525.Az

Yel qayadan heç nə aparmır


 

Yel qayadan heç nə aparmır<b style="color:red"></b>

Son vaxtlar mətbuatda və internet səhifələrində Bakı Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını hallandırması məndə təəccüb və təəssüf hissi doğurur. Mən Ramiz müəllimi 40 ildən çoxdur ki, tanıyıram, özü də yaxşı tanıyıram. Onun kimliyini, hansı qəlbə, hansı xarakterə malik olduğunu çox yaxşı bilirəm. Ona görə də Ramiz müəllim barədə yazılan neqativ fikirlərə biganə qala bilmirəm. Mən biləndə ki, ona qarşı böhtan yağdıran Elşad Abdullayevdir, yadıma çox da uzaq olmayan bir əhvalat düşdü.

Cəlilabad rayonundan olan yaxın tanışım, rəhmətlik Mehman Quliyev bir dəfə yanıma gəlib, ürək ağrısı ilə dedi:

– Mənim 7 qızım var. Onlardan sonra dünyaya bir oğul uşağım gəldi. Sevincimin həddi-hüdudu yox idi. Uşağın təhsil  və tərbiyəsi ilə gündəlik məşğul olurdum. Uşaqlarımın boğazından kəsib, oğlumu İbrahimi çox çətinliklə olsa da, Bakı Beynəlxalq universitetinin hüquq fakültəsinə düzəltdim. Orada hər şey pul ilə həll olunurdu. Az qala tələbələrdən udduqları havaya görə də pul alırdılar. İndi oğlum həmin universiteti bitirib, lakin diplomunu vermirlər. Yenə də pul istəyirlər. Qulağıma çatıb ki, Universiteti bağlayırlar. Gecələr gözümə yuxu getmir, İbrahim ağırlığında Universitetə pul vermişəm. Əgər uşağın diplomunu ala bilməsəm, bu dərd məni öldürəcək.

Mehmanın ürəyinə dammışdı. O, xəstəliyə düçar oldu və tezliklə dünyasını dəyişdi.

Nə isə... Mehmanın sağlığında onunla birlikdə Bakı Beynəlxalq Universitetinə getdik. Elşad Abdullayevlə görüşmək istədik. Burada gözlərimlə gördüklərimə inanmadım. Həyətə  500 nəfərdən çox adam toplaşmışdı. Valideynlərin və uşaqların əlindən rektor qaçıb gizlənmişdi. Adicə suallara cavab verən yox idi. Universitetin həyətinə toplaşanlar narahat, həyəcanlı və əsəbi görünürdülər. Heç kəslə görüşə bilmədik. Təsadüfən universitetdə dərs deyən tanış müəllimlərdən biri ilə rastlaşdım. Onun sözləri indi də qulağımda səslənir: “Bura şeytan yuvasıdır. Baş şeytan hamını gipnoz etməyi bacarır. O, qaçıb gizlənib. Hər gün buraya gördüyünüz qədər adam toplaşır. Onlar suallarına cavab almadan kor-peşman geri qayıdırlar. Beləliklə, heç kəsə nə diplom verilir, nə də tələbələr başqa ali məktəblərə köçürülür”.

Bu hadisədən  xeyli vaxt keçib. Qəzetlərdən Elşad Abdullayevin müsahibələrini oxuyarkən, həmin müəllimin unudulmaz sözlərini xatırlayıram: “Bura şeytan yuvasıdır. Baş şeytan hamını gipnoz etməyi bacarır. O, qaçıb gizlənib”.

Mən uzun illər partiya, sovet və komsomol işlərində işləmişəm. Üç  rayonun partiya komitəsinin birinci katibi olmuşam. Dəfələrlə deputat seçilmişəm. Milli Məclisdə çalışmışam, özü də yüksək vəzifələrdə. İndi durub deyə bilmərəm ki, mən dünyanın hər üzünü görmüşəm. Bu doğru olmazdı. Lakin çoxlu haqsızlıqların, ədalətsizliklərin, münaqişələrin, böhtanların və şantajların şahidi olmuşam. Bu illər ərzində mən xəyalımda dələduz və fırıldaqçı adamların obrazını yaratmağa çalışmışam. Mənim fikrimcə, onlar mənim xəyalımda diribaş, çevik, iti danışan, sövdələşməyi bacaran, qarşısındakı adamları inandırmağı çalışan, yalan vəd verməyi bacaran, yalançı, yalanlarını həqiqət kimi qələmə verməyi bacaran adamlardır.

Elşad Abdullayev də belələrindən biridir. İndi Elşadın çirkin əməllərində Ramiz Mehdiyevin adının çəkilməsi kimlərəsə sərfəlidir. Onsuz da tarix kimin kim olduğunu ortaya çıxaracaq.

Yuxarıda qeyd etdiyim kimi, Ramiz müəllimi 45 ildən çoxdur tanıyıram. O, intellektual bir həyat yolu keçib. Onunla əvvəllər Azərbaycan LKGİ Mərkəzi Komitəsində, sonralar isə Azərbaycan KP Mərkəzi Komitəsində və Prezident Administrasiyasında birlikdə işləmişik. O, ömrünü gənclərin təlim-tərbiyəsinə, respublikanın iqtisadi qüdrətinin möhkəmlənməsinə, xalqımızın mənəviyyatının yüksəlməsinə  sərf edib. Ramiz müəllim nəyə nail olubsa, öz gücünə, öz bacarığına və çalışqanlığına görə nail olub. Əvvəllər gənclərlə işləyib, sonra Moskvada Lomonosov adına Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə bitirib, fəlsəfə elmləri namizədi olub.  Sonralar o, partiya işinə irəli çəkilib. Keçən əsrin 80-cı illərində Azərbaycan KP Mərkəzi Komitəsinin katibi idi, ideoloji işə baxırdı. Bu vəzifədə o, yorulmadan çalışırdı. Milli adət və ənənələrimizin bərpa olunmasında, azərbaycançılıq ideyasının yayılmasında fəal iştirak edir və bu istiqamətdə geniş iş aparırdı. Xalq arasında onun yaxşı nüfuzu var idi. İndi qəzetlərdə oxuyanda ki, Elşad Abdullayev kimisi onu çirkaba bulamağa çalışır, məni heyrət bürüyür. Gör kimə nə deyirlər?  Ramiz müəllim mənim nəslimin o dəstəsinə aiddir ki, onlar yeni nəsil tərbiyə ediblər, vətənimizin abad olunması, xalqımızın irəli getməsi üçün öz canlarını qoyublar, sağlamlıqlarını itiriblər.

Heydər Əliyev onun şəxsiyyətini və işini yüksək qiymətləndirirdi. Elə buna görə də onu Mərkəzi Komitənin katibi vəzifəsindən əvvəl, ən vacib şöbələrdən birinə –təşkilat-partiya işi şöbəsinə müdir təyin etmişdi. Bu şöbə Nazirliyin “beyni” idi. Kadrların seçilib yerləşdirilməsinin taleyi bu şöbədə həll olunurdu. Əslində təşkilat-partiya  işi şöbəsinin müdiri vəzifəsi çox yüksək vəzifədə idi. Şəhər və rayon partiya komitələrinin birinci katiblərinin hamısı ilk növbədə bu şöbə ilə işləyirdi. Mən böyük məsuliyyətlə bildirirəm ki, Ramiz Mehdiyev o qədər təmiz və tələbkar bir işçi idi ki, bütün birinci katiblər təmizliyinə görə ondan çəkinir və onun yanında işdən başqa digər söhbət edə bilməzdilər. Mən bu vəzifədə bir neçə şöbə müdiri ilə işləmişəm. Mən Ramiz müəllim kimi, ikinci bir təmiz təşkilat-partiya işi şöbəsinin müdirinə rast gəlmədim.

Mən bir müddət Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində işləmişəm. Mən birgə iş şəraitində bir daha yəqin etdim ki, keçən illər, dövr və zamanə Ramiz Mehdiyevin əqidəsini qətiyyən dəyişdirə bilməyib. Əksinə, o, kamilləşmiş, insanlarla işləməyin mahir bilicisinə çevrilib, ən başlıcası isə çox səbirli, təmkinli rəhbər işçi olub. Şəhər və rayon icra hakimiyyətlərinin başçılarını biz kuratorlarla birlikdə qəbul edər, onları axıra qədər dinləyər, problemlərinin həllinə operativ köməklik göstərərdi. O, bütün informasiyalara çox həssaslıqla və diqqətlə yanaşırdı.

Hədsiz işgüzarlıq, səriştəlik, qərarların qəbul edilməsində cəsarət göstərmək, insanlara qarşı diqqətlilik, özünə və həmkarlarına qarşı tələbkarlıq, kollektiv qərarların həyata keçirilməsində əzmkarlıq, şəxsi məsuliyyət onun başlıca məziyyətlərdir.

Bir jurnalda oxuduğum Amerika alimi  Hans Selyenin belə bir sözü yadıma düşür: “İnsanlar iki kateqoriyaya bölünürlər; ideoloqlar və icraçılar. İdeoloqlar 2 faizdirlər, icraçılar 98 faizdir. Əgər ideoloqlar icraçıların, icraçılar isə ideoloqların yerində otursalar, bu faciədir. Yaradıcı adam icraçı ola bilməz. Həyatda hər bir adamın öz yeri var. Həmin adamın da,  onun mənsub olduğu xalqın da xoşbəxtliyi ondadır ki, yerində olur.

Elşad Abdullayev bilməlidir  ki, Ramiz Mehdiyev yerində olan adamdır. Onu ləkələmək, ona böhtan atmaq elə də asan deyil.

Heç vaxt yadımdan çıxmaz. Bir dəfə Ramiz müəllim, bizim şöbənin iclasında dedi: “Siz dövlət işçilərisiniz, dövlət məmuru olmaq istedad, zəhmət və bir də cəsarət tələb edir. Bu üç keyfiyyət olmasa, kimliyindən asılı olmayaraq, ondan dövlət işçisi alınmayacaq. Lakin bunlardan üstün, bir də odur ki, dövlət işçisi ədalətli olmalıdır. Ədalət olan yerdə zora, gücə ehtiyac qalmır”.

Bu sözlər elə-belə, söz xatirinə deyilmir. Çünki Ramiz Mehdiyevin özü çox ədalətli adamdır. Haqqı nahaqqa satan adam deyil. Çox yaxşı yadmdadır, Astara rayonunda raykomun birinci katibi işləyərkən bir qrup korrupsiyaçı mənim üstümə düşmüşdü. Onlar sadəliyimdən istifadə edib, məni ləkələməyə çalışırdılar. Aramsız ərizələr, məktublar yazdırırdılar. Bu barədə Mərkəzi Komitənin bürosunda məsələ müzakirə olunarkən, Ramiz Mehdiyev sinəsini qabağa verib dedi: “Səhvə yol verə bilərik. Bu yazılanlar Mərkəzi Komitənin işçiləri tərəfindən araşdırılmalıdır. Yaxından tanıdığımız, kimliyinə yaxşı bələd olduğumuz işçini itirmək cinayətə bərabərdir”.

Namuslu və təmiz adamlar əməyi, işləməyi ömürlərinin, həyatlarının mənası, məzmunu sayıb, ona xoşbəxtlik və səadət gətirən, fərəh və sevinc doğuran mənbə kimi baxıblar. Böyük fransız mütəfəkkiri J.J.Ruso işləməyən hər cür adamı əclaf adlandırırdı. Dahi L.Tolstoy  özünü əməkdən xilas edənləri cinayətkar sayırdı.

Ramiz Mehdiyev daima öz üzərində çalışan zəhmətkeş adamdır. Onun “Gorus 2010: absurd teatr mövsümü” və “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” əsərləri dövlətçiliyimizin möhkəmlənməsinə yönəlib. Bu əsərlər xalqımızda, xüsusilə xalq ziyalılarında böyük maraq doğurub. Çox təəssüf ki, bəzi nadanlar onun nə qədər böyük vətənpərvər, xalqını sevən olduğunu dərk etmək istəmirlər.

Ulu öndərimiz Heydər Əliyev həmişə deyərdi ki, işgüzar və tələbkar adamlardan hamı razı qala bilməz. Doğrudan da belədir. İndi elə bir dövrdə yaşayırıq ki, adamlardan kimisi deputat olmaq istəyir, kimisi vəzifə tələb edir, kimisi isə özünə “isti yer” axtarır.

Şəhər və rayon icra hakimiyyəti başçılarının bəziləri etimadı doğrulda bilmədiklərinə görə işdən azad edilir. Elə adamlar olur ki, yüksək ambisiyalarla yaşayır, könlündən yüksək vəzifələr keçir. Əlbəttə, bu məsələlərin həllində vəzifə borcu ilə əlaqədar Ramiz Mehdiyev az və ya çox dərəcədə iştirak edir. Hamının tələbini ödəmək mümkün deyil, hamıya yaxşı olmaq çox çətindir. Belə vəziyyətdə əlbəttə, ondan narazı qalanlar da tapılır. Qisas almaq istəyənlər Elşad Abdullayev kimilərini ortaya salır, onlardan bir alət kimi istifadə edirlər.

Çox yaxşı yadımdadır, vaxtı ilə Prezident Administrasiyasında işləyərkən açıq-aydın görürdüm ki, aparata təsadüfi düşmüş bəzi nadanlar Ramiz Mehdiyev barədə qəzetlərdə neqativ, onu gözdən salmaq məqsədilə materiallar verilməsinə çalışırdılar və çox vaxt istədiklərinə nail olurdular. Ramiz Mehdiyev kimi vicdanlı və təmiz adam barədə yazı yazdıranların niyyəti onun rəhbərliyinin gözündən salmaq məqsədi daşıyırdı. Bu gün Ramiz Mehdiyevi çirkaba salmaq istəyənlərə qarşı laqeydlik göstərməyin özü cinayətdir. Bu işlərin təşkilatçılarının kimliyi müəyyənləşdirilməlidir. Belə söz-söhbətlər Ramiz müəllim kimi sədaqətli adamları prezidentimizin ətrafından uzaqlaşdırmaqla, onu tək-tənha qoymaq məqsədi daşıyır.

 Ramiz Mehdiyev vəzifəsini vicdanla yerinə yetirdiyi üçün bəziləri onu ləkələyib sıradan çıxarmağa çalışırlar. Çünki o, çoxlarının bəd əməllərinin yerinə yetirilməsinə maneçilik törədir. O, həmişə dövlətə, dövlətçilimizə, prezidentimizə sədaqətlə xidmət edib, vətənə və xalqa qəlbən bağlı olub.

Mən bunları ona görə yazıram ki, həqiqət ən ağır dərdlərə məlhəmdir. Bütün şübhələrin sonudur. Bir çoxları vəzifəni boş şey hesab edirlər. Mən bu fikirlə qəti razılaşmıram. Vəzifə xalqa, millətə xidmət etmək üçündür, kasıb-kusuba dayaq olmaq, əlsiz-ayaqsıza əl tutmaq üçündür, ədaləti bərpa etmək üçündür, vəzifə insanlara iş görmək üçün verilir, ən ağır məqamlarda insanın ümidini qırılmağa, inamını sönməyə qoymamaq üçün verilir.

Bu gün xalqımıza Ramiz Mehdiyev kimilər daha çox lazımdır. Əli yerdən-göydən  üzülənlər Prezident Administrasiyasına gəlirlər. Onun qəbuluna düşən adamlar heç vaxt naümid geri qayıtmırlar. Mən dəfələrlə bunun şahidi olmuşam. Onda ürəyi yanımcıllıq, ürəyi yumşaqlıq, haqqa söykənmək kimi ali keyfiyyətlər var. Belə bir adamı şantaj etmək, belə bir adama böhtan atmaq günahdır. Bəli, Ramiz müəllim düz deyir: Elşad Abdullayevin cəfəng, böhtan, uydurma bəyanatları, görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər.

Cəmiyyətimizdə çoxlu nadürüst, böhtançı, şantajçı, ərizəbaz adamlar var. Belələri özləri haqqında belə bir rəy yaradıblar ki, guya onlar ideal adamlardır, heç kəs onlara bata bilməz. Məsələ ilə yaxından maraqlananda görürük ki, belələri başdan-başa zibil içərisində olsalar da, bəlağətlə hədyan danışmağı bacarırlar. Necə deyərlər, onların dedikləri, tələb etdikləri baş tutmayanda, ayaqlarını azacıq tapdalayan kimi, elə bağırırlar ki, hər şey yaddan çıxır. Təki səsini kəssin, təki baş ağrıtmasın. Nəticədə haqqı və nahaqq məfhumları dolaşdırılır, həyatda belə təsəvvür yaranır ki, ədalət daha çox ucadan qışqırmasından asılıdır.

Deyə bilərlər ki, ləyaqətli adamlar belələrinə özləri baş qoşmurlar, həyalarını qoruyurlar. Əlbəttə, həyat qorumaq yaxşı şeydir, amma söhbət şantajdan, hədə-qorxudan, ümumiyyətlə, ictimai bəladan gedəndə buna heç cür  haqq qazandırmaq olmaz. Bəlaya qarşı hökmən mübarizə, həm də kəskin mübarizə aparılmalıdır. Bəlaya baş qoşmamağın, ona alışmağın özü bəladır. Çünki belə hallarda, cəmiyyətin özü mənəvi cəhətdən sarsılır və həyatda sağlam mühitdə yaratmaq xeyli çətinləşir.

Vacib bir məsələyə də toxunmaq istəyirəm. Tez-tez deyirlər ki, bizdə internet azadlığı var. Lakin bu azadlıqdan sui-istifadə edib, qisas almaq məqsədilə adamların şərəf və ləyaqətini alçaldan yazıların internetdə yerləşdirilməsini heç də azadlıqdan xəbər vermir.

Ləyaqətsizlik və şərəfsizlik kütləvi şəkil alanda ona qarşı durmaq bilə-bilə ölümə getməkdir. Ən böyük hünər özünü çirkabdan qorumaqdır.

Nə yaxşı ki, Ramiz Mehdiyev kimi təmiz və ədalətli insanlar var. Onlar biz adamların qarantlarıdır. Yaşasın ədalətin və haqqın keşiyində dayananlar.

 





11.12.2012    çap et  çap et