525.Az

Kamal Talıbzadənin tənqidində ədəbi refleksiya


 

Kamal Talıbzadənin tənqidində ədəbi refleksiya<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən olan Kamal Talıbzadə bütün şüurlu həyatını ədəbiyyat elminə və milli şüurun formalaşmasına sərf etmiş alimlərimizdəndir. K.Talıbzadənin tədqiqatları ədəbiyyat tarixinin və tənqidinin bütün inkişaf yollarını əhatə etmişdir. K.Talıbzadənin “Füzuli şeirinin Azərbaycan romantiklərində əks-sədası”, “XX əsr Azərbaycan romantizmi və M. Hadi”, “A.Səhhətin həyat və yaradıcılığı”, “Qorki və Azərbaycan”, “XX əsr Azərbaycan ədəbi tənqidi”, “Tənqidimiz haqqında qeydlər”, “Ədəbi irs və varislər”, “Sənətkarın şəxsiyyəti”, “Azərbaycan ədəbi tənqidinin tarixi”, “Tənqid və tənqidçilər” və digər ədəbi-elmi tədqiqatları milli məfkurə yaddaşında həkk olunmuşdur.

Zəngin faktik materiallar əsasında yazılan “XX əsr Azərbaycan ədəbi tənqidi (1905-1917- ci illər)” monoqrafiyasında ədəbiyyatdaxili meyl və cərəyanları, bədii üslub və ədəbi məktəblərinin qanunauyğunluqlarının ədəbi inkişafı birtipli proses kimi deyil, hərtərəfli proses kimi tədqiq olunur. Monoqrafik tədqiqat əsəri milli tənqidin tarixinin yaradılması sahəsində atılan uğurlu addıma çevrilir.

“Sənətkarın şəxsiyyəti”, “Tənqid və tənqidçilər” və digər kitablarında klassik və müasir ədəbiyyatımızın ədəbi - nəzəri fikrinin inkişafında xidmətləri olmuş şəxsiyyətlər haqqında maraq doğuran məqalə və tədqiqatlar əksini tapmışdır. Arif Ərdəbili, Saib Təbrizi, Şərəfəddin Həsən Rami Təbrizi, Nəsrəddin Tusi, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Sur, Məmməd Arif və digər ədiblərin yaradıcılıqlarının analitik təhlilləri aparılır, ədəbi tənqidimizin bir sıra spesifik xüsusiyyətlərinə toxunulur, ədəbi fikrin inkişaf qanunauyğunluqları nəzərdən keçirilir.

Kamal Talıbzadə qələmə almış olduğu bu tədqiqat işlərində Yusif Vəziri “açıq fikirli, qabaqcıl bir yazıçı”, Mirzə İbrahimovu “həyata, həqiqətə bağlı sənətkar”, Osman Sarıvəllini “kiçik həcmli şeirlərlə mühüm ictimai-siyasi əhəmiyyəti olan mövzular ifadə etməyi bacaran şair”, İlyas Əfəndiyevi “ictimai-siyasi problemlərin realist təsvirini verən romanlar müəllifi”, Nəbi Xəzri şeirlərini “həyat və insan haqqında düşüncələr”, M.Ə. Sabirin poeziyasını “diri ölülərə” üsyan poeziyası, Məhəmməd Hadi irsini “həyat haqqında düşüncələr kitabı” adlandıraraq ictimaiyyətə təqdim etmişdir.

K.Talıbzadə “Qorki və Azərbaycan” adlı monoqrafiyasında milli ədəbiyyatların qarşılıqlı əlaqə və təsiri kontekstində tədqiq edilməsi zəruriliyini irəli sürmüşdür. Ədəbi əlaqələrin inkişaf tarixinə, M.Qorkinin milli ədəbiyyatımızla əlaqələrinə diqqət yetirmişdir.

K.Talıbzadənin elmi yaradıcılığının qızğın dövrü Azərbaycan ədəbiyyatının Sovet dövrünə təsadüf etmişdir. Bu elə bir dövr idi ki, milli şüuru yaratdıqları əsərlərində əks etdirən, turan və türkçülük ideyasını təbliğ edən ədiblərimizin adlarının çəkilməsi yasaq olunmuş, “mürtəce”, “mühafizəkar”, “pantürkist”, “panislamist”, “xırda burjua şairi” adlandırılmışdılar. Bu cür münasibət M.Hadi, A.Səhhət, A.Şaiq, H.Cavid və digər ədiblərimizin ədəbi prosesdəki fəaliyyətlərinə qeyri-obyektiv yanaşılmasına səbəb olmuşdur.

Qeyri-obyektiv münasibəti milli şüurun doğuşunu özündə cəmləşdirən Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov kimi ədiblərin, “Füyuzat” jurnalının çağdaş nəzəri düşüncə müstəvisində araşdırılaraq tənqid edilməsində də müşahidə edirik. K.Talıbzadə milli şüurun formalaşmasında xidmətləri olmuş ədiblərin yaddaşlardan pozulmaması və tarixdən silinməməsi üçün, deyilməsi yasaq edilmiş tarixi faktların ümumi ahəngini pozmadan, ədəbi irsə özünəməxsus yeni qiymət verə bilmişdir.

Özündə milli şüurun formalaşmasını və iqtisadi - sosial problemləri əks etdirən “Füyuzat” jurnalı və jurnalın banisi Ə. Hüseynzadə haqqında fikirləri diqqət mərkəzindədir. “Füyuzat” jurnalı ilə yanaşı “Həyat” qəzetini burjua istiqamətli mətbuat orqanları adlandırmışdır. K. Talıbzadə bu mətbuat orqanlarını “burjua” adlandırmış olsa da, tarixi reallığı nəzərə alıb, bunu milli kimi oxunulması gərəkdir.

K. Talıbzadə XIX-XX əsrdə yaradılmış əsərlərə ədəbi - tənqid mövqeyindən yaxınlaşmış, Sovet dövrünə xas olan ənənəvi münasibətlərdən imtina etmişdir. Odur ki, K. Talıbzadəni milli ədəbiyyatşünaslıqda yeni metodoloji yanaşmanın banisi kimi qəbul etmək lazımdır.

K. Talıbzadə osmanlaşdırma, yəni türkləşdirmək və ümumtürk ideyasının dərinliyini başa düşərək, Azərbaycanı ümumtürk dünyasından ayırmadan öyrənməsinin tərəfdarı olan Ə. Hüseynzadəni qiymətləndirməklə bu məsələyə öz münasibətini də bildirirdi: “Ə. Hüseynzadə müasir Azərbaycan mədəniyyətini osmanlılaşdırmaq yolu ilə inkişaf etdirməyin tərəfdarı idi... Ə. Hüseynzadə Azərbaycanı ümumtürk dünyasından ayırmadan öyrənməyin tərəfdarı idi. Onun türkçülük ideyasının mərkəzində duran qayələrdən biri də məhz bu idi və həqiqətən də Azərbaycan xalqının tarixini, mədəniyyətini belə kompleks halda öyrənmək daha elmi, daha obyektiv bir yol idi”.

K.Talıbzadə XIX-XX əsrlərdə yaradılmış əsərlərdə milli inkişaf yolunun bədii əks edilməsini tənqid obyektinə çevirməyə nail olur. “Türkləşmək, islamlaşmaq və müasirləşmək”, yəni, avropalaşmaq ideyalarının toplusu olan “Füyuzat” və Ə. Hüseynzadə məktəbini də “Molla Nəsrəddin” və C. Məmmədquluzadə məktəbi kimi yeni dövr Azərbaycanının ictimai, siyasi, fəlsəfi və ədəbi fikrinin bir zirvəsi hesab edir.

Bir sıra ədiblərimiz milli inkişaf yolunu ümumtürkçülük ideyalarından kənar, yəni avropalaşmaqda, müasirləşməkdə görürdülər. Qərbçilik (avropaçılıq) ideyalarını XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan xalqının milli oyanışında xidmətləri olmuş Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin qələmə aldığı yazılarda görürük. Akademik milli ədəbi tənqidin banisi kimi dəyərləndirdiyi M.F. Axundovun avropaçılıq ideyalarına toxunaraq vurğulayırdı ki, ədib “tənqidin Avropanın fikri oyanmasındakı rolunu qeyd edərək, eynilə ondan Şərqdə də istifadə etməyə çağırırdı”.

K.Talıbzadə Azərbaycan ədəbi tənqidinin inkişaf və təşəkkül tarixinin elmi mənzərəsinin yaradılması və ədəbi-estetik fikrin tarixi köklərini, milli ədəbiyyat tarixini dərindən öyrənilməsi üçün qədim və orta əsr Azərbaycan ədəbiyyatına müraciət edir. Bu dövrə aid maraq kəsb edən materialları ədəbi-estetik fikrini tədqiqat obyektinə çevirir. Özəl milli ədəbi ənənələrin yaranması və onların milli şüuru əks etdirmələrinə diqqət yetirir.

K.Talıbzadənin orta dövr ədəbi-estetik fikrinin inkişaf etmə yolunu bəzən iki yolla, bəzən isə üç istiqamətdə inkişaf etməsini söyləməsi diqqətdən yayınmır: “orta əsr Azərbaycan ədəbi-estetik fikri əsasən iki yolla inkişaf etmişdir: orta əsrin professional elmi əsərləri, poetika və estetika risalələri, ədəbi şərhlər və təzkirələr, bir də ki, böyük söz ustadlarının bədii əsərləri yolu ilə”. Daha sonra K. Talıbzadə “Ədəbi-estetik fikrimizin qaynaqları və əsas istiqamətləri (XI-XVIII əsrlər)” məqaləsində qeyd edir: “orta əsrlərdə Azərbaycan ədəbi fikri üç istiqamətdə inkişaf etmişdir”. Birinci istiqamətə Xətib Təbrizinin, Yusif Xoylunun, Nəsrəddin Tusinin, Əssar Təbrizinin, Şərəfəddin Həsən Rami Təbrizinin, Vəhid Təbrizinin, Məhəmməd Rəfi Dost Məhəmməd oğlunun, Mirzə Əbutalib Təbrizinin “poetika kitabları, estetik risalələri, ayrı-ayrı bədii əsərlərə yazılmış şərhləri daxildir... Orta əsr Azərbaycan ədəbi fikrinin ikinci əsas mənbəyi təzkirələrdir... Klassik Azərbaycan ədəbi tənqidinin üçüncü əsas mənbəyi böyük söz ustalarının bədii əsərləridir”. Bu təzadlara baxmayaraq, Kamal Talıbzadə ədəbi fikrin inkişaf yolunu paralel araşdırmağı və bir-birinə təsirini aydınlaşdırmağı elm cəhətdən vacib olduğu fikrində idi.

Azərbaycanın ədəbi-estetik fikri üzərində refleksiyalar akademikin çağdaş dünya ədəbiyyatı tendensiyalarına dərindən bələd olduğunun nəticəsidir. K.Talıbzadə ədəbi prosesi tədqiqat obyektinə çevirmişdir. K.Talıbzadənin əsərlərində bədii mühitdəki siyasi-ideoloji, estetik və janr xarakterli tendensiyalar elmi metodologiya əsasında təhlil edilmişdir. Nəticədə, K.Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutmuşdur. XX əsrin əvvəlləri və ortalarını əhatə edən milli ədəbiyyatımız haqqında elmi görüşlərimiz məhz Kamal müəllimin təsiri altında formalaşmışdır.

 





10.08.2015    çap et  çap et