525.Az

Rəşad Məcidin italyanca şeirlər kitabı Milanda - Fotoreportaj


 

DAVİDE QUALTİERİ: “AZƏRBAYCAN İNCƏSƏNƏTİNİ VƏ ƏDƏBIYYATINI İTALİYADA DAHA DƏRİNDƏN HİSS ETDİRMƏYƏ ÇALIŞIRIQ”

Rəşad Məcidin italyanca şeirlər kitabı Milanda - <b style="color:red">Fotoreportaj</b>

İyulun 11-də Cüzeppe Verdi adına Milan Konservatoriyasında İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) və adıçəkilən konservatoriya tərəfindən “Poeziya dünyası və Azərbaycanın muğam mədəniyyəti” mövzusunda konsert proqramı təşkil olunub.
 
AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin (AMTN), Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəstəyi ilə təşkil olunmuş tədbirdə xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, şair-publisist Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, gənc yazıçılar Günel Anarqızı, Pərvin, xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu, eləcə də İtaliyanın ədəbi dairələrinin nümayəndələri, incəsənət xadimləri, mədəniyyətşünas alimlər, ölkəmizin ədəbiyyatına maraq göstərən kitabsevərlər iştirak ediblər.

Tədbiri açan Azərbaycanın dostu, italiyalı şair, bəstəkar, Milan Konservatoriyasının professoru, o cümlədən AYB-nin üzvü Davide Qualtieri İtaliyada Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına marağın getdikcə artdığını bildirib. Vurğulayıb ki, xüsusilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycanın milli musiqi janrlarından biri olan muğam çox böyük mədəniyyətdir.

O deyib: “Biz tarixi köklərimizə aid özəlliklərin çoxunu unutmuşuq, lakin Azərbaycan bu dəyərləri qoruyub saxlayıb. Bu, böyük nailiyyətdir”. D.Qualtieri ölkələrimiz arasında tarixən sıx mədəni bağların mövcud olmasından və bir sıra xüsusiyyətlərinə görə musiqilərimizin bir-birinə bənzəməsindən də bəhs edib.

Sonra Azərbaycanın incəsənət ustaları Elşən Mansurovun, Fikrət Verdiyevin, Sevinc Sarıyevanın ifalarında muğamımız səsləndirilib.
 
Tədbir boyu həm İtaliya, həm də Azərbaycan musiqisinin sintez şəkildə müşayiəti ilə səslənən italyanca şeirlər tamaşaçılarda böyük maraq oyadıb. Həmçinin Azərbaycan milli geyimində olan italyan rəqs ustaları və musiqiçilər də improvizə olunmuş rəqs və balet kompozisiyaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar. Azərbaycan və italyan musiqiləri səslənərkən səhnədə italiyalı rəssam xanım Alessandra Vahid tablolar işləyib.

Daha sonra Rəşad Məcidin italyan dilində çapdan çıxmış “O” adlı şeirlər kitabının təqdimatı olub. D.Qualtieri öz bəstələrinin fonunda Rəşad Məcidin şeirlərini italyanca oxuyub.

Tədbirdə bu kitabın ölkələrimiz və xalqlarımız arasında mədəni əməkdaşlığın inkişafına töhfə verəcəyi və maraqla qarşılanacağı xüsusi vurğulanıb. Bildirilib ki, nəşr vasitəsilə italiyalı oxucular Azərbaycan ədəbiyyatı ilə daha yaxından tanışlıq imkanı əldə edəcəklər.

AMA-nın sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında D.Qualtieri tərəfindən çevrilmiş kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb. Nəşr D.Qualtierinin Rəşad Məcidə həsr etdiyi “Körpü salırıq” şeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat və D.Qualtierinin şeirlər haqda essesi verilib.

Sonra AYB tərəfindən təşəkkürnamə, Azərbaycan Mədəniyyət Nazirliyi və AMEA adından isə D.Qualtieriyə xatirə hədiyyələri təqdim olunub.

İyulun 12-də isə Milan şəhər bələdiyyəsinin binasında Cüzeppe Verdi adına Milan Konservatoriyasının, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) və adıçəkilən şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə şair-publisist Rəşad Məcidin italyan dilində çapdan çıxmış “O” (La Donna) adlı şeirlər kitabının və şairin şeirlərinə italyan dilində bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı keçirilib.

Tədbiri açan Milan şəhər bələdiyyəsinin milli şurasının sədri Bazilio Rossi və qurumun mədəniyyət məsələləri üzrə şöbəsinin müdiri Cüzeppe Landonio nəşrlə bağlı təəssüratlarını bölüşüblər. Bildiriblər ki, belə bir kitabın italyandilli oxuculara təqdim olunması Azərbaycan ədəbiyyatının tanıdılması baxımından önəmli addımdır.
 
Vurğulanıb ki, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik bir ölkə olması artıq italiyalılara məlumdur. Xüsusilə “Milan Expo 2015” beynəlxalq sərgisindəki bu ölkənin pavilyonu vasitəsilə Azərbaycanı daha yaxından tanımaq, onun inkişafını izləmək imkanı yarandı.

İtalyan şair, bəstəkar, Milan Konservatoriyasının professoru Davide Qualtieri çıxış edərək Azərbaycanın mədəniyyətindən və incəsənətindən, kitabın mədəni əlaqələrimizə mühüm töhfə verəcəyindən danışıb. Bildirib ki, italiyalı ədəbiyyatsevərlər Rəşad Məcid kimi istedadlı və mahir bir ədibin yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatına səyahət etmək imkanı əldə ediblər.

Sonra Azərbaycanın incəsənət ustaları Elşən Mansurovun, Fikrət Verdiyevin, Sevinc Sarıyevanın ifalarında muğam səslənib. Tədbir boyu Azərbaycan və İtaliya musiqilərinin sintez şəkildə müşayiəti ilə Rəşad Məcidin həm Azərbaycan, həm də italyanca səslənən şeirləri tamaşaçılarda böyük maraq oyadıb. Həmçinin Azərbaycan milli geyimində olan italyan rəqs ustaları və musiqiçilər də improvizə olunmuş rəqs və balet kompozisiyaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara minnətdarlığını bildirib.

Qeyd edib ki, Azərbaycanın sevilən şairi Rəşad Məcidin şeirlər kitabının İtaliyada işıq üzü görməsi ölkələrimizin ədəbi əlaqələrinə müsbət təsir göstərəcək. Ümid edirik ki, ölkəmizin mədəni xüsusiyyətlərini tanıdan belə tədbirlər tez-tez keçiriləcək.

Tədbirdə çıxış edən İsa Həbibbəyli diqqətə çatdırıb ki, dünyanın incəsənət ölkəsi olan İtaliyada Rəşad Məcidin şeirlər toplusunun təqdimatı təkcə şairin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının böyük uğurudur. Bu kitab xalqlarımızın möhkəm və etibarlı dostluğunun nümunəsi kimi əlvan poeziya çələngidir.

Əminəm ki, bu şeirləri italyan oxucular da bəyənəcəklər. Bildirilib ki, Rəşad Məcid bir ədəbi şəxsiyyət olaraq hər cəhətdən yaradıcı, orijinallığı və genişliyi ilə fərqli görünən professional bir Azərbaycan ziyalısıdır. Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, milli düşüncəsi, açıq yaradıcı təfəkkürü Rəşad Məcidin simasında ümumiləşir. Şeirlə bədii yaradıcılığa başlayan və izlər salan, jurnalistika və publisistika ilə cəmiyyətin inkişafına xidmət edən Rəşad Məcid nəsrdə öz möhürünü vurub. O deyib: “Fikrimcə bu görüş və təqdimatına yığışdığımız kitab İtaliya Azərbaycan ədəbi əlaqələrinin inkişaf tarixində ayrıca yer tutacaq. Arzu edirəm ki, bu hadisə ənənə halını alsın və ədəbi-mədəni əlaqələrimiz genişlənsin”.

Sonda tədbirin keçirilməsində yaxından iştirak edənlərə AYB tərəfindən təşəkkürnamə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından isə xatirə hədiyyələri təqdim olunub.

Şair, bəstəkar, Milan Konservatoriyasının professoru Davide Qualtieri şeirlər toplusunun təqdimatı barədə fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.

Davide Qualtieri bildirib: “Rəşad Məcid böyük şairdir və bu nəşrin tərcümə edilməsində əsas məqsəd italiyalı oxuculara onun zəngin yaradıcılığını tanıtdırmaqdır. Həm poetik, həm də ədəbi tərcümədən istifadə olunan bu kitab Rəşad Məcidin əsərlərinin mahiyyətini dərk etməyə imkan yaradır”.

Azərbaycan ədiblərinin əsərlərinin İtaliyada daha geniş kütləyə çatdırılmasının əhəmiyyətini vurğulayanDavide Qualtieri qeyd edib ki, ölkələrimizin ədəbi dairələri arasında körpünün qurulması istiqamətində mühüm işlər görülməkdədir. Bu əlaqələri genişləndirmək üçün biz şeir, rəqs, musiqi kimi anlayışları vəhdətdə təqdim etməklə Azərbaycan incəsənətini və ədəbiyyatını İtaliyada daha dərindən hiss etdirməyə çalışırıq.

O deyib: “Hesab edirəm ki, Azərbaycan ədəbiyyatında hiss etdiyimiz əsas element milli adət-ənənələrin ön planda olmasıdır. Məhz, bu ənənələrin kökündən gələn əsərlər Azərbaycan ədəbiyyatını özünəməxsus edir.
Azərbaycanlı şairlər bu ənənələrin təbliğatçıları olmaqdan qürur duyurlar. Ədəbiyyatınızı, incəsənətinizi yanan bir alova bənzədirəm. Azərbaycan şairləri isə bu alovun qığılcımlarıdır”.

 





13.07.2015    çap et  çap et