525.Az

Bakıda keçirilən beynəlxalq konfrans yekunlaşıb


 

Bakıda keçirilən beynəlxalq konfrans yekunlaşıb<b style="color:red"></b> Azərbaycan Respublikası Ali Məhkəməsinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans işini yekunlaşdırıb.
 
APA-nın məlumatına görə, “Konvensiya sistemi çərçivəsində hakimlər arasında dialoq” mövzusunda sessiyaya Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun İnsan Hüquqları Siyasəti və İnkişafı İdarəsinin rəisi Mixail Lobov moderatorluq edib.
 
O, Avropa İnsan Haqları Məhkəməsi ilə milli məhkəmələr arasında əməkdaşlığın və məsləhətləşmələrin zəruriliyini vurğulayıb.
 
Avropa İnsan Haqları Məhkəməsi Katibliyinin rəhbər müavini Maykl Patrik O`Boyl “Məhkəmələr və digər vasitələrlə hakimlər arasında dialoq” mövzusunda çıxışında bildirib ki, belə mühüm tədbirlər qarşılıqlı fikir mübadiləsinin aparılması və dialoq üçün çox əhəmiyyətlidir.
 
Avropa İnsan Haqları Məhkəməsinin islahatı üzrə ekspertlər komitəsinin sədri, Norveç Ədliyyə Nazirliyinin xüsusi məsləhətçisi Morten Ruud “Konvensiyanın 16 saylı Protokolu” mövzusunda məruzə ilə çıxışında bu sənədin tarixi barədə məlumat verib. O,  2013-cü ilin iyulunda qəbul edilmiş Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasına dair 16-cı protokoldan söz açıb.
 
Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə bildirib ki, Azərbaycanın 16 saylı protokola qoşulması ilə bağlı daxili prosedura artıq start verilib.
 
Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan Respublikasından olan hakimi Xanlar Hacıyev deyib ki, bu konfransda həm yerli, həm də xaricdən olan hakimlər korpusunun iştirakı sevindirici haldır: “Ümumiyyətlə, fikir mübadiləsi və dialoq mühümdür. Mən 1995-ci ildə hakim kimi çalışanda konvensiyanın tətbiqini onun hansısa istinadında görürdük. Çalışmalıyıq ki, tətbiq etmək mexaniki xarakter daşımasın. Dövlət inkişaf etdikcə, məhkəmə sistemi də inkişaf edir. Azərbaycan cavan ölkədir. Mən ümid edirəm ki, hüququn təkmilləşməsində mühüm irəliləyişlər olacaq”.
 
Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev isə konvensiyanın tətbiq etmək yükünü daşıyan hakimlərin üzərində xüsusilə dayanıb: “Hesab edirəm ki, hüququn aliliyini təsdiq etmək bir növ hakimlərin əlindədir. Bizim layiqli fəaliyyətimiz olmadan insan hüquqları sistemi tam bərpa olunmayacaq və məhkəmə sistemi pozulacaq. İnsan hüquqlarının müdafiəsi gündəlik gərgin əmək tələb edir. Sizləri bir daha Bakıda görməyi arzulayırıq”.
 
Bununla da, tədbir yekunlaşıb.
 





25.10.2014    çap et  çap et