525.Az

Lüksemburqda rəssamlarımızın sərgisi olacaq


 

Lüksemburqda rəssamlarımızın sərgisi olacaq <b style="color:red"></b>

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi iyunun 15-dən 20-dək Lüksemburqda “Odlar yurdunun min bir rəngi” adı altında Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərgi təşkil edəcək.

Bu barədə 525.az-a birliyin sədri Şəhla Nağıyeva məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən sərgidə gənc rəssamlardan Nərminə Vəlieva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş olunacaq.

Avropanın mərkəzində təşkil ediləcək bu mədəniyyət tədbirinin təşkilində məqsəd Avropalıları Azərbaycanda gedən sürətli iqtisadi inkişafla bir daha tanış etmək, ölkəmizin gözəllikləri, tarixi abidələri, mədəniyyəti və incəsənəti barədə aydın təsəvvür yaratmaqdır.
 
“Qədim Bakı”, “Qız qalası”,”Qobustan”, “Azərbaycan gözəlləri", “Azərbaycan xalçası”, “Üzeyir Hacıbəyli”, “Qarabağ atları”, “Şuşada yaşayış evləri”, “Xudafərin körpüsü” və s. Lüksemburqda nümayiş ediləcək rəsmlərin tam olmayan siyahısı belədir.

Adlarından göründüyü kimi bu rəsm əsərləri ölkəmiz barədə kifayət qədər ətraflı təsəvvür yarada biləcək, Azərbaycanın təbliği və tanıdılması istiqamətində addım olacaq.

Ş.Nağıyeva bildirib ki, sərgi ölkəmizdə ilk Avropa oyunlarının keçirildiyi günlərə təsadüf etdiyindən, rəssam qızlarımızdan xahiş etdik ki, bu mövzuda da rəsmlər çəksinlər.
 
Hesab edirik ki, onların “Baku 2015. Avropa oyunları” mövzusunda işlədikləri rəsmlər də tamaşaçılarda maraq oyadacaq, həmin günlərdə Bakıda yaşanan böyük beynəlxalq idman sevincini bir daha xatırladacaq.

 





08.06.2015    çap et  çap et