525.Az

Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır


 

Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - <b style="color:red"> Rafael Hüseynov yazır</b>

O, sən deyən, hündürboy olmayıb. Ancaq bu gün onun boyu indiyədək yaşamış bütün hündürboyluların hamısından uca görünür. Yaşlaşdıqca adam köhnə mövsümlərdən qalan meyvə kimi sanki yığcamlaşır, büzüşür, boyu da qısalır. Ancaq təbiətin sıradan olan insanlara yazdığı qaydalara rəğmən, zaman keçişiylə o, daha da əzəmətliləşir, boyu da keçmişdəkilərdən də daha yüksəyə qalxmaqda davam edir. Və həmişə də belə olacaq!

Həm də onun yüksələn qaməti yalnız şeirlərindəki Sabirin hündür boyu deyil, xatirələrin içərisindəki Sabirin boyu da çox ucadır. Həm də müxtəlif illərin Sabirli yaddaşlarından duyulan bir mühüm həqiqət də budur ki, artıq yetişdiyi, şeir aləmində, mədəni mühitdə tanındığı vaxtlardan əvvəl, hətta uşaqlıq çağlarında belə gendən baxanlara onun boyu yanındakıların hamısından daha qəlbi görünürmüş.

Sultan Məcid Qənizadə adı Azərbaycanın maarif tarixində, mədəniyyət tarixində həmişə yaşayacaq böyük şəxsiyyətlərdən biridir. O, müəllim, məktəb qurucusu idi, amma eyni zamanda, mahir qələm adamı olmaqla yanaşı, həm də xidmətləri çox teatr xadimi idi. Sultan Məciddən qalan yadigarlar arasında Sabirli xatirələri də var və həmin yaddaşların ilk, əsas dəyəri məhrəmliyindədir, çünki məktəbdə eyni sinifdə oxumuşdular, Seyid Əzim Şirvaninin şagirdləri olmuşdular və o, Sabir haqqında yaddaşlarının sərlövhəsini "Kiçik bir xatirə" qoysa da, əslində həmin bir neçə vərəqdə şairin macəralı ömür-günü, təkrarsız şəxsiyyəti ilə bağlı başqa heç kəsin çatdıra bilməyəcəyi maraqlı təfərrüatlar var. Xəbər verir ki, 1874-cü ildə Şamaxıda "Məclis məktəbi" açıldı və həmin tədris ocağı "Üsul-icədid məktəbi" adlansa da, bunda o qəbil məktəblərə xas bir çox özəlliklər yox idi. Şamaxıdakı mülklərdən birində yerləşmiş həmin məktəbin mollaxanadan gözlə görünən ilk fərqi o idi ki, uşaqlar yerdə oturub dərs oxumurdular, sinif otağına taxta skamyalar düzülmüşdü. Ancaq uşaqlar bu məktəbdə, elə digər üsul-i cədid məktəblərində olan sayaq, skamyalar arxasında əyləşərək müəllimin dərslərini dinləyirdilərsə, orada əsl üsul-icədid məktəbindəki kimi Azərbaycan dili və bir çox mühüm dünyəvi fənlər tədris olunmurdu. Sultan Məcidin yazmasınca, orada Şərq ədəbiyyatını, rus dilini öyrədir, bir qədər də astronomiyadan, riyaziyyatdan təlim verirmişlər. Şərq ədəbiyyatından dərs deyən Hacı Seyid Əzimmiş ki, Sədinin "Gülüstan"ından, "Bustan"ından parçalar oxuyar, arada öz şeirlərindən də bəzi parçalar söyləyər, dediklərindən müəyyən beytləri də yazdırarmış. Sultan Məcid yada salırdı ki, günlərin birində sinfimizə təzə bir uşaq gəldi, jurnalda adını sadəcə Ələkbər yazdılar, hələ heç familiyası da yox idi. Sonra onun adının yanına familiya da əlavə etdilər. Babası Hacı Tahirin adıyla onun familiyasını Tahirov yazdılar. Ancaq gəldiyi qısa müddətdən sonra ağlı, fərasəti, dərrakəsi, müəllimin söylədiklərini tez tutaraq fövrən yadda saxlamasıyla hamımızdan üstün oldu. Ona görə də bəzi uşaqlarda ona qarşı bir qısqanclıq yarandı. Amma şagirdlər arasında Ələkbərin ad-sanı, hörməti bir hadisədən sonra daha da artdı.

Sultan Məcidin çatdırdığı o əhvalatın Sabiri dəqiq görməkçün məxsusi əhəmiyyəti var. İş ondadır ki, Sabiri bu millətin sevimlisi edən üslubunun, yazı tərzinin, ədəbiyyatda mizah yolunu tutub getməsinin əsas səbəbkarı olaraq adətən "Molla Nəsrəddin" götürülüb və dəfələrlə qətiyyətlə deyilib də, yazılıb da ki, Sabiri Sabir edən məhz bu dərgi oldu və tale onu mollanəsrəddinçilər cərgəsinə qoşmasaydı, büsbütün ayrı cür yazardı. Ancaq Sultan Məcidin xatirəsi anladır ki, həmin ani müşahidəylə ən vacibi seçə bilmək istedadı, o mizah damarı, o itisözlülük ki balaca Ələkbərdə vardı, sonra elə böyük Sabirdə də görünməyə başlayır. Yəni bu keyfiyyətlər əslində Ələkbər Tahirzadənin, sabahın böyük Sabirinin cövhərindəymiş. Sultan Məcid deyir ki, bir dəfə müəllimimiz şəriət məsələlərindən bəhs edərkən şiə və sünni alimlərin arasında müəyyən məsələyə münasibətdə yaranmış mübahisədən danışdı və söhbətini də belə yekunlaşdırdı ki, məzhəb yol deməkdir, yol isə haqqa aparır, haqqa aparan yol da birdir və o, heç haçalanmaz. Sonra üzünü şagirdlərə çevirərək davam etdi ki, siz də həyatda həmişə bir yol tutaraq gedin. Amma ardınca sözünə bir zarafat da qatdı, üzünü Ələkbərə çevirib gülümsündü ki, hərçənd Tahirzadənin işi bu məsələdə sizə nisbətən çətin olacaq; çünki babası Hacı Tahir sünni, nənəsi Məşədi Cəfərqızı isə şiədir, bu uşaq da qalıb şiəliklə sünniliyin arasında.

Sultan Məcid Qənizadə xatırlayır ki, müəllim belə söyləyəndə biz hamımız gülüşdük, amma Ələkbərdən səs çıxmadı - başını aşağı salıb kağızın üstündə nəsə cızma-qara edirdi. Müəllim yaxınlaşıb Ələkbərdən soruşdu ki, neyləyirsən orada, deyəsən, şeir yazırsan? O təsdiqlədi və bir dördlük yazmış olduğunu bildirdi, müəllimin təklifi ilə yazdığını sakitcə oxudu da, amma sonra müəllim həmin vərəqi alıb hamımız üçün bərkdən qiraət etdi:

Babam sünni, nənəm şiə -dürəng mən,

Nə hindəm mən, nə farsam mən, firəng mən?

Muğanda müğbeçə, məsciddə Əkbər,

Əzan verrəm, nə naqusəm, nə zəngəm.

Müəllim şeiri oxuyandan sonra bir az fikrə gedib söyləyir ki, çox gözəl yazıbsan, mən deyən mətləbi mən izah elədiyimdən də dəqiq çatdırıbsan və başlayır Ələkbərin yazdığı sətirləri bircə-bircə təhlil etməyə, yalnız bir misraya irad tutaraq deyir ki, yazırsan nə farsam mən, nə hindəm mən, firəngəm. Axı biz türkük.

Yenə Sultan Məcid təsvir edir - Ələkbər ayağa qalxaraq "Müəllim, elə siz mən deyəni dediniz, orada yazıram ki, "Nə farsam mən, nəhindəm mən", sonra da "firəngəm" yazıb sual işarəsi qoyuram, yəni fars, hind deyiləm, məgər firəngəm, bəyəmmənim kimliyimi başa düşmürsüz?"

Uşaqlar müəllimin tərəfini tutur, gülüşüb deyirlər ki, müəllimin iradı düzgündür, bu misrada Ələkbər səhv edib. Müəllimsə onlarla razılaşmır ki, yox, Ələkbər deyən doğrudur, əsl şeirin gücü elə mətləbi birbaşa, açıq deməməsidir, gərək sən özün o sözün içərisindən məna çıxarasan. Müəllim bir daha təsdiqləyir ki, Ələkbərin bu şeirindən elə söylədiyi məna çıxır, amma hər halda bu şeirdə "türk" kəlməsi də işlənsə, yaxşı olardı.

Sultan Məcid məktəb illərinə, həmin günə qayıdaraq başqa təfərrüatları xırdalayır və belə təsvir edirdiki, dərsin birinci yarısı tamamlandı, tənəffüsə çıxdıq, 5-6 dəqiqə dincəldik, ancaq Ələkbər otaqdan çıxmamışdı, elə sinifdəki skamyasında əyləşib nəsə yazırdı. Gördük ki, həmin dördlüyü artıq bir az başqa şəkildə tamamlayıb. Dərs başlayan kimi əlini qaldıraraq müəllimə müraciət etdi ki, şeiri siz deyən sayaq dəyişdirdim, istəyirsiniz oxuyum. Müəllim razılaşaraq "oxu" deməyinə dedi, lakin əlavə də etdi ki, ver, sonra mən də oxuyacağam. Ələkbər şeiri əvvəlcə özü oxudu, ardınca da müəllim vərəqi alaraq yenə hamımızın eşidəcəyi tərzdə ucadan səsləndirdi, sonra da başladı misra-misra izah eləməyə.

Sultan Məcidin həmin dəqiqələrlə bağlı incə bir müşahidəsi də var. Yazır ki, şagird yoldaşımızın balaca bir şeirinə müəllimimizin bu qədər məna verməsi, dördlüyün hər sətrini bunca geniş şərh etməsi, misralarda dərin fikir ifadə edildiyini söyləməsi uşaqların çoxunda ona qarşı həsəd oyatdı, amma Ələkbər fərqində deyildi.

Sultan Məcid Qənizadənin hələ yeniyetməlik dövründə Sabirdə gördüyü bu keyfiyyət elə başacan onunla qaldı. Ömrü boyu paxıllığını da çəkdilər, həm dolayısı ilə, elə həm də birbaşa ona daşlar da tolazladılar, çirkablar da atdılar, qeybətini də qırdılar. Ancaq nə həmin cılız həmlələri eyninə aldı, nə hər ağızdan gələn köntöy avaza bənd oldu. Sabirin sonu vərəmlə bitdisə, demək, bunların heç biri təsirsiz də ötməmişdi, zəhərli izini buraxmağına buraxmışdı, amma Sabirin bir böyüklüyü də o idi ki, həmişə daha aşağılardan əsən belə qara yellərə bənd olmamaq yüksəkliyində dayanmağı bacardı.

Sultan Məcidin xatirəsi Sabir ömrünün məktəb çağlarından bir gerçəkçi reportaj kimidir və belə nəql edir ki, müəllim qabaqca Ələkbərin özünün əlgəzdirməsindən sonra dəyişmiş şeirini bütöv oxudu:

Babam sünni, nənəm şiə, dürək mən,

Nə farsam mən, nə hindəm mən, türək mən.

Muğanda müğbeçə, məsciddə Əkbər,

Təfavüt yox, həqiqətdə zirək mən.

Uşaqlar başlayırmız qoymağa ki, müəllim demişdi sən türk olduğunu yazasan, daha "türək mən" nə deməkdir? Müəllimsə mehribanlıqla şagirdlərini toxtadır ki, xeyr, Ələkbər şeiri daha da gözəlləşdirib, nə yazıbsa da, çox dəqiq yazıb. Deyirsiniz ki, "türək mən" deyilməz. Yox, deyilər. Çünki farslar bəzən azərbaycanlılara həqarətlə "türkə" deyirlər. Bir halda ki "türkə" deyilişi var, onda "türək mən" ifadəsinin işlənməsi də məqbuldur. İkincisi də, "dürəng" -"ikirəngli" əvəzinə burada "dürək" işlədilməsi lap dürüstdür. Çünki "dürəng"də bir "ikiüzlülük" mənası da var, ancaq "dürək" "iki müxtəlifin bir-birinə qarışığı" deməkdir. Ona görə də Ələkbərin dəyişdirməsi, dəqiqləşdirməsi bu şeiri bir az da gözəlləşdirib, bir az da mükəmməlləşdirib. Amma şeirin ardına gəlincə, buna fikir verin ki, içərisində fəlsəfə var. Ələkbərin yazdığı bu şeirin fəlsəfəsi ilə Şeyx Bəhaəddinin, Ömər Xəyyamın rübailərindəki deyişlərin arasında ortaqlıq var.

Sultan Məcid yada salırdı ki, biz hamımız Ələkbərin - bizim şagird yoldaşımızın əlüstü, elə cızma-qara kimi yazdığı bircə bəndlik şeirə müəllimin bu qədər böyük mənalar verməsinə, iki dərs ərzində həmin gün deməli olduqlarını bir kənara qoyaraq saatları əvvəldən-sonacan Ələkbərin yazdığı dördcə misraya həsr etməsinə, bu sətirlərdə necə dərinliklər üzə çıxarmasına mat-məəttəl qalmışdıq.

Sultan Məcid Qənizadənin zahirən sanki adi görünən, Şamaxıdakı bir məktəbdə XIX yüzilin 70-ci illərində xüsusi qeyri-adiliyi ilə seçilməyən dərs saatlarını canlandıran xatirəsinə belə geniş diqqət ayırmağım əsassız deyil. Bu xatirənin ciddi tarixi mənası var, çünki dahiliyin taixçəsini, müstəsnalığın törəyişini əks etdirir, balaca uşağın içərisində artıq sabahın böyük Sabirinin gizləndiyini nişan verir. Ancaq həmin əhvalatda dünyanın harasında doğulmalarına, hansı dövrdə yaşamalarına baxmayaraq, bütün dahilərin, müstəsnaların, parlaqların taleyindən keçən məqamlar da var. Hamı gözlərini və qulaqlarını kip-kip yumub görmək və eşitmək istəməyəndə də, hökmən bir nəfər tapılır ki, istedad işığını görür və daha artıq - gördüyünü dilə də gətirir, hökmən də dərhal o parlamağa başlayan şöləyə əmma qoyanlar da, dodaq büzənlər də pırtlayıb ortaya çıxır.

Sultan Məcid həmin müəllimin adını çəkməyib, fəqət mən qaibanə də olsa o, əlbəttə ki, nəcib, dəringörən insanı rəhmətlər və şəfqətlə anıram. Çox da Sultan Məcid deyir ki, o gün Sabir elə bil söylənənlərin fərqində deyilmiş. Heç belə şey ola bilərdimi? Müəllimi onu tərifləyib göylərə qaldırmışdı, iki daşın arasında bədahətən doğurduğu misraları, həmin sətirlərdəki düşüncələri Şərqin məşhur mütəfəkkirləri ilə tutuşduraraq onların möhürləşmiş söyləyişlərinə bərabər saymışdı, Ələkbəri qibtədən törəyən tənqidlərdən müdafiə etmişdi.

Bunlara - bu cür nəvazişkar münasibətə Sabir sonralar ömrü boyu ehtiyac duyacaq. Sabir və bütün dahilər!

Sabir dünyaya dərk etmək, duymaq üçün gələnlərdən, həyatın mənasını elə bunda görənlərdən, bunlar olmazsa belə yaşayışdan ölümün daha üstün olmasını qəbul edənlərdən idi və Pərvərdigarın bu vəzifəylə insanlığa göndərdiklərinin erkən yetişməsi, yaşından böyük olması təəccüblü sayılmaz.

Qafil yaşamaqdansa gözəl kardır ölmək,

Hərçənd ki, qəflətlə dəxi ardır ölmək.

Zəncir-i cəhalətdə bu alçaq yaşayışdan,

Cahil, sənə dar üzrə səzavardır ölmək!

Azərbaycan səhnəsinin unudulmaz fədakarlarından olmuş Hacağa Abbasov Mirzə Ələkbər Sabirlə gənclik dostu idi və özünün, mənsub olduğu yaş nəslinin XX əsrin əvvəllərindəki fəaliyyətlərindən söz açarkən xatırlayırdı ki, biz maarifə, mədəniyyətə xidmət edən hər işin ardıncaydıq, Mirzağa Əliyev kitabfüruşluqedirdi - yəni kitab satırdı, mənsə nəşr-i maarif xətti ilə Balaxanıda məktəbdə müəllimlik eləyirdim.

Məhz elə Sabirin də müəllimlik elədiyi həmin kənddə, 1910-cu ildə aralarında dərin ülfət yaranır. Sabirlə bir otaqda qalırmışlar, ona görə də şairi anaraq onu çox mərd, qorxmaz adlandıran Hacağa Abbasova inanmamaq olmaz, üstəlik də o, sadəcə söz demir, dediyinə sübut da gətirir. Xatırlayır ki, Sabirin "Molla Nəsrəddin"də dərc edilən neştərli şeirləri bir çox insanların ovqatını təlx edirdi, ona görə də şairə qarşı köklənənlər az deyildi, Balaxanıdakı qaragüruhçulardan bir neçə nəfəri ona ölümlə hədələyən məktub yollamışdılar, qorxutmaq istəmişdilər ki, bir ay müddətinə Balaxanını tərk edib getməsən, ailən başsız qalacaq.

Ancaq Hacağa Abbasov şahid durur ki, Sabir həmin məktubu soyuqqanlı qarşıladı, günlər, həftələr ötürdü və ayın axırında, axşamlardan birində aktyor dostuna deyir ki, gördün də, bir ay tamam oldu, onlardan bir xəbər çıxmadı, belələrinin elə yalnız həmişə hay-küyü olur.

"Mənəm-mənəm" deyənlərin inanma çox da qövlünə,

Gərəkli gündə onların qıçındakı fərarı gör.

Palitqadır hər işləri, alışları, verişləri,

Olarda bir əməl fəqət quru, boş iftixarıgör!

Hacıağa Abbasov Sabir haqda xatirələrini ixtiyar çağlarında qələmə almışdı, amma yada saldığı lövhələrdə hər ikisi cavan idilər, daim birgəydilər - 1923-cü ildə o, dostu haqda ayrıca pyes də yazıbmış, əsər "Tənqid-təbliğ teatrı"nda oynanaraq baxanların rəğbətini də qazanıbmış və bunu görüncə qət ediblərmiş ki, tamaşanı ayrı səhnələrdə də göstərsinlər.

Hacağa Abbasov əsərinə "Sabirin məhkəməsi" adı qoymuşdu və əslində bütün yönləriylə həmişə məhkəmə müstəvisində qalmaq Sabirin alın yazılarındandır. Sabir həm ittiham edən prokuror idi (və indi də elədir), həm müdafiə edən vəkil, həm üzə duran şahid, həm hökm çıxaran hakim. Ancaq oxuyanlar onun yazdıqlarında özlərini də görürdülər axı və belə olduqlarına görə yox, günü parlaq, gündüzü ağ, gecəni qara, pisi pis, əyrini əyri, düzü hamar yazdığına, onları olduğu kimi təsvir etdiyi üçün Sabirin əlindən zəncir çeynəyirdilər, Sabir də sual edirdi:

Niyə bəs böylə bərəldirsən, a qare (oxucu - R.H.), gözünü,

Yoxa bu ayinədə əyri görürsən özünü?

Sabir aynaçı idi, onun güzgüsündə kiminsə əyri görünməsinin günahı onda deyildi, əksi aynaya düşənin özündə idi (və özündədir!):

Hələ mən dörddəbirin yazmayıram, karına bax,

Üstümə gündə söyürsən bu qədər, arına bax,

Özün insaf elə, əfkarına, ətvarına bax!

İstəmirsən yazam? Öz eybli kirdarına bax!

Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!

Özünü, həm məni bu barədə diltəng eləmə!

Deməklə, başa salmaqla deyil, dünən də düzü deyənlərlə cəng ediblər, bu gün də edirlər (qalanları varsa), gələcəkdə də edəcəklər. Başqa deyənlər olmasa da, Sabir yenə dediyini deməkdə davam edəcək, yenə özü təhrif olunmuşlar xətanı aynada arayacaq, deməli, məhkəmə yenə davam edəcək, Sabir məhkəməsi də heç vaxt bitməyəcək.

Və o məhkəmədən tarixin bütün dönəmlərində Sabir həmişə qalib çıxıb, bundan sonra da qalib çıxacaq. Çünki tarix məhkəməsində Sabirin haqq, düzlük, insafla yoğrulmuş Sözü, Özü kimi aqil və adil vəkili var!

...Sabir təpədən-dırnağa sırf milli şair idi. Ancaq onu yalnız Azərbaycan şairi də saymaq olmaz, heç özü də belə hesab etmirdi. Nizamilər, Xaqanilər, Nəsimilər, Füzulilər, Mirzə Fətəlilər kimi, Sabir də siqlətcə Yaxın və Orta Şərqin şairi idi. Ən üzdəki sübutu "Hophopnamə"dəki coğrafiyadır. Qafqazlardan tutmuş Orta Asiyaya qədər, Mavərənnəhrdən Anadoluya, İrandan Hindistanadək cəmiyyəti narahat edən hansı ümdə qayğılar varsa, onların əks-sədası Sabirin şeirlərindən gəlirdi. Bunca miqyaslılıq da Sabirə yox yerdən nəsib olmamışdı. Çox oxumuşdu, çox bilirdi, mütəmadi olaraq mətbuatı izləyirdi, cərəyan eləyən hadisələrin ardınca idi və gəldiyi qənaət də bu idi ki, çox da məsafələr xeyli aralıdır, onlar da bizdəndir, onlar da məndəndir. Ancaq belə əhatəli düşüncə sahibinə çevrilməsinin, qələminin bunca geniş əhatəsinin yaranmasına başqa bir əhəmiyyətli səbəb də vardı. O, böyük Seyid Əzim Şirvanidən dərs almışdı. Bir dəfə Seyid Əzim arasında Sabirin də olduğu şagirdlərinə etiraf etmişdi ki, ona mədrəsədən, dərslərdən daha artıq bilgini verən səyahətlər oldu. Vurğunu olduğu ustadının bu sözü Ələkbərin yadında qalmışdı və ilk gənclik illərindən ürəyindəki ən soyumaz arzuların əvvəlincisi Şamaxıdan kənara çıxmaq, səfərlər etmək olmuşdu və bu niyyətini atası Zeynalabdinə də açmışdı ki, Xorasana getmək istəyirəm. Atası qayıtmışdı ki, hələ balacasan, bir az yaşa dol, səni Xorasana özüm göndərəcəyəm.

Artıq yeniyetməlik də arxada qalmışdı, yaşı iyirmini keçirdi və içərisindəki səfər arzusu qabaqlardakından da artıq düşüncəsində dolaşırdı.

Zeynalabdin baqqal idi, ticarətdən yaxşı da baş çıxarırdı, bu işə həm həvəsi vardı, həm səriştəli idi, Ələkbər də gücü çatandan atasına kömək edirdi. Ancaq dükan, ticarət onluq deyildi, əlinə elə ilk fürsət düşən kimi qaçırdı şeir, ədəbiyyat xiridarlarının yanına, bu da Zeynalabdinin heç xoşuna gəlməzdi. Günlərin birində Ələkbər köhnə arzusunu atasına yenidən söyləyir, deyir, yaman ürəyimdən keçir ki, Xorasana səfər edim. Zeynalabdin də köhnə şamaxılıların bir çoxu kimi mövhumatçı adamdı, düşünür ki, Xorasana gedirsə, yəqin, bunun ilk məqsədi ziyarətdir, ziyarətə gedəninsə arzusunu gözündə qoymazlar, həm də qoy yola çıxıb bir az bərkdən-boşdan çıxsın, bəlkə qayıdandan sonra dükan-bazar işindən daha möhkəm yapışar.

Ona görə bir az cibxərcliyi də verərək, Ələkbəri Xorasana yola salır və gələcəyin şöhrətli şairi bu misraları da, yəqin, elə həmin səfər ərəfəsində yazır:

Sabir-işeyda ki, tərki şəhr-i Şirvan eylədi,

Bülbülə bənzərdi ki, meyl-i gülüstan eylədi.

Sabirin yaradıcılığında əks-sədaları hökmən qalacaq bu səfəri uzun çəkir. Xorasanda dayanıb-durmur, oradan da İranın digər şəhərlərinə yollanır, ancaq bununla ürəyi soyumur - İraqa baş çəkir, ardınca da səmtini Türküstana sarı götürür. Ancaq Türkmənistanda olduğu vaxtlarda Şamaxıdan qəmli məktub alır. Qardaşı yazırdı ki, atamız vəfat etdi, qayıt gəl Şamaxıya. Ancaq həmin zərfin içində başqa bir məktub da varmış. Anasının dilindən yazılmış o məktubda qadın da yanıqlı sözlərlə Ələkbərə yalvarır, onu Şamaxıya çağırır, "qayıt gəl" deyirdi.

Bu əhvalatları vaxtında Sabir yaxın dostu Seyid Hüseynə danışmışdı, Seyid Hüseyn də illər sonra artıq Mirzə Ələkbərin həyatda olmadığı çağlarda dostunun bir vaxtlar ona söylədiklərini şairin ömürnaməsi kimi yazıya alaraq "Hophopnamə"nin növbəti nəşrlərindən birinə müqəddimə kimi çap etdirmişdi. Orada Seyid Hüseyn Sabirin kimsəyə bildirmədiyi, onunla bölüşdüyü və gənc şairin taleyini dəyişə biləcək sirrini də bizlərə ötürür. Sabir deyibmiş ki, Şamaxıya geri dönmək fikrim yox idi, fikir eləyirdim, nə qədər girəvədir, səyahətimi bitirməyim -cavan adamam, onsuz da bir parça çörəyi harada olsa tapacağam. Necə dolanacağı barədə, həmin bir parça çörəyi necə əldə edəcəyi ilə bağlı da Seyid Hüseynə ürəyini açıbmış ki, yeniyetmə vaxtlarımda, ilk gəncliyimdə dərvişlik eləmişdim, Türküstan tərəflərdə dərvişlərin çoxluğunu və onlara meyli görəndə mənim də buna həvəsim artdı.

Həqiqətən də, İlahi Sabirdən o çağlarda dəb olan dərvişlik peşəsinin ardınca getməsi və dərvişlərin yaxşılarından biri kimi tanınmağa gərək olan qabiliyyətləri əsirgəməmişdi - babat səsi də, bədyəquluğu da vardı, hafizəsində də əski ədəbiyyatdan farsca və türkcə saysız qəsidələr, qəzəllər, mərsiyələr, növhələr. Ancaq bəxtimizdən Sabir o yolla getmir - anasına borcluyuq. Anasının yanıqlı məktubundakı ürək sıyıran sətirlər səbəb olur ki, Sabir oralardan Şirvana dönsün. Şamaxıdan gələn məktubdakı o qəhərləndirən cümlələri Sabirin qardaşı yazmışdı. Xətt onunku idi, ancaq söz anasınınkı. Sabir bunu da Seyid Hüseynə deyibmiş ki, xətt qardaşımınkı olsa da, oxuyan kimi bu sözləri məhz anamın demiş olmasına şübhəm qalmadı.

Şamaxıya qayıdınca anası ondan digər təvəqqesini də edir ki, artıq mən yaşlanmışam, ölüm-itim dünyasıdır, gərək evlənəsən. Sabirin müqavimət göstərdiyini görüncə ana üstünü vurmur, təkid də eləmir. Uzaqgörən, tədbirli qadınmış. Əsil-nəcabətinə yaxşı bələd olduğu Badamxanım adlı bir qızı gətirir evlərinə ki, bundan sonra bizdə yaşayacaq, ev işlərində mənə kömək edəcək.

Bunlarsa artıq Sabirin özünün Seyid Hüseynə açdığı elə gizlinlərdir ki, onları insanın özündən başqa kimsə bilməz, uzaqbaşı belə mətləbləri ən simsar dosta, sirdaşa nağıl edərsən. Sabir deyibmiş ki, mən o qızı uşaqlıqdan tanıyırdım, qonşuluqda yaşayırdı, böyüdükcə də heç ona fikir verməmişdim, gəlib indi bizim evdə yaşayanda artıq olmuşdu ailəmizin üzvü. Açıq deməsə də, anamın məqsədi aydın idi ki, bu qızla məni evləndirmək istəyir, mənsə evlənmək barədə düşünmürdüm, ona görə heç o qız sarı baxmırdım da. Ancaq bir dəfə otaqdan çıxmaq istəyəndə qəfildən gözlərim onun gözlərinə sataşdı, diksinən kimi oldum, sanki qızın gözlərində məzəmmət vardı, məni ona qarşı olan biganəliyimə görə qınayırdı. Qız qapını açmaq istəyirdi, ona əziyyət olmasın deyə qapının dəmir dəstəyinə əlimi uzatdım, ancaq qız da "Zəhmət çəkməyin, özüm açaram", - deyib qapının dəstəyindən yapışmaq istədi və bu əsnada əlim onun əlinə toxundu, əllərimiz bir-birinə toxununca da bədənimdən bir hərarət keçdi, elə o andan qıza içərimdə bir maraq yaranmağa başladı. İxtiyarsız ona oğrun-oğrun baxırdım, anamsa daha evlənmək söhbətini yada salmırdı. Ha gözlədim, gördüm ki, anam həmin söhbəti açmır, günlərin birində dedim ki, ana, bəs məni evləndirmək məsələsi deyirdin, nə oldu o məsələ? Anam da qayıtdı ki, sən dedin ki, evlənmək istəmirsən, mən də həmin fikirdən vaz keçdim. Dedim, yox, istəyirəm, elə bu qızı almağa da hazıram. Anam da dedi ki, yox, bu qızın başqa istəyəni var. Amma hiss elədim ki, anam bunu yalandan, məni cırnatmaq üçün deyir, qızın istəyəni-filanı yoxdu. Ancaq hər ehtimala qarşı dərhal söylədim ki, yox, rəva görmərəm bu qız bir başqasına ərə getsin, onu özüm alacam.

Ananın fəndi alınır, çox keçmir ki, Sabir Badamxanımla evlənir və çoxlu da övladları doğulur. O, səliqə-səhmanlı, biş-düşlü, fəqət yazı-pozu bilməyən evdar qadın idi, Sabirsə kitab-dəftər adamı.

Xanbacısına ürəyinin dərdini açan qadının şikayətlərini şeirləşdirəndə əslində Sabir həm o cür yazılarla başqa qadının, həm də ailəsini bu təhər təzadlı izdivacla qurmuş özü kimi bir çox başqalarının halına acıyırdı:

Nə bilirdik nə zəhirmardı kitab?

Biz olan evdə haçan vardı kitab?

Dəftərin andıra qalmış sözünü

Eşidib, görməmiş idik üzünü.

Ər deyil, şair imiş xanəxərab!

Fikri yazmaq, oxumaq, suglu kitab...

Söz yox, burada müəyyən qrotesk də var, boyaları tündləşdirmə də, amma ağırlıq istənilən halda həqiqət tərəfdədir. Hacı Zeynalabdin Tağıyevin 1901-ci ilin 7 oktyabrında fəaliyyətə başlayan qızlar məktəbini yaratmaqda başlıca hədəflərindən biri də millət quruculuğu ilə bağlı idi ki, Azərbaycandan kənarda ali təhsil alaraq Vətənə qayıdan müasir dünyagörüşlü, mükəmməl savadlı azərbaycanlı oğlanlar özlərinə uyğun qızlar axtaranda başqa xalqlardan olan oxumuş xanımlara meyl etmək məcburiyyətində qalmasınlar, özümüzdə də asta-asta ixtisaslı, bilikli, çağdaş zövqlü qızlar çoxalsın ki, xoşbəxt, sağlam yeni Azərbaycan ailələri onlarla qurulsun.

Axı Sabir özü də yaxşı anlayırdı ki, həyata baxışları məişət təfəkküründən oyana keçməyən qadının qələm əhlinin zövcəsi olması onların ikisi üçün də elə ömrü-günü yola verməkdən ibarət olacaq. Axı yaxşı anlayırdı ki, gecənin bir aləmində ağlına gələn hansısa misranı, beyti sabahacan unutmasın deyə yorğan-döşəkdən qalxıb çırağı yandırması, qələm-kağız götürüb yazması, təzədən yatağına girməsi, ola bilsin, bir müddət sonra yenə hövlnak dikəlib eyni şeyi təkrar etməsi dədə evində belə şeyləri görməmiş arvadına əcaib gələcək, ərini havalanmış zənn edəcək:

Gah gedir fikrə, bərəldir gözünü,

Məhv olur oylə ki, bilmir özünü;

 

Sübh olunca gecələr darğa kimi

Yatmayır, qır-qır edir qarğa kimi;

 

Gah da biryatsa da vəqtində əgər,

Çəkməyir yuxladığı bir o qədər,

 

Qəflətən bir də görürsən ki, durur,

Yandırıb lampanı çılpaq oturur;

Sabirin dünyagörüşü, inancı, həyat fəlsəfəsi ilə bağlı incə bir məqam da var ki, üzərində nəfəs dərməyin yeri var. Onun xurafat, mövhumat, fikri qaxsımış ayrı-ayrı dindarların, ruhanilərin əleyhinə yazdığı bir qalaq şeiri var. Elə həmin qoşqularına görə də zəmanəsinin cahilləri, ancaq bəzən heç də avam yox, əsl mətləbin nə yerdə olduğunu qanan, ancaq özünü bilməzliyə vuran riyakarları da bozarıblar, Sabiri dinsizlikdə ittiham ediblər, onu babi adlandırıblar. Sabir isə ruhani bir insandı, Allahına, Peyğəmbərinə dərindən etiqad bəsləyən şəxsdi. Onun bu münasibəti və sayğısı günümüzə gəlib çatan odlu qəsidələrində, növhələrində də əksini tapıb. Sabirin qələmini taziyanəyə-qırmanca döndərərək çırpdığı saxtakar möminlər, qəlp dinpərəstlər idi. Və onun dinə, imana ləkə olan bu cür qondarmalarla həyatda rastlaşdığı da az olmamışdı və həmin təsadüflərin hekayətləri də bəllidir.

Elə birini Sabirin dostu, aktyor Hacağa Abbasov xəbər verib ki, İrandan həlləm-qəlləm əməlləri ilə məşhur olan ərdəbilli müctəhid Mirzə Ələkbəri Bakıdakı Hacı Qasım məscidində moizə etməkçün dəvət ediblərmiş. Həmin cüvəllağı Mirzə Ələkbər çatır Bakıya, limanda gəmidən düşür. Ona hörmət göstərmək naminə fayton aparıblarmış ki, məscidədək piyada gəlməsin. Ancaq müctəhid qəbul etmir ki, fayton şeytan əməlidir, mən müqəddəs adamam, qəti minmərəm, iltifat etmək istəyirsinizsə, bir uzunqulaq gətirin ki, minib gedim məscidə. Hacağa Abbasov həmin qəziyyə dolayısınca Sabirin dilindən qopanı bizə sözbəsöz çatdırır. Sabir əhvalatı eşidəndə kinayə ilə deyir: "Bu, çox təbiidir, çünki uzunqulaq elə uzunqulağı sevər".

Amma Sabirin riya dağarcığı bu növ yapma din adamlarıyla rast düşməsinin digər bir hekayəti də var ki, o xatirəni də şairin böyük qardaşı Mehdiqulunun oğlu Zeynalabdin söyləyib. Sabir Xorasandaymış, İmam Rza ziyarətgahına yaxın olan bir axunda Sabirin şirin söhbətləri, sinədəftərliyi, çoxlu şeirlər bilməsi xoş gəlirmiş və şairi evinə qonaq çağırır ki, xudmani məclisdə onu doyunca dinləsin. Arada Sabirlə birgə evinin zirzəmisinə enirlər, qonağına bir neçə çəlləyi göstərib deyir ki, bunlar üzüm suyudur, özüm çəkmişəm, gəlin sizi də qonaq eləyim. Sabirinsə ömrü boyu dilinə şərab dəyməmişdi. Ona görə də axundun sözünün altından bir bəhanə ilə çıxır ki, şərabı adətən nahar vaxtı içərlər, mənsə artıq nahar eləmişəm, odur ki, gələn dəfələrdən birində sizinlə hökmən şərab içərik, amma indi siz özünüz nuş eləyirsiniz eləyin.

Axundun, özü də sıradan olan bir axundun deyil, İmam Rza ziyarətgahına yaxın olan bir, guya ki, mötəbər ruhaninin bunca riyakarlığı Sabirə çox təsir edir. Dözmür, o dələduzun belə bəd əməlləri haqqında həm farsca, həm azərbaycanca vərəqələr yazır, şəhərin müxtəlif yerlərində yapışdırır. Yazır ki, ay camaat, sizin inandığınız, ətəyində namaz qıldığınız axund əslində şərabxorun yekəsidir, inanmırsınızsa evinə gedin, zirzəmisini yoxlayın, orada şərab çəlləklərini özünüz görəcəksiniz.

Həmin vərəqələri oxuyanları maraq götürür, axışırlar məhləsinə, basıb girirlər evinə, enirlər zirzəmisinə, baxırlar ki, vərəqdə nə yazılıbsa, hamısı dübbədüzdür.

Qeyzlənmiş əhali axundu eşşəyə tərsinə otuzdurub şəhər boyu dolandırırlar ki, yetən üzünə tüpürsün.

Sabir adam içindəydi, xalq arasındaydı, bir çox acıların, dərdlərin yaxınındaydı və gördüklərini gördükcə hansı müşküllərəsə əncam çəkilməsinə kömək göstərə biləcəyi ümidi ilə qələmini işə salırdı. Ancaq çox istəyirdi ki, əlində ixtiyar olan vəzifəlilər, nələrisə dəyişməyə səlahiyyəti çatanlar da görsünlər. Həm də elə buralardan, küncdən-bucaqdan baxmaqla yox, təyyarə minib yüksəklərə qalxaraq bütün acı mənzərələri oradan bütünü ilə seyr edərək görsünlər:

Etila etdikcə, derlər, yüksəyə təyyarələr -

Görməyə nail olur hər yanda alçaq yerləri.

İşbu qanunu bizim mənsəblilər bilsəydi, ah,

Bir kərə görsəydi də alçaqdakı müztərləri (möhtacları, ehtiyaclıları - R.H.)!

Sabir hələ təyyarə görməmişdi, təyyarələr haqqında yalnız oxumuşdu, eşitmişdi və ona görə də təyyarədən baxandahər yanı görməyin mümkün olduğundan 1910-cu ildə söz açarkən "deyirlər" yazırdı. Ancaq Sabirin özü o çağın da, o dövrdən çox sonrakı onillərin də ən iti və mükəmməl təyyarələrindən daha ucalara qalxa, daha sürətlə uça bilirdi.

Onun təyyarəsi ilhamı, sözü, qələm və qəlibləri, çərçivələri, qəfəsləri sındırıb ucalara dikələn mübariz düşüncəsi idi. Öz təyyarəsindən baxanda yerdəkilər ona ovcunun içindəki kimi aydınca görsənirdi - şeirində işlətdiyi "aşağılar" mənasındakı alçaqlarda, naqislikləri ilə mühitləri çirkləndirən alçaqlar da!

20 aprel 2024

 





24.04.2024    çap et  çap et