525.Az

“Ulduz”un sentyabr sayı


 

“Ulduz”un sentyabr sayı <b style="color:red"></b> Bu günlərdə “Ulduz” jurnalının bu il üçün doqquzuncu sayı işıq üzü görüb.

Jurnal Məti Osmanoğlunun “Axtarışların yolayrıcında” ekspert yazısı ilə açılıb:

“Ulduz” jurnalının, münsifliyi mənə həvalə edilmiş avqust nömrəsi də daxil olmaqla, son vaxtlara aid fəaliyyətini səciyyələndirən başlıca keyfiyyət, məncə, axtarışlardır”. Yazıda Nigar An, Xanəmir, Aida Asiya, Rəsmiyyə Sabir, Şəfəq Sahibli, Dilqəm Əhməd, Müşfiq Şükürlü, Narıngülün əsərləri haqqında fikirlər, “Diskussiya klubu” barəsində rəy və jurnalın keçən sayında çap olunmuş ədəbi materiallar barəsində düşüncələr qələmə alınıb.  

Gənc yazar Fidanın “Özüylə söhbət”ndən sonra jurnalda müəllifin “Çirkli sabun qırıntıları kimi” hekayəsi verilib.  Jurnalın “Şeir vaxtı”nda Əlizadə Nuri, Xuraman Hüseynzadə, İradə Aytel və Qalib Şəfahətin şeirləri var.

Cəlal Bəydilinin təqdimatında “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə tanınmış fransız yazıçısı Jül Renarın aforizmləri verilib:
 
“Aşiqlərin ən qiymətli sərvəti bir-birilərinə qalan xatirələridir./Ədəbiyyat elə bir məşğuliyyətdir ki, istedadın olduğunu hər dəfə istedadsızlara yenidən sübut eləməlisən./Yazmaq da danışmağın xüsusi qaydasıdır: danışırsan və heç kim sənin sözünü kəsmir...”
 
“525-ci qəzet”lə “Ulduz” jurnalının birgə layihəsi “Benefis”də Pərvin bu dəfə rejissor Ramiz Həsənoğlu ilə söhbətini “Diqqət! Məşq gedir” başlığıyla təqdim edib. Söhbət Xalq şairi Vaqif Səmədoğlunun 75 illiyi ilə əlaqədar dövlət sifarişiylə quruluş verdiyi “Generalın son əmri” tamaşasının məşqləri zamanı baş tutub.  “Tərcümə saatı”nda yəhudi kökənli polyak şairi Aleksandr Vatın şeirləri Rəfail Tağızadənin tərcüməsində verilib.  Paulo Koelyonun ibrətamiz hekayələri də jurnalın sentyabr sayında dərc olunub.  Günay Səma Şirvanın müəllifi olduğu poetik parçalar jurnalın “Qürbət şeirləri” bölümündə yer alıb. Dərginin “Nəsr” bölümündə İlqar Rəsulun “Çəhrayı telefon”, “Sənə görə”, Gülnarə İlhamın “İtim, pişiyim, tutuquşum”, “Bir az bizdən danışın” hekayələri dərc edilib.  Jurnalın “Ulduz+” rubrikasında Sevinc Mürvətqızının təqdimatında “Dost tapmadım, tək qaldım” essesi verilib. 

“Köhnə ulduz” rubrikasında Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi ilə müsahibə öz əksini tapıb. Mərhum şair və publisist Tofiq Abdinin sentyabrın əvvəlinə düşən doğum günü münasibətilə Laura Cəbrayıllının “Abi körpüsü” yazısı jurnalın “Anım” bölümündə yerləşdirilib.  Ziyadxan Əliyevin “Müasir bədii baxış milli ənənələrə söykənəndə...” yazısında gənc rəssam Günay Mehdizadənin yaradıcılığına nəzər salınıb.   

Jurnalın əməkdaşı Fərqanə Mehdiyeva “Bu yay bir başqa yaydı...” ovqat yazısında səfər təəssüratları qələmə alınıb.  Jurnalın ənənəvi “Dərgidə kitab” layihəsinin budəfəki qonağı bugünlərdə 50 illik yubileyini qeyd edən Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məciddir. Layihədə yubilyarın “Xilaskarım”, “Yaxşı”, “Sənə sarı”, “Darıxanda”, “Eynək”, “Uzağı bir ay”, “Məni”, “Anlaya bilmirəm”, “Üzünə qurban”, “Həmişə”, “Çıxmışam”, “Dik atılıram”, “Nə olsun ki”, “İki məkan”, “Səndən yaxşısı”, “Bir günəş eylə”, “Səndən qalanlar”, “Düşüncə”, “Yaxın gəlmərəm” şeirləri yer alıb. 

“Dərgidə kitab” layihəsində yubilyarın şeirlərini jurnalın baş redaktoru Qulu Ağsəsin “Selfie” yazısı izləyir:

“O, dinc dövrdə müdafiə naziri, müharibə vaxtı kültür bakanı işləyə bilər. İndi nə hərb, nə sülhdü. Yazıçılar Birliyinin katibliyi və “525-ci qəzet”in baş redaktorluğu bəs eləyir. Sərhədlər çoxdan itib aramızda, ən birinci də zarafatla həqiqətin sınırı. Biz “gömrüyü” adlayıb o üzə keçmişik. Başqa ölkədə yaşayan iki mühacir kimi. Amma elə şeylər var ki, orda sərhədi qorumuşuq. Top-tüfəngsiz, ortalığa fişəng tullamadan. Sakit və səbrlə...Bir neçə il qabaq da ondan yazmışdım: “Qapısı açıq Məcid”. Essemi xatırladıram ki, söhbətin kimdən getdiyi əyan olsun...”  

S. ABDULLAYEVA
 





28.09.2014    çap et  çap et