525.Az

Modernist şair (Adil Mirseyidin 60 yaşına)


 

Modernist şair<b style="color:red"> (Adil Mirseyidin 60 yaşına)</b>

Adil Mirseyid altmış yaşına gəlib çatdı. Bu yaş-ömrün bu çağı onun üçün zirvə sayıla bilər. Zahirən qocalıb. Görünüşü bir ağsaqqal görkəmi timsalındadır. Amma söhbət şair ömründən gedirsə, o, hələ ekvator xəttini keçir. Dünya hələ bütün heyrətləri, sevincləri, ağrıları ilə bu ömrü davam etdirir. Dünya bu şairə verdiyini-ilahidən bəxş etdiyi o poetik istedadı  zərrə-zərrə ondan-onun cismindən, canından qoparmağa çalışır.  Dünyanın bu Adil Mirseyid deyilən bəndəsi yazdığı yazacağı şeirlərlə  həmin o şərəfli missiyanın yolçusudur.

Dünən , bu gün Adilin şeirləri barədə professional söhbətlər gedir. O. artıq yaradıcılığı ilə bütün mübahisələrdən, bütün inkarçı fikir mülahizələrdən, şübhə tərəddüdlərdən xilas olmuşdur. Kimsə onun qarasına deyinə bilər, lakin bunların şair Adil Mirseyidin şeirlərinə heç bir dəxli yoxdur. Başqa birisi Adili tərifləyib göylərə qaldıra bilər, onda olan yaxşı sifətləri tərifləyib ideallaşdırar onu, bu təriflərin Adilin şeirlərinə heç bir dəxli yoxdu. Bir başqası Adilin maddi cəhətdən sıxıntı çəkdiyini, Ağdaşdan götürüb gəldiyi ailəsini normal bir otağa-evə yerləşdirə bilməməsini, bəlkə elə bu səbəbdən paltosunun içində sıxıla-sıxıla gəzməsini əlində bayraq eləyir, kimlərisə günahlandırır. Ancaq bunun da Adilin şeirlərinə heç bir dəxli yoxdur.

Adil Mirseyid şairdir, etmək, “şair olan qəm yeyir”.

Müasir Azərbaycan poeziyasında Adil Mirseyid heç kimə bənzəmir-Adil Mirseyidə bir kimsənin bənzərliyini hiss etməmişəm.  Vağzallarından tanınır şəhərlər”-bu, Adilin misrasıdır.  Adil öz şeirlərindən tanınır.  o dərəcədə tanınır ki, bu şeirlərin qoxusunu, rəngini, səsini belə hiss edirsən.

Ağaclar bu yazı da

bayram etdiyi gündə,

bir pəncərə önündə,

üz-gözündə sayrışan,

göz yaşına qarışan

qara sevda damlaları

çırpınır Ay işığında.

Kimdi bu bəxtəvər,

cənnətə düşüb-

göydə bədrlənmiş Ay,

solunda bəyaz mələk,

sağda Adil Mirseyid.

Bəs sən hardasan, könlüm,

hardasan,qönçə gülüm?..

Şükür, şükür bu gün

bizdən yan keçdi ölüm..

Adilin şeirlərində rəssamlıq duyğusu çox güclüdür, bunu onun şeirlərindən söz açanlar dönə-dönə qeyd ediblər. Bəziləri bu cəhəti onun rəssamlığı ilə bağlayır.Amma mənim fikrimcə, bu cəhət Adilin peşəkar rəssamlığından yox, elə şairliyindən gəlir. Adilin elə şeirləri var ki, doğrudan da, bu şeirlərdə sözlər rəng içindədir, şeiri oxuyub qurtardıqdan sonra qarşında bir tablo görürsən. Məsələn:

Toğrulun hər tablosundan

eyni  bir nar gülümsəyir

hər tabloda eyni narın qırmızısı

müxtəlif notda

qırmızı-alt,

qırmızı-tenor,

qırmızı-soprano

bəzən sehrli çıraq olur gülümsəyən nar

çox iri gözlü bir uşağın əlində-

uşağın gözlərində o narın parıltısı

uşağın dodağında o narın təbəssümü.

..Toğrulun rəsmini çəkmək istəsən

sən qollu-budaqlı çinar çək

amma unutma, qardaş

Toğrul yüz illik çinar da olsa

Budaqları nar gətirəcək.

Akvarel”, “Mircavadın rəsmləri önündə”, “Bəyaz qadının portreti”, “Bənövşə rəngli axşam s. bu qəbildən olan şeirlərində Adilin rəssamlığı daha çox gözə görsənir, Adil bu şeirlərində gördüklərini kətan üzərinə köçürür. Amma Adil sözlə rəngi fərqləndirməyi bacarır, onun sözlə çəkdiyi rəsmlər təbiətin öz rəngləridir. Amma bir var şairin öz içindəki rənglər: qüssə, sevinc, dərd, ehtiyac, nifrət.

Axşam düşür yalqızam

Qar üstündə çılpaq ağac kölgəsi

Qar üstündə iz salmadan gəlir qəm,

qüssə

Bütün günü yağdı qar

gündü namərd dostlar

ürək-dirək verir mənə çılpaq ağac.

buz bağlamış göl kimidi sənin gözlərin

mən pul borc almaq üçün yox

sənə şeir oxumaqçın döymüşdüm qapını.

  ŞeirEtüdadlanır. Ancaq bu peyzaj təəssüratı verən etüd deyil, insan laqeydliyinin mənzərəsidir. Bəlkə bu laqeydliyi-”buz bağlamış göl kimidi sənin gözlərin”-hər hansı rəssam öz tablosunda canlandıra bilər, ammamən pul borc almaq üçün yox, sənə şeir oxumaqçın döymüşdüm qapını”-bu hissi, bu duyğunü heç cür rəsmə çevirmək olmaz. Bu baxımdan Adil Mirseyidin şeirlərində rəssamlığın şairliyə yox, şairliyin rəssamlığa təsirindən söz açmaq olar.

Önjə söylədim ki, Adil Mirseyid müasir Azərbaycan poeziyasında heç kimə bənzəmir. Ancaq dünyada elə şair yoxdur ki, onun poeziyasında hansı şairlərdənsə gələn təsir dalğaları hiss edilməsin. Təbii ki, bu təsir dalğaları genetik ötürücü rolunu oynayır.Bu mənada Adil Mirseyidin şeirlərində çağdaş Azərbaycan türk poeziyasının ən yaşarı ənənələri ilə üzləşirsən. Hardasa onun bir şeirində Nazim Hikmətdən, başqa bir şeirində Rəsul Rzadan, digərində Vaqif Səmədoğludan nəsə oxşayış hiss edə bilərsən, amma bu mexaniki oxşayış deyil, eyni poetik ruhdu ki, şairlərdən şairlərə, şeirlərdən şeirlərə keçə bilir.

Adil Mirseyid əsası Rəsul Rza tərəfindən qoyulan Azərbaycan modernist şeirinin gözəl nümunələrini yaradan şairlərdəndir.

Modernist şeirin mahiyyəti barədə çox fikirlər söylənilib. Qısaca belə izah edək: modern şeir maksimum dərəcədə ənənəvilikdən qaçmaq, şeirin təzə ifadə çalarlarını, obrazlar epitetlər yaratmaq, dünyaya, gerçəkliyə münasibətin reallığı əks etdirmənin yeni poetik formalarını ərsəyə gətirmək deməkdir. Modern şeirdə gördüyün dünya sanki sənə təzə görünür. Şairin aşıladığı hisslər, duyğular sənin üçün təzədir. Təbii ki, həmişə şeirin təzəsi, artıq öz ömrünü başa vurmaqda olan yaxud hələ yaşamaqda davam edən şeirin köhnəsiylə mübarizədə diqqəti cəlb edir. Adil Mirseyidin bir çox şeirləri artıq bu mübarizədə qalib görünürlər. Yəni Adil Mirseyid üslubu bir çox trafaret şablonları qırıb, özünün bu poeziya məkanında yaşatmaq hüququnu təsdiqləyib..

Qeyd edək ki,Adil Mirseyid ədəbiyyata səksəninci illərdə gəlmişdi, amma bir modernist şair kimi formalaşması özünü təsdiq etməsi doxsanıncı illərdən başladı.

kətanda bəyaz qadın;

bəyaz qadın bəyaz saçlı,

kipriyi nəm, gözü yaşlı.

xəyalı, yuxusu, ömrü, arzusu,

keçdiyi yol, ruzusu,

təbəssümü bəyaz,

ölümü bəyaz...

yandırır məni göz yaşım,

bu bəyaz qadın anamızdı, qardaşım...

Beləcə Adil, “sərxoş qış gecəsinin, axşam tənhalığının da, Toğrul Nərimanbəyovun nar ağacının da, bədirlənmiş ayın darəsminiyaradırdı. Ancaq bu rəsmlər hisslərin, duyğuların rənginə boyanmışdı. Bu tipli şeirlərdə tədricən modernist cizgilər boy atırdı, amma hələ tam deyildi. Doxsanıncı illərdə yazdığı şeirlərində isə Adil Mirseyid artıq bir modernist şair kimi diqqəti cəlb edir, onun şeirlərindəki təzəliklər ən çox bənzətmələrdə özünü büruzə verir. Ay işığını fil sümüyü rənginə, yaxud pəncərədəki kəpənəyə bənzətmək-bu təzədir.

pəncərədən baxıram

astanada oturub

siqaret çəkir kölgəm.

bir gül ləçəyi altında

ölmək istəyirəm mən

öldüyümü bilmədən

yenə ovutdum könlümü

bir göyərçin gözlərində

dünya gəlir ağlıma.

Bunlar assosiativ təfəkkürdən doğur. Əgər bizim düşüncəmizdə, qavrayışımızda bu tipli şeirlərdəki mənalar, obrazlar dərhal naməlumluqdan məlumluğa çönürsə (məsələn, dünyanı bir göyərçin gözlərində görmək kimi, yaxud başqa bir görünüş: pəncərədən baxıb öz kölgəsinin astanada siqaret çəkdiyini seyr etmək) bunlar get-gedə qavrayışımızda qeyri-adilikdən adiləşməyə üz qoyursa, bu, təbii ki, modernist şeirin qələbəsidir.

Bilirik ki, modernist şeirin Vətəni Avropadır, amma Şərq şairləri bu modernizmi qəbul edərkən çox zaman öz milli stixiyalarından çıxış edirlər.Yəni Avropa modernizmi ilə şərqli baxışı birləşir. Məsələn, Adilin bir şeirində  (“Elçin Əfəndiyevə məktub”) Şərq şairinin Parisdə yaşayırmış kimi keçirdiyi düşüncələr əks olunur, özünü yaşadığı şəhərdə parisli sanan bu şərq şairinin əhvalı bizə tanışdır.

dəli-divanə elədi məni

itirilmiş umudların həsrəti

ürəyim parçalanır axşamlar

ah kafirlər məmləkəti

ah kafir adamlar hamınız qəhr olasız

bir şair yoxmu aranızda

güllələsin məni

budaqda portağal kimi

parıldayır bir umud

oğlum, pəncərəni.

Bu şeir xalis Şərq modernizmi nümunəsidir, necə deyərlər, Vətəni Azərbaycan, müəllifi Adil Mirseyid.

Onu da qeyd edək ki, Adil Mirseyid modernist təmayülün yeni dalğasını poeziyaya gətirməkdə mühüm rol oynadı. Tənqidçi Cavanşir Yusifli yazır ki, Adil Mirseyid Salam Sarvanın şeirlər kitabına belə bir şəkil çəkib: saatın əqrəblərinə ağır bir kilid vurulub, bu məngənə içində olsa-olsa vurnuxmaq olar. Bu rəsmin aşıladığı ovqat hamıdan qabaq Adilin özünün poetik təfəkkürünə aiddir.  Adil ondan sonra ədəbiyyata gələn bir çox şairlər  məhz sükutun səsini yazmağa, ifadəsi mümkün olmayan şeylərin ifadəsinə çalışmağa can atırlar.

Adil Mirseyid 60 yaşındadır, rəssam şair kimi yoluna davam edir. Dünya Adil Mirseyid üçün hələ bitib-tükənməyib, Adilin dünyaya verdiyini söyləmək olar. Amma dünyanın Adilə verəcəkləri gələcəyin işidir.

 





17.12.2012    çap et  çap et