525.Az

Avropa oyunları - yeni imkanlar


 

Avropa oyunları - yeni imkanlar<b style="color:red"></b>

Hazırda Avropa oyunlarının keçirilməsi ilə bağlı ciddi işlər görülməkdədir. İstər tikinti quruculuq, yaşıllaşdırma işlərinin nəticələri, istərsə də sivil idarəetmə mexanizmlərinin, xidmət sferalarının təkmilləşməsi hiss olunmaqdadır.

Bu gün kimin necə düşünməsindən asılı olmayaraq, Avropa oyunlarının Azərbaycanda keçirilməsi əslində Avropa dəyərlərinə xeyli yaxınlaşmaq deməkdir. Bütün fəaliyyət insan amilinə, insana dəyər verməyə hesablanan həmin Avropa insan faktoru mexanizminin tətbiqi cəmiyyətə yalnız fayda verər. Bu baxımdan belə geniş miqyaslı tədbirlərin keçirilməsi Azərbaycan üçün əhəmiyyətlidir.

Digər tərəfdən Azərbaycanın tanıdılması baxımından belə yarışmalar faydalıdır.

Təbii ki, Avropa oyunları zamanı Azərbaycana xeyli sayda müxtəlif ölkələrdən qonaqlar gələcək. Həmin əcnəbilərə, xüsusilə jurnalistlərə Qarabağ həqiqətlərini çatdırmaq üçün bu idman oyunları bir fürsətdir. Sadəcə olaraq bu imkandan yararlanmaq lazımdır. Onu da unutmaq olmaz ki, xarici qonaqları Qarabağ münaqişəsindən daha çox Azərbaycanın təbiəti, görməli yerləri, keçiriləcək müxtəlif mədəni tədbirlər daha çox maraqlandıracaq.

Ancaq biz təbliğatımızı elə qura bilərik ki, onlar Azərbaycanda Qarabağ və işğal faktı haqqında kifayət qədər məlumatlar əldə edə bilsinlər. Ümumilikdə, işğal olunan rayonların musiqisi, adət-ənənələri, folkloru və s. mövzusunda sərgilər təşkil etmək olar. Təbii ki, sonda işğal faktını, müharibə elementlərini qabartmaq məqsədilə sərgiyə stendlər əlavə etmək mümkündür. Şübhəsiz ki, bütün bu işləri uğurla başa çatdırmaq üçün əcnəbi dilləri bilən kadrları bu proseslərə cəlb etməyə ehtiyac var.

Ümumilikdə, Qarabağın təbliğatı ilə bağlı genişmiqyaslı işlərə start vermək olar. Bu işləri yalnız mədəni dəyərləri önə çəkməklə etmək mümkündür. Bu yaxınlarda vətəndaş cəmiyyəti institutları və media təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə yaradılan koalisiyanın bu sahədə görə biləcəyi işlər çox ola bilər. Ən azından bu işlərin vahid mərkəzdən koordinasiya olunmasına ehtiyac var.

Həmin tədbirdə vurğulandığı kimi, Bakıda keçiriləcək Avropa oyunları idman yarışmalarında Qarabağın təbliğatı baxımından tamamilə yararlanmaq mümkündür. Həm media, həm də QHT rəhbərləri həmin koalisiyada təmsil olunaraq bu məsələlərə dəstək verəcəklərini bəyan etdilər. Gerçəkdən Avropa oyunları yarışması Azərbaycanın mədəni dəyərlərinin təbliği, ümumilikdə dünyada Azərbaycanın tanıtımı və paralel olaraq Qarabağ məsələsinin gündəmə gətirilməsi baxımından effektli layihədir.

Təbii ki, əcnəbi qonaqlara yalnız Qarabağ, yalnız müharibə, erməni işğalı məsələlərini qabartmaq düzgün olmaz. İstər ölkə daxilində, istərsə də ölkə xaricində bu məqamlara həssaslıqla yanaşmaq lazımdır. Çünki xarici vətəndaş müharibə mövzulu sərgiyə, müxtəlif tədbirə o qədər maraq göstərməyəcək. Ancaq burada təşkil olunacaq folklorla, musiqi ilə mədəniyyətlə bağlı sərgilərə, tədbirlərə əcnəbilərin səfərlərini təşkil etmək mümkündür. Həmin görüşlərin sonunda qonaqlara Qarabağla bağlı müxtəlif suvinerlər, bukletlər, kitablar bağışlamaq daha faydalı olar. 

Peşəkar təbliğatın hədəfi xarici vətəndaşlar olmalıdır. Onlarla iş qurmaq lazımdır.

Ümumiyyətlə,  tək bu yarışma zamanı deyil, bütün dövrlərdə Qarabağla bağlı təbliğat məsələsində  metodologiya  dəyişməlidir. Təkrarçılıq olmasın bu məsələlərdə daha innovativ yanaşmalar olmalıdır. Sivil dünya həqiqətləri qışqıraraq deyəndə qəbul etmək istəmir. Deməli, daha optimal variantlar tapmaq lazımdır. Elmi həqiqətlərə, tarixi mənbələrə söykənən və dünya elminin əsas meyarlarını özündə ehtiva edən əsərlərlə beynəlxalq arenaya çıxmaq lazımdır.

 





28.04.2015    çap et  çap et