525.Az

Vaqif İbrahimi unutmamışam


 

Vaqif İbrahimi unutmamışam<b style="color:red"></b>

Vaxt sürətlə axıb gedir. Hər gün qarşımıza bir-birindən mürəkkəb yeni-yeni vəzifələr qoyur və onların həllini tələb edir. Bir də görürsən ki, bir zaman çox vacib hesab elədiyi bir məsələni, xatirəsini əziz tutduğun bir şəxsi neçə illərdir ki,yadından çıxarmısan.

Həyatdan vaxtsız getmiş istedadlı şair Vaqif İbrahimi heç vaxt unutmamışam. 1983-cü ildə 38 yaşında avtomobil qəzasında vəfatından 33 il keçməsinə baxmayaraq bu keçən müddət ərzində onu həmişə xatırlamışam. Onunla necə tanış olmuşam? Özü də gənc yaşlarında dünyadan getmiş atam-şair Əli Kərimin “uğurlu yol” yazıb şeirlərini ilk dəfə oxuculara təqdim etdiyi gənclərdən biri də Vaqif İbrahim idi. Vaqif və o zaman gənc olan, atamın istedadlarına inandığı İsa İsmayılzadə, Camal Yusifzadə.... bizim Vaqif küçəsi, 30 ünvanında yerləşən mənzilimizə gəlirdilər. Mən onunla belə tanış olmuşam. Çox utancaq, astadan danışan, səmimi bir gənc idi. V.İbrahimin özü “Rəsul Rza və Əli Kərim doğmalığı” adlı xatirə yazısında Əli Kərimlə ilk tanışlığı barədə belə yazır:

“...Əli Kərımlə ilk tanışlığa gəldikdə isə, məni onunla heç kim tanış etməyib. Özüm tanış olmuşam. Düzdür ilk tanışlığım onun “İki sevgi” kıtabından başlayıb... Əli Kərim poeziyası məni o qədər sehirləmişdi ki, hər gün bu böyük şairlə tanış olmaq arzusu ilə yaşayırdım. İş yerini öyrəndim. “Azərbaycan” jurnalının redaksiyasına gəldim... Mən redaksiyanın qarşısında onu gözləyirdim. Son dərəcə sadə geyinmiş ortaboy bir adam redaksiyadan çıxıb bızə sarı gəldi. Oğlan həmin adamı göstərib dedi:

- Əli Kərimdir!

İnanmadım. Bu mənim xəyalımda təsəvvür etdiyim Əli Kərimə oxşamırdı... Əli müəllimin əynində sadə, boz pencək vardı, yazılarını çirklənib əzilməsin deyə qəzetin arasına qoymuşdu. O vaxt Əli Kərim “Azərbaycan” jurnalında şeir şöbəsinin müdiri idi... Mənim Əli Kərimlə ilk şəxsi tanışlığım belə başlandı. Və bu tanışlıq getdikcə ən yaxın ünsiyyətə çevrildi. O gündən sevdiyim şair və yazıçıların  çoxu ilə məni yaxından tanış edən Əli Kərim olub”.

V.İbrahimin necə bir insan, şair olduğunu oxuculara çatdırmaq üçün Əli Kərimin ötən əsrin 60-cı illərində mətbuatda çap etdirdiyi “Bir gün qapım döyüldü..” adlı yazısına müraciət etmək fikrimcə, yerinə düşər:

“İçəri çox utancaq bir oğlan daxil oldu. Onu ruhunca tanıdım. Bildim ki, belə adam şair ola bilər. Əlbəttə, şairlər müxtəlifdir: Mayakovski kimi ipə-sapa yatmayanlar da var. Əhməd Cəmil kimi gözə görünmək istəməyənlər də.

Vaqif İbrahimov şeirlərini mənə verdi. Oxudum. Onun bütün şeirləri özünə oxşayır. Ona avtobioqrafiya yazmaq lazım deyil. Onun bütün temperamentini, fikir emosiyasını isə biz Vaqifin şeirlərində görürük.  Bir sözlə, Vaqifi tanımaq üçün onun özündən çox şeirlərinə baxmaq lazımdır. Burada onun daxili bioqrafiyası, yaşı, meyli, zövqü, həyata, ədəbiyyata münasibəti vardır”. Yazının sonundakı arzu  və məsləhətləri Əli Kərim yalnız V.İbrahimə deyil, o vaxtın bütün istedadlı gənclərinə ünvanlamışdır: “Arzum budur ki, Vaqif gənclik hissiyyatının coşğunluğuna arxalanıb, gələcəkdə söz yoxuşlarında, enişlərində, fikrin qızmar yayları, qütb qışlarında yorulub yarı yolda qalmamaq üçün bütün həyatını, sevinc və kədərini poeziyaya versin, dünya ədəbiyyatının bilicisi olsun. Gözəl şeirlər yazıb yorulan, sözü buxarlanıb yoxa çıxan, quru yurdda qalıb karvanın çoxdan getdiyindən diksinən çox şairlər görmüşük və təəssüf ki, yenə görəcəyik.

Nə qədər ki, Vaqifi mən tanıyıram, inamla demək istəyirəm ki, o elə belə, bir atım barıtı olanlardan deyil və şeirin çox çətin, gecəsilə gündüzü bəzən bilinməyən, keşməkeşli aləmində inamla addımlayacaq”.

Əli Kərimdən sonra yaşadığı 14 il ərzində V.İbrahim onun etimadını tam mənası ilə doğrultdu, sübut etdi ki, o doğrudan da dəyərli bir şəxsiyyət, istedadlı bir şairdir. 1983-cü ildə avtomobil qəzasında həlak olanda şair, kim bilir, özü ilə nə qədər yazılmamış şeir və poemalar, nəsr əsərləri apardı.

Əli Kərim rəhmətə getdikdən sonra da Vaqif  müəllim bizə gələrdi. O, ədəbiyyata böyük marağım olduğunu bildiyinə  görə bir neçə dünya ədəbiyyatı klassikinin əsərlərini alıb mənə bağışladı. Bunlardan  L.Qrosmanın Görkəmli Adamların Həyatı silsiləsindən “F.M.Dostoyevski”  kitabı mənə o illərdə ən güclü təsir edən əsərlərdən olmuşdu.

Vaqif İbrahimin bir şəxsiyyət kimi çox vacib bir cəhətini xüsusilə qeyd etməyə bimərəm: O, ünsiyyət bağladığı, dəyərləndirdiyi, hörmət etdiyi adamlara qarşı sözün əsl mənasında sadiq idi və bu sədaqət həmin şəxslərin ölümündən sonra da davam etmişdir. Vaqif müəllim Əli Kərimin ölümündən sonra onun xatirəsinə həsr edilmiş tədbirlərin iştirakçısı və təşkilatçılarından biri, Sumqayıtda fəaliyyət göstərən Əli Kərim adına poeziya klubunun 1970-1971-ci illərdə sədri olmuşdur. Bu barədə daha ətraflı danışacağıq. Qeyd edim ki, V.İbrahim şəxsən tanıdığım şairlərdən Rəsul Rza və Əhməd Cəmilə böyük hörmət bəsləmiş, istər sağlıqlarında, istərsə də ölümlərindən sonra onların xatirəsini əziz tutmuşdur. Vaqif müəllim xatirələrində Rəsul Rza ilə ilk tanışlığı barədə belə yazır:

“Mən ilk dəfə Rəsul Rzanı 1962-ci ilin baharında Sumqayıtda, metallurqların  Cəfər Cabbarlı adına Mədəniyyət evində görmüşəm. Azərbaycan Yazıçılar İttifaqının gənclik şəhərində keçirdiyi tədbirdə. Ancaq məni bu ölməz söz ustası, poeziyamızın fəxri ilə yaxından tanış edən, onunla doğmalaşdıran unudulmaz gözəl şairimiz Əli Kərim olub”.

Rəsul Rzanın və Nigar Rəfibəylinin rəhmətə getdiyi günlər, dəfn tədbirləri yaxşı yadımdadır. Mənə elə gəlir ki, həmin günlərdə keçirdiyimiz hiss və həyəcanlar Vaqiflə bizi bir-birimizə daha da yaxınlaşdırmışdı. V.İbrahimin gözəl şairimiz Əhməd Cəmilə qarşı da çox səmimi münasibəti vardı. Əhməd müəllimin ölümü onu çox mütəəssir etmişdi. Bir gün çalışdığı “Göyərçin” jurnalının redaksiyasında mənə dedi: “Eldar Cəmilzadə (Ə.Cəmilin oğlu, istedadlı şərqşünas alim, filologiya elmləri namizədi. Cavan yaşlarında vəfat edib) mənə dedi ki, nə üçün daha bizə gəlmirsən? Mən ona cavab verə bilmədim ki, sizə gələndə Əhməd müəllimin yoxluğunu daha güclü şəkildə hiss edirəm”.

Mənim arxivimdə yazıçı Cəmil Əlibəyli “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru olduğu zaman Əli Kərimin V.İbrahimin poemasını çap etdirməsi xahişi ilə ona ünvanladığı kiçik məktubunun surəti var. Burada deyilir:

“Hörmətli Cəmil müəllim! Mən istedadlı gənc şair Vaqif İbrahimovun mətbuatda bir neçə obrazlı dillə yazılmış, səmimiyyətlə dolu şeirini oxumuşam. Amma mən bu gün onun Çexoslovakiya səfəri təəssüratının bəhrəsi olan “Öldürülmüş kənd” adlı lirik poemasını dinləyəndə daha çox sevindim. Məncə bədii əsərin gözəlliyi bir də orasındadır ki, sənin qələmini yadına salsın, yazmaq istəyəsən. Mən Vaqifin poemasına qulaq asanda həmin bu hissi keçirdim. Poemada liditse adlı Çexoslovakiya kəndinin Litlerçilər tərəfindən yandırılıb yerlə-yeksan edilməsi ağıvarı həzinliklə nəql olunur. Onu dinlədikcə hisslərin bir-birini qovur, kədər nifrətə, nifrət insan uğrunda mübarizə hissinə çevrilir. Cəmil müəllim! Bir oxucu kimi arzu edirəm ki, şeir sevənlər sizin qəzetin səhifələrində bu əsərlə tanış ola bilsinlər.

Hörmətlə, Əli Kərim” .

Vaqif İbrahim gənclər şəhəri Sumqayıtda yaşayırdı, burada bir sıra yerlərdə işləmışdi. Sonra Bakıda “Göyərçin” jurnalında məsul katib vəzifəsində çalışdı. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Əli Kərimin sağlığında və ölümündən sonra Sumqayıtda Mədəniyyət evlərində onun yaradıcılığına həsr edilmiş poeziya tədbirlərinin əsas təşəbbüskarlarından biri Vaqif İbrahim olmuşdur. Mən özüm də atamın sağlığında və ölümündən sonra keçirilmiş poeziya məclislərinin çoxunun iştirakçısı olmuşam. Yerli şair və yazıçılardan Feyzi Mustafayev, Əşrəf Veysəlli, Sumqayıt şəhər mədəniyyət şöbəsinin müdiri Tamara Rəsulova ilə dəfələrlə görüşmüşəm. O günlərin xatirəsi kimi Sumqayıtda keçirilmiş Əli Kərimlə bağlı bir sıra poeziya tədbirlərinin dəvətnamə və afişalarını saxlayıram. Bunlardan biri şairin sağlığında, 1967-ci ilin 26 sentyabrda Sumqayıt Sintetik Kauçuk Zavodunun komsomol komitəsi və mərkəzi şəhər kitabxanasının təşəbbüsü ilə keçirilmişdi. Tədbirdə qələm yoldaşları və Əli Kərim çıxış etmişdi.1969-cu ilin 7 fevralında keçirilmiş poeziya gecəsinin dəvətnaməsini də saxlayıram. Şairin ölümündən sonra, 1969-cu ilin 9 oktyabrında keçirilmiş poeziya gecəsində Xalq şairi Rəsul Rzanın ön sözündən sonra V.İbrahimın məruzə etdiyini görürük. 1971-ci ilin 18 martda Əli Kərimin 40 illiyinə həsr edilmiş poeziya gecəsində əsas məruzəçi Feyzi Mustafayev olmuşdur. Başqa bir afişa isə 1972-ci ilin 28 oktyabrında saat 18:00-da Sumqayıt şəhərində Əli Kərim poeziya gününün keçirildiyi barədə məlumat verir. Gündəlik belədir:

1. Giriş sözü - Əli Kərim poeziya klubunun fəxri sədri, Azərbaycanın Xalq şairi Rəsul Rza.

2. “Poeziya klubu bir ildə” məruzəçi Vaqif İbrahim.

3. Əli Kərimin şeirləri-H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı aktyorlarının ifasında.

4. Çıxışlar.

Əli Kərimin ölümündən sonra R.Rzanın, V.İbrahimin təşəbbüsü, Sumqayıt şəhər mədəniyyət şöbəsinin müdiri Tamara Rəsulovanın, şəhər rəsmilərinin razılığı ilə Əli Kərim adına burada gənclik poeziya klubu açıldı. Təəssüf ki, bu işə mane olmaq, əngəl törətmək istəyən, hətta Sumqayıt səhərinin rəhbərliyinə etirazını bildirən  adlı-sanlı qələm sahibləri də oldu. Rəhmətə getdiklərinə görə adlarını çəkmirəm. Vaqif müəllim bir neçə dəfə mənə heyrət dolu gözlərlə baxıb demişdi: “Təsəvvürümə gətirməzdim ki, Əli Kərimin ölümündən sonra da ona paxıllıq edəcəklər”. V.İbrahimin xatirələrindən görürük ki, Əli Kərim poeziya klubunun açılışı 1970-ci ildə olub: “1970-ci ilin oktyabrın 28-də indiki şahmat klubunda Azərbaycan komsomolunun 50 illiyi münasibətilə Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun açılışı oldu. O gün Sumqayıtın həyatında əsl poeziya  bayramı idi. Azərbaycanın Xalq şairi Rəsul Rzanın iştirak etdiyi bu tədbirdə gənclik şəhərinin ən mötəbər adamları, ziyalıları, gənc yaradıcı qüvvələri toplanmışdılar. O gündən Rəsul Rzanı Sumqayıtda daha tez-tez görmək olardı. Elə vaxt olurdu ki, Rəsul Rza ayda iki dəfə klubun tədbirlərində iştirak üçün Sumqayıta gəlirdi”. Bundan iki il sonra Rəsul Rzanın təşəbbüsü ilə Göyçayda da Əli Kərim poeziya klubu fəaliyyət göstərməyə başladı. 1974-cü ilin 14 iyununda Vaqif müəllimlə birlikdə həmin klubun açılışında iştirak etdiyini yaxşı xatirlayıram. Tədbirdən sonra o, mənim yorğun və kədərli olduğumu görəndə, əhvali-ruhiyyəmi qaldırmaq üçün şair və yazıçıların həyatından şoxlu məzəli əhvalatlar, lətifələr danışdı. Mən ona dedim ki, bu gecə yuxuda Göyçayda evimizdəki tut ağacını görmüşəm. Bu Vaqif müəllimi çox düşündürdü.

V.İbrahim cəmiyyətdə tanınmış adam idi. M.Qorki adına ümumittifaq və Respublika Lenin komsomolu mükafatları laureatı idi. Ötən əsrin 80-cı illərindən fəaliyyətə başlayan Gənc Yazıçıların Respublika Ədəbi Birliyinə də rəhbərlik etdi və gənc şair kimi məni də oraya dəvət etdi. Görüşlər “Göyərçin “ jurnalının redaksiyasında olurdu. O zaman təzə qələmə sarılan, sonralar tanınmış şair və yazıçılarımız Vaqif Bəhmənli, Adil Cəmil, Mahirə Abdulla, Əhməd Qəşəmoğlu, Rafiq Yusifli, Ağacəfər Həsənli, Aqil Abbas, Loğman Rəşidzadə, Flora Xəlilzadə və bir sıra başqaları birliyin fəaliyyətində iştirak edirdilər. V.İbrahim Rəsul Rza, Mirzə İbrahimov, Anar, Elçin, Araz Dadaşzadə, Sabir Əhmədli, Hikmət Ziya, Tofiq Mahmud, Əbülfəzl Hüseyni kimi tanınmış qələm sahibləri ilə gənc yazıçıların görüşünü, gənclərin əsərlərinin oxunub müzakirəsini təşkil edirdi. Biz bu yazıçıların çoxu ilə ilk dəfə burada tanış olduq, onların dəyərli məsləhətlərini dinlədik. Mənim Rəsul Rzanın dəvət edildiyi görüş yaxşı yadımdadı. Burada Allahverdi Məmmədli, Əhməd Qəşəmoğlu, Adil Cəmil, Əhməd Əsgər və mənim şeirlərim dinlənildi. Rəsul müəllim bu şeirlər barədə fikrini söylədi. 6 iyun 1981-ci il tarixli “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyi “Qayğı” məqaləsində V.İbrahim həmin tədbir, R.Rzanın gənclərin yaradıcılığı barədə dediyi sözlər haqqında məlumat verir. Xalq şairi bu görüşdə deyir: “Burada oxunan şeirlərdən mənim ümumi  təəssüratım budur ki, çox yaxşı bir səs, bir duyum göz qabağındadır... Axtarış tapıntı ilə nəticələnirsə, deməli sən şeirə yeni bir nəfəs gətirmisən. Bu gün oxunan şeirlərin hamısında məni sevindirən çox cəhət var. Belə gözləmirdim. Elə bilirdim “dağlar”, “bağlar” deyəcəksiniz...”.

Vaqif müəllimin enerjili fəaliyyəti nəticəsində birliyin fəaliyyəti uğurla davam edirdi. 1983-cü ildə eşitdiyim bəd xəbərdən sarsıldım: Birliyin üzvləri ilə Sumqayıta gedərkən avtomobil qəzasında Vaqif İbrahim həlak olmuşdu. Ölüm haqdır-deyiblər. Hamı bu dünyanı tərk edəcək. V.İbrahim kimi həyata bağlı, nikbin, üzügülər adamın, səmimi dostun 38 yaşında qəfildən vəfat etməsi, əlbəttə ki, onu tanıyanlar üçün gözlənilməz bir zərbə, böyük itki oldu. Vaqif müəllim özü bir şeirində belə deyir:

Düz arxadan
Kürəyinə vurulmuş
Bir qatil bıçağına
Bənziyir
Qəfil kədər...

2014-cü ildə böyük türkmən şairi Məxdumqulu Fəraqinin 290 illik yubileyi münasibəti ilə Türkmənistanda idim. Mənə dedilər ki, tanınmış türkmən şairi, “Günəş” jurnalının baş redaktoru Atamurad Atacanov neçə illərdir ki, Əli Kərimin şairlərini türkmən dilinə tərcümə etməklə məşğul olur, səninlə görüşmək istəyir. Lakin mən həmin məqamda onunla görüşə bilmədim. Yubiley Türkmənistanın şimalında, Taşauzda da keçirildi. Taşauz Aqrar Universitetində keçirilən tədbirdə bizi səhnədə oturtdular. Düz yanımda oturmuş yaşlı şair çıxışında Azərbaycan şairlərini tanıdığından, Əli Kərimin şeirlərini türkməncəyə tərcümə etdiyindən danışdı. Sən demə, axtardığım Atamurad Ağacanov yanımda oturubmuş.

Tədbirdən sonra türkmən şairi mənə dedi ki, Əli Kərim yaradıcılığı ilə onu Vaqif İbrahim tanış edib. O, Sumqayıtda fəaliyyət göstərən Əli Kərim poeziya klubunda da olub. Mən dərhal yadıma saldım ki, 1974-cü ildə Əli Kərim poeziya klubunda keçirilən görüşdə iki gənc türkmən şairlə tanış olmuşdum. Onlardan biri mənə və ortancıl qardaşım Azərə türkmən klassiklərinin döş nişanlarını bağışlamışdı. Bu mənə möcüzə kimi göründü: Üzərindən 42 il keçdikdən sonra Əli Kərim, Vaqif İbrahim vasitəsi ilə tanış olduğum, başqa bir olkənin, müstəqil Türkmənistan Respublikasınin şairi ilə köhnə bir tanış kimi görüşməli oldum. Əlbəttə, bütün bunlar taleyin işidir: Şair ailəsində dünyaya gəlməyim də, Vaqif  İbrahimlə tanışlığım, dostluğum da, illər sonra türkmən şairiylə yenidən görüşməyim də. Həyatım boyu çox çətinliklər, ədalətsizliklər, itkilərlə rastlaşsam da, beynimdə tanıdığım, hörmət etdiyim, qəlbinin, əməlinin təmizliyinə inandığım adamların xatırəsini minnətdarlıqla yaddaşımda yaşadıram. Onların xatirəsi yoxdursa, mən də yoxam. Onların əziz xatirəsi mənim yeganə sərvətimdir. Vaqif İbrahim yaddaşımdam heç bir zaman silinməyəcək şəxsiyyətlərdəndir.

 





14.09.2015    çap et  çap et