525.Az

Şair Əkbər Qoşalı: “Ədəbiyyat dünyanı xilas cəhdidir”


 

Şair Əkbər Qoşalı: “Ədəbiyyat dünyanı xilas cəhdidir”<b style="color:red"></b>

Şair-publisist Əkbər Qoşalını 2011-ci ildən tanıyıram. Universitetdə oxuyanda Atatürk Mərkəzinə praktikaya getmişdik. Məlum oldu ki, bizim praktika rəhbərimiz Əkbər Qoşalı adlı bir şair olacaq. Elə ilk tanışlıqda “dağ adamı” (gülümsər, qırmızıyanaq) təsiri bağışlayan Əkbər müəllim ürəyimə yatdı. Sonralar onunla dostlaşdıq da deyə bilərəm. Ədəbi imzamın mətbuatda görünməsi də Əkbər müəllimin sayəsində oldu. Bir müddət əvvəl Azərbaycan Yazıçılar Birliyində rastlaşdıq. Ərkyana “gəlib-getmirsən” deyə danladığı vaxt Rəşad Məcid söhbətimizə ortaq oldu.

Hal-qəziyyədən xəbər tutub möhkəmcə tapşırdı ki, Əkbər Qoşalıdan müsahibə götür, bəlkə günahını yuya bildin. Müəllimdən müsahibə götürmək o qədər də asan deyilmiş...

– Nə yazırsız?

– Çox şeydən yaza bilərəm, ancaq çox yazmıram. Ardıcıl izlədiyim mövzular var. Yazı-pozularımla az-çox tanış olanlar bilməmiş olmaz. Yazdıqlarım toplum üçün maraqlı olduğunu düşündüyüm zaman, yaxud paylaşmadan keçinə bilmədiyim məqamlarda kütləvilik qazanır. Yazı prosesi ilə hər gün məşğulam, hətta yazı ilə yaşayıram deyərdim. İllər öncə belə bir şeir yazmışdım:

Bir olub iki can – bir doğulmuşuq,
“sıfır” – “ölüm” demək,
      “bir” – “doğulmuşuq”..!
Elə bil anadan bir doğulmuşuq,
özümü kağızdan ayırammıram.

Üstəlik, sosial şəbəkələrdəki yazışmaları, iş, təşkilatiməsələlərdən irəli gələn yazı-pozunu, müraciətlər üzərinə yazdığım “önsöz”ləri, kitab tərtibi, redaktorluq işi – bunların hamısını göz önündə tutsaq, gün bütövlükdə yazıyla başlayıb, yazıyla qurtarır. Bir dəfə Zəlimxan Yaqub mənə dedi ki, Əkbər, mən ya danışa-danışa, ya da yaza-yaza öləcəm. Xalq şairimizin bu sözünü dərininə də, eninə də anlayıram: yaradıcılığa ömür, ədəbiyyata könül vermiş insan üçün yazı prosesi yaşamın özüdür.

“Nə yazırsız?” sualı “Necə yaşayırsız?” yaxud “Nə deyib yaşayırsız?” sualına ekvivalent olur. Bu il uzun aralıqdan sonra şeirlər və hekayələr kitabım işıq üzü görəcək. Əslində keçən il olmalıydı, bir də baxdım, ay ötüb, il dolanıb. Sanki zaman sürət qatarına qoşulub, “Facebook” üslubu, intonasiyası ilə desək, “zaman tuneli”ndən keçib, bilməmişik.

Əlbəttə, mən zamansızlıqdan gileylənməkdə özümə haqq vermirəm. Dünyanın dörd bir yanında ağır durumda olanlar var. Öz Şuşamızda girov saxlanılan günahsız kəlbəcərli soydaşlarımız Dilqəm Əsgərovla Şahbaz Quliyevin saatı necə keçir, İlahi?!.

A sağolmuş, bax, sonra da deyirsən nə yazırsan?

– Yaxşı, Əkbər Qoşalı üçün ədəbiyyat nədir, ədəbiyyat üçün Əkbər Qoşalı kimdir, yəni sizin imzanız ədəbiyyatımıza nə qazandırıb?

– Ədəbiyyat mənimçün nədir? – bu sualın qəribəlik əmsalına toxunmadan deyim ki, ədəbiyyat könlümdən keçənlərin meydanıdır. Mən fırça, tişə, musiqi alətilə nəsə yarada, ifa edə bilmirəm. Bəlkə elə bu  üzdən hərdən yazdıqlarım, başqalarının yazdığı gözəl əsərlər mənə rəsm, heykəl, musiqi kimi gəlir. Yaradıcılığın nüvəsi hər nədirsə, o bütün yaradıcılarda eyni maddədəndir, ancaq nisbətləri fərqlidir. Mənim nəsibim olan nisbət yazarlığa uyğun gəlir.

Ədəbiyyat üçün mən kiməm? – təqdir edərsən ki, bu sualın cavabını vermək məndən daha çox, məni oxuyanların haqqıdır. Özü də, bəlkə bu gün deyil gələcəkdə. Məncə, Əkbər Qoşalı adı sabah bugünkündən daha çox öz haqq etdiyi yerdə olacaq. Hələ nə yazmışam ki? Əlinə qələm alan kimi “roman” yazanlardan deyiləm. Ədəbiyyat mənimçün lağ-lağı, hikkə, ədabazlıq yeri deyil.

Yazacaqlarım, yazmalı olduqlarım qarşı illərin, ömrün hələ yaşanmamış çağlarının payına düşür, – deyə düşünürəm. O əsərlər ki ideyası, strukturu beynimdə dolanır, onları məhz mən yaza bilərəm.O şeirlər ki mənim ürəyimə damıb, ruhuma qonub, onu mən deməliyəm.

– Gənclərlə çalışırsınız. Hansı uğurlu layihələriniz olub, bu layihələrin özəllikləri nədir?

– Gənclərlə çalışmaq mənim alın yazım halına gəlib, desəm yanlış olmaz. 20 il öncə Bakıda bir qrup gənc yazarı yığıb, “Qar Çiçəyi” ədəbi birliyini yaratdıq – o gənclərin bir çoxu indi ədəbiyyatda, elmdə, ictimai həyatda parlaq imzalardır. O vaxt eyni adlı almanax da buraxmışdıq. Yanılmıramsa, o almanax müstəqil Azərbaycanda ilk sanballı almanax sayılırdı. Rəhbərlik etdiyim layihələrdən “Gəldik. Gördük. Yazdıq”, “Paytaxtdan bölgələrə... Bölgələrdən paytaxta”, “Türk Dünyasında ədəbiyyat... Ədəbiyyat(ımız)da Türk Dünyası”, “Gənc yazarların Bakı görüşü”, “Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar arasında məsləhət mühitinin yaradılması” kimi layihələrimiz adlarından da göründüyü kimi orijinallıqları, hədəf və nəticələri ilə fərqlənən layihələr olub. Belə layihələr həm gənclərin üzə çıxarılması, istedadların tanıdılması həm də layihəyə cəlb edilmiş gənclərin özünün təcrübə yığması baxımından önəmlidir. Başqa sözlə desək, belə layihələr, bir növ, “yaşıddan-yaşıda” fəlsəfə baxışı ilə işləyir. Layihə həyata keçirən qurumun institusional inkişafı, qalıcı işlərin meydana çıxması da özlüyündə layihənin dəyərini ifadə edir.

Həyata keçirdiyimiz layihələrdə şəxsən özüm neçə istedadlı, işıqlı gəncimizi tanımışam, neçə gəncimizi yeni keyfiyyətdə görmüşəm: Taleh Mansur, Elnarə Nur, Zamir Erkin, Elməddin Nicat, Ruslan Talıb, İntiqam Yaşar, Elşad Barat, Emil Rasimoğlu, Elmin Nuri, Ülkər Piri, Sərvər Kamranlı, Nofəl Ədalət, Gülnar Səma, Toğrul Kərimli, Tural Adışirin, Vasif Zöhraboğlu, Tural Turan, Ruslan Nadiroğlu, Habil Yaşar, Şəfa Vəli... Hamısının adını çəkəsi olsam, xeyli yer tutar. Bu işıqlı gənclərlə doğmalaşmaq, tanışmaq, bir layihədə araya gəlmək xoşdur. Onların tam əksər hissəsinin parlaq gələcəyinə inanıram.

– Nə yazırsız sualını verdim, bəs niyə yazırsız? Söz, yazmaq sizinçün nə deməkdir?
(Gülür)

Bu işin adı yazıçılıqdır, sözü tanımaq, sözü incitməmək, sözlə incitməməkdir. Əbdürrəhim Qaraqoç “İsmailcə”də nə deyir?

Gölgesinde otur amma
Yaprak senden incinmesin.
Temizlen de gir mezara
Toprak senden incinmesin.

Yollar uzun, yollar ince
Yol kısalır aşk gelince
Yat kurban ol İsmail’ce
Bıçak senden incinmesin...

Şeirin həcv, satira kimi qolları da var və onlar incitməkçündür. İncidən şeir şeirlikdən çıxır, necə deyərlər, sosiallaşır. O artıq başqa müstəvidə yorumlanmalıdır. Əlbəttə, həqiqəti ifadə edən şeirlər kimisə acıdırsa, bu acıyanın problemidir, şairin, şeirin deyil... Acıyan da, gec-tez haqqa gələcək.

Şeir susayanın su içməsi misalında deyilsə, daha nə oldu...

– Ailənizdə sizin ədəbiyyata olan marağınıza münasibət necə idi? Və indi necədi?

– Yazıçılıq bizim kənddə “quru çanaqçılıq” kimi başa düşülürdü. Məndən əvvəl bizim nəsildə yazıçılıqla ad, çörək qazanan olmamışdı. Yaxşı oxuyan, inkişaf etmək istəyən, intellekti ilə, istedadı ilə seçilən niyə müəllim, mühəndis olmayıb da, yazıçı olmalıdır?!. – mənim kəndimdə belə bir “düzxətli, bərabərsürətli” düşüncə hakim idi... Məni ev və el tənəsindən “xilas edən”sə şeir yazmağımla yanaşı bütün dərslərimi yaxşı oxumağım idi. Amma indi mən tərəfdən rahatdı hamısı. Hələ desən qürur da duyurlar (gülür).

– Övladlarınızdan yolunuzu davam etdirən varmı?

– Üç övladım var. Övladlarımdan böyüyü turizm menecmentliyi üzrə təhsil alır. İkinci övladımda yaradıcılıq potenisalı var, istedadlıdır, oxuduğu məktəbin bir nömrəsidir, deyə bilərəm. Bununla belə, yaradıcılıq yolu onunçün də birinci deyil, ikinci seçim kimi görünür. Amma fitrətində varsa, hansı ixtisası seçsə də, gec-tez yaradıcılıq eşqi üzə vuracaq. Hazırdasa onu daha çox diplomatiya, hüquq mühafizə orqanlarında çalışmaq  maraqlandırır.

Üçüncü hələ 2-ci sinifdədir. Onun haqqında bir söz deməyim, tez olar, amma idmançı olmaq istəyir.

Düzü, övladlarım hansı ixtisası, peşəni seçsələr də, mənim yolumu tutsalar da, tutmasalar da, onlar mənim əsərlərimdir. Deyərdim, ən yaxşı əsərlərimdir və mən onlara güvənirəm. Necə deyərlər, məndən sonra da yaşaya biləcək əsərlərim.

– Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) sizinçün nə deməkdir?

– DGTYB artıq bir brenddir. Ömrümün son 17 ili DGTYB ilə süslənib. DGTYB neçə gənc yazarın adını duyurmuş, neçə-neçə gənc yazarı bir-biri ilə yoldaş etmiş qurumdur. Özü də bu işlər beynəlxalq miqyasda görülüb. Az qala hər il türkdilli gənc yazarların Azərbaycana və qarşılıqlı olaraq, bizim gənclərin türkdilli ölkə və topluluqlara səfərlərini təşkil edirik. Bir-birimizi hər yönü ilə tanıyır, tanıdırıq. Qardaş ölkə və topluluqlardakı yeni nəsil ziyalıları, əli qələmliləri azərbaycanlı qardaş-bacılarının dərdi, sevinci ilə tanış edirik, Qarabağın Ermənistan tərəfindən işğalı, bu işğalın ağır nəticələri barədə məlumatlandırırıq. Yəni yazarlarmızın Bişkekə, Kazana, yaxud başqa yerə səfəri şeir oxuyub qayıtmaqla bitmir. Gördüyün işdən zövq almaqla, könüllü addım atmaqla, qulpundan tutduğun işin mahiyyətinə vaqif olmaqla, ürəyə, yaddaşa, ruha xitab etməklə daha çox şeyə nail olmaq olar. DGTYB institusional olaraq bəlli yol keçmiş bir qurumdur. 17 yaşlı dünənin, bu günün planları ilə, bizlərin hamımızın daşıdığı dilək və təmənnalarla gələcəyin Birliyidir.

– Siz həm publisist, həm şairsiz. Bəs özlüyünüzdə hansı sizə daha doğmadır?

–Publisistika yazarın özünü daha yaxşı ifadəsinə xidmət edir. Həm bu “həm”lərə nə ehtiyac var?

Publisistlik, şairlik, yazıçılıq bir tamın parçalarıdır. Ürəklə yazdığım hər söz janrından asılı olmayaraq mənə əzizdir. Professor Nizami Cəfərovun sözü ilə desək, şeir istedadın üzə çıxmasının ən asan yoludur.Şeirdə birbaşalıq var: Könül – Qələm – Kağız – sehrli üçbucaq qapandı. Yaxud açıldı deyə bilərik. Nəsr, bəlkə eşqdən, ruhsallıqdan daha çox ağılla biçimlənən bir yaradıcılıq aktıdır. Publisistika, belə demək mümkünsə, poetik nəsrdir.

Hər birinin öz auditoriyası olsa da, hansı janrda, hansı mövzuda yazsam ümumi olaraq, məni söz-söz, ürək-ürək, yazı-yazı gözləyən tək bir nəfərdən tutmuş, yalnız yazılarımla (və yazılarımda!) məni tanıyanların hamısı üçün yazıram. Yazdıqlarım öz yerində, məni oxuduğunu bildiyim (təsəvvür etdiyim) hər kəs, onların fikri də mənə doğmadır. 

– Belə bir deyim var: ədəbiyyat dünyanı xilas edə bilməz. Bəs sizcə?

– Dünyanı heç bir əməli fəaliyyət sahəsi xilas edə bilməz. Dünyanı yaradanından başqa heç bir qüvvə xilas edə bilməz. Ancaq əlbəttə, ƏDƏBİYYAT dünyanı xilas cəhdidir.

Şair İbrahim İlyaslı deyir:

“Haqq deyilən heç nə yoxdur
amma dəyər axtarmağa”.

Yaxud “Küskün dostun Divanisi”ndə deyilir:

Gah coşardın, gah susardın – halların hal deyildi,
Tək səndinmi bu dünyada əhdi-peyman eyləyən?..
Hər sözündən tük çəkirsən, qüsur çıxır birbəbir,
Sən deyildin yardan gələn sözü fərman eyləyən?..
 
Eşqin eşqdi, neynəyəsən yenə dünyadı dünya...
Yalan səsdi, deyir hərdən: yeni dünyadı dünya...
Axır gedib bir yar sevdin – adı Dünyadı, Dünya,
O da dedi nə gec gəldin, a canı can eyləyən..?
 
Get, get, ey əli qələmli, dərdini faş eyləmə,
Hər gələnçün, hər gedənçün gözünü yaş eyləmə...
Tanrıya bağla qəlbini, qəlbini daş eyləmə,
Yenə odur, yalnız odur dərdə dərman eyləyən.

 





21.03.2015    çap et  çap et