525.Az

Məmməd Aslan - şairlik, vətəndaşlıq və insanlıq örnəyi


 

Məmməd Aslan - şairlik, vətəndaşlıq və insanlıq örnəyi<b style="color:red"></b>

Müasir poeziyamızın görkəmli nümayəndəsi, sevimli şairimiz Məmməd Aslanın dekabrın 24-də 75 yaşı tamam oldu. Doğum günü - yubileyi münasibətilə əziz şairimizi ürəkdən təbrik edirəm,ona cansağlığı arzulayıram,yaradıcılığında yeni-yeni zirvələr fəth etməyi diləyirəm!

Bilirəm ki, onu bu yubiley günü münasibətiylə təbrik edənlər çox olub, ünvanına çoxlu xoş sözlər deyilib.

Sevimli şairimizin bu müdrik yaşında mən də qəlbimdən keçənləri deməyi özümə mənəvi borc bildim.

Bəzən çox sevdiyimiz, yaxından tanıdığımız insanlardan deyil, vur-tut bir dəfə, iki dəfə gördüyümüz adamlardan yazmağı daha üstün tutmuşuq. Düşünmüşük, sonra yazarıq, qaçaqaç deyil ki. Ya da heç fərqinə varmamışıq. Bu da biz azərbaycanlıların psixologiyasındadır. Qəhrəmanları həmişə öz həndəvərimizdə yox, uzaqlarda axtarmışıq. Amma bu o denək deyil ki, mən indiyə qədər M. Aslan haqqında heç nə deməmişəm,müsahibələrimdə həmişə ustad sənətkarımızdan ürək dolusu danışmışam.

Məmməd Aslanın həyatından, onun keçdiyi keşməkeşli yaradıcılıq yolundan yazmaq, onun yaradıcılığına qiymət vermək, şeirlərini təhlil etmək, o qədər də asan iş deyil. Şeirlərinin naxışını elə vurub, elə hörüb ki bu şair, ilməsini elə bənd eləyib ki, bir söz sapını çəkərsən, bir gözəlliyin naxışı pozula bilər. Bir çiçək baxışlının baxışı itər. Bir balaca ehtiyatlı olasan gərək. Ustadın bu yaşında qəlbimdən keçənləri deməyi düşündüm, bir az götür-qoy elədim, nəhayət qəlbimdən keçənləri yazmaq qərarımı verdim. Dedim bəyənər-bəyənməz, bu, Məmməd müəllimin öz işidir. Qoy mən sözümü deyim. Onsuz da bir gün, haçansa görüşəcəyik, yenə başlayacaq giley-güzar.

Həyatda az-az sənətkar tapılar ki, doğulduğu, boya-başa çatdığı yerlərdən məhəbbətlə danışmasın, öz əsərlərində doğma yurdunu, onun gözəlliyini, qənirsizliyini, bənzərsizliyini vəsf eləməsin. Əlbəttə bu təbiidir. Amma M. Aslan qədər öz şeirlərində doğulduğu yurda, o yerin gözəlliklərinə, bənzərsizliyinə, gülünə-çiçəyinə, çeşməsinə, daşına, qayasına, zirvəsinə, baldırğanına, moruğuna, adi bir otuna, vurğunluqla şeir yazan ikinci bir şair tanımıram.

M. Aslanın poeziya yolu Kəlbəcərin Laçın kəndindən, o dağlar qoynundakı balaca kəndin dolam-dolaşıq enişli-yoxuşlu cığırlarından, allı-güllü yaylaqların tər çiçək qoxulu, təbiətin bir şah əsəri olan bəzəkli, xalça toxulu cəmənlərindən, yal-yamacından, sərin meşələrindən, zümzüməli çeşmələrindən, anasının şirin bayatısından, atasının avazla şeir deməsindən, Tərtərin, Tutğunun həzin nəğmələrindən, körpəliyindən eşitdiyi, hardasa bir ozanın yanıqlı-yanıqlı saz çaldığı bir saz havasından, bir tütək səsindən başlayır.

Məmmədin öz "kiçik Vətən"inə - Laçınına məhəbbəti onu bütün ömrü boyu izləmiş, o doğma yerləri qarış-qarış gəzmiş, şeirlərinə köçürmüş, yaradıcılığının müxtəlif mərhələlərində onları oxucularına çatdırmışdır.

Mənə elə gəlir ki, şair ömrünün çoxunu təbiətin gözəlliyinə həsr edib.Tanrının bizə bəxş etdiyi dünyanın ən böyük təbiət şairi bəlkə də elə M. Aslandır.

Enişli-yoxuşlu həyat yollarında M.Aslanın nələri qazanacağını, nələri itirəcəyini Allahdan başqa bir kəs bilməyib. Deyirlər ki, çətinliklərdən qorxmayan insan, peşəsinin, sənətinin vurğunu olan bir kəsin qazandıqları itirdiklərindən çox olur, həyatın zərbələrinə tab gətirən adamları Tanrı özü sınağa çəkir və son anda da mükafatlandırır. Amma ulu Tanrı elə həyata şair kimi gətirib Məmməd Aslanı. Bu millətə, bu dünyamıza çox deyiləsi sözü şairimizin diliylə, qələmiylə çatdırıb.

Ümumiyyətlə mən elə bir mövzu tanımıram ki, o mövzuda M. Aslan şeir yazmasın.Vətənin bütün dərdləri M. Aslan şeirlərin əsas mövzusudur. Təbiət şeirlərində olduğu kimi sevgi və digər mövzularda yazdığı şeirlərində də M. Aslan öz üslubuna, fərdi deyim tərzinə sadiq qalaraq, özünəməxsusluğu ilə başqa şairlərimizdən seçilib. Bu fərdi deyim tərzinin mahiyyəti ondan ibarətdir ki, fikri, məzmunu bədii dona salmaq M. Aslan yaradıcılığında mühüm rol oynayır.

Bir-birindən gözəl, mənalı şeirlərin içərisində Ağrı dağ haqqında yazdığı "Ağrı dağ ilə görüş" şeiri bu mənada olduqca maraqlıdır:

Bu yay günü nə borandı başında,
Yayda busan... aləm donar qışında,
Bir xoş günün heç olubmu yaşında?!
Ömrün boyu sinə dağlı, bağrı qan.

O yarğanlar göz yaşının izimi?
Dağ olanın dağ olmalı dözümü,
Sənə baxdım; bir dağ gördüm özümü,
Sənin dərdin müsibətdir, doğrudan".

Şair bu tipli şeirlərdə fikir və duyğularını ifadə etmək üçün məhz şairanə obrazlar, bədii təsvir vasitələrini ustalıqla seçə bilir. Allahına, peyğəmbərinə, şeyxinə inandığı kimi dağa da, daşa da, dənizə də, çaya da inanır. Onların sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inamını artırır. Bu mənada M. Aslan bütün yaradıcılığı boyu müqəddəs varlıq olan dağlara sadiq qalmış, ona təkrar-təkrar şeirlər qoşmuşdur. Hələ gənclik illərindən,-

Nişan vermə o dağları,
Qalxmışam da, enmişəm də,
Durnagözlü bulaqları
Sormuşam da, əmmişəm də.

- deyən şair yenə özünə təskinlik verir, inamını itirmir, hansısa gözəgörünməz qüvvəyə arxalanır, inanır ki, bir gün bu dağlar onu cəfadan qurtarıb şəfasına çatdıracaq. Dağın müqəddəs varlıq olmasına şübhə belə eləmir. "Təki dağlar darıxmasın" şeirinə diqqət yetirsək bunu aydın görərik:

Qayıt öz zirvənə: yaşa ömrünü!
Əzminlə həkk elə daşa ömrünü!
Şəhər qısqancında nə işin sənin?! -
Yaşat qartallarla qoşa ömrünü!
Xəbərlər əsilsiz, bilgilər səthi;
Gec gəlib, tez ötür ömür fürsəti;
Allahdan aşağı bu dağlar verir
Açıq qaş-qabağı, uca xisləti.
İnsan duymasa da, dağ duyar səni,
Qaldırar başına o dağlar səni!

Əslində mən M. Aslanı ilk yaradıcılığa qədəm qoyan vaxtlardan, gənclik çağlarından, "ömrü söz uğrunda girov qoymuşam" deyib, bütöv həyatını sözə, şeirə, ədəbiyyatımıza,dilimizə həsr eləyəndən tanımışam. Bakıda tələbə olduğum vaxtlardan tanımışam, şeir məclislərindən, kitablarından, televiziyadakı özünəməxsus manerasıyla apardığı verilişlərlə tanımışam, əvvəlcə bir həmyerli dost, az sonra isə şeirləri ilə tanış olandan sonra gözəl qələm adamı, söz adamı kimi, böyük bir şair kimi tanımışam. Onun bütöv yaradıcılığı qəlbimə yatıb, şeirləri qəlbimi ovsunlayıb, məni valeh edib. Sözünün şəhdi-şəkəriylə hardasa mənim də deyəcəyim bir misranı, bir ifadəni şirinləşdirib.

Lap çoxdan Sovetlər dönəmində "Ulduz" jurnalında üç Məmməd haqqında bir məqalə oxumuşdum - Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl. Qismətə bax, ay Allah, biri sevdiyim mənə uğurlu yol yazan, kitablarıma ön söz yazan, məni şair kimi bəyənən ustad Məmməd Araz, biri Kəlbəcərimin ən qüdrətli şairi, həmyerlim Məmməd Aslan, biri də mənim kimi qəribçiliyin yükünü çiyinlərində mərdi-mərdanə daşıyan gözəl şair, dostum Məmməd İsmayıl.

Salsan, öz izini sal bu həyatda,
Şəri sözlərinlə parçala, qatda,
Üç Məmməd yaşayır sinəmin altda,
Mən elə vurğunam bu üç Məmmədə!

Şeirin zirvəsinə baş vurum, dəyim,
Qüdrəti önündə başımı əyim,
Gedim elə yazım, elə söz deyim,
Gəlməsin sözlərim gülünc, Məmmədə.

Qəlbimdə Məmmədlər qurubdu yuva,
Hər Məmməd başında min cürə hava,
Həqiqət yolunda saldılar dava,
Neyləyər top-tüfəng, qılınc Məmmədə.

M.Aslan dilimizin şirinliyini, şəhdi-şəkərini, zənginliyini,qənirsizliyini qoruyub, bir şair, bir publisist, bir folklorçu kimi ədəbiyyatımızı zənginləşdirib,onu əl çatmaz zirvələrə ucaldıb. Onun çoxsaylı kitabları - "Dağ ürəyi", "Böyürtkən - böyrü tikan", "Səhəri kim açır", "Səsimə səs ver", "Bizdən sonra nə qalır", "Ürək möhlət verəydi", "Durnalar lələk salır", "Dəvə niyə gövşəyir", "Ərzurumun gədiyinə varanda", "Ömrün yarı yaşında", "Saxla izimi, dünya", "Nur içində nur", "Allahın rəsulu", "Bir sultan yaşardı Sultantəpədə", "Varlıqla yoxluq arasında" - çoxlarımızın stolüstü kitabları olub. Məmməd Aslan öz qələmiyyə sözü ilahiləşdirib, dəyərində saxlayıb, onu urvatdan düşməyə qoymayıb.Vicdanla, namusla böyük Azərbaycan ədəbiyyatımıza xidmət edib. Özü bir müsahibəsində deyirdi ki, - bu ömürdə bir fərəh görmədim. Əlbəttə, o böyük ədəbiyyata onun bir zərrəsi kimi xidmətimi bir Allah bilir ki, namusla yerinə yetirdim!

Bəziləri onu sözün sərrafı, sözün böyük cəfakeşi, söz xiridarı adlandırıb.Amma çətin yol olsada bu yolu Ulu Tanrı ayırıb ona, Məmməd də o cətin, əzablı, amma şərəfli yoldan cəkinməyib, bu seçimlə razılaşıb:

Bu yolu seçdim ki, yanam, tutuşam,
Alovlar içində qovrulan quşam.
Ömrü söz uğrunda girov qoymuşam,
Başqa sənətim yox, ayrı işim yox...
Tanıtsa, bir misram tanıdar məni,
Ayrı sənədim yox, arayışım yox!..

Hələ 70-ci illərin ortalarında xalqımızın sevimli şairi Məmməd Araz Məmməd Aslanın şeirlərini rəğbətlə qarşılamış, ona gözəl bir şeir ithaf etmış, dəyərli şair olduğunu vurğulamışdı:

Qardaş, düzümünün əsiri oldum,
Xəbərim olmadı özümdən mənim.
Sənin çiçəyinə, gülünə baxdım,
Min yarpaq töküldü sözümdən mənim!

1990-cı ilin 20 Yanvarı yaddaşımıza qanla yazılan bir səhifədir. Yanvarın 20-də Bakı şəhəri gözünü yummadı, səhər göz yaşları, ah-nalə, fəryad, körpə və qocaların müqəddəs qanına boyandı. O gün bütün Azərbaycan ağlayırdı, ana Vətən dediyimiz diyar yas içindəydi. Ana torpaq qoynuna aldı həmin gün öz şəhid balalarını, yan-yana düzüldü şəhid məzarları. Onların üzərinə səpilmiş qərənfillər fəryad etdilər, qan ağladılar, həmin gündən də matəm gülünə, boynubükük bir gül simvoluna çevrildilər, yas içində, dərd biçimdə qaldılar. M. Aslan "Ağla, qərənfil, ağla"! şeiriylə, bayatısıyla bütün xalqımıza ağı deyirdi o gün:

Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara,
Ağla, qərənfil, ağla!
 
Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya,
Ağla, qərənfil, ağla!

İndi o günlərdən 25 il keçməsinə baxmayaraq, bu faciələrin ağrısı keçmir, ilişib qalır yaddaşımızın hansısa küncündə zaman-zaman bizi sızıldadır. Həmin sızıltılarda qulaqlarımda - "Ağla, qərənfil, ağla!” misraları səslənir,haray salır, üsyan edir,istər-istəməz məni qəhər boğur.

Qərənfil - şəhid qanı!
Qan götürdü dünyanı...
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!

Bu ağır gün vətənin faciəsiydi, bu torpağın faciəsiydi, bütün xalqın faciəsiydi. Elə ona görə M. Aslan bu ağrıdan da yan keçə bilməzdi, axı gedən bizdən gedirdi onda. Məmməd Aslan yaxşı bilirdi ki, heç olmasa adamın öz əzabı olanda birtəhər daşıyır. Xalqının dərdi, acısı, faciəsi daha çox yandırır əsl şairini, çünki onun üçün heç nə edə bilməyən şair ümidini qələminə bağlayır. Bir balaca nə isə edə biləndə özünü xoşbəxt sayır, edə bilməyəndə yanıb-tökülür, göyüm-göyüm göynəyir əsl şair. Özünün dərdi olanda heç kimdən heç nə ummur, gücü çatan qədərini daşıyır şair.

Hamı bilir ki, uzun illər M.Aslan "Dərədən-təpədən" televiziya verilişinin yaradıcısı və aparıcısı olub. Əsl verilişlər necə olmalıdır, millətə necə xidmət etməyin yolunu, müdrikcəsinə, ustalıqla, bir sənətkarlıqla isbatlayıb. Amma onu işdən sevimli verilişindən uzaqlaşdıranda bir kəs dillənməyib, hamı bu haqsızlığa göz yumub. Lazım olan verilişlərin əvəzində isə bütün ekranlarda şou proqlamları yer alıb.Yer alıb nədir ey, baş alıb gedir. Mənəviyyatsızlığı, şərəfsizliyi, əxlaqi dəyərlərimizi alçaldan, urvatdan salan, bayağılaşdıran verilişləri ekranlara doldururlar, daha doğrusu utanmadan, çəkinmədən millətə sırıyırlar. Dilimizi qoruyan,onun keşiyində dayanan,leksikonumuzu dayazlaşmağa, kasıblaşmağa qoymayan,əksinə zənginləşdirən insanlarımızı isə kənara çəkirlər. Bunları bizim üzümüzə utanmadan, çəkinmədən efirdə şpaqat açan qadınların ixtiyarına veriblər. Amma Məmməd müəllim, siz xalqdan inciməyin,hökumətdən də küsməyin. Bu işləri yalnız bir qrup mənəviyyatı olmayan məmurlar eləyir.

Məmməd Aslan Laçın kəndində anadan olub. Laçın kəndi Kəlbəcərin dağlar arasında yerləşən mənzərəli kəndlərindən sayılır. Məmməd müəllim təkcə öz Laçın kəndinin yox, bütün Kəlbəcərin, bütöv Azərbaycanın vurğunudu. Artıq 22 ilə yaxındır ki, Kəlbəcər kimi müqəddəs yerlərdən aralı düşən şair özünə yer tapa bilmir. Bahar gələndə, bir balaca havalar istiləşən kimi yönünü dağlara tutur. Kəlbəcərdə gördüyü dağlara bənzər dağlar axtarır,yaylaqlara bənzəyən yaylaq axtarır, Tərtərə, Tutğuya, bənzəyən çay axtarır, Kəlbəcərin zümzüməli bulaqlarına bənzəyən çeşmə axtarır, bir az təsəlli tapsın deyə. Yuxarıda dediyim kimi Məmməd kimi öz yurdunu, onun çiçəyini-gülünü, çayını, bulağını, meşəsini, adi bir otunu, dəlicəsinə sevən belə bir şair tapmaq çətindi. Kəlbəcər Məmməd Aslanın candan əziz tutduğu, ən çox sevdiyi,vurğunu olduğu diyar idi. İndi Kəlbəcər dağların həsrətdən içi yana-yana qalıb, bağrının başı köz-köz olub. Hər Kəlbəcər deyiləndə Məmməd Aslanın qəlbi qan ağlayıb.

Ötən il aprelin 2-də Bakıdaydım. Mənə xəbər elədilər ki, Kəlbəcərin işğalının 21 illiyini yad edirlər. Mənim Bakıda olduğumu bilib məni də bu tədbirə dəvət etdilər. Tədbirdə Məmməd Aslanla yanaşa oturduq, bu ikimizin də ürəyimizcə idi, çoxdan görüşməmişdik. Bir-birimizi görməyimizə sevinsək də içimizdə böyük bir nisgilin yaşandığı üz-gözümüzdən bilinirdi. Əslində bütün tədbir iştirakçıları bir hüzn içindəydi, Kəlbəcərin işğalından artıq 21 il keçirdi. 21 il Kəlbəcərin həsrətinə, dərdinə tablaşan kəlbəcərlilər sanki bu gün yaralarına bir məlhəm tapacaqlarına inanırdılar, elə bilki elə indicə bu yaraya məlhəm tapılacaq, hardasa igid oğullarımız bu qəribsəmiş insanların harayına yetişəcək, onları bu iztirabdan qurtaracaq, həsrətin caynağından xilas edəcəkdilər. Elə bil elə bu an gedib öz füsunkar, əvəzi olmayan dağlarımıza, Kəlbəcərimizə sahib çıxacaqdılar. Düz iyirmi bir il idi ki, Kəlbəcər dağları, onun buz bulaqları, allı-güllü yaylaqları, al-əlvan çəmənləri, min bir dərdin dərmanı, davası olan çiçəkləri kəlbəcərlilərin doğma nəfəsinə möhtac qalıb.Yarası dərin olan bu kəlbəcərlilərin üzündən kədər, qəm, qüssə süzülürdü. Yurd həsrəti ilə göyüm-göyüm göynəyən, axşam-sabah könülləri İstisunu, Dəlidağı, Qoçdaşı, Laçınqayanı, Hərzəqayanı, Sudəyənqayanı, Alagölləri, Söyüdlünü, Turşsuyu dolaşan kəlbəcərlilərə baxdıqca ürəyimin ağrısında özümü güclə saxlayırdım. Mənə elə gəlirdi ki, onlar Kəlbəcərsiz keçən günlərinin lap bu yaxınlarda sona çatacağına inanırdılar, lap yaxın vaxtlarda doğma yurda qayıtmaq ümidi ilə buraya toplaşmışdılar.

Dərdlərimizlə baş-başa qalıb bu ağır günümüzün necə qeyd olunduğunu izləyirdik. Əslində biz torpaqlarımızın azad olunduğu günləri qeyd etməliyik, işğal olunduğu tarixləri deyil. Qarabağın itirilməsi,7 rayonumuzun işğal olunması böyük dərddir. Biz dözümlü millətik ki, bu boyda dərdə tablaşa bilirik,vallah!

Tədbirə gələnlərin əksəriyyəti kəlbəcərlilər idi. Başqa rayonlardan az adamlar vardı. Bu gün də Kəlbəcər hər bir Azərbaycan vətəndaşı üçün doğma və əziz olmalıdır, yalnız kəlbəcərlilər üçün yox. Mənə elə gəlir ki, onminlərlə şəhidimizin qanı ilə suvarılan torpaqlarımız üçün qan tökmək lazımdır, göz yaşı deyil.

Sanki bizə yeni bir söz deyəcəkdilər, mən də özümü bir muştuluq gözlüyən adam kimi hiss eləyirdim, yaman nigaran idim, amma Məmməd müəllimlə söhbətimizdən də qalmadıq. Həmişə olduğu kimi yenə də giley-güzar elədi Məmməd müəllim. - Bakıya gələndə heç məni soraqlamırsan, ordan-burdan eşidirəm ki, Nəsib gəldi-getdi - deyib gileyləndi. Məmməd müəllim haqlıdır, onun inciməyə də, küsməyə də, giley-güzar eləməyə də haqqı var. Amma Məmməd müəllimə dediyim cavabım belə oldu. - Mən səni həmişə qəlbimdə gəzdirmişəm, şeirlərini sevə-sevə oxuyub, neçə-neçə şeirlərini əzbərləmişəm. Sən mənim qəlbimdə əbədi məskən salıbsan, Məmməd müəllim!... Ayrı bir söz desəm, xətrinə dəyər. Küssə, barışmağımız çətin olar, özü dediyi kimi Məmməd müəllim çətin adamdı, bir kəsə baş əyməyən zirvədi:

Tənha zirvələrin yar-yoldaşıyam;
Quşqonmaz dağların ağır qışıyam;
Mən qaya parçası, çaxmaq daşıyam;
Mən çətin adamam, asan deyiləm.

Tədbirdən sonra ağsaqqal şairimiz mənə yenə də görüşəcəyimizi və yaxın günlərdə çapdan çıxmış ikicildlik "Varlıqla yoxluq arasında" kitablarını bağışlayacağını,- dedi. Moskvadakı dostlarına salamlarını çatdırmağı dönə-dönə dilinə gətirdi.


Məqaləmin sonunda mən sevimli Məmmədimizə bir daha cansağlığı arzulayıram, hələ bizə demədiyi çox şeylər var Məmmədi müəllimin. Onun 75 illiyini bir daha təbrik eliyirəm. Mənim bu təbrikimə Moskvadakı kəlbəcərlilər - Məmməd Quliyev, Sabir Həbibov, Yusif Əmiraslanov, Ramiz Əbdülhəsənov, Arif Mehdiyev, Fikrət Mehdiyev, Oqtay Müseyibov, Asif  Verdiyev, Hətəm Əliyev, Elmar Qasımov və bütün Məmməd Aslan sevərlər də qoşulurlar.

Sonda bu şeiri də böyük ustada ərməğan eləyirəm:

Qəm ilə köklənir könlümün sazı,
Görün nələr deyir onun avazı,
Müqəddəs dağlara qaldım tamarzı,
Həsrətəm yurduma, yerimə, Məmməd!

Sənə neyləyər ki, bir naqis, nadan,
Şeytan qəlblilərə qoy gəlsin qadan,
Ağır taxtalısan əzəl binadan,
Ləngər vura-vura yerimə, Məmməd!

Çox çəkdin Tərtərin, Tutğunun nazın,
Qoymadın susmağa Şəmşirin sazın.
Könlünü oxşadın Məmməd Arazın,
Üz tutdun müqəddəs pirimə, Məmməd!

Kəlbəcərin şeir dünyası sənsən,
Dağların gözəllik mənası sənsən,
Yenə o yerlərə yanası sənsən,
Vallah hava gəlir sərimə, Məmməd!

Od oğlu and içib köz Tanrısına,
Hər kəs əl uzadır öz Tanrısına,
Sığındın əzəldən söz Tanrısına,
Əl basdın Qurani-Kərimə, Məmməd!

Kim olar mənimtək ağlar, deyirəm,
Ahım durnaları saxlar, deyirəm,
Qürbətdə yalvarıb "dağlar!" deyirəm,
Məhəl qoyan yoxdu tərimə, Məmməd!

Dilini bilirsən çiçəyin, gülün,
Gözün görə-görə talanır elin,
Qələmin od saçsın, susmasın dilin,
Mən başına dönüm, kirimə, Məmməd!

Moskva

 





07.01.2015    çap et  çap et