525.Az

Məzunların birisi - xırdası yox, irisi


 

Yalçın Əlizadə - 75

Məzunların birisi - xırdası yox, irisi<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin jurnalist ixtisası üzrə birinci kursunda təhsil alanda bizim əslində, şərti  mənada da olsa və əgər belə demək mümkünsə, iki qism müəllimimiz  vardı:  bir ənənəvi alim, peşəkar müəllimlərimiz, yəni, ixtisası sevdirən, onun incəliklərini təlqin edənlər, bir də üçüncü kurs tələbələri. Bəli, sizə təəccüblü görünməsin , biz elə onlara da qibtə, hörmət və ehtiram hissi ilə yanaşır, hər birini, az qala, müəllim kimi görürdük. Bu da səbəbsiz deyildi. Çünki tələbə ola-ola səsləri televiziya və radiodan, müxtəlif mətbuat orqanlarından gəlirdi.

Müəllimlərimiz də elə bir ucdan onları tərifləyir, inamla, iftixarla bu kursun çox böyük gələcəyi olmasından danışırdılar. Sözün düzü, hərdən qəlbimizdə müəyyən qədər narazılıq, qısqanclıq hissi də oyanırdı. Düşünürdük ki, əşi, hələ bir səbr edin, imkan verin, kim bilir, bəlkə biz də onlar kimi hətta, onlardan da yaxşı olacağıq. Ancaq aylar, illər ötdükcə özümüz də hiss etdik ki, ustadlarımızın sözü həqiqət, bizimki isə xam xəyal imiş. Çünki elə onların dedikləri kimi də oldu. Belə ki, təhsil illərini başa vurduqdan sonra da çox böyük nailiyyətlərə imza atdılar. Başqa sözlə demiş olsam, özlərindən əvvəl və özlərindən sonra heç kimə müyəssər olmayan vəzifə və şöhrətə çatdılar.

Sübutmu istəyirsiniz? Nə olar, 1962 -ci il məzunlarının bəzilərinin iş ünvanlarını birər - birər sayım, siz də feyziyab olun. Mərhum Rafiq Zeynalov Azərbaycanın o zamankı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifəsinə qədər ucaldı, sonralar bir müddət AzərTac-a rəhbərlik elədi. Namiq Abbasov xeyli müddət Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etdi, general polkovnik kimi yüksək rütbəyə çatdı, sonralar Özbəkistanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri oldu. Həmçinin Əlövsət Bəşirov da həmin nazirliyin polkovniki idi. Onların hər biri təkcə vəzifələri, rütbələri ilə deyil, iş başında olanda da sadəlik və səmimiyyəti, humanizmi, xoş rəftarı ilə seçilib.

Eyni sözləri müəyyən mənada Mailə Muradxanlı, Dilarə Vəkilova, Ələkbər Abbasov, Aydın Əliyev, İlyas Adıgözəlov və bir çox başqaları haqqında da söyləmək olar. Ümumiyyətlə, kollektivçilik ruhu , ünsiyyət, mehribançılıq bu kursda çox güclü olub . Demək olar ki, hər il tez-tez görüşür, buraxılışlarının, ad günlərinin yubileylərini keçirirlər. Belə tədbirlərin birində söylədiyim sağlıq yaxşı yadımdadır. Demişdim bu keçmiş kurs elə yaddaqalan məzunlardandır ki, hətta, birisinin qaynanasının dişi ağrıyanda da xəbərdar olur, toplaşıb, nə yollasa kömək etmək istəyirlər.

Həmin kursun ən tanınmışlarından birisi də filologiya elmləri namizədi, professor Yalçın Əlizadədir. O, bir müddət Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyəndən sonra taleyini həmişəlik universitetlə bağlayıb. Əvvəllər müxtəlif ictimai işlərdə çalışıb, sonralar 1999-2012-ci illərdə televiziya və radio kafedrasına başçılıq edib, fakültənin dekanı olub, işi təfərrüatına qədər öyrənmək həvəsi, zəhmətsevərliyi, fədakarlığı ilə seçilib. Burada sonuncu ifadənin şərhinə xüsusilə ehtiyac  duyulur.

Yəni demək istəyirəm ki, özündən əvvəlkilər kimi o da bütün enerjisini, fəaliyyətini ancaq dekanlığın işlərinə sərf etdiyindən elə namizəd olaraq qalıb - doktorluq işini yazıb tamamlamağa, müdafiə etməyə əsla vaxtı qalmayıb. Ancaq xüsusən həmin illərdə fərqli xüsusiyyəti də olub: bir qədər hövsələsizliyi. Müxtəlif sahələrdə yol verilən, üzə çıxan ayrı -ayrı qüsurlara dərhal hirslənib, əsəbiləşib. Bunu nəzərdə tutaraq bir dəfə əhvalının yaxşı vaxtında ona demişəm:

-Elmi Şurada xahiş edəcəyəm ki, dekanın hökmən papiros çəkməsi barəsində qərar çıxarsınlar. 

Soruşub niyə? Demişəm ki, rəhmətlik Tofiq Rüstəmovun dekan olduğu vaxtlarda da arabir müəyyən qüsurlara yol verilirdi. Ancaq o, bundan bərk qəzəblənib, əsəbiləşməzdi. Dərhal damağına bir papiros alıb nöqsanın baş vermə səbəbləri, onun necə aradan qaldırılması yolları barəsində fikirləşib, tapşırıq və tövsiyələrini verərdi. Sənin isə qüsurun ortaya çıxması ilə əsəbiləşməyin bir olur. Halbuki hər işin, bir qayda olaraq, çay kimi rəvan axıb getməsi ağlasığmazdır.  Əgər hamı öz üzərinə düşən işi bütünlüklə, vaxtlı - vaxtında, ən yüksək səviyyədə görsə o zaman bəlkə heç dekana da ehtiyac olmazdı.

Sonra keçmiş müəllimimiz, akademik Ağamusa Axundovu xatırlatmışam. Demişəm ki, biz dərsə hazırlıqsız gələndə də əsəbiləşməz, səhvimizi səbr və təmkinlə bizə başa salar, müxtəlif yollarla yaxşı oxumağa həvəsləndirərdi.

Yarıkönül də olsa mənimlə razılaşdı. Ancaq bu razılaşmanın ömrü elə növbəti qüsurun aşkara çıxmasına qədər oldu və bir mərəkə qopardı ki, gəl görəsən. Halbuki belə bir əsəbilik bizdən daha artıq özünə ziyan idi və mən bunu nəzərə alaraq demişdim:

- Sənin təəssüf hissin elə vəzifədən getdiyin ilk gündən başlayacaq. Bilirsən niyə?  Fikirləşəcəksən ki, çiynimdən ağır yük götürən bu işi axı niyə çoxdan görməmişəm.

Yəqin ki, elə mən deyən kimi oldu. Ancaq təəssüf ki, ailədəki itki bu sevinci lazımınca dadmağa imkan vermədi ...

Yalçın müəllimin işgüzarlığı, fədakarlığı nəzərdən qaçmayıb, Fəxri fərmanlarla, mükafatlarla dəfələrlə yüksək qiymətləndirilib. Ən yaxşı keyfiyyətlərdən biri odur ki, tələbkarlığı ilk növbədə məhz özündən başlayır. Xeyirxahlığına, yoldaşlığına da söz ola bilməz. Köməyə ehtiyacımız olan vaxtlarda sinəsini qabağa verib bizim üçün vacib olan məsələ ilə öz şəxsi işi kimi məşğul olmasını da az görməmişik. Xüsusən elə mən özüm.

Bir sözlə, əgər belə demək mümkünsə, son dərəcə kübar təbiətli adamdır. Həm də çox vüqarlıdır. Ömründə bir kimsənin qabağında, zərrə qədər də olsun kiçilməyi əsla şəninə sığışdırmaz. Bunu hərəkət və rəftarında çox hiss etmiş, hətta, bir dəfə əyani şəkildə şahidi olmuşam. Qabaqlar - yayın isti günlərində arabir sakit guşəyə çəkilib yanğımızı yatırmaq üçün bir bakal pivə içməyimiz olardı. Yenə həmin günlərdə və həmin təkliflə ona müraciət etdim. Qətiyyətlə etiraz edib dedi:

- Əslində indi səndən bərk susuzlamışam, səfərdə olmasaydım, təklifinə məmnuniyyətlə əməl edərdim. Ancaq maşınla Bilgəhə - bağa gedəcəm. Avtomobil müfəttişindən niyə gözükölgəli olmalıyam?

- Bəlkə heç saxlamayacaq səni.

- Ola bilər. Ancaq bəlkə saxladı? Ya da sənin dediyin kimi, heç saxlamadı. Ancaq bununla iş düzəlir məgər? Axı yol boyu nigarançılıq məni üzüb əldən salacaq. Bax, bunu istəmirəm, istəyə də bilmərəm. Çünki ürək gərək sinədə həmişə sakit döyünə.

Bəli, məhz ürəyinin sinəsində həmişə sakit döyünməsi, narahatçılıq, nigarançılıq yaratmaması üçün vəzifədə olanda da işini həmişə ehtiyatlı tutub, bir kimsədən diliqısalığı, gözükölgəliliyi olmayıb.

Ümumiyyətlə, Yalçın Əlizadənin işgüzarlığından, yüksək mənəvi keyfiyyətlərindən çox danışmaq olar. Onlardan ən mühümlərindən biri, zənnimcə, böyük - kiçiyin yerini bilməsi və gözləməsi, hər kəsə məhz layiqli qiymətini vermək bacarığıdır. Onun bu hərəkəti öyrənmək istəyənlər üçün çox gözəl örnək, yaxşı nümunədir və inanırıq ki, uzun illər boyu nümunə olacaq.

Mahmud Mahmudov

Bakı Dövlət Universiteti Jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti

 





16.01.2015    çap et  çap et