525.Az

Bahadır və Sona


 

(N.Nərimanovun "Bahadır və Sona" romanının yazılmasından 101 il ötür)

Bahadır və Sona<b style="color:red"></b>

2014- il, iyul ayının  31-i idi. Günlərdi cəbhədə davam edən gərginlik son günlər açıq-aşkar müharibəyə çevrilmişdi. Havadakı barıt qoxusunu qızmar günəs belə əridib yox eləyə bilmirdi. İki gün öncə Naxçıvanla sərhəd bölgədən  Noyemberyan rayonunun Berdavan kəndinə  gələn nişançı Sona Akopyan mövqe seçib düşmən tərəfi müşahidə edirdi. Ara-sıra silah səsləri eşidilirdi. Qarşıda Eyibli qüzeyinin zirvəsinə kəmər  kimi dolanmış Azərbaycan ordusunun mövqeləri görsənirdi. Bu gün nədənsə  fikri dağınıq idi. Kimsəsizlər evində keçirdiyi günlər gəlirdi gözünün önünə. Ona kim olduğunu, hardan gəldiyini deyən olmamışdı.Yalnız yazıb-oxumaq öyrənəndən sonra kimsəsizlər evinin qarşısındakı  "Mankatun" ("Kimsəsizlər evi") yazılmış lövhədən öyrənmişdi  kimsəsiz olduğunu. On səkkiz yaşına çatandan  sonra Yerevan küçələrində keçirdiyi ağır günlər  qız yaddaşını xəncər kimi doğramışdı. Bir qarnı ac, bir qarnı tox işlədiyi Samvelin kafesinin iyrənc qoxusu getməmişdi burnundan. Samvelin yekəqarın, harın müştərilərinin yatağında itirdiyi ismətinin izi belə qalmamışdı. Gündüzlər qul idi, gecələr fahişə. O, sevgini öyrənmədən sevişmək öyrənmişdi. İsmətli olmadan  fahişə olmuşdu. Od-alovun içinə daha çox bədbəxt olmamaq üçün gəlmişdi. Könüllü şəkildə "snayper kurslarına" yazılmışdı. Hərbi təhsilini  bitirdikdən sonra  cəbhəboyu bütün ərazilərdə barmağı tətikdə gözü nişangahda can alıb-can verirdi. Daha doğrusu bu yolla özünü təsəlli edirdi. Bəlkə  bu təsəllini  öz ölkəsi tanımasaydı,  bunu düşmən tərəfdə axtarardı.

Bu qarabuğdayı qızın gözəlliyi daim  erməni dığalarının hədəfində olmuşdu. Ruhuna sevgi dəyməmişdi. Cisminə belə  qısa  sevgilərlə, daha doğrusu sevişmələrə toxunmuşdular. Bəlkə, buna görəydi ki,  nişançı idi. Bütün qəzəbini snayperin nişangahına sığdıra bilirdi. O ömrünün son illərini   nişan almaqda keçirmişdi. Taleyinin qatillərinin acığına, həmin qatillərin düşmənlərini öldürməklə məşğul idi.

Fikirdən ayrılanda atışma  qızışmışdı. Güllə səsləri əsgər  səslərinə qarışmışdı. Müharibədə güllə səsləri müharibənin musiqisi, əsgər səsləri onun sözləri olur. Bu mahnı neçə-neçə oğulları öz ağuşuna alıb uzaqlara aparmışdı. Baş gizir Bahadır Almazovun gur  səsi güllə səslərini batırırdı. Onun qalın səsi az qala düşmən tərəfin müdafiə səddini dəlib keçirdi. Bu səsdən diksinən ölüm mələkləri küpəgirən  qarılar kimi güllə üstündə əsgərlərin gah sağından , gah solundan, gah da bu səsdən yayınıb, ürəklərindən keçirdi. Hər iki tərəf itki vermişdi. Erməni tərəfdə bu daha çox idi. Sona Akopyan baş verənləri soyuqqanlılıqla müşahidə edirdi. Arada səkkiz yüz  metr  məsafə olmasına baxmayaraq o səs güllələrdən sıyrılıb Sonanın qulaqlarını sızırdı sanki. Həyəcanlanmışdı, ancaq  ilk döyüş həyəcanı deyildi. Qorxmuşdu, amma ölüm qorxusu deyildi. Bu nəsə bir başqa hiss idi. Bir azdan bu "səs" bütün ruhuna yayıldı. Güllə səslərini müharibəni unutdu, dərin bir yuxuya getmək istədi, ancaq o səs yenə səngər qarışıq ruhunu silkələdi. Səngərin dikdirindən ot qarışıq bir xışma torpaq töküldü çiyinlərinə. Axı onun durduğu yerə güllə ya mərmi düşməmişdi ? Sona gözlərini snayperin optik nişangahına dayadı,bu dəfə qalın səsli adamı lap aydın  gördü. O səngərin nisbətən  dayaz yerində durub, əsgərlərdən birinə bağıra-bağıra tapşırıq verirdi. Qəzəbi ona ölüm qorxusunu unutdurmuşdu. Onun qapqara saçları, qalın qaşları, enli kürəyi, qaranlıqda işıq saçan güllə kimi qaynar gözlərini lap aydın görünürdü. Bəlkə onun dayandığı yer səngərin dərin yeri idi, amma  səngər onun boy-buxunun yanında çuxur kimi görsənirdi. Sonanın bütün bədəni gərilmişdi. Həmişə atəş açmazdan öncə ayaq dırnaqlarının ucundan şəhadət barmağının ucuna kimi belə gərilər bir göz qırpımında atəş açardı. Bu dəfə bütün bədəni gərilsədə, tətiyə dirədiyi şəhadət barmağı gərilmədi. Ona elə gəldi ki, barmağının ucundan qan axır. Axan qan onun ürəyinəcən gedib çıxırdı. Dişlərini qıcadı, bir daha cəhd elədi. Həmişə nifrətlə baxdığı nişangah indi ona niyəsə doğma görsənirdi. O heç vaxt qurbanlarının simasına nəzər yetirməzdi. Sadəcə nişan alacağı gözə, alına gicgaha suni hədəf kimi ötəri baxıb atəş açardı. Bu dəfə hər şey tərsinə olmuşdu. Ona tanış olmayan bir dünyaya düşmüşdü. Tanımadığı  hisslər çulğalamışdı  ruhunu. Həmişə qəzəblə dolan gözləri indi göz yaşlarının içində boğulurdu. Özünü, müharibəni, kimliyini, keçmişini, unutmuşdu.Qəribədir,  bu unutqanlığından həm zövq alır, həm əzab çəkirdi. Tanımadığı,bilmədiyi, ölümə qonaq edəcəyi birini sevməyə başlamışdı, deyəsən. Axı necə oldu ki, bu gen dünyada rast gəlmədiyi sevgiyə bu od-alovun içində, daşqəlbli "Draqunov"un nişangahında rast gəldi?Anidən gələn ölüm kimi sevdi,ölüm kimi sirli müəmmalı.  Baş barmağını nişangahın şüşəsinə toxundurdu. Gur səsli oğlanın gicgahına , gözlərinə, dodaqlarına "toxundu". Bir neçə dəqiqə beləcə qaldı...

Yox, o sevə bilməzdi, sevərək öldürə bilərdi, həm indi - vaxt itirmədən. yazıq ki, sevgiyə qərq olan ürəyi erməni qanıyla qidalanardı.

Şüursuz şəkildə yenidən gözünü  nişangaha yaxınlaşdırdı. Bu dəfə gur səsli oğlanı bağıra-bağıra  DŞK-dan atəş açan gördü. Yer-göy silkələnmişdi. Ermənilər başını qaldıra bilmirdi. İkinci postun əsgərlərindən ikisi can verirdi. Birinci, üçüncü, dördüncü postların hərəsində  bir ölü vardı. Beşinci post isə digər postlar kimi susmuşdu.  

Sona snayperin darağını çıxardı, lap üstə olan gülləni ovcuna alıb bərk-bərk sıxdı. Sevgi məktubu kimi bağrına basdı. İtmiş körpəsini tapan ana  kimi gülləni acgözlüklə bərk-bərk öpdü. Sevgiyə bulaşmış nifrəti olmasaydı, bəlkə gülləni udardı, ancaq fayda? Dilindən pıçıltı ilə qeyri-ixtiyari :"Mənim düşmənim, mənim sevgim, mən sadəcə  sənin gözlərindən öpmək istəyirəm. Dodaqlarım, nəfəsim sənə çatmır, bu sənin gözlərinə çatacaq..."- sözləri qopdu. Dodaqlarını gülləyə dayayıb bir anlıq durdu. Gözlərini yumub gülləni yerinə qoydu. Darağı  taxıb, bir gözqırpımında atəş açdı. Güllə Bahadurun  sağ gözündən "öpdü". Bahadır gövdəsi kəsilmiş xan çinar kimi  yerə gəldi.  Eyibli qüzeyi nərə çəkdi,  silahlar diksinib səsini kəsdi. Bir anlıq dünyanın hər yerində müharibə dayandı. Gülüşlər dondu,mahnıların major notları minor notlarla əvəz edildi. Yer üzündəki bütün qəbirlər, bütün insanlar, hətta bütün bətnlərin dölləri bir damcı göz yaşı axıtdı. Sona daha ağlamırdı, çünki ölmüşdü; ölən adamlar ağlamaz. Ölməyə var ki, zülüm  dirigözlü ölməkdi. Sona "Draqunov"u şüursuz şəkildə yerə qoydu. Səngərin içində çökdü, səmaya baxdı. Havada uçan güllələr Tanrının qarşısını kəsmişdi. Tanrının insanlara göndərdiyi mərhəməti güllələr dəlmə-deşik eləmişdi. Bu zaman baş leytenant Gevorq Ohanyanın "Ux, Çavettanem, axçık. Oy sireli, turkes"(Ux, qadan alım, qız. Oy, bədbəxt türk) -deyib şaqqanaq çəkməyindən diksindisə, dediyini dərk etmədi. Bayaqdan susan erməni postları indi dil açmışdı. Həm  təzəcə dil açmış uşaq kimi; yaxşı "danışa bilmirdilər" Sona Akopyan damarlarında axan erməni  qanına, sinəsindəki ürəyə, gəzdirdiyi ruha daha çox nifrət edirdi indi . Ən böyük cinayətin insan insanlığı öldürmək deyil,  sevgini öldürmək olduğunu anlamışdı. O sevgini öldürmüşdü. Ətrafa boylandı, dünyanın hər yerinə baxdı. Ona bu dünyada biryaşamlıq bir qarış yer qalmamışdı. Bəlkə, o dünyada belə bir cəhənnəmlik yeri yoxuydu. Onu bu dünyada mühakimə etməyə kiminsə haqqı çatmırdı. Onu Tanrı mühakimə edə bilərdi, o da... yaxsı ki, Tanrı  taleyini iyirmi dörd  il əvvəl yazıb qoymuşdu. O ölə bilərdi. Sona ağır-ağır ayağa durdu. Gülləni patron yatağına yeritdi. Silahın lüləyini ürəyinin üstünə qoydu, qundağı isə səngərin divarına  dirədi. Belə rahat ölmək olardı. Sevincindən uşaq kimi ona tərəf qaçan Gevorq yerində donub qalmışdı. baş verdiyini anlaya bilmirdi. Ətrafdakı erməni əsgərlər belə qeyri-ixtiyarı atəşi dayandırıb həyəcanla Sonanın edəcəyinə baxırdılar. Sonanın heç vaxt bağrına basa biləcəyi  sevgilisi, bir  doğması, körpəsi olmuşdu. Necə olmuşdusa, indi "Draqunovun" lüləyini  sevgilisi, doğma balası  kimi sıxmışdı sinəsinə. Dəqiqliklə nişan  almağa ehtiyac yox idi. İndi sinəsindəki  ürəyini vurmalı idi. əlləri titrəyirdi, bədəni. Bircə  bayaqdan donub qalan iki damla göz yaşı titrəyirdi gözlərində. Deyəsən, yanaqlarından yıxılacaqlarını duymuşdular. Sona  daha qadın ətri vermirdi. Ondan ölüm qoxusu gəlirdi; bütün insanların bilmədiyi ölüm qoxusu. Düşüncəsi dilinə doğru bir neçə  kəlmə söz ötürdü, bağıra-bağıra : "Hamınıza nifrət edirəm. Bu ölkədə mənim sizə  olan nifrətimdən dahi bir şey yoxdu- dedi. Sonuncu kəlməsini ehtiraslı güllə səsi  öpdü. Gevorqun "Verjacru axçik, inçes anum?" (Dayan, sən neynirsən, qız) sözləri dodaqlarına yapışıb qaldı. Güllənin təsirindən əvvəlcə  səngərin divarına dəydi, sonra üzüstə düşdü. Axan qan cadar-cadar olmuş torpağın arasına doldu. Torpaq qanı içmədi. Göllənmiş qan quruyub laxtalandı. Necə vardısa  eləcə qaldı . Qan tökülən yer  yenə cadar-cadar idi. Torpaq  su istəyirdi...

 





16.10.2014    çap et  çap et