525.Az

Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi


 

Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Tiryək müharibəsi 

Tiryək məsələsi XIX əsrdə ilk Çin-Britaniya toqquşmasına səbəb oldu. Britaniyalılar çalışırdılar ki, Çinin xeyrinə olmayan ticarəti Hindistandan tiryək gətirməklə əks tarazlığa nail olsunlar. 1779-cu ildə Şərqi İndiya Kompaniyası tiryək ticarətini inhisara aldıqdan sonra, onun hökuməti 1780-ci ildə Hindistandan tiryəki Çin alıcılarına göndərməyə başladı. 1819-cu ildə kompaniya tiryəkdən gələn gəlirin böyük hissəsini ələ keçirməyə başladıqda, bu Çinə gətirilən narkotikin həcminin kəskin sürətdə artmasına səbəb oldu. Pekin sarayı dəfələrlə tiryək idxalını qadağan etdi. Lakin həmin tədbir uğursuz olurdu. Çünki qadağanın özü bununla məşğul olan məmurların və əsgərlərin korrupsiyasına şərait yaradırdı. Ona görə də yerli tədbirlər vasitəsilə tiryək məsələsini həll etmək mümkün deyildi.

XIX əsr başlandıqda tiryək qaçaqmalçılarının başlıca vasitəsi - kompaniyanın lisenziyası ilə Asiya daxilində ticarət aparmağa icazə verilənlər yalnız ölkənin öz tacirləri idi. Kompaniyanın himayəsi olmadan onlar Çində özlərinin tiryək bazarını yaradırdılar. Onlar Çindəki tiryək qadağasına məhəl qoymurdular və tədricən Çin qanunlarını və ümumi qaydaları pozmağa başladılar, çünki pul qazanmaqdan başqa heç nə barədə düşünmürdülər.

İngiltərə parlamenti 1834-cü ildə Şərqi İndiya Kompaniyasının inhisarını ləğv etdikdən sonra, Uilyam Con Napier Çində Britaniya ticarətinə nəzarətin başçısı təyin edildi və o, Kantona gəldi. O, Çin hakimiyyəti ilə danışıqlar aparmağa cəhd etdi, lakin onun missiyası uğursuzluğa uğradı.

1836-cı ildə imperator antitiryək kampaniyasını aparmaq üçün imperial komissioner vəzifəsinə radikal vətənpərvər olan Lin Tse-hsunu təyin etdi. 1839-cu ilin martında Kantona gəldikdən sonra o, 20 min qutu tiryəki müsadirə edib, məhv etdi. Çinlilərlə britaniyalılar arasında sentyabrdan sonra toqquşma başlandı.

1840-cı ilin fevralında Britaniya hökuməti Çinə ekspedisiya göndərməyi qərara aldı. İyunda 16 Britaniya hərb gəmisi Honkonqa gəlib, şimala tərəf üzməyə başladı. 1841-ci ilin mayında britaniyalılar divarlarla əhatə olunan Kantona hücum etdilər və 6 milyon dollar məbləğində bu həmlədən azad olunmağa görə pul aldılar. Lakin belə hadisə Kanton sakinlərinin bir hissəsinin əks-hücumunun meydana gəlməsinə səbəb oldu. Bu, britaniyalılarla Kanton sakinləri arasında davam edən münaqişənin başlanğıcı oldu.

Tsin Britaniyanın güclü donanmasına qarşı heç bir səmərəli taktikaya malik deyildi. Onlar düşmən donanması üzərinə gedən yanan körpücüklər düzəldirdilər və adamları düşmənin dənizçilərini ələ keçirməyə həvəsləndirirdilər, bunun üçün mükafat da təklif edirdilər. Yaşıl ştandart qoşunları düşmənlə vuruşmaqdan daha çox mülki adamları təşkil etməyə yarayırdı. Britaniyalılar elan etdilər ki, onların məqsədi xalqı təhqir edən dövlət qulluqçuları ilə və əsgərlərlə vuruşmaqdır, heç də Çin əhalisinə qarşı müharibə aparmaq deyildir. Həqiqətən də hökumətlə xalq arasında dərin uçurum var idi və britaniyalılar bundan asanlıqla fayda götürə bilərdilər. Tsin cəmiyyətinin zəifliyi isə müharibə böhranında aydın görünməyə başladı. 1842-ci ilin mayında britaniyalılar Şanxayı və digər iki şəhəri tutdular. Nankin isə üç ay sonra təslim oldu və Nankin müqaviləsi ilə sülh bərpa olundu.

Nankin müqaviləsinin başlıca faydası Honkonqun Britaniyaya verilməsi və beş limanın onun ticarəti üçün açılması oldu. Həm də Çin 21 milyon dollar məbləğində təzminat verməli idi. Bu, Çinlə ilk toqquşmanın nəticəsi oldu və britaniyalılar üçün ticarət və kommersiya “sivilizasiyanın həqiqi heraldikasına” çevrildi.

Bundan sonra Çin Birləşmiş Ştatlarla və Fransa ilə müqavilə bağladı. Bu müqavilələr həmin ölkələrə ən xoş münasibət bəslənilən millət ləyaqətinə xas olan qaydada imtiyazlar verdi. Bütövlükdə isə bunlar Çinin tarixi muxtariyyətinin itirilməsinə, həmin ölkələrin eks-ərazi hüququndan- kapitulyasiyadan istifadə etmələrinə və missionerlərin sərbəst hərəkəti üçün sonrakı şər işlərə də yollar açdı. Lakin Kantonda britaniyalıların şəhərə daxil olmasına qarşı narazılıqlar baş verdi. Britaniyalılar nəticədə güzəştə getdilər və əcnəbilər əleyhinə olan mübarizə qalib gəldi. Baxmayaraq ki, faktiki olaraq Pekin sarayı “müvəqqəti daxil olmağa” icazə vermişdi.

Tsin nümayəndələri britaniyalıların və fransızların tələblərini icra etməkdən başqa bir çıxış yoluna malik deyildilər. Rusiya və amerikan diplomatları da həmçinin imtiyazlar əldə etdilər. 1860-cı ildə müttəfiq qüvvələr Pekinə müdaxilə etdilər, imperator Hsien-feni (1851-1862-ci illərdə hökmranlıq etmişdi) paytaxtdan qovdular. İmperatorun kiçik qardaşı prints Kun danışıqlar aparmaq üçün imperial komissioneri təyin edildi. Britaniyalılar oktyabrda məşhur Yay sarayını məhv etdilər.

1841-ci ildə kantonluların müqavimətindən sonra Kvantunda kiçik torpaq sahibləri daha mütəşəkkil anti-əcnəbi hərəkata başladılar. Kanton şəhəri də həmçinin ksenofobiyanın yayılmasının mərkəzi oldu, ona görə də şəhərin böyük akademiyalarının alimləri Konfutsi nəzəriyyəsinə əsaslanaraq elan etdilər ki, mədəniyyətsiz barbarlar şəhərdən qovulmalıdırlar. Kantonlular öz vətənlərini qorumaq üçün barbarlarla mübarizəyə qalxdılar. Britaniya konsulu vuruşmaq üçün Kantona donanma göndərdi. Fransız qüvvələri bu riskli işdə onlara qoşuldular. Ruslar və amerikanlar bundan imtina etsələr də, diplomatik manevrlər üçün nümayəndələrini göndərdilər. 1857-ci ilin sonunda ingilis-fransız qüvvələri Kantonu işğal etdilər.

Şərqi Sibir qubernatoru olan Nikolay Muravyov 1858-ci ildə Tsin generalına təzyiq etdi ki, Ayqun müqaviləsini imzalasın. Bu sənədlə Amurun şimal sərhədindəki ərazi Rusiyaya verilirdi. Lakin Pekin müqaviləni ratifikasiya etməkdən imtina etdi. İngilis-fransız müttəfiq qüvvələri 1860-cı ildə Şimali Çinə hücum edəndə, Rusiya diplomatı İqnatyev Çinin dostu kimi hərəkət etdiyindən, müttəfiqlər tezliklə Pekini tərk edəndə, Çinlə Rusiya arasında yeni Pekin müqaviləsi Ayqun müqaviləsini təsdiq etdi və Ussuri çayı ilə dəniz arasındakı ərazi də Rusiyaya çatdı.

Xarici ölkə nümayəndələrinin daim Pekində məskunlaşması Çinlə digər millətlər arasında baş verən münaqişələrə uzun müddət üçün son qoyulması ilə əlamətdar oldu. Bac sisteminin müəyyən qədər süqutu imperator ləyaqətlərinin itirilməsi, Çinin sülalə roluna ciddi zərbə vurulması demək idi.

Qarışıq 1858-1860-cı illər ərzində Çin bürokratiyası iki yerə - müharibə və sülh partiyalarına bölündü. Sülh partiyasının liderləri əcnəbilərlə danışıqlar aparmaq vəzifəsini öz üzərilərinə götürdülər. Onlara bunu heç də öz prinsipləri deyil, böyük böhranın mövcudluğu məcbur etmişdi.

Çinlilər qərblilərin Çinə zəhərli narkotiklərin təchizatçıları kimi gəlib çıxdıqlarını görməli idilər. Sözün bütöv mənasında barbarlar olmaqla, çinlilər onlardan heç nə öyrənə bilməzdilər. Həm də çinlilər möhkəm qaydada öz ənənələrini qoruyub saxlayırdılar, bunlar da iki cəhətə - ideoloji və institutsional cəhətlərə malik idi. Çinlilər Qərb təsirini yeni əlavələr üçün vacib olan yeni situasiyadan daha çox öz ənənəsinin genişlənməsi kimi qiymətləndirirdilər. Ən azı 1860-cı ilə qədər Tsin liderləri öz ənənə qılafına çəkilib qalmışdılar, keçmişin yükünü qırıb dağıtmaqla, yeni mühitlə bacarmaq üçün heç bir cəhd etmirdilər.

Taypin üsyanı 

XIX əsrin üçüncü rübü yenə də sosial narazılığın nəticəsi kimi bir sıra iğtişaşlar görürdü. XIX əsrin birinci yarısında Taypinin (“taypin” sözü Çin dilində “dinc”, “sülhsevər” demək idi) vətəni olan Kvantun əyalətini sosial iğtişaş bürüdü. Tiryək müharibəsindən sonra hökumətin nüfuzu tənəzzülə uğramışdı, qulluqçular icma düşmənçiliyini barışdırmaq sahəsində öz qabiliyyətlərini itirmişdilər. Belə münaqişələrin ən böyüyü yerli sakinlərlə gəlmə sakinlər adlanan hakkalarla - onlar keçmiş vaxtlarda bu əyalətə mərkəzi Çindən gəlmişdilər, baş verdi. Yeni din kimi yaranan Allaha sitayiş edənlər assosiasiyasının ardıcılları şaxtaçılar, ağac kömürü istehsal edən fəhlələr və kasıb kəndlilər idi. Onların əksəriyyəti hakkalara məxsus adamlar idi.  Üsyana Tiryək müharibəsi nəticəsində meydana gələn yüksək inflyasiya nəticəsində və iri mülkədarların qoyduqları ağır vergidən daha çox yoxsullaşan minlərlə kəndlilər qoşulmuşdular.

1851-ci ildə yaranan yeni dövlət Taypin Tien-kuo (Böyük sülhün səma səltənəti) adlanırdı. Taypin üsyanının başçısı Hun Hsiu-çüan özünü İisus Xristin qardaşı adlandırırdı və o, Səma kralı elan edildi. Yeni dövlət iri torpaq sahibliyinin ləğv edildiyini elan etdi. Torpaqlar bərabər qaydada bölünməli və xalqa paylanmalı idi.  1852-ci ildə onlar imperial ordunu mühasirədə saxladı, sonra mühasirəni qaldırıb, Hunanın içərilərinə soxuldular. 1853-cü ildə Nankini işğal edib, onu özlərinin paytaxtı etdilər.

Taypin dininin özəyi monoteizm olmaqla fundamental protestant xristianlığına bənzəyirdi. Bu din həm də güclü anti-mancurizmlə (Tsin sülaləsinin hakimiyyətinə qarşı mübarizə kimi) qarışmaqla, Çin mədəni ənənəsinə qarşı münasibətdə də tolerant deyildi. Bu siyasi-dini mürəkkəblik Taypinin döyüşən ruhu tərəfindən möhkəm qaydada dəstəklənirdi. Taypin dini ideyalarının, əxlaqının və institutlarının başlanğıcı öz izini Çin ənənəsindən götürə bilərdi. Taypinlər Nankində məskunlaşdıqdan sonra kənd məmurları təyin edildi, primitiv kommunizm ideyalarına uyğun olaraq onlar əkin torpaqlarını yenidən bölüşdürməyi planlaşdırırdılar. Lakin faktiki olaraq torpaq islahatı həyata keçirilən deyildi, kəndlərdə məmur vəzifələri başlıca olaraq keçmiş torpaq sahibləri və ya yerli hökumətlərin məmurları ilə dolmuşdu.

1853-cü ilin mayında Taypin Şimali Çinə ekspedisiya göndərdi, lakin 1855-ci ilin yazında nəticədə məğlub oldu. Bundan sonra Yantszı vadisindəki əlamətlər mübarizənin başlıca səhnəsinə çevrildi. Həmin illərin hökumət orduları pis intizama malik idilər, ona görə də başqa çıxış yolu olmadığından yerli milisə bel bağlamalı olurdular. Bu yerli ordular kənd fermerlərindən ibarət idi və Konfutsi ortodoksiyasını himayə etmək missiyasından və sadəcə öz kəndlərini mühafizə etməkdən daha çox geniş miqyaslı əməliyyatlar həyata keçirirdilər. Yerli kiçik torpaq sahibləri onları lazım olan pul fondu ilə təmin edirdilər.

Çindəki Taypin üsyanı (1850-1864-cü illər) nəticəsində on milyonlarla insan həlak olmuşdu. Bu tarixdəki ən qanlı və dağıdıcı vətəndaş müharibəsidir. Bəzi tarixçilər mübaliğəyə yol verərək, onun qurbanlarının sayını bəşəriyyətin I Dünya müharibəsində verdiyi dəhşətli rüsumun miqdarı ilə müqayisə edirlər. Əlbəttə, tarixdə əvvəllər mövcud olmuş və onunla elə eyni vaxtda gedən vətəndaş müharibələrindən kəskin surətdə fərqlənirdi. ABŞ-da təqribən eyni dövrdə gedən Vətəndaş müharibəsində isə həlak olanların sayı 600 min nəfər olmuşdu.

Taypin tədricən darmadağın edildi və 1861-ci ilin oktyabrında inqilabi səbəb artıq sıradan çıxdı. 1864-cü ilin iyulunda Nankinin ələ keçirilməsi ilə dünya tarixindəki ən böyük vətəndaş müharibələrindən biri başa çatdı. Onların enerjiləri də tükəndi. Üstəlik, din fanatizm, baxmayaraq ki, onu döyüşçülərin özü ilhamlandırmışdı, hərbi və inzibati işləri ələ keçirməyə mane oldu. Ənənəvi mədəniyyətə qarşı dözümsüzlük də həmçinin xırda torpaq sahiblərini və onlara bənzərləri bu hərəkatdan uzaqlaşdırırdı.

Yunnanda, Şensidə və Kansudakı müsəlman üsyanları həmin əyalətlərdə çinlilərlə müsəlmanlar arasında toqquşmalardan öz başlanğıcını götürmüşdü. Dini rəğbətsizlik nəzərə alınmalı idi, lakin daha əhəmiyyətlisi sosial və siyasi fon idi. Müsəlman-çinli rəqabəti 1821-ci ildən meydana gəlmişdi. Hökumət qulluqçuları çinliləri müdafiə etmişdilər və müsəlmanlar həm çinlilərə, həm də hakimiyyətə qarşı mübarizəyə qalxmağa məcbur olmuşdular.

1862-ci ildə Şensidəki digər müsəlman iğtişaşı Kansuya və Şərqi Türküstana yayıldı və 15 il ərzində davam etdi. Üsyanın sonrakı səhnəsində üsyançılar imperial ordu tərəfindən məğlub edildikdə, Kansuya qaçdılar və bu əyalət mübarizənin başlıca teatrına çevrildi. Şensidə və Kansuda çoxlu müsəlman liderləri var idi, lakin onlar nə ümumi qərargaha, nə də vahid siyasətə malik deyildilər. 

(Ardı var)

 





21.09.2015    çap et  çap et