525.Az

...Axı sən nə yatdın ki, nə də yuxu görəsən...


 

...Axı sən nə yatdın ki, nə də yuxu görəsən...<b style="color:red"></b>

Məni düşündürən, son zamanlarda bir çox insanların arasında böyük bir vüsət almış "tanımadan, bilmədən bəyənməmək" tendensiyasıdır. Bu tip insanlara, demək olar ki, bütün sahələrdə rast gəlmək mümkündür. Onlar bilmədikləri haqqında dayanmadan danışır, hətta bəzi iradlarını bildirməkdən belə çəkinmirlər. Onlara bu mövzuda yalnış olduqlarını anlatmaq isə çox çətin məsələdir. Çünki bu tip insanların danışılan mövzu ətrafında kifayət qədər bərkimiş, daşlaşmış həqiqətləri var. Əgər bu daşlaşmış həqiqət həmin mövzunun hərtərəfli olmasada, müəyyən bir qisimdə araşdırılıb öyrənilməsindən sonra yaransaydı, bunu başa düşmək olardı, amma əfsuslar olsun ki, bu nəticələr şifahi xalq ədəbiyyatına məxsus xarakteristika, yəni ağızdan-ağıza ötürülmə yolu ilə yaranır. isə, söhbəti bir az da konkretləşdirib əsas mətləbə keçək. Mən bu problemə təbii olaraq incəsənət, daha da dəqiq desək, teatr prizmasından baxmaq istərdim.

Görəsən, hələ haqqında heç bir şey bilmədiyin insan, forma, metod, izm sairəni necə bəyənə ya bəyənməyə bilərsən. Hələ universitetə təzə qəbul olunmuş, ya da aldığı diplomdan çap maşınının istisi getməmiş dırnaqarası teatrallar Stanislavski sistemini bəyənmədiklərini - bu sistemin köhnəlmiş, geridə qalmış, bu günki tamaşaçı kütləsinin istəklərinə cavab verməyən olduğunu söyləyəndə lap od tuturam. Birdən oxucu elə düşünər ki, burada məsələ Stanislavski sisteminin müdafiəsindən gedir. Qətiyyən. Belə bir bəla Meyerxoldun, Vaxtanqovun, Brextin, Qratovskinin, Krekin, monumentalizmin, dramatizmin, naturalizmin, modernizmin, postmodernizmin, qroteskin, klounadanın, paradoksallığın, absurdun sairənin başına müsəllət olmuş bir faciədir. Sadəcə olaraq bütün bu sadalanan sadalanmayan adların arasında ən çox eşidilən hamının ən yaxşı bildiyini düşündüyü Stanislavski onun sistemi olduğundan ən çox hədəfə çevrilən o olur. Dərd yalnız onu anlamadan bəyənməyənlərdə deyil. Onu bilmədən, anlamadan yalnız kimdənsə eşidib bəyənənlər birincilərdən heç geri qalmırlar. Çünki Stanislavki onun sisteminin anlamadan əla olduğunun deyənlər, elə anlamadan da digərlərini qəti olaraq inkar edirlər. Bax burda deyərlər: axı sən yatdın ki, yuxu görəsən...

Stanislavskinin adını yalnız müəllimindən ətrafdakılarından eşitmək, şəkillərini görmək, ən yaxşı halda isə "Mənim səhnə həyatım" kitabını oxuyaraq, internetdə bir neçə məqaləyə göz atmaqla belə bir qənaətə gəlmək, məncə, çox gülüncdür. Stanislavski sistemində "Yaşamaq məktəbi", Meyerxold da "Biomexanika", Vaxtanqovda "Göstərmə məktəbi", Brextdə "Epik teatr" kəlmələrini əldə bayraq tutaraq onları anladıqlarını düşünənlər, görəsən, bir an da olsun şübhə edərək başqa məqamlar haqqında da düşünürlərmi?

Onlar Stanislavskinin araşdıra prosesinin nəticəsi olan 8 cildlik (bəzi nəşrdə 9) kitabında "yaşamaq" sözündən başqa "əzələ sərbəstliyi", "kiçik, orta böyük dairələr", "şüaqəbuletmə şüagöndərmə", "mətndə vodevillik" sairə kimi ifadələrinin olduğunu, Meyerxoldun "Biomexanika"sının yalnız "Bio" "Mexanika" (Canlı orqanizmlərin hərəkət mexanizmi) kimi izah olunmaqla bitmədiyini, meyarxoldun praktikasına daxil olmuş bu terminin bir tərəfdən U.Ceymsin psixoloji konsepsiyasına, V.M.Bexterevanın refleksalogiya İ.P.Pavlovun eksperimentlərinə söykəndiyini, digər tərəfdən amerikalı mühəndis F.U.Teylorun ideyasını özündə əks etdirdiyini, yoxsa "Epik teatr" anlayışının "epik nəql etmək deməkdir" cümləsi ilə bitmədiyini, onun tərkibində ən azından "özündən kənarlaşdırma" ("oçujdeniə") "Zonq" kimi məqamların olduğunu bilirlərmi? Bu siyahını uzadaraq hələ çox rejissorların yaradıcılıq formaları, istiqamətləri haqqında yazmaq olar.

Məhz teatr sənətinin bu dərəcədə bəsitləşdirilməsindən, onun "şifahi xalq ədəbiyyatına" (bu müqayisə ilə heç şifahi xalq ədəbiyyatını dəyərdən salmaq istəmirəm) çevrilərək ağızdan-ağıza ötürülməsindən irəli gələn səbəbdir ki, hamı teatrdan danışır, hamı teatrı bildiyini düşünür. Bəs nəyə görə riyaziyyatdan, fizikadan, kimyadan söhbət düşəndə yalnız bu işin mütəxəssisləri danışır, teatrdan isə hamı. Çünki digər texniki elmlərdə nəyisə inkar ya qəbul etmək üçün sənin ortaya konkrek düstur, tənlik çıxarıb bunu isbata yetirmək gərəkdir. Teatrda isə "mən bəyənmirəm ya bəyənirəm" deməklə, ya da yuxarıda sadaladığım rejissorların adını onlar haqqında xatırladıqları (bildikləri yox, məhz xatırladıqları) sözləri işlətməklə kifayətlənirlər.

Əlbəttə, inkar, etiraz, şübhə olmasa heç bir şey inkişaf edə bilməz. Həmçinin teatrda. Məhz bu etirazlar Şepkin, Stanişlavski, Meyerxold, Vaxtanqov, Reynxard, Piskador, Brext, Etyen Dükrü, Tofiq Kazımov kimi böyük rejissorlar yaratdı. Amma bu rejissorların hər biri özündən əvvəlkiləri, inkar etdiklərini kifayət qədər gözəl bildikdən sonra "yox" dedilər. Onlar nəyi inkar etdiklərini nəyi qəbul etdiklərini çox gözəl anlayırdılar.

 





14.11.2014    çap et  çap et