525.Az

Könül Bünyadzadənin təqdimatında: “İnsan: kamilliyin arxitektonikası”


 

Könül Bünyadzadənin təqdimatında: <b style="color:red">“İnsan: kamilliyin arxitektonikası”</b>

Fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin çapa hazırlanan “İnsan: kamilliyin arxitektonikası” kitabının nəşrini səbirsizliklə gözləyirdim.

Çox vaxt mətni kənara qoyub müəllifdən danışmağın əDƏBiyyat adına təqdim olunduğu çağdaş zamanımızda hər dəfə bacardıqca bundan qaçmaq istəyimi bu dəfə boğa bilmədim. Könül xanımla neçə illik tanışlığımızın, dostluğumuzun, ya da öz təbirincə desək, ruh doğmalığımızın diqtəsi ilə müəllifin haqqında da bir neçə mətləbi vurğulamaq arzusu öz-özlüyündə yazıya giriş oldu. Könül xanımla fəlsəfə, həyat həqiqətləri ilə bağlı apardığımız çoxsaylı mükalimələrdə, söhbətlərdə kübar, intellektual, yetkin və bütün bunlarla yanaşı hədsiz təvazökar əsl qadınlıq simasıyla üzbəüz olduğumun fərqindəliyində olmaq, həm də belə bir alimimizin olması, onun ölkəmizi vaxtaşırı xaricdə layiqincə təmsil etməsi ayrıca qürurverici bir məqamdı. Mərkəzinə həmişə Kamil İnsan anlayışını qoyduğu, intellektual yüküylə yanaşı həm də anlaşıqlı, içimli söhbətlərinin birində yeni kitabında bütün bu fikirlərini cəmləşdirəcəyini bildirmişdi.

Kitablar hər şeydən öncə müəllifin şəxsi malıdır. Bütün şəxsi mallar kimi onların da “haramı”, “halalı” olur. Halallıqla olan hər şeyi ürək xoşluğu ilə “həzm eləməyin” verdiyi böyük zövqlə “İnsan: kamilliyin arxitektonikası”nı mütaliə elədim. Fəlsəfi nəşrlər adətən geniş oxucu auditoriyası, kütlə üçün nəzərdə tutulmur. Azərbaycanın tək-tük sanballı qadın filosoflarından olan Könül Bünyadzadənin bu kitabı elmi-fəlsəfi terminlərdən xali olmasa da, anlaşıqlığı, axıcılığı, ədəbi-bədii yüklü dəyərli esselərin toplandığı bir nəşrdir. Könül Bünyadzadə əsrlərdir ədəbiyyatın, fəlsəfənin, incəsənətin axtarışında olduğu Kamil İnsan mövzusuna öz könlünün işığında baxıb...Nəşrdə kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi, daha sonra isə ictimai bir hadisəsi kimi sosial fəlsəfə kontekstlərində araşdırılıb. Kamillik prinsipinin keçdiyi inkişaf yolu orta əsrlər, yeni dövr və müasir dövrün meyarları və prinsipləri baxımından ayrı-ayrılıqda nəzərdən keçirilib və problemin ümumi mənzərəsi yaradılıb.

“Kamil İnsan-xəyal yoxsa reallıq?” 

Kitaba professor Səlahəddin Xəlilov önsöz yazıb. Alim mətləbə kəsə yolla gəlib: “Söhbət yenidən insana qayıdışdan gedir... Qayıdış deyirik, ona görə ki, nə qədər təəssüflənməli olsaq da, dövrümüz daha çox insanın yabançılaşması ilə səciyyələnir. Bir tərəfdən rasionalizmin neçə yüz illik təntənəsi ərzində mənəviyyat intellektin kölgəsindən çıxa bilmədi. Digər tərəfdən də guya, rasionalizmə reaksiya və alternativ kimi meydana çıxmış postmodernizm rasionalizmdən daha çox mənəviyyata qənim kəsildi. Və nəhayət qloballaşma... İnsanın kamillik yolu sadəcə özünüdərk məqamına yüksəlişdən deyil, həm də özünü aşmaq, özündən yüksəyə qalxmaq əzmindən keçir. Və bu yüksəlişin elmi-fəlsəfi təhlinin verə bilmək üçün müəllifin özü də bu yolu keçmiş olmalıdır. Könül Bünyadzadə bu mötəbər mövzuda söz demək haqqını qazanmaq üçün öncə təsəvvüfün sirli-sehrli aləminə varid olub, “ilahi eşq”, “ənəlhəqq”, “damlada dərya”, “öz nəfsinə qarşı cihad” təlimlərini mənimsəyib, böyük sufi mütəfəkkirlərini oxuculara daha canlı təqdim edə bilmək üçün özü də onlar kimi olmağın təcrübəsini yaşamağa çalışıb. Kitabda insan, onun amalı, missiyası, faciə və xoşbəxtliyi Şərq və Qərb dəyərləri kontekstində araşdırılır. Könül Bünyadzadə bu kitabında kamillik idealının Qərb fəlsəfəsində keçmiş olduğu “əzablı yollara” bir islami nur qatmaqla probemlin üzərindən nihilist pərdələrin qismən də olsa qaldırılmasına nail olub”.

Müəllif özü kitabın girişində xalqların tarixində qızıl dövrlərin  təsadüfən yetişmədiyini, hər bir dövrün əyarının məhz həmin zaman kəsiyində yaşamış kamil insanlarla ölçüldüyünü vurğulayıb. K. Bünyadzadə hesab edir ki, bu gün insan özü bir böhran halı yaşayır: “Bu səbəbdən onun əlaqəli olduğu hər bir sahə, hər bir istiqamət böhrandadır. Əslində belə böhranlar çox olub və məhz bu böhranların əsası olan insan böhranının kökünü, səbəblərini, xüsusiyyətlərini öyrənməklə onların öhdəsindən gəliblər. Sual oluna bilər ki, böhran və kamillik nə dərəcədə bir-biri ilə əlaqəlidir ki, biz öz kitabımızı məhz bu notlarla başlayırıq? Cavab: kamilliyə can atmayan insan böhranda olan, yəni insanlığını unudan insandır...”

K. Bünyadzadənin gəldiyi qənaət budur ki, hər nə qədər kamilləşmə prosesində əsas rol mühitin olsa da və kamilliyin təzahürü məhz cəmiyyətdə özünü büruzə versə də, kamillik fenomeni birmənalı olaraq ruh hadisəsidir: “Digər tərəfdən, kamillik ağıl və ruhun harmoniyasının nəticəsidir, yəni ruh və ağlın bir-birini tarazlaşdıraraq yüksəltməsidir”. Ruhun kamilləşməsi prosesinin məqamlarına toxunan müəllif hesab edir ki, kamilləşmə ruhun güclənməsidir: “Ruh ali varlıqla vəhdətdə olub yenidən ilkin nöqtəsinə qayıtmaqla bir idrak tsiklini tamamlamış olur. Belə məlum olur ki, ruh təkrar olunan tsiklik xarakterli idrak prosesinə malikdir. Kamil İnsan ilahi xəttin son ucunda duran tək varlıqdır. Bu, onun ilahi keyfiyyətlərə malik, Allahın maddi dünyadakı ən kamil təzahürü olmasına açıqlıq gətirir. Allah bütün yaradılanlardan müəyyən məsafədədir, yəni onlara birləşmir, qarışmır, eyni zamanda O, hər biri ilə əlaqədədir, onların mənbəyi mahiyyəti kimi. Allah Zatı baxımından təkdir və hər cür düşüncədən, xəyaldan kənardır, lakin o yaratdıqları ilə həm də vəhdətdədir, onlar vasitəsilə tanınır...”

Müəllif sevgi, iman və ağılı kamilləşmənin stimulları kimi müəyyənləşdirir: “Kamilliyin ən böyük stimulu da bir növ elə kamilliyin özünə bənzəyir-sevgi. Daha dəqiq desək, eşq-hətta öz hədəfinin aşiqi olmaq. Qısa desək, öz naqisliyini tamamlamaq, kamilləşmək yolunda insanlığın ən böyük kəşfi eşqdir! İnsan məhz aşiq olduğu hədəfə doğru gedir, can atır. Eşq -maddi aləmdən çıxıb mənəvi dünyaya üz tutmağın ilk səbəbidir, könül gözünü açan, ruhu düşündürən bir hissdir. Eşq yaradılışın səbəbi kimi Mütləqdən nisbiyə enən nur zolağı olduğu kimi, nisbidən də Mütləqə uzanan yoldur. İnsan ona doğru uzanan həmin nur zolağını kəşf etməklə eşqi və bununla da həqiqəti dərk etmiş olur... Platonun yazdığına görə, insan əvvəlcə vahid bir varlıq olmuş, sonra Allahın qəzəbinə gəlib iki yerə bölünmüşdür. O vaxtdan yarıya bölünmüşlər bir-birini axtarır və yalnız bir vahidin tərkib hissələri bir-birinə qovuşanda əsl səadətə çatırlar, tamamlanırlar. Maraqlıdır və bizim dediklərimizə uyğundur. Lakin nəzərdən qaçan bir məsələyə diqqəti yönəldək: vahid varlığa çevrilmiş iki insan, yəni öz yarısını tapmış insanlar kamil bir varlıq sayılmalıdırlarsa, ...evlilikdən sonra davam edən axtarışların mahiyyəti nədir? Həm də bu axtarışlar istisna hallarda bərabər olsa da, əksər hallarda yalnızlıqda, fərdi qaydada aparılan axtarışlar olur. Və ya necə olur ki, yarına olan məhəbbət (deməli, yarın özü də) başqa bir kamilliyə çatmaq üçün vasitə olaraq görür? Fərqi yoxdur, istər arxa-dəstək olaraq fiziki baxımdan, istərsə də ilham pərisi olaraq ruhi baxımdan olsun. Vasitə vasitədir”.

“Qadın və kamillik-cəmiyyətin yazılmış və yazılmamış qanunları”    

Qadın və kamillik mövzusunda müəllifin özünəməxsus düşüncələri var: “Qadın məişət qayğılarını aşa bilmir. Ər-uşaq-ev müqəddəs üçlüyünə səcdə edə-edə ömrünü yaşayır. Arzuları, planları, problemləri bu üçlük çərçivəsindən kənara çıxa bilmir. Çıxsa... küfrdə günahlandırılır, cəzalanır. Ailə gözəldir, müqəddəsdir, lakin qadına insanlığını unutdurmamalıdır.
 
Gələcək nəslin qayğısına qalmaq vacibdir, ancaq gələcək boş yer üzərində qurula bilməz. Qadın öz varlığını, insanlığını ilk növbədə özü dərk etməli və bunu öz həyatında da göstərməlidir ki, övladı da bundan nümunə götürə bilsin. Qadın nəfsinin qulu olmaqdan xilas ola bilmir. Qadının insanlıq meyarı kişidir. Ən uca zirvə “kişi kimi” olmaq hesab edilir. Qadın hey kişinin ardınca qaçmaq, onun keçdiyi yolu keçmək, onun düşüncəsi ilə düşünmək istəyir. Bacarmırsa, özünü naqis, əskik bilir. Təbii ki, bacarmır və təbii ki, “əskik” qalır. Çünki o kişi deyil, qadındır. Özünün bu meyarından əl çəkə bilməyən, bütün həyatını onunla nizamlayan qadının zirvəyə gedən yolu da kişidən keçir! Qadın unudur ki, o da zirvədə kişi ilə eyni məsafədədir-o qadın qütbündədir və bu zirvəyə ən yaxın və real yol yalnız qadın kimi mümkündür... Qadın bəzən öz qütbünü zirvə bilir. Beləcə, özünü səcdəgah bilə-bilə tapdaq altına çevrilir. Reklam oluna-oluna hətta cansız şeylərin belə fonuna çevrilir. Qadın nəfsini ruhundan daha yaxşı tanıyır, ona görə də nəfsinin verdiyini daha ürəklə, həvəslə qəbul edir, nəinki ruhunun. Əslində isə... Qadın da kişi kimi Allahın kəlamını qəbul etməyə qadir bir varlıqdır. Qadın da bu kəlamı insanlara çatdırmağa məsuldur. Deməli, Kamil İnsan deyəndə yalnız kişi yox, həm də qadın nəzərdə tutulur”. Adıçəkilən mövzunun davamı olaraq “Qadın-dövrün qurbanı, yoxsa yeni qüvvəsi?” essesində müəllif XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlində düşüncələrin qadın -kişi qütbləşməsinin fonunda feminizmin kökləri, səbəbləri və nəticələri haqqında yazır: “İnsanın tam və kamil olması üçün qadın və kişi təfəkkürləri bir-birini tamamlamalıdır, ikincisi isə özünü artıq tükətmiş Qərb təfəkkürü yenidən qalxmaq üçün öz başlanğıc nöqtəsinə qayıtmalıdır. Qadınsız isə öz kökünə, əslinə dönmək mümkün deyil. Bunu Şərqə- Şərq fəlsəfəsində varlığın əsasında duran İn-Yan münasibətlərinə qayıdışa çağırış kimi də qəbul eləmək olar...”

Kitabda ideal və idol, mənəvi dəyərlərin tənəzzülü, xristian dünyasında insan və kamillik, islam fəlsəfəsində kamil insan problemi, dövrün üsyankar və xilaskar insanı, kamilləşmə yolundan çıxarılan Şərq və qorunan dəyərlər, dəyişən meyarlar, kamillik prosesi kontekstində qorxu, ölüm və ilahi zərrə, eləcə də digər mövzular ətraflı araşdırılıb, dəyərli qənaətlər qələmə alınıb.

lll

Kitabın annotasiyasında maraqlı qeyd var və seçim oxucuya həvalə edilir: Kitab kamillik haqqında anlayışa malik olmaq və kamilləşmək istəyən şəxslər üçün nəzərdə tutulub...

 





19.09.2015    çap et  çap et