525.Az

"Azərbaycan" şeiri saxta deyil!


 

"Azərbaycan" şeiri saxta deyil!<b style="color:red"></b>

Çox hörmət etdiyim Modern.az saytında tanınmış alim kimi təqdim edilən Əsğər Fərdinin (hərçənd o, doğrudan da, tanınmış simadır, amma alim kimi yox!) Məhəmmədhüseyn Şəhriyarın "Azərbaycan" şeiri (daha dəqiqi, şeirin Fikrət Sadıqa məxsus tərcüməsi) ilə bağlı bir həftə ərzində iki yazısı dərc olunub. Hər iki yazıda azərbaycanlılar arasında çox populyar olan bu şeirin saxta olduğu, Şəhriyara aidiyyəti olmadığı iddia edilir. Deyəsən, bu iddiaya inananlar da tapılıb. Odur ki, məsələyə münasibət bildirməyi lazım bildim.

Öncə onu deyim ki, dəyərli şairimiz Fikrət Sadıqın Şəhriyardan etdiyi həmin tərcüməni vaxtilə mən tənqid etmişəm, tərcümənin bəzən orijinaldan uzaqlaşdığını, müəyyən məqamlarda şair F.Sadıqın mütərcim F.Sadığı üstələdiyini vurğulamışam. Burada o vaxt demədiyim bir məsələni qeyd edə bilərəm: "Azərbaycan" şeirinin tərcüməsi həm naqisdir, yəni mütərcim orijinaldakı 4 beyti "ötürüb". Farsca mətn 15 beyt olduğu halda, Azərbaycan dilinə tərcümə 11 beytdir!

Amma bütün bunlara baxmayaraq, şeir heç Ə.Fərdinin dediyi kimi, saxta deyil, yəni ortada hansısa falsifikasiya faktı yoxdur. Bəlkə o, tərcüməni qüsurlu yarımçıq adlandırsaydı, onunla birtəhər  razılaşmaq olardı. Lakin onun: "Böyük ehtimalla saxta "Azərbaycan" şeirinin müəllifi elə Firkrət Sadıqın özüdür", "...Bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur. Onun farsca yazıldığı guya Fikrət Sadığın tərcümə etməsi yalandır" kimi fikir hökmləri ilə heç cür razılaşmaq olmaz, necə deyərlər, bu yerdə, onun özü əməlli-başlı eləyib.

Ədalət naminə demək lazımdır ki, qeyd olunan çatışmazlıqları ilə bərabər, F.Sadıq "Azərbaycan" şeirini bütövlükdə uğurla tərcümə edib, Şəhriyarın Azərbaycanla bağlı ağrısını, özü demişkən, fəryadını verə bilib, müəllifin mesajını çatdırıb, mətnin ümumi ruhunu ifadə etməyə nail olub. Onun sərbəstliyə vardığı məqamlar da həmən ruhdan doğur, orijinalın əsas havasına zidd deyil. Eyni zamanda, mütərcimin bir sıra beytləri orijinala sadiqlik baxımından kifayət qədər dəqiq çevirdiyini qeyd etmək lazımdır. Məsələn, bu beyti:

Qurtarmaqcün zalımların əlindən Rey şümşadını,

Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

Yaxud "Vətən eşqi məktəbində can verməyi öyrənmişik" misrası eynən orijinaldakı kimidir: "Dər məktəbe-eşğe-vətən can baxtən amuxte".

Bir sözlə, tərcüməçini yalnız şeiri tam tərcümə etmədiyinə, bəzən sərbəstlik etdiyinə görə qınamaq olar, saxtakarlığa görə yox! Bir sərbəstlik digər poetik tərcümələrdə geniş rastlanan haldır, yalnız F.Sadıqın tərcüməsilə məhdudlaşan fakt deyil. Amma görünür, Ə.Fərdinin tərcümə anlyışı çox məhduddur. Bunu onun təqdim etdiyi sətri tərcümədən görmək olur. Belə ki, Ə.Fərdi sətri tərcümədə orijinaldakı bir beyti (F.Sadıqın ixtisar etdiyi beytlərdən birini) "yaddan çıxarıb". Üstəlik, onun sətri tərcüməsi xətalardan xali deyil. Belə ki, o, şeirin 2-ci beytində müxatəbi, yəni müraciət obyektini dəyişdirib; beytdə Azərbaycana müraciət olunmur. Daha 2 beyti (orijinalda 5-ci 10-cu beytlər) isə qeyri-dəqiq tərcümə edib. Həmin beytlərdə uyğun olaraq, Xosrov Şirin, Zöhhak Kavə süjetlərinə işarə ilə obrazlar yaradılmışdır, amma sətri tərcümədə həmin obrazlılıq yarımçıq yayğın hala gəlmiş, yaxud da itmişdir. Məsələn, 5-ci beyti Ə.Fərdi belə çevirib:

Bisütun inqilabda, şirin-şəkər Vətən üçün

Külüng vurmuş Fərhad kimi zaman-zaman Azərbaycan.

Halbuki dəqiq tərcümə belədir:

İnqilab Bisütununda vətən Şirininin şövqü ilə

Azərbaycan Fərhadı öz başına çox külüng vurub.

Göründüyü kimi, Ə.Fərdinin "Bisütun inqilabda" ifadəsi anlamsız, "şirin-şəkər" ibarəsi isə yersizdir. Onun bəyənmədiyi F.Sadıq tərcüməsində isə beytin mənası daha dəqiq verilib:

Bisütuni-inqilabda Şirin - vətən ucun Fərhad

Külüng vurmuş oz başına, zaman-zaman, Azərbaycan!

Əlbəttə, əgər Ə.Fərdi, deyildiyi kimi, filoloqdursa, belə yanlışlığa yol verməməli idi. Ən maraqlısı odur ki, Ə.Fərdi sətri tərcüməsinin sonuncu sondan 3- beytlərində elə F.Sadıqın tərcüməsindən istifadə edib! Hələ onu demirik ki, farsca mətnin transkripsiyasında da bir sıra səhvlər müşahidə olunur.

Ə.Fərdi "Azərbaycan" şeirinin farscadan sətri tərcüməsinin F.Sadıq üçün gah Həmid Məmmədzadə Qulamhüseyn Beqdeli, gah da Əhməd Şəfai tərəfindən edildiyini bildirir. Adı çəkilən rəhmətliklər fars dilini heç Ə.Fərdidən pis bilmirdilər, üstəlik Ə.Şəfai özü fars idi, fars dilçiliyi üzrə professor rütbəsi daşıyırdı ana dilində yazılmış mətndə deyildiyini yaxşı anlayırdı.

Hər halda, bütün bu çıxışları ilə Ə.Fərdini, düşünürəm ki, heç professional tərcüməçilik problemləri, adekvat tərcümə məsələləri maraqlandırmır, onun niyyəti ayrıdır. Əgər bu məsələlər onu belə maraqlandırırsa, getsin İranda Azərbaycan tarixi, dili, mədəniyyəti, kimliyi ilə bağlı baş alıb gedən saxtakarlıqlara münasibət bildirsin. Hərçənd bunu ondan gözləmək düzgün deyil, çünki özü həmin işlərin iştirakçısı, bəzi hallarda təşkilatçısıdır.

Ə.Fərdinin niyyəti Şəhriyarı irançı biri kimi göstərməkdir, onun "Azərbaycan"a etirazı da burdan qaynaqlanır. Lakin bu məsələdə birmənalı mövqe sərgiləmək özünü Şəhriyar yaradıcılığının bilicisi kimi təqdim edən şəxsə yaraşmaz. Həmin mövzuda Şəhriyarın baxışları kifayət qədər mürəkkəbdir. Şəhriyar irançıdırsa da, Azərbaycan mərkəzli irançıdır. "Azərbaycan" şeirinin farscasını Şəhriyarın öz ifasında dinləyin (https://www.youtube.com/watch?v=_HpJhjh3vLA). Orada özü izahat verir ki, Azərbaycan İranın mərkəzidir, ona görə özünə layiq münasibət görməlidir. Elə həmin şeirdə Tehran hakimiyyətinin, "İran-mədarların" Azərbaycana ögey münasibətindən söz açır. Şəhriyarın bu qədər azərbaycançılığı bizə yetər Əsğər Fərdi kimilər bunu ört-basdır etməyə cəhd etməsinlər, faydası yoxdur.

 





21.10.2014    çap et  çap et