525.Az

Lüksemburqda Azərbaycan rəssamlarının sərgisi açılıb


 

Lüksemburqda Azərbaycan rəssamlarının sərgisi açılıb<b style="color:red"></b>

Lüksemburqdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının binasında “Odlar yurdunun min bir rəngi” adı altında Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərginin rəsmi açılışı olub.

525.az-ın məlumatına görə, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılır.

Mərasimi assosiasiyanın birinci katibi Eva Rodik açaraq tədbirin əhəmiyyətindən danışıb, qonaqları odlar yurdunun min bir rəngi ilə yaxından tanış olmağa çağırıb.

Tədbirin təşkilatçısı, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva çıxış edərək layihənin məqsəd və məramı barədə ətraflı məlumat verib.

Qeyd edib ki, layihənin məqsədi Avropalıları Azərbaycanda gedən sürətli iqtisadi inkişafla bir daha tanış etmək, ölkəmizin gözəllikləri, tarixi abidələri, mədəniyyəti və incəsənəti barədə aydın təsəvvür yaratmaqdır.

Təsadüfi deyil ki, nümayiş olunan əsərlər içərisində Qarabağ mövzusu xüsusi yer tutur.Ş.Nağıyeva deyib ki, biz Bakıda keçirilən möhtəşəm Avropa oyunları və bu oyunlarda Azərbaycan idmançılarının qazandığı uğurları xatırlatmaya bilmərik. Azərbaycan idmançılarının qazandığı medallar barədə verilən məlumat qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, sərgidə “Baku 2015. Avropa oyunları” mövzusunda da rəsmlər nümayiş olunur. Əsərləri nümayiş edilən gənc rəssamlar Nərminə Vəlieva, Şəhla Qəhrəmanlı və Günay Həsənova tədbirə gələn qonaqları salamlayıb, bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.

Tədbirdə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin əməkdaşları, Azərbaycan-Lüksemburq Ticarət Palatasının nümayəndələri, Lüksemburqun mədəniyyət və maliyyə dairələrinin təmsilçiləri, rəssamlar və sıravi şəhər sakinləri iştirak ediblər.

Gənc rəssamlar Azərbaycan haqqında qonaqların çoxsaylı suallarını cavablandırıblar.

Sərgi iyun ayının 20-dək davam edəcək.

 





17.06.2015    çap et  çap et