525.Az

Mənəviyyat adamı


 

Mənəviyyat adamı<b style="color:red"></b>

İstənilən cəmiyyətin gücü mənəviyyatdadır. Mənəviyyat varsa sabaha ümid, getməyə yol, udmağa hava var. Mənəvi işartılar olmayan yerə həmişə mağara havası hopur. Hətta balaca bir kollektivdə də söykənəcək üçün mənəvi dəyərlər yoxdursa, orada ruhi birlik alınmır, sadəcə ora nəyə xidmət etdiyi bilinməyən adamlar yığnağına çevrilir.

Qaranlığa işıq salan mənəviyyatı da, adamları bu işıqdan məhrum edən mənəviyyatsızlığı da insanlar yaradır. Bir az Şərq didaktasına bənzəyən bu məlum fikirləri ona görə yazıram ki, hazırda Azərbaycan cəmiyyətini az qala cənginə almış mənəviyyatsızlıq burulğanı o səbəbdən bizə güc gələ bilmir ki, hələki savaş vadisində sayrışan, şərə müqavimət göstərə bilən ayrı-ayrı parlaq insanlar var. Mənim tanıdığım belə insanlardan biri Bakı Dövlət Universitetinin professoru, televiziya və radio tarixinin tanınmış tədqiqatçısı, görkəmli təhsil təşkilatçısı  Yalçın Əlizadədir.

lll

Bəlkə üzdə olan başqa ziyalılarla müqayisədə Yalçın müəllim kütlə arasında çox da populyar deyil (çünki hədsiz təvazökardır, özünü gözə soxmaz, kimlərinsə xoşuna gəlmək üçün özünü oda-közə vurmaz), amma jurnalistika mühitində, ali təhsil sistemində hamı onu tanıyır və nüfuzlu şəxsiyyət və mənəviyyat adamı kimi hörmət edirlər.

Zahirən quru, ünsiyyətə meylli olmayan, bir az sərt, hövsələsiz, hər xırda məsələ üzərində dayanan, sanki prinsipial olmayan bir şeyə görə güzəştə getməyən adam təsiri bağışlayır. Amma yaxınlaşdıqca, duyduqca, mahiyyətə vardıqca, xüsusən, böhranlı vəziyyətlərdə onun mərdanə davranışlarını gördükcə bu adamın hansı böyük mənəvi ölçülərlə yaşadığının şahidi olursan.

Yalçın müəllimi tələbəlikdən tanıyıram, elə tələbəlikdən də onun zəhmətkeş və vicdanlı adam obrazı beynimdə ilişib qalıb. Əslində onunla ünsiyyətdə olduğum ilk epizod yaddaşımda kino kadrı kimi elə hey fırlanır.

Mən ikinci kursda oxuyurdum, o vaxt universitetin yuxarı binasında hansısa fakültədə yanğın hadisəsi olmuşdu və belə halların təkrar edilməməsi üçün bütün fakültələrdə gecə-gündüz növbətçilik sistemi tətbiq olunmuşdu. Gecə növbələrində mütləq bir tələbə və bir də müəllim qalmalı idi. Növbətçilik cədvəlində mənimlə Yalçın müəllimin adı yanaşı yazılmışdı. Axşam saat təxminən 10-da biz növbəni təhvil aldıq. O zaman mən fakültənin sayılıb-seçilən pedaqoqlarından biri olan Yalçın müəllimlə söhbət etmək imkanı qazanmışdım, amma bir az ordan-burdan danışdıqdan sonra başa düşdüm ki, müəllimin söhbətə çox da həvəsi yoxdur. Odur ki, işimi bilib onu söhbətə tutmaq planından vaz keçdim. Hərəmiz özümüzlə gətirdiyimiz kitabı açıb vərəqləməyə başladıq. Yalçın müəllim arada kitabdan başını qaldırır nə isə fikirləşir, sonra qarşısındakı ağ vərəqdə qeydlər edirdi, anladım ki, nəsə yazır. 

Biz Jurnalistika fakültəsinin Y.Saratov küçəsindəki kiçik binasında növbə çəkirdik. Mən yuxum gəldiyini hiss edəndə çıxıb dəhlizdə gəzişirdim, Yalçın müəllim isə yazıb-pozmaqda davam edirdi. Gecə saat 2-yə işləyəndə qeyrət məni boğdu və müəllimə kişiyanə təklif etdim ki, o evinə getsin mən  növbəni tək yola verərəm. Yalçın müəllim mənim bu “kişi” təklifimi təbəssümlə qarşıladı və yüngülvari izah elədi ki, belə məsul növbə də bir meydandır və onu qoyub getmək olmaz. Ona qulaq asa-asa mən “kişi”ni nə vaxt yuxu apardığını bilmədim. Bir də Yalçın müəllim məni astaca, mehribanlıqla silkələyib oyadanda gördüm ki, hava yavaş-yavaş işıqlanır. Gözlərindən yuxu tökülən müəllim bildirdi ki, indi o, radioya gedir, qəzetlərin xülasəsini yazacaq, oradan da qayıdıb birinci saat dərsə girəcək...

lll

Yalçın Əlizadənin jurnalistlik fəaliyyəti radio ilə sıx bağlı olub. 1962-ci ildə Universitetin Jurnalistika bölməsini bitirdikdən sonra bir müddət radioda çalışıb, reportyorluq edib, redaktor və şöbə müdiri olub. Efirə bir-birindən maraqlı reportaj və oçerkləri gedib, daim axtarışda olan bacarıqlı jurnalist kimi qeyri-adi insanlarla müsahibələr aparıb, görkəmli elm xadimlərinin efir portretini yaradıb. Çalışdığı kollektivdə tezliklə böyük hörmət sahibi olub, biliyi, bacarığı, istedadı ilə çoxlarından fərqlənib. Nəhayət, “Xəbərlər” baş redaksiyasının baş redaktoru vəzifəsinə irəli çəkilib, radionun çox mühüm, hər dəqiqəsi yüksək məsuliyyət tələb edən informasiya işinə rəhbərlik edib. Radioda Hacı Hacıyev, Valid Sənani, Bəhram Gözəlov, Aydın Qaradağlı, Mailə Muradxanlı, Əhməd Xaspoladov, Ramiz Mustafayev, Sabutay Quliyev, Altay Zahidov kimi parlaq jurnalist, diktor və radio xadimləri ilə çiyin-çiyinə çalışıb.

Bakı Dövlət Universitetində Jurnalistika bölməsi fakültəyə çevrildikdən sonra zəngin jurnalist təcrübəsi olan müəllimlərə, həm nəzəriyyəni yaxşı bilən, həm də öz sahəsinin peşəkarı olan jurnalistlərin tədris işinə cəlb edilməsi zərurəti yaranmışdır. Bax belə bir vaxtda Yalçın Əlizadəni Jurnalistika fakültəsinə müəllimliyə dəvət edilib. Radio və televiziya jurnalistikasından dərs deməyə və elmi axtarışlar aparmağa başlayıb. Ölkəmizdə ilk dəfə Azərbaycan radiosunun tarixini araşdırıb, tanınmış televiziya nəzəriyyəçisi Moskva Dövlət Universitetinin Televiziya və Radio jurnalistikası kafedrasının müdiri, professor, həmyerlimiz Ənvər Bağırovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etdi. Tezliklə fakültədə yeni yaradılmış televiziya, radio jurnalistikası və tərcümə kafedrasının müdiri seçilib.

Bu dövrdə praktik jurnalistika fəaliyyətini davam etdirən, televiziya və radio üçün maraqlı ssenarilər yazan Yalçın müəllim elmi araşdırmalarını da davam etdirib. İlk dəfə “Radio jurnalistikası” dərsliyini yazıb, bu kursun xüsusi proqramını hazırlayıb. Daha sonralar “Azərbaycan efiri: tarix və müasirlik” kimi sanballı monoqrafiyanı ortaya qoyub, neçə-neçə dissertanta və aspiranta elmi rəhbərlik edib.

lll

İnsanın hansı mənəvi keyfiyyətlərə sahib olması, o, vəzifə başında olanda daha aydın üzə çıxır. Bu mənada professor Yalçın Əlizadə Jurnalistika fakültəsində uzun illər dekan vəzifəsində çalışarkən yüksək əxlaq sahibi olduğunu, hansı ictimai ideallara xidmət etdiyini, mənəvi təmizliyini, dürüstlüyünü və başqa parlaq mənəvi keyfiyyətlərini nümayiş etdirə bilib.

Əslində Jurnalistika fakültəsində başqa cür olmaq da mümkün deyil, çünki bu tədris ocağı yaranandan burada Həsən Şahgəldiyev, Nəsir İmanquliyev kimi ləyaqətli jurnalistlər dərs deyib. Nurəddin Babayev, Şirməmməd Hüseynov, Seyfulla Əliyev, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Akif Rüstəmov  kimi peşəkar qələm sahibləri və parlaq mənəviyyat adamları fakültənin dekanları olublar. Ona görə də burada dekan vəzifəsini tutmaq daim rentgen şüaları altında olmaq deməkdir: sənin hər addımın görünür, izlənir və qiymətləndirilir. Nəcabətli bir ailədən çıxmış Yalçın müəllim də öz sələflərinin yolu ilə gedərək Jurnalistika fakültəsində əxlaqi varisliyi məharətlə təmin edə bildi. Nəzərə alsaq ki, onun dekanlığı mürəkkəb keçid dövrünə, insanların əxlaq və psixologiyasında ciddi tərəddüdlərin baş qaldırdığı bir dövrə düşmüşdü, onda bu böyük şəxsiyyətin fakültədə əxlaqi dəyərləri hansı mənəvi gücün hesabına saxladığını anlamaq olar. Təbii ki, bu asan başa gəlmir, bəzən səndən küsür, inciyir və daha çox da güzəşt, nöqsanlara göz yummaq, yumşaqlıq və mərhəmət umurlar...

lll

Yalçın müəllimdə mənim müşahidə etdiyim çox parlaq keyfiyyətlər var: şəxsi ləyaqət hissini yüksək tutar, çox qürurludur, gözü toxdur və həmişə nəfsinə hakimdir, ömründə kimsənin qabağında əyilməz, layiq olmayan adamı tərifləməz, zərrə qədər də kiçilməyi özünə rəva görməz, istedadlı adamlara dəyər verər,  öz həyat prinsiplərinə sadiq qalar, gənclikdən bu yana dostluq etdiyi insanları həmişə yüksək qiymətləndirər, ehtiyacları varsa, hər zaman onlara əl uzadar. Dünyasını dəyişmiş dostlarından birinin dara düşmüş övladı üçün necə böyük əziyyətlərə qatlaşmasını, hansı qapıları döyərək onu fəlakətdən xilas etməsini görəndə, yaxud ədalətsizliklə üzləşmiş tələbəsinin müdafiəsinə qalxmasını müşahidə edəndə ürəyimdə həmişə ona minnətdarlıq hissi yaranıb.

Əslində də mənim ona minnətdarlıq borcum var, çünki 1998-ci ildə məni Bakı Dövlət universitetində ştata girməyə və yenidən fakultədə dərs deməyə, məhz professor Yalçın Əlizadə təkidlə dəvət edib...

 





19.01.2015    çap et  çap et