525.Az

Əbdül Əlizadə fenomeni


 

Əbdül Əlizadə fenomeni<b style="color:red"></b>

Təhsilin nəzəriyyə və praktikası ilə məşğul olan görkəmli pedaqoq, əməkdar elm xadimi, psixoloq-alim, professor Əbdül Əlizadə 22 fevral 2015-ci il tarixində dünyasını dəyişdi. Alimin elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş yazını oxuculara təqdim edirik.

Azərbaycan elminin nəhənglərindən biri, psixologiya elmləri doktoru, professor Əbdül Əlizadəyə layiq fikir söyləmək çətindir. Çünki onun həyatı boyu yaratdığı ən gözəl əsər haqqında söz deyilməlidir. Bu əsər - Əbdül Əlizadə fenomenidir.

Əbdül Əlizadəni yaxından tanıyanlar yaxşı bilirlər ki, tərifə, tərənnümə ehtiyac duymayan bir insan kimi belə münasibət ona həmişə yabançı görünüb. Ona görə də istərdik ki, onun haqqında söyləyəcəklərimiz yalnız mütəxəssis-psixoloq rəyi kimi qəbul edilsin.

Əbdül Əlizadə psixologiya sahəsinə təsadüfən gəlmədiyini, yüksək elmi, analitik təfəkkürünü, mahir tədqiqatçılıq və müəllimlik qabiliyyətini bütöv varlığı, şəxsiyyəti ilə sübut etmişdir. Məlum deyil, Əbdül müəllim başqa bir peşə sahibi olsaydı, bu zirvəni fəth edə bilərdimi, amma dəqiq məlumdur ki, psixologiya elmi, xüsusilə Azərbaycan psixologiya elmi çox şey itirərdi.

Əbdül Əlizadə haqqında yazı yazanda narahatlıq keçirməmək olmur. Sanki sehrli suya toxunurmuş kimi ehtiyat etməli oluruq. Bizə elə gəlir ki, bu tərəddüd Ə.Əlizadə yaradıcılığının dərinliyi, bütövlüyü, dözümü və harmoniyasına ehtiyatlı, məsuliyyətli yanaşma zərurətindən doğur. Əbdül Əlizadə yaradıcılığından yazmaq üçün, ən azı bu zəngin elmi irslə əhatəli tanış olmaq lazım gəlir. Bununla belə, Ə.Əlizadə yaradıcılığında cəlbedicilik də var. Bu elmi irs tədqiqatçıları pozitiv enerji mənbəyi kimi özünə çəkir. Məhz bu xüsusiyyətlərinə görədir ki, Azərbaycan psixologiyasında heç kəsin konkret olaraq təklif etmədiyi, müəyyənləşdirmədiyi bir ənənə yaranıb: Ə.Əlizadənin əsərlərinə istinad etməyən, iqtibaslar verilməyən tədqiqat işi ciddi qəbul olunmur. Bütün bunlar bizi - Əbdül Əlizadənin şəxsiyyəti ilə harmoniya yaradan zəngin, maraqlı fikirlərlə, konsepsiyalarla, ideyalarla dolu elmi irsi ilə yaxından tanış olan tədqiqatçıları onun mahiyyəti, məzmunu, istiqamətləri ilə bağlı araşdırmalara sövq edir. Və psixoloqlar bunu, ən çətin, ən məsuliyyətli, ən mötəbər tədqiqat sayırlar.

Professor Əbdül Əli oğlu Əlizadə psixologiya elminin yaradıcısı və titanik tədqiqatçılarından olan Vilhelm Vundtun doğum tarixindən 1 əsr sonra - 1932-ci il avqust ayının 16-da Bakı şəhərində dünyaya gəlmişdir. Ə.Əlizadənin həyatının psixoloji salnaməsi isə Azərbaycan Dövlət Universitetinin tələbəsi kimi, bu bənzərsiz elmin enişli-yoxuşlu yollarında fərəhlə addımladığı gündən yazılmağa başlayıb.

1950-ci illərin ortalarında Rusiyada baş verən hadisələr psixologiyada yeni yanaşmalara yol açdı. Bu elm bir qədər müstəqil yol tutaraq tədqiqatların əhatə dairəsini genişləndirirdi. Ə.Əlizadənin 1955-1960-cı illərdə apardığı tədqiqatlarda biz bu təsirləri aydın izləyə bilirik. Həmin dövrdə Azərbaycanda da psixologiya elminin yeni mərhələsi başlandı. Bu, bir tərəfdən psixologiya elminə marağın artması, digər tərəfdən yüksəkixtisaslı, peşəkar gənc psixoloqların gəlişi ilə bağlı idi. Həmin dövrün gənc psixoloqları sırasında bu gün psixologiya elminin ağsaqqallarından olan, respublikada psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmiş professor Əbdül Əlizadə də vardı.

1975-ci ildə Ə.Əlizadə "Cinsi dimorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Bu dissertasiya Rusiya və Azərbaycan psixologiyasında bir tərəfdən psixoloji cins, digər tərəfdən cinsi fərqlər konsepsiyasının formalaşmasında önəmli rol oynadı. Şəxsiyyət probleminə cinsi fərqlər baxımından yanaşmanın etnopsixoloji əsaslarını qoymuş bu tədqiqat işi psixologiyanın yeni sahəsi kimi istinad nöqtəsinə çevrildi. Təsadüfi deyildir ki, E.S.Kuzmininin "Sosial psixologiya" (LDU, 1979) əsərində A.A.Bodalyov, İ.S.Kon, A.Q.Xripkova kimi tanınmış alimlərin sırasında professor Ə.Əlizadənin də adı çəkilir və ona yüksək qiymət verilir.

Artıq 80-ci illərin əvvəllərində cinsi fərqlərin psixologiyası cinsi tərbiyə problemlərindən biri idi. Həmin vaxtlar bu tədqiqatlar Ə.Əlizadəni SSRİ məkanında cinsi fərqlər və cinsi tərbiyə sahəsində tanınmış alimlərdən birinə çevirdi. Bununla belə Ə.Əlizadə öz milli köklərinə çox bağlı alim idi. Onun elmi yaradıcılığında, təhsil psixologiyası və etnopsixologiya ilə bağlı elmi axtarışlarında Azərbaycan klassik psixoloji irsinin öyrənilməsinə xüsusi diqqət yetirilirdi. Ə.Əlizadəyə görə Azərbaycan psixoloji fikir tarixinin bu sahədəki zirvə uğurları, ilk növbədə, böyük Nəsirəddin Tusinin adı ilə bağlıdır. N.Tusi tərəfindən Azərbaycan psixoloji fikrinin kateqorial sisteminin konseptual ölçülərlə açıqlanması təkcə Azərbaycan psixologiyasında deyil, Şərq psixologiyasında da bənzərsiz hadisədir. Bunu əsas götürərək Ə.Əlizadə Azərbaycanın klassik psixoloji fikrinin öyrənilməsini daim diqqət mərkəzində saxlamışdır.

Təhsil psixologiyası sahəsində bu dövrə qədər apardığı tədqiqatları təkmilləşdirməklə yanaşı, o, etnopsixoloji məsələlərin öyrənilməsinə diqqəti artırırdı. Təhsildə şəxsiyyətin etnopsixoloji zəmində formalaşdırılması ideyası onun 1990-2006-cı illərdə apardığı tədqiqatlarının əsas xətti idi. Bu istiqamət alimin rəhbərlik etdiyi dissertasiya işlərində də xüsusi mövzu kimi diqqəti cəlb edir. Ümumilikdə professor Ə.Əlizadə çox sayda aspirant, dissertant və elmlər doktorları yetişdirib. Qətiyyətlə demək olar ki, professor Ə.Əlizadə Azərbaycan psixologiyasında öz məktəbini yarada bilmiş alimdir. Əbdül Əlizadə məktəbi fərdiyyət psixologiyası ilə daha yaxından bağlı olub onun etnopsixoloji, cinsi, mənəvi, yaradıcılıq aspektlərindən öyrənilməsini əsas vəzifə kimi qarşıya qoyur. O öz yetirmələri üçün aparılmalı olan tədqiqatlar haqqındakı tezislərini açıqlayır. Azərbaycanda koqnitiv psixologiyanın təmsilçisi olan Ə.Əlizadə bu tezislərində Azərbaycan təhsilinin gələcəyi ilə bağlı fikirlərini irəli aparmaq üçün öz davamçılarına ünvanlayır. Bu, Əbdül Əlizadənin bir alim, bir vətəndaş kimi xalqına, millətinə, dövlətinə sevgisindən, bağlılığından qaynaqlanır. Bu, Əbdül Əlizadə şəxsiyyətinin, onun həyata baxışının ana xəttidir.

biətin, həyatın dərk olunması, onun insan arzularına ram edilməsi fərdin intellektinin kamilliyini, hisslərinin saflığını, iradəsinin möhkəmliyini tələb edir. Bu halda insan şəxsiyyəti etik mahiyyət - "obyektiv gözəllik" daşıyır. Belə şəxsiyyətin nəinki özü, onun yaratdığı ideyalar da ətrafındakılara xoş gəlir, digər fərdlərin mənəvi duyğularına işıq salır, onların inkişafında stimul rolunu oynayır, cəmiyyət üçün "mənəvi ölçü", "əxlaqi meyar" fenomeninə çevrilir. Əbdül Əlizadə mənəviyyatı bizim hər birimiz üçün belə işıq mənbəyidir.

Mənəviyyat sahəsində aparılan tədqiqatların nəticəsi belədir ki, o, şəxsiyyətin fərdi-psixoloji xüsusiyyəti olmasa da, özündə bir sıra genetik əlamətləri ehtiva edir. Bu baxımdan demək olar ki, Əbdül Əlizadə fenomenini, yaradıcılığını kamillik səviyyəsinə çatdıran onun mənəviyyatıdır. Harmoniya da mənəviyyatın və yaradıcılığın vəhdətindən əmələ gəlir. Həmçinin insanın elmi və mədəni səviyyəsi nə qədər  yüksəkdirsə, o bir o qədər dərin müşahidə qabiliyyətinə, zəngin estetik aləmə, güclü yaradıcı təxəyyülə malik olur. Dilimizdə tez-tez işlətdiyimiz "alim olmaq asan, adam olmaq çətindir" kəlamının fəlsəfi-psixoloji izahı da göstərilən fikirlərlə üst-üstə düşür. Mənəvi dünyanı kamilliyə qovuşdurmaq, zəkanı kamilliyə qovuşdurmaqdan daha çətindir. Çünki birincidə ruhu iradəyə, ikincidə isə iradəni ruha tabe etmək lazım gəlir. Əbdül müəllim isə buna böyük məharətlə nail olub.

Professor Əbdül Əlizadənin həyatı Azərbaycan tarixinin ziddiyyətli - dövlət siyasətinin sürətlə dəyişdiyi, ictimai münasibətlərin bir-birini əvəz etdiyi dövrlərə təsadüf edir: II Dünya müharibəsi, quruculuq illəri, 60-70-ci illərin kommunizm eyforiyası, 80-ci illərin yenidənqurma kampaniyası, 90-cı illərin milli azadlıq hərəkatı və nəhayət, müstəqillik dövrünün paradoksları. Bu tarixi təcrübəni nəzərdən keçirdikcə onun şəxsiyyətə təsir imkanlarının qloballığı ilə barışmamaq olmur. Eyni zamanda elmə yaxşı məlumdur ki, heç bir şey şəxsiyyətə yanlış ideologiya, saxta nəzəriyyə, süni siyasi konsepsiyalar qədər böyük zərbə vurmur. İrrasional mənşəli bu təsirlər şəxsiyyət və istedad itkilərinə, əxlaqi sərvətlərin, milli dəyərlərin deformasiyasına, fərdi və ictimai vicdanda neqativ halların yaranmasına gətirib çıxarır. Əbdül müəllim isə bütün bu keşməkeşli dövrlərdə yalnız bir mənbədən qidalanıb - milli ruhumuzdan.

Professor Əbdül Əlizadənin bütün fəaliyyəti dəyərlilik prinsipi ilə tənzimlənir. Dəyərlərə xüsusi əhəmiyyət verən insanlar isə hər şeydən əvvəl, həqiqətin açılmasında maraqlıdırlar. Belə adamlar həyata rasional, tənqidi və empirik yanaşırlar. Psixoloji nəzəriyyələrdəki təsnifləşdirmələrə görə Əbdül Əlizadə şəxsiyyətini "nəzəri tip"ə daxil etmək olar. Belə insanlar yüksək səviyyədə intellektualdırlar. Özlərinə daha çox fəlsəfəyə yaxın olan fundamental fəaliyyət seçirlər. Əbdül müəllim fenomeni özündə, həmçinin "estetik tip"ə məxsus keyfiyyətləri də daşıyır. Bu tipə aid insanlar isə daha çox forma və harmoniyanı qiymətləndirir, hər hansı həyat hadisələrinə gözəgəlimlilik, məzmunluluq, simmetriklik və müvafiqlik nöqteyi-nəzərindən yanaşırlar. Əbdül müəllim həmişə narahat idi. Bu hisslərin sabitliyi onun yalnız ayrı-ayrı fərdlər üçün deyil, ümumilikdə insanlar, bəşəriyyət, dünya üçün narahatlığından xəbər verirdi. Bəzən bu ülvilik mistik dərəcədə əsrarəngiz olmaqla gerçəkliyin hüdudlarından kənara çıxırdı. Onun mənbəyini də bütövlükdə təbii qüvvələrlə əlaqələndirmək mümkün deyildi. Əgər axtarsaq, onu bu təbii qüvvələr (hisslər) içərisində daha çox məsuliyyət hissi ilə əlaqələndirmək olar. Bu hiss həmişə onu müşayiət edirdi. Dərin insani münasibətlər, ictimai maraq, demokratiklik, hadisələrə fəlsəfi yanaşma, milli mədəniyyətimizə xələl gətirən təzyiqlərə qarşı barışmazlıq kimi keyfiyyətlərinin mənbəyində də məhz məsuliyyət hissi dayanır. Bu Əbdül müəllimin ruhunda, qanında olan, vətənpərvərliklə bağlı qüvvələrdən yaranan təbii hiss idi.

Əbdül Əlizadə fenomenində milli tərbiyə konsepsiyasında "şər" anlayışına aid edilən keyfiyyət tapmaq çətindir. Xüsusilə bir sıra yaradıcı insanlarda təzahür edən "mənsəbpərəstlik" və "qərəzlilik" kimi keyfiyyətlər onun təbiətinə həmişə yad olub. Əbdül müəllim həm özündən güclülərə, həm də özündən zəiflərə hörmətlə yanaşırdı. Əbdül Əlizadənin ən "zəif cəhəti" - nifrət etməyi bacarmaması, yaradıcılığının ən məhsuldar cəhəti isə özünün psixoloji imkanlarını, potensialını problem üzərində mərkəzləşdirə bilməsi idi. Məhz bu səbəbdəndir ki, son illər o, Azərbaycan psixologiya elminə və təhsilinə "Müasir Azərbaycan məktəbinin psixoloji problemləri", "Yeni pedaqoji təfəkkür", "Xəmsə"də yaş və pedaqoji psixologiya məsələləri" kimi qiymətli, aktual əsərlər verib.

Əbdül Əlizadə fenomeninin ən gözəl cəhətlərindən biri də onun başqalarını qərəzsiz, həqiqətdə olduğu kimi qəbul etməsi idi. Onun emosionallığı az, lakin effektli təsir bağışlayırdı. Daxili aləminin müstəqilliyi və dinamikliyi az nəzərə çarpırdı, amma bu daxili aləm müdaxiləni xoşlamırdı, özünümüdafiə, özünüqiymətləndirmə və özünütənzimləmə qabiliyyətinə malik idi. Bu fenomenin qavrayışı hissi əlamətlərdən uzaq olub dərin koqnitiv proseslərlə şərtlənirdi.

Onun yanında "pərdəli münasibət", "rolagirmə", "bəhanə və yalan" kimi davranış nümayiş etdirmək əbəs idi. Çünki o belə davranış "aurası"nın içərisində dayanan "daxili mən"in həqiqətlərini psixoloq nəzəri ilə asanlıqla görə bilirdi: süründürməçilik, həyəcan, stereotip, yalançı nikbinlik, yaxud bədbinlik, sentimentallıq onun yaradıcı təfəkkürünü aldada biləcək psixoloji təsirlər deyildi. O, yalnız bir qüvvənin qarşısında təslim olurdu - elmin.

Əbdül müəllim həmişə başqalarına qarşı dözümlü olub. Real məqsədə qarşı qoyulan aldadıcı hərəkətlərə, motivlərin gizlədilməsi üçün irəli sürülən yalançı fikirlərin qeyri-müəyyənliyinə, səbatsızlığına, ziddiyyətlərinə təmkinlə yanaşırdı. Yüksək mədəniyyətlə özünün real münasibətini ortaya qoyurdu. Bu münasibətin qayəsində isə bir fikir dayanırdı: "Məni yalnız sənin elmin inandıra bilər".

Əbdül Əlizadənin yaradıcılıq keyfiyyətinin ən mühüm tərəfi onun real gerçəkliyində öz əksini tapırdı. O, təbii insanları olduğu kimi və daha tez qəbul edirdi. Belə insanların nöqsanlarına və zəifliyinə yüksək tələbkarlıqla yanaşmırdı, böyük diqqətlə kömək göstərirdi. Bu mənada o, özündə millətimizə xas olan ən incə, ülvi, nadir mənəvi keyfiyyətləri əks etdirən "əxlaqi bütövlük" yaratmışdı. Nə yaşıdlarına, nə də tələbə, aspirant və dissertantlara "mənəmlik" nöqteyi-nəzərindən münasibət bəsləmirdi. Onun humanizmi təmənnasız idi.

Əbdül müəllim öz davranışına heç zaman süni don geyindirməz, təbiiliyi ilə seçilərdi. O, başqalarında xoş təəssürat yaratmaq meylindən uzaq idi. Diqqət mərkəzində olmaq meyli də ona yad idi, lakin Əbdül müəllimin iştirakı ilə keçirilən bütün elmi, ədəbi və s. məclislərdə o, həmişə diqqət mərkəzində olurdu.

Əbdül Əlizadə fenomeni, hər şeydən əvvəl, öz harmoniyası ilə diqqəti cəlb edir. Bu harmoniyanı onun daxili aləminin və davranışının məzmun bütövlüyü yaradırdı. Həmçinin bu harmoniya onun təbiətinin ülviliyindən xəbər verirdi. Əbdül müəllimin daxili də (mənəviyyatı), xarici də (yaradıcılığı) ülvi bir yüksəklikdə dayanır. Hansının təsir edən, hansının təsir edilən olması sualına cavab vermək də çətindir.

Klassik fəlsəfədə bu fikirlərə təkrar-təkrar rast gəlirik ki, idrak (ağıl) və tərbiyə (mənəviyyat) bir-biri ilə vəhdətdə olan sahələrdir. İnsan qabiliyyətlərini təkmilləşdirən, inkişaf etdirən də idrakdır - bədii və elmi idrak. İstər yaradıcılıq, istərsə də mənəviyyat şəxsiyyətin keçici deyil, fasiləsiz, sistemli dinamik inkişaf edən xassələridir. Ontogenetik inkişafın hər hansı mərhələsində dinamik inkişafda fasilə yarandıqda sistem pozulur, şəxsiyyətdə deformasiya əmələ gəlir. Fenomendə fərdi əlamətlər zəifləyir. Əbdül Əlizadə fenomenində biz belə zəifliyə rast gələ bilmərik.

Alimin şəxsiyyətinin, şəxsi keyfiyyətlərinin təhlili, elmi ideyaların işlənməsi, öz inam və əqidəsi uğrunda dönməzliyi, elmi fəaliyyəti məişət məsələlərindən üstün tutması onun elmin fədaisinə çevrilməsinə, həm də nüfuz və hörmət qazanmasına şərait yaradır. Eləcə də bu insanlar özlərindən sonrakı nəsillərə yaxşı örnək olurlar. Bu mənada, Əbdül Əlizadəni dünya şöhrətli Ziqmund Freydlə müqayisə etmək olar. Ziqmund Freyd 70 il eyni şəhərdə (Vyanada), 40 il eyni evdə yaşayıb. Xəstələri həmişə eyni kabinetdə qəbul edib. Həmişə bir kresloda oturub. Altı övlad atası olan Freyd heç bir əyləncə ilə məşğul olmayıb, həmişə ciddi olub. Onu aldatmaq mümkün deyildi, sanki rentgen kimi insan qəlbini görürdü. Şöhrət çələngi Freydi çox gec - 80 yaşından sonra tapdı. 1936-cı ildə o, Kral Akademiyasına üzv seçildi.

Əbdül Əlizadə də 46 il eyni evdə yaşayıb, 55 ildən artıq hər gün eyni qaydada elmi fəaliyyətlə məşğul olub. O da Freyd kimi əyləncələrdən qaçıb, sevincini, xoşbəxtliyini ərsəyə gətirdiyi əsərlərdə, auditoriyada tələbələrlə mühazirədə tapıb.

Freydin yaradıcılığı, nəzəriyyəsi, irəli sürdüyü fikirlər insanlara qaranlıqda şimşək çaxması təsiri bağışlayır. Hər kəs istər-istəməz bu işığa doğru çevrilir, kimi xaç çəkir, kimi heyrətlə baxır, kimi də yanaqları qızarmış halda utancaq hislər keçirir. Əbdül Əlizadə yaradıcılığı qaranlıqda şimşək çaxmasına bənzəməsə də, hər bir mərhələdə qoyulmuş sosial normalardan müəyyən qədər uzaqlaşma, yəni zamanı qabaqlamaq effekti verir.

Onun varlığı nur, enerji mənbəyi kimi əhatəsində olanlara nüfuz edirdi. Bu işığı hiss etməmək olmurdu. Onun daxili dünyası şərtilikdən, ənənəvilikdən həmişə uzaq olub. Başqalarına təzyiq göstərmək, təəssüfləndirmək, peşmanlıq hissi yaratmaq, zəifliyini nəzərə çatdırmaq kimi qeyri-humanist münasibəti xoşlamayıb. Lakin özünəməxsus təsir vasitələri vardı. Bunlardan ən başlıcası, özünün şəxsi nümunəsi idi. Sanki o, başqalarının "Nə edim?" sualına Əbdül Əlizadə fenomenini nümunə göstərirdi: "Onun kimi!"

Professor Əbdül Əlizadə fenomeni o qədər zəngindir ki, onun haqqında danışmaq üçün kifayət qədər mövzu tapmaq mümkündür. Eyni zamanda hamı bu şəxsiyyətin böyüklüyü qarşısında özünü aciz, gücsüz sanır, haqqında söz deməyə çətinlik çəkir. Ömrünün müdrik, elmi yaradıcılığının məhsuldar, pedaqoji fəaliyyətinin ən təcrübəli və səmərəli dövründə - həyatının 83-cü ilində dünyasını dəyişən Əbdül Əlizadəyə ünvanlanan ürək sözlərinin axınına düşmək, ona layiq fikir söyləmək çətindir.

İnanırıq ki, bütün deyilənlər Əbdül Əlizadənin zəngin elmi irsi ilə yaxından tanış olan tədqiqatçıları onun mahiyyəti, məzmun istiqamətləri ilə bağlı araşdırmalara dönə-dönə sövq edəcəkdir. Və psixoloqların bir-birini əvəz edən gənc nəsilləri bunu ən çətin, ən məsuliyyətli, ən mötəbər tədqiqat sayaraq, Əbdül müəllimin şəxsiyyəti ilə harmoniya yaradan zəngin, maraqlı fikirlərlə, konsepsiyalarla, ideyalarla dolu elmi irsinə əbədi bir ehtiramla, sevgi və sayğı ilə üz tutacaq və bu irsi bizim milli dəyərlər xəzinəmizdə əbədi yaşadacaqlar.

R.Əliyev
Psixologiya elmləri doktoru, professor,
L.Əmrahlı
Psixologiya üzrə fəlsəfə doktoru, dosent

 





30.03.2015    çap et  çap et