu formalaşdırırdı. Lakin demək olmazdı, bu bəstəboy gənc yalnız könlünü fəth edən poeziyaya vermişdi. Eldar yüksək qiymətlərlə ali məktəbi bitirdi, hətta hər kəsin həsəd apardığı "qırmızı fərqlənmə diplomu"nu da çətin müəllimlərin cəngindən qopartdı. Doğma rayonuna savadlı, bilikli, mütəxəssis kimi qayıtdı, kənd təsərrüfatı sahəsində, raykomda çalışdı, bədii sözü isə unutmadı, fürsət tapanda xəlvətə çəkilib şeirlərini, publisistik qeydlərini yazdı, yerbəyer elədi.

Yavaş-yavaş ədəbi aləmdə Eldar - İskəndərzadə soyadını təsdiqləyir, şair kimi şöhrətləndirirdi. İlk qələm təcrübələri yerli "Bolluq uğrunda", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Bakı" qəzetlərində çap üzü gördü. Özü də "Bakı" qəzetində xeyir-duanı şair Eldar İskəndərzadəyə kim versə, yaxşıdı? Jurnalistikada az qala ötən əsrin 40-50-ci illərdən bütün qələm əhlinin müəllimi, mənəvi dayağı olmuş ictimai xadim "Bakı" - "Baku" (rus və Azərbaycan, dillərində) qəzetlərinin məşhur baş redaktoru Nəsir İmanquliyev... Mətbuat tarixindən mənə də dərs deyən Nəsir müəllimin sərtliyini, tələbkarlığını, hər "yoldan ötənə" zəmanət vermədiyini anlayırdım. Eldarın şeirləri ovsunlamışdı mətbuatımızın ağsaqqal başbilənini...

Hərçənd yerinə düşsə də, düşməsə də, bir sirri açmalıyam ki, Nəsir İmanquliyev Eldarın şanlı-şöhrətli əmiləri - Şamil İskəndərovla çörək kəsmişdi, kənd təsərrüfatı elmləri doktoru, professor Əyyub müəllimlə (o, müxtəlif rəhbər vəzifələrdə çalışmış, Azərbaycan Ali Sovetinin sovet dönəmində deputatı olmuşdu) ürək dostuydu. Dəfələrlə şahidi olmuşam, Nəsir İmanquliyev Lənkərana ayaq basan kimi, mütləq Əyyub İskəndərovu axtarır, onun şəhərdəki dəbdəbəli evində günlərlə qonaq qalırdı. Zəngin kitab ehtiyatına malik Əyyub müəllimlə müdrik baş redaktor söhbətləşir, dərdləşir, arabir elmi mübahisələrə girişirdilər. Bu zaman biz çəkilirdik kənara, qulaq asırdıq onlara. Sonra Eldar mərhum Əyyub Mirmənsim oğlu barədə sənədli telefilmin ssenarisini yazdı, onu ekranlaşdırdı. O filmdə Nəsir müəllim də var və film indi də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin qızıl fondunda saxlanılır.

1996-cı ilin yazıydı. Xidməti işimlə əlaqədar Lənkəran şəhərindəydim. Mərkəzi meydanda var-gəl edərkən bir afişa diqqətimi çəkdi. Yaxın günlərdə Əməkdar incəsənət xadimi Baba Rzayevin rejissorluğu ilə Eldar İsgəndərzadənin "Qalxın, məhkəmə gəlir" adlı iki hissəli pyesi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulacaq. Ayaq saxladım, divardan asılan elanı təkrar-təkrar oxudum. Əməkdar artist dostum Əli Salahlıyla görüşdüm. O, ailə-məişət, sosial-hüquqi mövzuda yazılmış bu dram əsərini xeyli təriflədi. Əlqərəz, daha sonra vaxt tapdım, pyesin tamaşasında oldum. Həqiqətən məbəddə əsl mədəniyyət hadisəsiydi, adam əlindən iynə atsaydın, yerə düşməzdi. Gecikdiyim üçün bu maraqlı səhnə əsərinə az qala tamaşa etməkdən məhrum olacaqdım. Teatrın direktoru və baş rejissoru birtəhər mənim üçün yer tapdılar. Doğrusu, son vaxtlar heç Bakı-Gəncə teatrlarında bu qədər insan kütləsi görməmişdim, izdiham yaşanmamışdı. Səhnədə Xalq artistləri Qabil Quliyevi, Böyükxanımı, Əməkdar artistlərdən Təvəkkülü, Əli Salahlını, Sücəddini, Qızılgülü gördüm, heyran oldum.

Və bir gün borcu, haqqı-salamı qaytarmaq zamanı gəldi. Eldar İskəndərzadə alim Əyyubla redaktor Nəsirin dostluğuna şeir həsr etdi. O, belə adlanırdı - "Dostluq-Zirvə". Şeirdə iki ömür yolu əbədiləşdirilib: şərəfli, mənalı ömür yolları. Şair Əyyub İskəndərov barədə hazırladığı telefilmin ayrı-ayrı kadrlarında, epizodlarında Nəsir müəllimin həyatdan erkən köçən dostu haqda sözlərinə, xatirələrinə geniş yer ayırıb.

 

Bir-birinə dost dedilər,

Çörəyi halal yedilər.

İki deyil, bir idilər -

Əyyub əmim, Nəsir əmim.

 

Dünya fani, dünya gidi,

İkisi eyni söz dedi...

Bu dostluq bir tarix idi -

Əyyub əmim, Nəsir əmim.

 

Eldar İskəndərzadənin yazdığı sənədli telefilmlərin baş qəhrəmanları əsasən məşhur dövlət xadimləri, korifey sənət-elm dühaları, görkəmli zəhmət adamları uzunömürlülər, şəhər və kəndlərimizin istedadlı sakinləridir. Onların sırasında Ümummilli lider Heydər Əliyev də var, məşhur neftçi-geoloq Xoşbəxt Yusifzadə də. Eldar hamımızın tanıdığı bu real insanların elə xarakterik, özünəməxsus cizgilərini canlandırır, qələminin ustalığına yazıçı-publisist səriştəsinə heyran olursan. Bəli, dahilərin adilikləri maraqlıdır, gərək tapasan, cəmiyyətə təqdim etməyi bacarasan. Bunun üçün güclü fantaziyan olmalıdır ki, ən sadə, kiçik detallara belə bədii don geyindirə biləsən.

Onu da deyək ki, Eldar son 30 illik ömrünü müxtəlif telekanallara bağlayıb. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İTV-də məsul vəzifələrdə çalışıb. Ekran-efir yaradıcılığı zəngindir, təkcə ssenari mətnlərini və redaktə edib ortaya çıxartdığı əsərlərinin sayı yüzlərlədir. Bir dəfə söhbətlərimizin şirin məqamında şair-publisist dedi ki, müəlliflik elədiyim telefilmlərimi şeirlərimdən ayırmıram. Çünki şeir bitən yerdə jurnalistika başlanır, publisistikanın qurtardığı yerdə isə poeziya pərvəriş tapır. Bəzən izə romantik, lirik duyğular ssenari mətnlərində ərzəyə gətirdiyin mövzuya əlvanlıq qatır.

Əlbəttə, əgər Eldar İskəndərzadə heç taleyini telefilm yaradıcılığına bağlamasaydı, belə bir şair kimi ondan söz açmağa, duru, dürlü-dürlü misallarını, bənd-bənd şeirlərini təhlil etməyə dəyərdi. Doğrudur, Eldarın cəmi iki poetik toplusu - "O gözlərin sirri" və "Mənəm, sənsən, bir  də o..." kitabları indiyəcən çap olunub və qeyri-məhsuldarlığına görə də istedadlı qələm adamı hərdən mənim də "qınağıma" tuş gəlir. Ancaq mənim bu "ərkimi" nəzərə almasaq, şairin "Azərbaycan", "Ulduz", "Mars" dərgilərində, "Ədəbiyyat qəzeti"ndə, "525-ci qəzet"də, "Ədalət"də çıxan poeziya nümunələrini də saysaq, müəllifin fəallığı, dövrü mətbuatla, ədəbi mühitlə nəfəs aldığı şübhə doğurmur.

Eldarın "Mənəm, sənsən, bir də o..." kitabının redaktoru, şair-dramaturq Camal Yusifzadədir. Həmişə əsərlərini sevə-sevə oxuduğum və bəyəndiyim mərhum Camal yaxın dostum idi və onun bədii mətnə həssaslığını, savadını, tələbkarlığını görürdüm. Topluya özünəxas ön söz yazan şair-dramaturqun bu qısa, təvazökar qeydləri ədəbi və əbədi bir yola ürkək-ürkək, boylana-boylana çıxmış istedadlı gəncin arxasınca atdığı bir cam, saf sudur: "Elementar savadı, müəyyən səriştəsi, zövqü olan, poeziyanın qanunlarını səthi də olsa, mənimsəyən hər adam şeir yazar. Amma poeziya yarada bilməz. Təəssüf ki, çox vaxt, ümumiyyətlə bunun fərqinə varmırlar. Bu da poeziyanın mənəvi dəyərini, missiyasını ucuzlaşdırır. Xoşbəxtlikdən Eldar İskəndərzadə şeirlə poeziyanın fərqini duyur, o səddi çəkməyi bacarır. Özü də sıradan biri kimi yox... Hamının işlətdiyi sözlərdən poeziya yarada bilir..."

Bir dəfə mərhum Məmməd Aslan məndən soruşdu: "Sən Eldar İskəndərzadəni tanımırsan?" Yaxşı, tanıyıram, qohumumdur dedim. "Çox talantlı oğlandır. İki gün öncə mənə dörd-beş şeirini oxudu. Onun obrazlarına, təfəkkür tərzinə vuruldum, düzü, Eldarı heç şair kimi tanımırdım" - deyə sakit-sakit qımışdı. Mən də yarıgerçək zarafatımdan qalmadım: "Görürsən, papaq altda oğullar var, qışqırıb-bağırmaqla deyil ki, Məmməd müəllim".

"Dilimin sözü çoxdur, sözümün dili laldır" qənaətində bulunan şair Eldara görə "gecələr ağlayır otlar, çiçəklər" ("Gecələr ağlayır"). Bitkilər yalnız qaranlıqda boy atır məntiqi alimlərə məxsusdur. Həssas şair isə üstünə şeh daman otların, çiçəklərin inkişafını müşahidəsilə nəzmə çəkir. "Bəzən elə olub qaranlıqda mən, papiros közündən işıq ummuşam" beytini də, Eldar yazıb ("Ümid yolu"). "Ağrı ağıların bəstəkarıdır, ağrı ağı çəkir mənim dilimdə" səssiz harayı da bu müəllif çəkir ("Ağrım-acım"). İntəhası, qışqırıb-bağırmır, ürəyinin hökmünü yerinə yetirir.

Vaxtilə Xalq şairi Məmməd Araz Eldar İskəndərzadəni bərk təsirləndirib. Kitabında bunun bol-bol izləri var. Bir də Xalq yazıçısı Anarın bütün əsərlərini mütaliə edən şair, qələm adamı, ictimai xadim, şəxsiyyət kimi onu idealı sayır. O, unutqan deyil, Nəsir müəllimin xeyir-duasını tez-tez xatırlayır, xəlvətə salıb ustadın məzarının üztünə tər çiçək dəstəsi qoymağa da vaxt tapır.

 

 





23.04.2024    çap et  çap et