525.Az

Ədəbi irsimizin dəyərli səhifəsi – İbrahim Tahir yaradıcılığı


 

Ədəbi irsimizin dəyərli səhifəsi – İbrahim Tahir yaradıcılığı <b style="color:red"></b>

XIX əsrin sonu, XX əsrin birinci yarısında yaşamış, zəngin ədəbi irsə malik, yaradıcılığında klassik ədəbiyyatın ənənələrini yaşadan şairlərimizdən biri də İbrahim Tahir Musayev (1869-1943) olub. XIX əsr Qarabağ ədəbi mühitində böyük nüfuza malik olan Mir Möhsün Nəvvab özünün “Təzkireyi-Nəvvab” adlı əsərində şeir-sənət ocağı Şuşa şəhərində dünyaya gəlmiş şairi şəxsən tanıdığını, təzkirəsi tərtib olunarkən onun 22-23 yaşlı “xoş əhvallı, düz əxlaqlı” bir gənc olduğunu və “Tahir” təxəllüsü ilə şeirlər yazdığını göstərib. Gəncliyində ticarətlə də məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet və jurnallarla əməkdaşlıq qurub, ardıcıl olaraq şeirləri, publisist məqalələri ilə çıxış edib. Onun yazılarının mövzu dairəsi kifayət qədər geniş idi, o lirik şeirlər yazır, şeir və məqalələrində geriliyi tənqid edir, həmvətənlərini tərəqqiyə, maarifə çağırır, milli istiqlal arzularını tərənnüm edirdi. Bir müddət Şuşa məktəbində tarixdən dərs demiş şair ötən əsrin iyirminci illərinin ortalarından Bakıya köçüb, burada paytaxt mətbuatı ilə daha da sıx əməkdaşlıq edib. Onun çoxsaylı yazıları “Şərqi-rus”, “Molla Nəsrəddin”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Sədayi-həqq”, “Dəbistan”, “Yeni kənd” və başqa mətbuat orqanlarında dərc edilib. Qeyd etmək lazımdır ki, şair mətbuatda çap etdirdiyi geriliyi, ətaləti, nadanlığı qamçılayan satirik şeirləri ilə də tanınırdı. Maraqlıdır ki, İ.Tahir bir sıra məsələlərə münasibətdə biri-biri ilə əks mövqelərdə dayanan C.Məmmədquluzadənin “Molla Nəsrəddin” və Əli bəy Hüseynzadənin “Füyuzat” jurnallarında yazıları ilə çıxış edir, hər iki redaksiya əməkdaşları ilə dostluq əlaqələri saxlayırdı. Onun C.Məmmədquluzadə ilə dostluğuna dair maraqlı faktlar mövcuddur. Xalqı milli birliyə, həmrəyliyə çağıran şair millətin ziyalılarını bir-birinə yaxınlaşdırmağı, mübahisə düşərkən onları barışdırmağı özünə borc bilirdi. O, “Şərqi-rus” qəzetinin 1903-cü il, 38-ci sayında çap etdirdiyi məqaləsində “Şərqi-rus” və “Kaspi” qəzeti əməkdaşları arasındakı münaqişədən narahat olduğunu bildirmiş, onları sülhə çağırmışdır.

XX əsrin əvvəllərində əsl milli ziyalı kimi yetişmiş İbrahim Tahir Sovet dövründə yaşadığı 23 il ərzində, demək olar ki, unudulub, onun əsərləri mətbuatda işıq üzü görməyib. Bunun əsas səbəbi onda idi ki, şair bir çoxları kimi yeni quruluşu mədh edən şeirlər yazmamış, ömrünün son dövrlərində əsasən lirik şeirlər yazmışdı.

Hazırda İbrahim Tahirin zəngin ədəbi irsi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılmaqdadır. Əlyazmalar İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktorları Raqub Kərimov və Əli Məmmədbağıroğlu şairin əlyazmalarını ətraflı araşdırmış, onun iri həcmli poetik irsini geniş ön sözlə 633 səhifəlik kitabda çap etdirmişlər. İ.Tahirin qız nəvəsi Akif Quliyev böyük həvəslə işin texniki tərəflərini, redaktorluğunu öz üzərinə götürmüşdür.

İbrahim Tahirin ədəbi irsinə poetik əsərləri – qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, təzmin, tərcibənd, tərkibbənd, məsnəvi və rübailəri, müxtəlif məzmunlu əsərləri, mənzum məktubları, sabiranə şeirləri daxil edilmişdir. Bu əsərlərin əksəriyyəti klassik üslubda yazılmış lirik şeirlər olsa da, burada azadlığa, milli həmrəyliyə, istiqlala səsləyən şeirlər də az deyil. Xalqı üçün azadlığı ən böyük nemət hesab edən şair deyirdi: 

Verir hər yerdə qanun olsa insaniyyət insanə, 
Cahanda ən gözəl nemətdir hürriyyət insanə. 

İ.Tahir oxucusuna etiraf edir ki, onu həmişə narahat edən ən böyük dərdi xalqının, millətinin taleyidir: 

Xəyali-mülkü millətdir, əgər sorsan, bənim dərdim, 
Bilirsənmi nədir fikrü xəyali-millət insanə?

Şair böyüyüb boya- başa çatdığı, təlim-təhsil aldığı dövrün, mühitin təsiri altında klassik ədəbi irsə bağlı bir adam olmuş, əsərlərini də klassik üslubda yazmışdır. Ümumiyyətlə, XX əsrin 20-30-cu illəri mədəniyyət, ədəbiyyat tariximizdə çox maraqlı dövrdür. Bir tərəfdə klassik irsi, muğam, tarı ortadan götürməyi tələb edən daha gənc proletar şairlər meydan sulayır, digər tərəfdə isə mütərəqqi yeniliyi qəbul edən, lakin klassik ədəbiyyat tərəfdarı olan nisbətən yaşlı nəslin nümayəndələri öz yaradıcılıqlarını davam etdirir, “zamanın tələbi ilə ayaqlaşa bilmədikləri” üçün əksər hallarda mədəniyyətdə, ədəbiyyatda cərəyan edən hadisələrə seyrçi mövqedə qalmağa məcbur olurdular. İ.Tahir təbii ki, bu sonunculardan olduğuna görə dövrün ədəbi cərəyanından kənarda qalmış, onu Yazıçılar İttifaqına üzvlüyə qəbul etməmişlər. İ.Tahirlə eyni vaxtlarda yaşamış şairlərdən oxşar taleyi yaşayanlar az olmamışdır. Bakı ədəbi mühitinin görkəmli nümayəndəsi, “Məcməüs-şüəra” ədəbi məclisinin üzvü Məşədi Azər Buzovnalı ana dili ilə bərabər fars, cığatay (orta əsrlər özbək ədəbi dili) dillərində, klassik Şərq şeiri üslubunda əsərlər yazmış, eyni zamanda Nizaminin “Məxzənül-əsrar” poemasını, “Yeddi gözəl” poemasının bir hissəsini, Sədinin “Gülüstan”ından bir neçə hekayəti, “Bustan”dan birinci üç babı, Firdovsinin “Şahnamə”sindən bir neçə dastanı, Xaqani, Hafiz, Xəyyam əsərlərindən seçmələri dilimizə tərcümə etmişdir. Ədib dünya ədəbiyyatı incilərindən “Kəlilə və Dimnə”ni, “Yusif və Züleyxa” əsərini nəzmə çəkmişdir. Sovet hakimiyyətinin ilk onilliklərində “Zamanın nəbzini tutan”, Sovet quruluşunun səsinə səs verən əsərlər yazmadığından onun yaradıcılığı uzun müddət diqqətdən kənarda qalmış, əsərləri son illərdə çap edilmişdir.

XX əsrin 30-cu illərində istedadlı şair – tərcüməsi kimi tanınan İ.Tahir də Şərqin böyük klassikləri Ömər Xəyyam, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Hafiz Şirazi, Əlişir Nəvai və başqalarının əsərlərini uğurla tərcümə etmişdir. O, 1939-cu ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutu ilə bağladığı müqavilə əsasında Nizaminin “Məxzənul-əsrar” poemasını hərfi tərcümə etmişdir. İ.Tahir Firdovsi yaradıcılığı ilə ciddi məşğul olmuş, “Şahnamə” əsərinin bir sıra dastanlarını (“Rüstəm və Söhrab dastanı”, “Səd Vəqqasın İrana hücumu”, “Qubad və Məzdək dastanı”) uğurlu tərcümə etmişdir. 1934-cü ildə Ruhulla Axundovun elmi redaktoru ilə “Azərnəşr” tərəfindən 5000 tirajda nəşr edilmiş “Şahnamə”nin “Zöhhak və Gavə”, “Səyavuş” dastanlarının hərfi tərcüməsi ilə yanaşı nəzmə çəkilməsi də ona həvalə edilmişdir.

İbrahim Tahirin şeirlərini oxuduqca, onun klassik poeziya ilə necə sıxı tellərlə bağlı olduğunu, ədəbiyyat tarixini mükəmməl bildiyini görürük. 

Füzuli-saheyi-nəzmin ədibi-yektası, 
Onunla başladı əşari-türkün əhyası 

– deyən şairin dahi Füzulidən daha çox təsirləndiyini, onun şeirlərinə nəzirələr yazdığını görürük. İ.Tahir Əlişir Nəvainin təsiri ilə cığatayca da şeirlər yazmışdır. Ədibin yaradıcılığından bəhrələndiyi sənətkarlardan biri də osmanlı şairi Nədimdir (1681-1730). Bu barədə o, yazır: 

Əsri-halın, Tahira, bir şairi-mümtazısan, 
Şuxiyi-təb`in Nədimə eyləmiş həmta səni.... 

Bir Nədim İstanbulun var, Qafqazın bir Tahiri, 
Şairi-şirinzəbandır saheyi-tənzirdə. 

İbrahim Tahir əsərlərində özünü klassik poeziyanın görkəmli nümayəndələri  ilə müqayisə etmişdir. Məsələn, o özünü zəmanəsinin Həssan Sabiti adlandıraraq deyir: 

Həssani-zaman olduğumu xəlq bilirdi, 
Tahir kimi məddahü qəzəlxanın olursam. 

Və yaxud şair özünü  böyük fars şairi Hafiz Şirazidən daha “səxavətli”olduğunu belə sübut edir: 

Əgər bir xalə Hafiz bəxş edüb şəhri-Səmərqəndi, 
Mən olseydim o bir xalə verərdim kişvəri-Hindi. 

Şair klassik poeziyaya rəsmi orqanlarda, yaradıcı birliklərdə marağın azadlığı bir dövrdə qəzəlxan olduğu ilə fəxr edərək yazırdı: 

Qələmi göstərir ecaz yazan dəmdə qəzəl, 
Söylə kimdir qəzəl ustadı ola Tahir tək? 

Bu qəzəlguluqda,Tahir, pəhləvan bir fitrətəm, 
Bir qəzəlgu varsa, gəlsin, durmasın meydanıma. 

Əsərlərindən görünür ki, sənəti lazımınca dəyərləndirilməsə də, şair ümidsizləşməmiş, öz yaradıcılığına, istedadına imanını itirməmişdir: 

Sızıldaram dəhəni-qəmdə ney kimi, Tahir, 
Cahanı titrədəcək gücdə bir təranəm var... 

Bənəm ol şairi-şirinsüxən kim, həddi-zatimdə, 
Şəkərlər saçmışam əhli-dilə təb`i-rəvanımla. 

Şairin yaradıcılığında qəzəl dilinin sadələşməsi, müasir dilə yaxınlaşması prosesinin davam etdiyini görürük. Qəzəlin ruhu saxlanılmaqla, əruz vəzninin tələblərinə riayət edilməklə mürəkkəb ərəb-fars mənşəli tərkiblərin yerini ana dilimizdən, danışıq dilindən gələn söz və ifadələr əvəz etməyə başlamışdı. Bu baxımdan da şairi haqqında danışdığımız Azər Buzovnalı, Əliağa Vahid və başqaları ilə müqayisə etmək olar.

Şeirlərinin mövzu dairəsi kifayət qədər geniş olsa da, İbrahim Tahir ilk növbədə lirik şairdir. Biz onun əsərlərində məhəbbət lirikasının diqqətəlayiq nümunələrini görürük. Şeirlərindən birində şair sevgilisinin məsumluğundan, onun üçün hamıdan əziz olduğundan belə danışır: 

Can deyərdim kim sana, candan bahalı olmasan, 
Lalələr, güllər, çiçəklərtək həyalı olmasan. 

Və yaxud:

Səmayi-hüsndə bir bədri-kamilim sənsən, 
Hüzuri-bəzmi-səfa, rahəti-dilim sənsən. 

Əl üzmüşəm sənə nisbət ilim, günümdən bən, 
Mənim yeganə pənahım, günüm, ilim sənsən. 

Məşuqəsinin dodağından danışan İ.Tahir sırf danışıq dilindən gələn sözlərin köməyi ilə orijinal təşbih yaratmışdır: 

Degil xəta bu ləbi-yarı bənzətsəm əgər, 
Şəkər tozu səpilən bir lalıxlamış zoğala. 

Klassik şeirin bütün tələblərinə cavab verən şairin qəzəllərinin dilində yeni dövrün, XX əsrin əvvəllərinin ruhunu duymaq olar: 

Çoxdan qalıb yolunda, gözüm, bəklərəm səni, 
Gəl kəndimi yetir bana, ey yar, nə yerdəsən? 

Bəzən aşiqi ilə sərt davranan məşuqə barədə belə beyt də oxuyuruq: 

Bənimlə xahişi ol məhvəşin savaş kimidir, 
O şuxi-qönçəfəmin sanki bağrı daş kimidir.... 

Lirik şair olmasına baxmayaraq, İ.Tahir heç bir zaman yaşadığı dövrün ictimai problemlərinə qarşı laqeyd yazılmamış, yaradıcılığında həmişə həyati prinsiplərinə sadiq qalmışdır. Şeirlərindən görürük ki, o Sovet quruluşunu sidqi-ürəkdən qəbul edib, ona mədhiyyələr oxuyan proletar şairlərindən olmamışdır. Sovet dövründə onun tanınmamasının, əsərlərinin çap olunmamasının elə əsas səbəbi də bu olmuşdur. İ. Tahir yaradıcılığının ən yetkin, kamil dövrü Sovet hakimiyyəti illərinə təsadüf edr. Əqidəsinə sadiq şairin həyatının son onillklərində başını aşağı salıb, sifariş qəbul etməyərək öz istədiyi kimi şeirlər yazması onun yenilməzliyinin, yüksək mənəvi keyfiyyətlərinin sübutudur. Bu həyat tərzimi, belə şeirləri dolayısıyla müəllifin dövrünə münasibəti, bir etiraz forması kimi də qəbul etmək olar. Şeirlərindən  birində şairin-əgər yarım olmasaydı, bu dünyadan əl çəkərdim-deməsi də diqqətəlayiqdir: 

Dünya! Bu qədər meyl edərmidi sənə Tahir, 
Yar olmasa, yar olmasa, yar olmasa səndə. 

Həyatdakı bütün çətinliklərinə baxmayaraq özünü vətən bağının bülbülü adlandıran şair düzgün əqidədə, yalandan uzaq, həqiqət yolunda, doğru yolda olduğuna inanmış, hamıya da elə bunu arzulamışdır: 

Məncə həmişə kardadır doğru yol gedən, 
Yol doğru yol degilsə, onu kim qəbul edər? 

İnanırıq ki, vətənimizin müstəqilliyinə yenidən qovuşduğu müasir dövrdə İbrahim Tahirin yaradıcılığı əsl qiymətini alacaq, onun adı ədəbiyyat tariximizdə layiqli yerini tutacaqdır.    

 





26.01.2015    çap et  çap et