525.Az

Əli Kərim küçəsi - nə xoşbəxt imişəm bir zaman, Allah...


 

Bir şeirin dedikləri

Əli Kərim küçəsi - nə xoşbəxt imişəm bir zaman, Allah...<b style="color:red"></b>

Bu silsilədə Əli Kərim haqqında yazı yazmaq fikrimdən çıxmışdı. Birdən facebook-da bir şəkil gördüm, Əli Kərim küçəsi, Bakının Razin qəsəbəsində. Əslində bu dəfə mən Abbas Tufarqanlı haqqında yazmaq istəyirdim, ya da Şəhriyar. Əli Kərim haqqında yazıda ustad Şəhriyarın adının çəkilməsi təsadüfi deyil. Fikrimizcə, öz dövrünün, yaxud bütövlükdə  Azərbaycan ədəbiyyatını yaradan isimlərin yeri, mövqeyi haqqında ən dürüst poetik fikirlər məhz bu iki şairə, ilk növbədə Şəhriyara, sonra isə Əli Kərimə məxsusdur. Şəhriyarın "ruhların görüşü" janrında yazdığı şeirdə ömrü boyu öyrəndiyi biliklərin xülasəsindən ziyadə Şərqin və Azərbaycanın söz və fikir adamlarının yeri, mövqeyi... haqqında ən dürüst filoloji qiymət əksini tapıb.

Əli Kərim o şairlərdəndir ki, irsini, qoyub getdiyi mətnləri qiymətləndirərkən bütün və bütöv Azərbaycan poeziyasının materiallarını incələməyi tələb edir. Hər bir milli ədəbiyyatda bu xüsusiyyət, bu keyfiyyət olmamış deyil: bir canlı varlıq kimi ədəbiyyat (ədəbi proses) yüz ildə, min ildə... bir dəfə keçdiyi yolu xülasə edir, elə şairlər, elə yazıçılar yetişdirir ki, onların mətnlərindən ədəbi keçmişi və ədəbi gələcəyi aydınlıqla görmək mümkün olsun. İki nöqtəni birləşdirən xətt kimi. Ola bilərdi ki, XX əsrin əvvəllərində Mirzə Cəlil mükəmməl bir şair olsun, yerlə göyü birləşdirmək duyğusu onun ən qatı, ən ironik yazılarından da hiss edilir, ancaq yerlə göyün birləşdiyi yerdən süzülən "janr duyğusu" onu "Molla Nəsrəddin" dərgisini yaratmağa, millətin həyatında, bu həyatın üfüqlərində şimşək kimi çaxmağa məcbur etdi. Diqqət yetirin, XX əsrin əvvəllərində mükəmməl qəzəllər yazan Sabirdə janr təbəddülatı baş verir: üslub "oxunun" istiqaməti diametral şəkildə dəyişir. Bundan sonra əvvəlki yolla yazacaqlarını sanki tərs üzünə çevirir, hücrədə oxunacaq şeirləri hücrədən və qəlibdən azad edir. Bu o dövr idi ki, Avropada modernist ədəbiyyat çiçəklənirdi...

Ancaq Mirzə Cəlil dərdlərə, itkilərə məruz qaldı, qeyri-adi "Ölülər" pyesini yaratdı (... adam odur ki, nə elmi ola, nə mərifəti...). "Dəli yığıncağı" - ola bilsin ki, gözəl bir şair olacaq Mirzə Cəlilin səsini içinə qısmış, dərdin içində avar çəkən, göydəki ulduzları yerə endirən (...deyəsən biz dəli yığıncağına düşmüşük) şairliyinin "dəlilik formasıdır"... XX əsrin əvvəllərində dərd şairi olmaq yox, millətin dəlisi olmaq artıq taleyə, qədərə çevrilmişdi. Ona görə də Azərbaycan ədəbiyyatı tarixində ilk tale şairi bəlkə də Mirzə Cəlildir. Çünki hər hansı qəlibi, şablonu, bu qəliblərin içindəki artıq daşlaşmış duyğuları deyil, özünü, millətinin həyatını əks etdirməyə çalışır.

Yaxud Nəbati...
Sarı Aşıq...
Yenə də Şəhriyar...

Əli Kərimin Füzuli haqqında şeiri (... dünya səni qocaltdı yaşıdın olsun deyə...) dahi şairin poetik obrazı var - bu parçada Füzuli qətrə-qətrə böyüyərək bütün dünyanı tutur - bir dünya dərd... Alışdı ğəm oduna şad gördüyün könlüm / Müqəyyəd oldu ol azad gördüyün könlüm...

Əli Kərimin "Şəhidliyin zirvəsi" şeirində diqqətimizi çəkən özəllik odur ki, burada danışan təkcə şair - müəllif yox, həm də Nəsimidir (polifoniya-dilləşmə). Əli Kərimin təqdim etdiyi sistemdə insan və "dünya evi" bir ölçüdə verilir. Şair belə deyək, üzünü tutub danışdığı, sehrli sözləriylə cilvələndirdiyi predmetə münasibəti dəyişir, ara verir, elə bir ortam yaradır ki, bu predmetin özü dil açır, bu iki mətnin, daha doğrusu mətnlərin sərhəddində bir-birinə keçmə, nüfuz etmə hadisəsi yaranır. "Şəhidliyin zivəsi"ndə danışan təkcə müəllif yox, həm də Nəsimidir, qılınc tiyəsidir, tarixlərin qanından qızaran dan yeridir. (Başqa bir şeirindən: orda mənsiz qılınc çalan qollarımla bir döyüşün...). Soyulan təkcə Nəsimi deyildir, bəzən onun özü də sərpa soyulan varlığa tamaşa edir, böyük Mövlanənin sözlərini pıçıldayır, ən müxtəlif dövrlərə aid mətnlər arasında bəhsləşmə yaranır: bu bəhsləşmə nə qədər uzansa da, sonda Nəsiminin üzərinə qayıdır:

"...Bir bölük xalq dəniz kimi köpürür,
Bir bölük xalq dalğa-dalğa səcdədə,
Bir bölük xalq qılınc kimi savaşır,
Bir bölük xalq qanımızı içmədə..."

lll

Nə xoşbəxt imişəm bir zaman Allah,
Xəbərim olmayıb bu səadətdən...

Əli Kərimdə, zənnimizcə, güclü şeir, zəif, ortabab şeir anlayışı yoxdu. Niyəsi soruşularsa təqribən belə cavab vermək olar ki, "onda siftədən şairlik keyfiyyəti vardı" (Tofiq Hacıyev).  Yəni, həyata, gerçəkliyə münasibətin özündə elə bir keyfiyyət gizlənmişdi ki, insan istəsəydi də şeirlə münasibətlərini gizlədə bilməzdi. Onda bu keyfiyyət başqa, tədqiqatlarda açıqlanmayan cəhətlərin gücünə  bir az da dərinləşmişdi və bəlkə elə bu səbəbdən Əli Kərim orta əsrlər (ortaçağ) poeziyasında qəliblərə düzülən duyğulara ad verməklə, onların göy qurşağını yaratmaqla məşğul idi.

Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt,
Bu gün eşitmişəm bunu həsrətdən.

Fikir verirsinizmi, hiss və duyğuların şeirə çəkilmə mövqeyi, metodu... dəyişir (bir şeirindəki "Habil ilan dili çıxarır nədir" misrası sadəcə uğurlu tapıntı... deyildi, həm də bütün dünyanı bir detalın içinə sığışdırmaq cəhdi idi və etiraf eləmək lazımdır ki, poeziyamızda bu, bəlkə də ilk cəhdlərdən idi...)

Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.

Qəribədir, Əli Kərim insanların bir-birinə qarşı ("qarşı" sözü artıq olsa da yazıram) hiss və duyğularını şeirə çəkirdi (onun bütün gözəl şairlər kimi təsvirlə işi yoxdu...), əgər ortaçağ türkdilli şeirimizdə hiss və duyğular qəliblərə düzülürdüsə və yalnız bu əsasda möcüzə yaranırdısa, Əli Kərim (onun ustadı və yaşıdı olmuş bütün istedadlı şairlərdə, ilk növbədə Səməd Vurğun və Rəsul Rzada) bu duyğuları qəliblərdən azad edib onlara yeni nəfəs, yeni həyat bəxş edirdi. Unutmaq lazım deyil ki, bu proses heç də Əli Kərimlə başlamamışdı, bizim poeziyanın çox böyük fiqurlarından biri, XIX əsrdə bütün anadilli ədəbiyyatın orta nöqtəsində dayanan Nəbati həmin eksperimentlərlə bu gün də ən müasir şairlərimizdəndir.

Məsələnin bütün məğzi ondadır ki, bir var iki insan arasında sevgi münasibətlərini təzə-tər və hardasa gözlənilməz obrazlarla bəzəyib təqdim edəsən (bunun özü də gözəl bir yoldur, məsələn: Sən getdin elə bil dünya boşaldı, yaz da köçüb getdi yeri boş qaldı, - ), bir də var ürəyin içində qat-qat yığılan həsrəti, duyğu selini oyandırıb, onlara ad versən. Bu, müqayisə düzgün sayılarsa, belə deyək, yüz illər keçəndən sonra arxivlərin açılmasına bənzəyir, barmağını dişləyirsən, belə şeylər də olarmış... İnsan bu imiş... Əli Kərim, zənnimizcə, ikinci yolun şairi idi və bütün bu özəl cəhətləri ilə Azərbaycan poeziyasında bir boşluğu doldururdu.

İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?
Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər, ruhumun səhəri imiş.

Əli Kərim elə poetik isimlər sırasına daxildir ki, milli ədəbiyyatda, deyək ki, Müşfiq xəritəsindən görünən cığırları genişləndirərək anadilli poeziyanın potensial imkanlarından maksimal bəhrələnə bilir, nəfəsin dayandığı, dərildiyi yerdə nəfəsə çevrilir, apardığı, uğraşdığı bütün eksperimentlərin cəmi ilə "poeziya ayrıca bir həyatdır" qənaətini yüzdə yüz möhkəmləndirir. Əli Kərimin ilhamında, yaradıcılıq stixiyasında əsas olan dinləmək və səsin ən asta ladında deyilənlərə dalmaqdır. Poeziyaya münasibətdə "ilham" kateqoriyası incələnərsə, bu prinsipin (dinləmək, min kilometrlərlə uzaqda tökülən şəlalənin səsinə dalmaq) nə qədər önəmli olduğunu bilərik. Təsəvvür eləyin ki, Əli Kərim Müşfiqin dağ çayları kimi şaqraq səsinə (misralardan axan nəhrin-!) qulaq kəsilir, bu proses illərlə davam edir, ən gur səsin daxili mayası, səsi yaradan sevincin, ürək istiliyinin həniri üzünə dəyir və beləliklə ürəkdən çəkilən ahın altında qıjıldayan pıçıltı şeirə gətirilir. Elə bu səbəbdən Əli Kərim yuxarıda dediyimiz kimi, ədəbiyyatımızı yaradan şəxslərin poetik kimliklərini dürüst şəkildə yarada bilirdi.

Dünyada çoxdur şair,
Necə sayım onların hamısını birbəbir.
Şair var ki, ömrünü
Başlamamış bitirir.
Cansız əsəriylə bir,
Ömrünü də itirir.
Şair var ki, ümidi
Qafiyəyə, vəznədir.
Şair var ki, özünü
Başqasına bənzədir...

Hər bir şairin fərdi üslubunun izahında onun ən müxtəlif nəsnələrə və xüsusən ... ölümə münasibəti əsas yer tutur. Əli Kərimin yuxarıda bəhs etdiyim "nə xoşbəxt imişəm" şeirində elə məqamlar var ki, sanki suayrıcıdır, o mənada ki, bunu yazan, hiss edən adamın ömründən qabaq bir dəfə bu dünyada olması təəssüratı yaranır. Əli Kərim poetikasında "sonra" qoşması çoxdur: "Səfərdən sonra", "Ölümdən sonra"... Sanki bu adam fəhmin gücünə səfəri və səfərdən sonrakı dünyanı, ölümü və ölümdən sonrakı həyatı görüb gəlib, Əli Kərim şeiri üçün "nə xoşbəxt imişəm, bir zaman, Allah" demək bu mənada göydəndüşmə deyil. Qəribə və həm də ən dəyərli və qibtə ediləsi cəhət budur ki, bu lad və intonasiyaları heç zaman təkrar etmək mükün deyildir. Bir dəfə böyük usta Habil Əliyev deyirdi ki, ölüm təşrif gətirəndə istərdim ki, evin bir küncündə duran kamança alışıb külə dönsün...  

Bütün bu qeyd etdiyimiz cəhətlər Əli Kərim yaradıcılığının poetik sistemində adekvat əksini tapıb. Hər şeydən öncə qafiyə sistemində. Harmoniya ziddiyyət doğurur.  Şeirin, poetik mətnin daxilində misraların qafiyələnməsində də elə bu prinsip və düzüm izlənilir. Adı çəkilən şeirdə səadət, həsrət, qayıtmaq, ayıltmaq... kimi qafiyələr mətnin ümumi ovqatında hüznlü səsin güclə eşidilməsini şərtləndirir.

Əli Kərimdə yeni sözlər və yeni qafiyələr, daha doğrusu, mövcud qafiyələnmə prinsipinə başqa, daha orijinal yöndən yanaşma mövcuddur. Qafiyə bir növ "yatmış mətni" oyatmağa hesablanır, daha doğrusu sözlərin içindəki enerji başqa nisbətdə ortaya çıxır, məsələn:

Həqiqət it şəklindəsə,
Yalan ceyran şəklində,
Olma iti madonna tək
Sevəcəyim şəkkində...  

 





03.07.2015    çap et  çap et