525.Az

Böyük sənətkarın ləyaqətli varisi


 

Böyük sənətkarın ləyaqətli varisi<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatının qüdrətli söz ustadı, milli mədəniyyətimizin, incəsənətimizin tərəqqisində müstəsna xidmətləri olan, bir çox "ilk"lərə imza atan novator yazıçı-dramaturq Cəfər Cabbarlının ədəbi-bədii yaradıcılığı bir əsrə yaxındır ki, əhatəli, ciddi elmi araşdırmaların predmetinə çevrilsə də çox təəssüf ki, onun zəngin epistolyar irsi yetərincə sistemli şəkildə tədqiq olunmayıb. Böyük sənətkarların bir-biri ilə yaradıcılıq əlaqələrini, dövrünü, ictimai-estetik baxışlar sistemini, ailə mühitini daha dərindən öyrənmək üçün şəxsi məktublardan, yazılı müraciətlərdən, qeyd və dərkənarlardan daha dəyərli məxəz və mənbələrə rast gəlmək müşkül məsələdir. Zamanın ovqatını, şəxsin səmimiyyətini cismində və ruhunda mötədilliklə daşıyan məktubların  sənətkar ömrünün öyrənilməsi sahəsində əhəmiyyəti, gərəkliliyi danılmazdır. Bu baxımdan Cəfər Cabbarlının epistolyar irsini nəzərdən keçirərkən böyük sənətkarın indiyədək nəşr olunan kitablarına salınmayan aşağıdakı iki bənd şeir parçası diqqətimi cəlb etdi.

Şu al-əlvan tacı bən,
Dörd yanından düzərim.
Beşiyin hər tərəfin,
Güllər ilən bəzərim.

Uyğusundan oyanıb,
Görəcək al çiçəkli.
Sevinib əylənəcək,
Olacaq şad ürəkli.

Ərəb qrafikası ilə yazılmış bu misraların sonunda tarix qoyulmasa da, məzmunun oxucuya verdiyi ipucu şeirin yazılma zamanına gün kimi işıq salır, aydınlıq gətirir. Bu nəğməni, ninnini Cəfər Cabbarlı 1930-cu il fevral ayının 11-də dünyaya yenicə göz açan ikinci övladı (ilk övladı Aydın 1924-cü il doğumludur - A.R.), qızı Gülaraya həsr edib. Sənətkar sevgisindən, məhəbbətindən süslədiyi "al-əlvan tacı" güllərə, çiçəklərə qərq edərək hər zaman "şad ürəkli" olmağı arzuladığı Gülara Cəfər qızına ünvanlayıb. Şeirin də, onun qəhrəmanının da 85 yaşı tamam olur. 85 ildən sonra da misralardan gül ətri, bahar qoxusu gəlir. Yubilyara bu əziz, şad günündə ata sevgisini, valideyn sevincini özündə əks etdirən səkkiz misralıq poetik çələngi ən dəyərli hədiyyə hesab edirəm. Şeirin tərbiyəvi əhəmiyyətini vurğulamaqla bərabər misralardan sənətkarın iç dünyası, ailə mühiti görünür. C.Cabbarlının "Ana" əsərində valideynə övlad məhəbbəti bütün möhtəşəmliyi ilə göz önündə canlanırsa, Gülara Cəfər qızına həsr olunan şeirdə övlada ata sevgisi özünü qabarıq büruzə verir.

Cəfər Cabbarlının epistolyar irsi içərisində Sona xanım Cabbarlıya yazdığı məktublar ailə başçısının xarakterini açmaq, övladlarına olan sevgisini və səmimiyyətini duydurmaq baxımından xüsusilə diqqəti cəlb edir. Məlumdur ki, böyük sənətkarımız 1930-cu ilin may-iyul aylarında teatr xadimləri ilə bərabər Leninqrad (indiki Sankt-Peterburq), Moskva və Kazan şəhərlərində olub, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğində fəal iştirak edib. O səfərə çıxanda Gülarə Cabbarlı cəmi üçaylıq idi. Cəfərin Rusiyadan Sona xanıma hər gün göndərdiyi məktublarda həyat yoldaşına və övladlarına çılğın sevginin, isti qayğının, səmimi hiss və duyğuların şahidi oluruq. Onun 13 may 1930-cu ildə Leninqraddan evə - Sona xanıma göndərdiyi irihəcmli məktubda zarafatla körpə qızcığaz barədə yazırdı: "Gülarama - onun üçün gərək mükəmməl bir şaq-şaq alam... Əvvəla, bu böyüyüb - böyüməyib, dil açıb - açmayıb? Açıbsa rusca danışır, ya türkcə? Məktəbə, zada qoymusan ya yox. Ha-ha-ha, əgər məktəbə gedə bilərsə, onun üçün balaca bir sumka da alım gətirim..."

Cabbarlının digər məktubunda ailə üçün darıxdığı vurğulanır, Gülara üçün nigarançılığı dilə gətirilir. O, Sona xanıma Leninqraddan göndərdiyi növbəti məktubunda yazır: "...Ancaq Sona, quyudan çox nigaranam. Başıva dönüm, uşaqları gözlə. Toya gedəndə Gülaranı da apar, ancaq kukla kimi geyindir...

Sonası, mənə elə gəlir ki, hamısını yazdım. Ancaq bir şey qaldı: darıxıram, sənsiz darıxıram. Hər gün səni və uşaqları yuxuda görürəm. Dünən gecə gördüm iki uşaq vuruşur, toxundular Gülaraya. Gülara yıxıldı, durdum götürdüm onu. Sonra gördüm Aydın vuruşur. Tez qaçdım, ayırdım onu... Bunlar hamısı ona görədir ki, darıxıram..."

C.Cabbarlının Leninqrad məktublarını həyəcansız, təbəssümsüz, duyğusuz oxumaq mümkünsüzdür. Böyük sənətkarın böyük sevgisi nümunəyə, örnəyə, rəğbətə layiqdir. "Sonası ay Sonası, Eşmədə ceyran balası" sərlövhəsilə başlayan məktubunda Cəfər qızı Gülaranın barmaqlarının şəklini, danışdığı təzə sözləri göndərməyi  xahiş edir. Növbəti məktubunda isə yazır: "Gülara. Barmaqlarını kağızda gördüm, öpdüm. Hər gün öpəcəyəm! Yeyirəm barmaqlarını, gözlərini, dodaqlarını. Yenə mənə kağız yaz..."

Gülara xanım atasını itirəndə cəmi dörd yaşı var idi. Amma Cəfər böyük sevgisi, unudulmaz ata məhəbbəti ilə həmişəlik Gülaranın yaddaşına həkk olunub. Gülara xanım atasına layiq övlad oldu. Bir vaxt Cəfərin daxil olduğu Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil aldı. Atasının elmi, ədəbi-bədii irsinin toplanması, qorunması, tədqiqi və təbliği ilə məşğul oldu. Böyük sənətkarın 80 illiyi ərəfəsində Ümummilli lider Heydər Əliyev tərəfindən Cəfər Cabbarlının ev-muzeyi açıldı. Gülara xanım Cabbarlı 1979-cu ildə atasının adını daşıyan muzeyin rəhbəri təyin edildi və uzun illər Cabbarlı irsinin təbliği sahəsində səmərəli fəaliyyət göstərdi.

Muzeydə  mütəmadi  keçirilən ədəbi-bədii gecələrin, elmi konfransların təşkilində,  respublikanın tanınmış ədəbiyyat, elm və incəsənət  xadimlərinin xatirə günlərinin, yubileylərinin qeyd olunmasında Gülara xanımın böyük zəhməti olub. Muzeyin respublikamızın seçilən və sevilən mədəniyyət mərkəzlərindən birinə çevrilməsi, qarşıya qoyulan məsələlərin uğurla başa çatdırılması, bir sıra  layihələrin ictimaiyyət tərəfindən maraqla qarşılanması məhz  Gülara Cabbarlının gərgin əməyi və kollektivdə yaratdığı səmimi ünsiyyət, mehriban əməkdaşlıq sayəsində əldə edilib. 2001-ci ildən Gülara xanım "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" Komissiyasının sədridir. 

Respublika Prezidentinin təqaüdçüsü, böyük sənətkarımızın varisi Gülara Cəfər qızı Cabbarlını yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona sonrakı onilliklərdə də cansağlığı, xoşbəxt həyat arzulayıram.

 





11.02.2015    çap et  çap et