525.Az

Qloballaşma, milli dəyərlərimiz və tarixi qəhrəmanlarımız


 

Qloballaşma, milli dəyərlərimiz  və tarixi qəhrəmanlarımız<b style="color:red"></b>

Qorxağın, satqının vətəni olmur. Onları  vətən yox,  şəxsi maraqları düşündürür.  Vaxtılə  tanınmış qırğız yazıçısı və mənim çox sevə-sevə oxuduğum yazar Çingiz Aytmatov  marginallaşmanın təzahür formasını  göstərirdi. Bu da Sovet dövrünün ideoloji basqısı nəticəsində yaranan   manqurtlaşma idi.  Çingiz Aytmatovun təbirincə, manqurtlaşma  insanların  beynini,  milli kimliyini dəyişməyə xidmət edən mexanizm idi.  Əslində, həmin mexanizm müəyyən mənada gerçəkləşdi, bir çox cəmiyyətlərdə oturuşmağa imkan tapdı. 

Bu gün də oxşar proseslər gedir.  Qərbdən və yaxud mənbəyi, sifarişçisi o qədər məlum olmayan qaranlıq dairələrdən gələn və Azərbaycanda ailə institutunu dağıtmağa hesablanmış  layihələr həyata keçirilir. Bu, vaxtılə  müxtəlif  əcnəbi serialların nümayişində, qadın hüquqlarının qorunması adı ilə  həyata keçirilən şübhəli xarici donorların layihəsində, sonralar  teleməkanda nümayiş olunan çox məsuliyyətsiz, bayağı şoularda, təhsil sistemində yaranan boşluqlarda və digər məqamlarda özünü büruzə verdi.

Bütün bu düşünülmüş hücumlara baxmayaraq Azərbaycanda ailə institutu  möhkəmdir. Hətta  bir sıra sosial-iqtisadi problemlərə baxmayaraq Avropa ilə müqayisəyəgəlməz dərəcədə ailə institutu  qorunub saxlanılır.  Lakin düşünülmüş  ideoloji  silah öz işin görür. Əslində, xalqın çox mütərəqqi, əsrlərin sınağından çıxan adət-ənənələrı qorunmalı idi. Qloballaşma şəraitində Qərblə inteqrasiya intellektual müstəvidə, düşüncə mübadiləsi səviyyəsində, milli dəyərlərin qorunması şərtilə məqbul olar. Azərbaycanın çox dəyərli ziyalısı, türkoloq Əli bəy Hüseynzadənin fikirlərini bir daha təkrar edirəm. O ötən əsrin əvvəllərində yazırdı: "Biz istəyirik ki, ölkəmiz avropalıların mədəsində həzm olunmasın. Onların mədəsində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir".  Bu gün də həmin fikir aktualdır. Zamanında zəruri addımlar atmasaq  bizim milli kimliyimiz bu qloballaşma şəraitində  itib gedə bilər.

Bu gün tarixi şəxsiyyətlərə  damğa vurmaq, onları aşağılamaq  yalnız ədalətsizlik deyil.  Bu həm də Azərbaycan insanın milli  kimliyinə, ruhuna zərbədir. Belə addım  həm də  Qarabağın, işğal olunan  torpaqlarımızın  itkisi ilə barışmaq  deməkdir. Yüzillərdir erməni uydurma tarix yaradır və dünyada onu qəbul   etdirməyə çalışır.  Biz isə minillik  tariximizdən,  qürur duya biləcəyimiz tarixi şəxsiyyətlərdən niyə imtina etməliyik? Bu, şahsevənlik,  büdpərəstlik  deyil. Tarixi şəxsiyyətlərdən, milli qəhrəmanlardan, dəyərlərdən  imtina etmək insanların milli kimliyinin unudulması deməkdir. Bu gün kimsə  qatı millətçiliyin,  kimsə  kosmopolit düşüncənin  tərəfdarı, daşıyıcısı ola bilər.  Ola bilər kimlərsə mənim fikirlərimlə razılaşmasın. Mənim fikrim belədir  ki, bunun  hər ikisi  yanlışdır.  Bu gün milli kimliyimizi qoruyaraq dünyaya çıxmaq üçün  bunun ikisinin sintezindən yaranan düşüncə ortaya qoymaq lazımdır.

Necə ki, vaxtılə dahi bəstəkar Üzeyir Hacıbəyli,  Rəşid Behbudov və digər  tanınmış simalar, ictimai-siyasi xadimlər  milli kimliyi əsas tutaraq ölməz sənət nümunələri yaratdılar, Azərbaycan üçün çalışdılar.  Bu da qəhrəmanlıq  idi,  vətənpərvərlik idi.  Hər kəs öz sahəsinin peşəkarıdırsa və həmin intellekti cəmiyyətin inkişafına səmimi olaraq həsr edirsə, belə işlər alqışlanmalıdır.

 





20.01.2015    çap et  çap et