525.Az

Ovcumda ölən quş, dinc durmayan solçular və anamın yeməkləri...


 

Ovcumda ölən quş, dinc durmayan solçular və anamın yeməkləri... <b style="color:red"></b>

“Siz bizdən daha çox türksünüz”

Rubrika: “Sizə salam gətirmişəm”


Türkiyədə tələbə həyatı yaşayan gənc yazar Mirbəhram Əzimbəylinin növbəti reportajı Ankaradakı Orta Doğu Teknik Universitetindəndir.

***

Hazırda oxuduğum təhsil ocağından, Türkiyənin ən məşhur ali məktəbləri sırasında yer alan Orta Doğu Teknik Universitetindən yazacam. Elif Şafakın da məzunlarından olduğu, ODTÜ kimi tanınan universitet 1956-cı ildə Türkiyənin keçmiş baş naziri Adnan Menderes tərəfindən Ankarada qurulub.

Böyük bir ərazini əhatə edən universitet şəhərciyi solçu gəncliyin Ərdoğan hakimiyyəti zamanında belə ağ bayraq dalğalandırmadığı səngər funksiyasını daşıyır. Burada vaxtaşırı müxtəlif aksiyalara şahid olursan. Müxtəlif tələbə birlikləri bəzən bir-biriləri ilə üz-üzə gəlirlər. Tələbə qrupları hətta polisə də sərt müqavimət göstərir, daş, dəyənək və yumruqlarla küçə savaşına çıxmaqdan çəkinmirlər. 

Bu yaxınlarda da belə bir hadisə baş verdi. Şəhərciyin əsas girişi olan “A-1” qapısından hakim AKP-nin binasına yürüş edən üz-gözləri şərflərlə örtülü bir qrup tələbə polis müqaviməti ilə üzləşdi. Tələbələr etiraz əlaməti olaraq ODTÜ təhlükəsizlik işçilərinin nəzarət məntəqəsini yandırdılar. Hər tərəf dumana büründü... 

Həmin vaxt kitabxanada idim. Burada özünü bütün bu proseslərdən uzaq hiss edirsən, burada fərqli bir aura olur: biri özünü dərsliyə gömüb, başını heç qaldırmır, sanki gözlərini vərəqlərdəki yazılardan bircə an çəksə, hansısa qüvvə onu
lənətləyəcək, başqa bir qız eynəklərinin arxasından uzağa baxır, gözləri kədərli və gözəldir.

Dostlarımdan biri deyir ki, gərək kitabxanada gözəl qızların dərs oxumasını qadağan etsinlər, yoxsa fikrim yayınır, şeir yazıram. Kitabxananın alt mərtəbəsində isə namaz otağı yerləşir. Namaz otağında dini kitablar da var. Alınların təri ilə islanmış möhürlərin nurçuluğun əsas təlim mənbəyi sayılan Səid Nursi əsərlərinin önündə qoyulması həmişə diqqətimi cəlb edib.

Namaz otağının açıq qapısından hər zaman eyni səslər gəlir: “La ilahə illallah”, “Namaz girib?” və s. Mən şəhərciyin girişindəki aksiyadan yalnız yeməkxanada xəbər tuta bildim. Yeməkxana ilə kitabxananın arası cəmi beş dəqiqədir...

***

…Əgər Bakıdan yenicə pul göndərilibsə, sən, qətiyyən, bura gəlməzsən. Yox, əgər ayın sonudursa, uşaqlardan borc alıb qarnını doyurursansa, bu yeməkxana ideal yerdir. Məndə də bəzən belə olur. Qarşımdakı yeməyə baxa-baxa xəyallara dalıram. Anamın bişirdikləri gözümün önündən keçir. Mənim bu halımı görən yeməkxanadakı aşpazlardan birinin söylədikləri heç vaxt yadımdan çıxmır: “Kardeş, burası Azərbaycan deyil, yağlı, etli, öyle bol kıymalı yemek bulamazsın. Annenin yemeklerini çok ararsın sen Ankarada...” 

***

ODTÜ-də böyük, lakin minarəsiz bir məscid var. Bayram və cümə namazları burada
qılınır. Bu il Azərbaycandan uzaqda ikinci qurban bayramını keçirdim. Bayramın birinci günü səhər tələbə dostum Orxanla namaza getdik. Allahı andıq, üzümüz Allaha sarı! Sonra bizimlə birgə namaz qılan bir ərəb, bir pakistanlı, bir türk, bir qazax, bir kürd ilə qucaqlaşdıq, bayramlaşdıq. İnsanlar sevinirdilər. Məsciddən çıxanda Orxan mənə dedi ki, indi hər yer daha işıqlı, tərtəmiz görünür. Yataqxanaya tərəf gedərkən yol üstü çarşıya dəymək istədik. Sağlık Mərkəzinin önündən keçirdik ki, bir səs eşitdik: “tapp”. Damdan kiçik bir quş düşmüşdü yerə. Sağ əlimə aldım, isti idi. Ürək döyüntülərini ovcumun içində duyurdum. Quş bədənini tərpədə bilməsə də, qanadlarını açmağa çalışırdı. O ölmək yox, uçmaq istəyirdi. Dostumun dualarını eşidirdim: "Ölmə, qurban olum sənə, ölmə..." Bir neçə dəfə dimdiyini araladı. Ağzından canının səsi gəldi. Saata baxdım, sadəcə qırx iki saniyə çəkdi, quş yoruldu…öldü. 

*** 

Bu universitetdə hər tələbənin bir məsləhətçi müəllimi var. Bu müəllimlər dərslərin təsdiqlənməsi işi ilə məşğul olurlar. Dərs ili başlayanda məsləhətçi müəlliməmin yanına getdim və həyatımın ən qəribə dialoqlarından birinə şahid oldum:

- Merhaba, hocam.

- Sən kimsin? Niyə gəldin?

Təəccüblənirəm. Həqiqətən, mən kiməm, mən bura niyə gəlmişəm? Özümü birtəhər ələ alıb cavab verirəm:

- Bən Mirbəhram. Dərsləri “onaylatacağım.”

- Sən niyə dərs onaylatıyorsun?

Fikirləşirəm, iyirmi min tələbə dərs təsdiqlədir, mən də onlardan biriyəm. Amma cavab verə bilmirəm. Səssizlik...

- Hangi dersi onaylatacaksın?

- Türkçə, “105” dərsini, hocam...

- Sen yabancımısın?

- Evet...

- Nə yabancısısın?

Sualı başa düşə bilmirəm.

- Anlamadım hocam..

- Nerelisin?

- Azərbaycanlıyım.

- Eminmisin?

- Evet, eminim.

- Azərilər sarışın olmaz ki amma...

- Hocam ben Karabağlıyım. 

- Tamam o zaman...

- Tamam...

*** 

ODTÜ-də insanlar Azərbaycan haqqında kifayət qədər məlumatlıdırlar. Tələbələr də Azərbaycan ilə bağlı bir çox məsələni bilirlər. ODTÜ-də təhsil alan bir neçə türk tələbə yoldaşıma “Azərbaycan deyiləndə ağlınıza nə gəlir?” sualını verdim. Müxtəlif cavablar aldım. 

1-ci kurs tələbəsi Zehra:

“Azərbaycan deyiləndə ağlıma “balam” sözü gəlir. Siz bizdən daha çox türksünüz. Siz dilinizi qorumuşsunuz, milli adət-ənənələriniz də dəyişməyib. Təəssüflər olsun ki, biz Amerikanı, Avropanı yamsılamağı sevirik. Salam olsun, gözəl Azərbaycana!

3-cü kurs tələbəsi Kağan:

“Azərbaycan deyiləndə ağlıma milliyətçilik gəlir. Sizin insanlar çox millətçidirlər, məncə buna bir o qədər də ehtiyac yoxdur. Biz xalqların qardaşlığından danışırıq. Lakin sizin dostlarınız bir milləti büsbütün özlərinə düşmən eləməyə də hazırdırlar. Azərbaycana sülh dolusu salamlar...”

Hal-hazırda təhsilini müvəqqəti olaraq Amerikada davam etdirən Səlçuk
Sunay:

“Azərbaycan deyiləndə ilk öncə yadıma Qarabağ düşür. İşğal altında olan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən dərhal tərk edilməsini diləyirəm. Keçən yay Azərbaycanda olmuşam. Qardaş ölkədə keçirdiyim hər an dəyərli idi. Bakıda Şəhidlər Xiyabanı mənə çox təsir elədi. Şəhidlərimizə layiq bir abidədir. Dövlət bayrağı meydanı da çox xoşuma gəldi. Azərbaycana bir daha getməyi çox istəyirəm. Gəzməli-görməli yerləri çoxdur. Salam olsun, Azərbaycan!”

lent.az

 





11.12.2012    çap et  çap et