525.Az

Professor Səlahəddin Xəlilov “525-ci qəzet”i təbrik edib


 

Professor Səlahəddin Xəlilov<b style="color:red"> “525-ci qəzet”i təbrik edib</b>

“525-ci qəzet”in redaksiyasına!

Aristotel deyir ki, nadanlar ancaq fərqi, aqillər isə həm də eyniyyəti, ümumi cəhətləri görürlər. Nadanlıq və hikkə gözlərə pərdə çəkəndə doğmalıq, eyniyyət, birliyə və tərəqqiyə xidmət edən ümumi cəhətlər görünməz olur.

Xalqın yüksək dərəcədə birləşmək əzmi onun parçalanması və qarşı-qarşıya qoyulması ilə əvəzləndikdə onu birləşdirən, milli simanı müəyyən edən cəhətlərin tərənnümünə böyük ehtiyac var idi. Azərbaycanda istər ictimai həyatın, istərsə də şüurların siyasiləşdiyi, mətbuat və televiziyanın da qütbləşməyə xidmət etdiyi bir dövrdə “525-ci qəzet” ədəbiyyatın, mədəniyyətin, mənəviyyatın birləşdirici missiyasından istifadə etməklə “mərkəzçi mövqe” tutdu, siyasi intriqa və qarşıdurmalardan usanmış oxucunun mədəni-mənəvi maraqlarını ödəməklə ilk növbədə ziyalıların və yaradıcı gəncliyin böyük rəğbətini qazandı.

Hansı isə partiyanın deyil, bütövlükdə xalqın maraqlarını ifadə etmək, maarifçiliyə, milli özünüdərkə xidmət etmək missiyası bu qəzetin kredosuna çevrildi. Onun simasını bir sözlə ifadə etmiş olsaq, “şəffaflıq” kəlməsi daha uyğun gələrdi. Belə ki, qəzet müəlliflərlə oxucular arasında elə rabitə yaratmağa çalışır ki, qəzetin öz münasibəti önə çıxmasın və oxucu məhz müəllifin baxış bucağı ilə tanış ola bilsin. Əlbəttə, qəzetin öz mövqeyi var, lakin o, fikirlərə müdaxilə formasında deyil, ancaq hansı müəlliflərlə işləməsində özünü göstərir.

 “525-ci qəzet” çox az sayda mətbuat orqanlarından biridir ki, humanitar təfəkkürün nəzəri səviyyədə təqdimatına yer verməklə milli fəlsəfi fikrin inkişafına xidmət edir, dilimizin və milli kimliyimizin fəlsəfi məsələlərinə geniş yer ayırır. Görünür, bu da təsadüfi deyil ki, qəzetin ad günü YUNESKO-nun təsis etdiyi Ümumdünya Fəlsəfə günü ilə eyni vaxta düşür.

Hörmətli Rəşad müəllim!

Azərbaycanın bütün fəlsəfi ictimaiyyəti adından qəzetinizin 20 illik yubileyi münasibəti ilə Sizi və bütün kollektivinizi ürəkdən təbrik edirəm!

Səhifələriniz həmişə yeni sözə, yaradıcı fikrə açıq olsun!

Hörmətlə, Səlahəddin Xəlilov

 





21.11.2012    çap et  çap et