525.Az

Çil-çil toyuq (hekayə)


 

(“Balaca həyətin həngamələri” silsiləsindən)

Çil-çil toyuq <b style="color:red">(hekayə)</b>

Əsl mərəkəydi. Toyuq-cücənin haray-həşiri həyəti başına götürməmişdimi, götürmüşdü. Onlara baxıb çəpərə qısılı pəyədə tənha qoyun mələyə-mələyə özünü ora-bura çırpırdı,  amma ona fikir verən yox idi. Qaşları ciddi-cəhdlə düyünlənmiş arıq, inadcıl oğlanın əlindən canını götürüb həyəti qıy vura-vura neçənci dəfə yanpörtü dövrələmə qaçan, bəzən isə az qala qanad açıb uçan, uçan zaman həyətin ortasındakı qocalmaqda olan alma ağacının yerlə sürünən bir-iki budağına tüklərini yolduran Çil-çil toyuğun dəhşətli qaqqıltısı həyətdə pərən-pərən düşən bütün o biri toyuqların da canına vəlvələ salmışdı. Hərəsi bir tərəfə dürtülüb bu anlaşılmaz müsibətdən canını qurtarmaq istəyir, başqa vaxt təşəxxüslə gəzib  onlara gün-dirrik verməyən xoruzlar isə indi hamıdan qabaq sivişib aradan çıxırdılar. Amma xoruzlarla da heç kimin işi yox idi. Oğlanın gözünü qan tutmuşdu, nəydi, heç gözünə görükmürdü bir Çil-çil toyuqdan başqa.  Niyə, niyəsini özü bimirdi. “Nıxdediyini deyənlər kimi eləcənə Çil-çil toyuğun dalınca belədən-belə, elədən-elə şütüyürdü.

Bu dəfə toyuğun dalınca boş, qara çəlləyin yanından yanakı qaçan yerdə müvazinətini saxlaya bilməyib dizi üstə yerə yıxıldı. Çəllək su çəlləyi idi həyətin arxa, tikənli çəpərinə sıxılmış quyunun ağzınacan gedən, ora-burasına çay daşı basılmış cığırın üstündə iki gün idi ki, böyrü üstə çevrilib eləcənə qalmışdı, götürüb kənara qoyanı yoxdu. Çil-çil toyuq yenə bərkdən qaqqıldayıb çəlləyin üstündənbudurannıquş kimi atılıb uçmadımı, uçub getdi düz quyunun ağzında ancaq yerə dəydi. Yerdən qalxıb qanadlarını çırpdı, heç olmayıbmış kimi sağa-sola əsl qəhrəmanlar kimi şəstlə gəzişməyə başladı. Həyatına bir az bundan əvvəl amansızcasına qəsd edilməsini bir anın içində unutdu.

Vəliş yıxıldığı yerdən dikəlib ufuldaya-ufuldaya çəlləyin üstünə oturdu, özündən üç-dörd metrə o yanda, quyunun yanında ondan gizlənməyi ağlına belə gətirməyən Çil-çil toyuğa nifrətlə baxdı. Vəlişin dizi bərk sıyrılmışdı, amma yara ki, hələ isti idi, elə bərk göynətmirdi. Hirsindən rəngi ağardı, dişini-dişinə sıxdı, “sən ki, məni beləcənə xınc elədin, sən toyuq ol, mən mən, indi ölsəm səni tutub bıçaq altına verəcəm.” Vəliş bu dəfə, guya ki, hiyləyə əl atdı, ayağını çəkə-çəkə Çil-çil toyuğa oğrun-oğrun, yavaş-yavaş yaxınlaşmağa başladı.

Fərasətin yoxdu, a bala, sənin fərasətin yoxdu, sən elə şeir dalınca şeir yaz. Bir ölüvay toyuğu tuta bilmirsən...

Nənəsi evin həyətə açılan aynabəndində Nuh əyyamından qalmış bir taxtda oturmuşdu. Bayaqdan onun toyuqlarla əlləşməsinə deyinə-deyinə tamaşa eləyir, hərdən başınıeh... hayıf, hayıf...” deyə yırğalayırdı. Çil-çil toyuq onun sevimlisi idi. Vəlişin bu boyda toyuq-cücənin içində məhz Çil-çil toyuğu seçməyi, onun dalınca ora-bura qaçmağı Xeyransa arvadı xeyli pəjmürdə eləmişdi. Vəliş yaşlanmış, amma hələ canı sulu nənəsinin deyingən səsini aynabənd tərəfə baxmasa da qulaqlarında apaydın eşitdi hikkəsindən bu dəfə üzünün rəngi qapqara oldu. Aralıdan onun halına baxan Xeyransa arvad daha dözmədi, yerindən dik qalxıb evin içinə keçdi. Hava sərinləyirdi.

Çil-çil toyuq Vəlişlə öz arasında bəlli bir məsafə saxlayırdı, yanpörtü baxıb Vəlişin hər hərəkətini izləyir, imkan vermirdi ki, Vəliş ona tutula biləcəyi məsafədən daha çox yaxınlaşa bilsin.

Sən mənnən zarafat elirsən?! Gəl, gəl yanıma, səni tutub başını yavaş-yavaş kəsəcəm, elə rahat olassan, elə rahat olassan, gəl, gəl... – Vəliş çalışıb səsinin qorxulu çıxmaması üçün bu sözləri hətta gülməli bir nəvazışlə deyirdi. Çiyninə qara, yun şalını salıb təzədən aynabəndə çıxan nənəsi bu dəfə əli ağzında qalmışdı, yenə  hayıfsılana-hayıfsılana başını yellədi.

Çil-çil toyuq Vəlişin bu hiyləsinə uydumu, buna da uymadı. Vəliş qədər ehtiyatla ona yaxınlaşmağa çalışsa da,  toyuq bayaqqıyvurub yenə Vəlişin ayaqlarının arasından sivişib çıxdı, uça-uça gedib bu dəfə məğrurcasına cigır üstdəki çəlləyin üstünə qondu. Ancaq indi Vəliş dizinin tam gücüylə göynəməsini hiss elədi, “ufeləyib özünü quyunun yanındakı kətilin üstünə verib oturdu, ayağının sıyrılan yerinin ora-burasını diqqətlə gözdən keçirməyə başladı.

Nənə, ay nənə, nolar, ordan məə yod gəti dəəə... — Vəliş nənəsinə səs elədi.

Bir az keçdi, Xeyransa arvad əlində yod qabıyla bir çimdik pambıq yanını basa-basa deyinə-deyinə quyunun yanına gəlib yetişdi:

Noldu, a şair, bu bir dənə zavallı toyuğun əlində girinc olub qaldınmı?! – Vəliş anlamadı, nənəsi bu sözləri deyə-deyə onu ələ salır, yoxsa onun əzvaylığına hayıfsılanıb belə danışır.

Asandı? Bax bir nooldum... Yavaaaş!.. — Vəliş dizini nənəsinə göstərəndə Xeyransa arvad pambığı yod qabının içinə batırıb ehtiyatla Vəlişin yarasına basdı. Gədənin ufultusu göyə çıxdı.

Vay. Vay... Erməni qan gördü. Sus, sus, sən Allahın, ayıbdı. Kərəmgil hasarın o tayından eşidər, sənə qız verməz. Bir toyuğun əlində qaldın, amma şeir yazıb qızları yoldan azdıra bilirsən. sabah mən olmayım, toyuğunuzu kum tutacaq, ağzısüddü Sədaqət tutacaq?!?!

Görmürsən yıxıldım?! Tutulası zibildi bu?!

Heç olmaz. Sən qanını qaraldıb eləmə. Gələllər, bir istəkan çaylarını içəllər, gedəllər. Məndən daha toyuq-plov istəmə. – Xeyransa arvad hər ehtimal lağım atdı, “görən, bu fərsiz indi deyəcək?!”

Nənə...

təhər olsun, yaxşı, sən tutdun, mən kəsib bişirmədim, hıı?.. təhər olsun bu?! —Xeyransa arvad sözünü hirslə desə , ürəyində Çil-çil toyuğun tutulmamasına rahat-rahat sevinib dururdu.

Nənə, axı mən bu adamlara söz verdim... Niyə sən məni bunların yanında biyabır elirsən? Axı qızın böyük qardaşıdı. Axı qonaq gəlib... Mənim ixtiyarım yoxdu ki, onu bir-iki dostuyla evə yeməyə çağırım?! Vallah, mən başımı götürrəm, bu evdən çıxıb gedərəm... — Vəliş bu sözləri şeir kimi odlu-odlu deyərkən gözaltı Xeyransa arvadı süzdü.

Söz verdim, söz verdim... Bunun fərasətinə bax, Bakıdan gələnlərə söz verməyinə bax... Evə qonaq çağıran olub...— Xeyransa arvad astaca, öz-özünə mızıldandı, üzü-gözü qaraldı. – “Evdən çıxıb gedərəm...”

Vəliş nənəsinin təhər-tövründən, sözü deməyindən başa düşdü ki, məsələni həll edə bilib, nənəsi özü toyuğu tutub plovu bişirəcək. Nişanlısı Sədaqətin Bakıda həkimlik oxuyan qardaşı Valehi onunla bir yerdə kəndə qonaq gəlmiş iki dostunu böyük kişilər kimi, ərklə ki, sabaha evlərinə dəvət eləmişdi, Allah onun qoca nənəsindən razı olsun, Vəliş evin böyüyü kimi onlara toyuqlu plov qonaqlığını verə biləcək. Bu dostlardan biri Vəliş üçün göydəndüşmə idi. Bakıda hərdən-birdən şeirlər, hekayələr çap eləyən məşhur “525-ci qəzet işləyirdi. Bu gün səhər Valehgilin evində tanışlıq əsnasında Valeh dostlarına başını yelləyə-yelləyə açıq-aşkar istehzayla belə demişdi:

Bizim yeznəmiz ki... məktəb qızlarına cürbəcür şeirlər yazır, baxma, yaxşı da yazır.

 Özünüqələm adamıkimi təqdim edən Sərtqaplanınqonaq gələn dostlardan birininbu sözləri eşidib gözləri bic-bic qıyılmışdı. O, Vəlişin sədaqətli baxışından xumarlanıb belə demişdi:

Oxumaq pis olmazdı... verər, oxusaq?!

 Elə bu zaman qonaqların qabağına çayları qoyan Sədaqət qardaşının sözlərini eşidib pörtmüşdü. Valeh bunu görüb dodağını dişləmiş, tez dediklərini zarafata salmışdı:        

Amma day elə şeirlər yazmır. Day vətənpərvər mövzuda yazır. Elədi, Vəliş?

Qulaqları çuğundur kimi qızaran Vəliş ürəyi ata-ata, altdan-altdan Sədaqətə baxıb Valehin sözlərini başı ilə təsdiq eləmişdi, “, elədi...” Yadına isə bu zaman indi ona çay verən Sədaqət yox, elə dünənləri uçuq çəpərin o biri tərəfində duran Sədaqət düşmüşdü. Çəpərin o tərəfində durub qız onun dediklərini, elə bil, eşidirdi, amma anlamırdı. O isə Sədaqətin məlul-məlul baxan gözlərinin düz içinə tapança gülləsi kimi bu misraları sıxırdı:

Ürəyində saxlasan

Xatırlamayacaqsan.

Xatırlamaq istəsən,

Ürəyindən sil məni...

Misraların arxasında isə qorxa-qorxa bu dikbaş sözlər gizlənmişdi: “İstər illah edirsən et, mən çıxıb şəhərə gedəcəyəm. Getməsəm, ürəyim partlar. Səni sonra gəlib özümlə aparmasam, mən heç atamın oğlu deyiləm...”

Çox qəribə bir oldu. Bir göz qırpımında uçuq çəpərin yanından qayıdıb gələn indi onun qabağına çay qoyan Sədaqətin vücudunda əriyən dünənki Sədaqət Vəlişin gözünün içinə baxa-baxa o gün vermədiyi cavabı öz balaca, kişmişi gözlərilə bu gün verdi belə dedi: “Xatırlamayacağam. Ürəyimdə saxlayacağam. Heç vədə səni mən xatırlamayacağam...” bu sözləri Sədaqətin gözlərindən oxuyub özü bilmədi ki, Vəliş ürəyi niyə birdən-birə sıxıldı.

...Vəliş nənəsi sarıdan lap arxayın olmaq üçün bu dəfə səsininpadxalimyerinə saldı:

Nənə, başına dönüm, nolar xoruz kəsmə, elə Çil-çil toyuğu kəs, nolar... Könnümə o düşüb.

Sən bir buna baxırsan?! Yaxşı hələ, tərpətmə ayağını görüm...

Xeyransa arvad dodaqaltı söylənə-söylənə çöməlibah, uff ...” eləyən Vəlişin dizinə bayaqdan ki, ehtiyatla yod sürtürdü, bu dəfə var gücüylə yodlu pambığı necə basdısa gizildəyən təzə yaranın üstünə, gədənin cızdağı çıxdı, gözündən yaş gəldi. Amma nənəsinin xoşuna gəlməyə çalışdı, bu dəfə özünü təhər tutdusa, cınqırını çıxarmadı. Xeyransa arvad gözünə həqiqi yaş, dodağına isə yalançı əyri təbəssüm gəlmiş Vəlişi tərs-tərs süzübevdən çıxıb gedənə bax...”, dərindən birYa Allah!” dedi, sonra əllərini dizinə basaraq çöməldiyi yerdən ağır-ağır dikəldi, gözlərini ora-bura gəzdirdi. Çil-çil toyuğu axtarırdı. Çil-çil toyuq bu dəfə həyətin o biri başına, təndirəsərin yanına gedib çıxmışdı. Dimdiyilə torpaqda nəsə eşələyib qurddalayırdı. Amma bir gözü yanpörtü bunlarda idi. Xeyransa arvad kefinin kök vaxtlarında olan kimi Çil-çil toyuğu həlim, mehriban səslə əzizləməyə başlamadımı, başladı:

Çil-çil gözəldi, Çil-çil qəşəngdi, Çil-çil toyuq deyil ki, Çil-çil əsl tovuz quşudu, Çil-çil mənim bir dənəmdi, mənim evimin-eşiyimin dirəyidi, umudumdu mənim, tənha günnərimin yaraşığıdı... Çil-çilim gəlsin, gəlsin, gəlsin yanıma, gəl nənəyin yanına, gəl...

Həqiqətən, Xeyransa arvadın Çil-çil toyuğu əzizləyən səsində ancaq toyuğun başa düşdüyü bir başqa cazibə vardı, bir məhrəm ahəng vardı, ya nəydisə, Çil-çil toyuq həmişə olduğu kimi bu dəfə   heç nədən çəkinmədən, qorxmadan ayaqlarını şəstlə, dik-dik ataraq doğma səsin iziylə Xeyransa arvadın uzun, qara donunun yerlə sürünən ətəklərinəcən gəlib bunlara yaxınlaşdı. Amma gərək yaxınlaşmayaydı. Bu, qəfildən, bir anın içində baş verdi. Toyuqhıqeləməyə macal tapmadı. Nənəsinin gen tumanının arxasından Vəliş qəfildən elə sıçrayıb çıxdı ki, ən qatı düşmənin bu məqamda ələ keçməkdən başqa bir yolu qalmazdı. Çil-çil toyuq heç başa düşmədi.

Vəlişin üzü-gözü sevincdən əyilmişdi. Çil-çil toyuğu hər iki əlində bərk-bərk tutub hərbi qənimət kimi başı üzərinə qaldırdı, sıyrılmış dizi hələ sızıldasa da özünü zəfər paradında gedən qalib qəhrəman əsgərlərə oxşadaraq ayaqlarını yuxarıdan aşağı çırpa-çırpaədəb-ərkanlaqabağa düşdü. Nənəsi köksünü ötürüb yanını basa-basa, şalını çiynində düzəldə-düzəldə onun arxasınca gedir yavaşdan belə deyirdi:

Ə, a gədə, a şair, ayıfdı, yenə meymunluq eləmə, qonşular görəllər. Heç olmasa bu yazığı belə dimdik, əlində baydaq kimi göyə qovzayıb getmə, vallah, ayıfdı... Kimə deyirsən?! Ə, sənə qız verənin...

Yanından keçib getdikləri alma ağacının aşağı budağına Çil-çil toyuğun xırdaca-xırdaca tükləri ki, ilişib qalmışdı, bu tüklərin bir-ikisi budaqdan ayrılıb havada ora-bura uçuşur, onların ətrafında tənbəl-tənbəl dövrə vururdu.

 





17.12.2012    çap et  çap et