525.Az

Dərslik - hər kəs üçün


 

Dərslik - hər kəs üçün<b style="color:red"></b>

Özünün bütün fəaliyyət istiqamətləri ilə dünyaya tam müstəqil bir dövlət kimi inteqrasiya olunmuş Azərbaycanın siyasi, ictimai, iqtisadi çalarları ilə elmi təhlilə cəlb edilməsi bu günün çox aktual məsələlərindən biridir.

Əlbəttə, ölkəmizin dünya çapında getdikcə daha çox hiss olunması, bir çox siyasi, iqtisadi məsələlərdə dövlətimizin rəyinin xüsusi nəzərə alınması kimi proseslərin genişlənməsi ölkə rəhbərliyinin ardıcıl və mükəmməl siyasi fəaliyyətinə bağlıdır. Lakin artıq özünün müstəqil düşüncəli siyasətlə məşğul olan kadrlarını yetişdirməkdə olan Azərbaycan bu dövləti aşağıdan yuxarıya idarə edən və gələcəkdə idarə etməli olacaq dövlət idarəçilik kadrlarının daha savadlı, daha səriştəli və ciddi vətəndaşlıq səyləri ilə seçilməsini təmin etməlidir.
 
Hər an dəyişən dünyada və bu dəyişmələrdə daha çox öz hegemonluğunu artırmaq iddiasında olan dövlətlərin yaratmaqda olduqları siyasi narahatlıqlar fonunda müasir Azərbaycan vətəndaşı öz ölkəsinin sabahını dəqiq görməli və davamlı inkişafın fonunda baş verə biləcək hər cür narahatlıqların qarşısını almağa hazır olmalıdır. Sovet dövründə ayrı-ayrı milli respublikaların diplomatik kadr hazırlığı Kommunist Partiyasının ideoloji tribunası rolunu oynayan Ali Partiya Məktəbləri, birbaşa Moskvanın nəzarətində olan Beynəlxalq münasibətlər məktəbi kimi təhsil ocaqları vardı ki, bu məkanda oxumaq da adi adamlara nəsib olmurdu. Müstəqil ölkəmizin bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Ali Diplomatiya Akademiyası, Bakı Dövlət Universiteti nəzdində Beynəlxalq münasibətlər fakültəsi və digər universitetlərdə fəaliyyət göstərən müvafiq təhsil qurumları indi savadlı milli diplomatlarımızın hazırlanmasını həyata keçirir. Bu işin uğurlu təminatçısı bir tərəfdən adı çəkilən tədris müəssisələri, müəssisələrdəki müəllim kadrları, digər tərəfdən mükəmməl dərsliklərdir. Aydın məsələdir ki, dövlətimizin müasir fəaliyyət istiqamətini müəyyənləşdirən və ölkəmizi müxtəlif diplomatik sahələrdə təmsil edən kadrların hazırlandığı bu tipli təhsil ocaqları üçün müasir tələblərə cavab verən dərslik və dərs vəsaitləri təkcə kitablardan, xarici ədəbiyyatdan, elmi tədqiqatlardan alınan biliklə meydana çıxa bilməz. Bu cür əsərlərin mükəmməlliyi həm də və yəqin ki, daha çox dərslik müəllifinin şəxsi təcrübəsindən asılı olur. Azərbaycan elmi-siyasi və ictimai mühitində bu keyfiyyətləri özündə birləşdirən tədqiqatçılarımızdan biri kimi tarix elmləri doktoru, professor Əli Həsənovun bu sahəylə bağlı dərsliklərin yaranmasında xüsusi xidmətləri var.

Əli Həsənovun Azərbaycan diplomatiyası sahəsindəki tədqiqatları - dərslik, dərs vəsaiti və monoqrafiyalarının uğurunu təmin edən əsas faktor həm də bu əsərlərin müəllifinin özünün praktik fəaliyyəti ilə çox bağlıdır. Moskva Dövlət Universiteti kimi fundamental bir elm və təhsil müəssisəsini həm tələbə, həm də aspirant olaraq bitirmiş Əli Həsənov tarix elmləri doktoru, professordur. Azərbaycanın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiridir. Digər tərəfdən, Əli müəllim təxminən iyirmi ildir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışmaqdadır, hazırda isə həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi kimi son dərəcə məsuliyyətli bir vəzifəni yerinə yetirməkdədir. Əlbəttə, Əli müəllimin fəaliyyəti və bioqrafiyası bir ictimai xadim kimi Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Lakin bu məqamda onun bir alim və bir dövlət məmuru kimi bioqrafik faktlarını yenidən xatırlatmağımız onunla əlaqədardır ki, oxucu bu məhsuldar alimin praktika ilə necə ahəngdar bağlı olduğunu bir daha xatırlasın.

Xüsusi qeyd edək ki, Əli Həsənovun bir alim kimi tədqiqatçılığı, çoxsaylı kitablarının başlanğıc çağı onun məhz Prezident Administrasiyasında işə başladığı zamanla çox bağlıdır. Əli Həsənov elmdə qazandığı - həm də qısa zamanda qazandığı bilikləri praktikadan gələn faktlarla birləşdirərək 1995-2015-ci illər arasında 22 kitab hazırlayıb nəşr etdirmişdir. Bu əsərlərin hamısı Azərbaycanın dövlətçilik tarixinə düşəcək, milli taleyimizlə bağlı elmi-praktik əhəmiyyət daşıyan kitablar səviyyəsindədir. Bu sətirlərimizdəki epitetlərin tamamilə yerində olduğunu bir daha sübut etmək üçün alimin həmin əsərlərinin yalnız dərsliklərlə bağlı siyahısını verməyi lazım bildik. Oxucudan dərsliklərin adlarına - mövzu dairəsinə xüsusi diqqətlə yanaşmasını xahiş edərdik. Beləliklə, tarix elmləri doktoru, professor Əli Həsənovun dərslikləri: “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” (Azərbaycan və rus dillərində), “Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri”, “Geosiyasət” (Azərbaycan və rus dillərində), “Dünya ölkələrinin müasir siyasi sistemləri”, “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” (Yenilənmiş, təkmilləşdirilmiş - Azərbaycan və rus dillərində) və “Azərbaycanın geosiyasəti”.

Əli Həsənovun fundamental tədqiqat obyektləri bir-birinə yaxın olan və bir-birini tamamlayan beynəlxalq münasibətlər sistemi və geosiyasət sahələridir. Dünyanın və həmin kontekstdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, ölkəmizin geosiyasət konsepsiyası kimi bu günümüz üçün taleyüklü əhəmiyyət daşıyan problemlərə Əli Həsənovun təkcə bir alim-tədqiqatçı kimi deyil, həm də ciddi vəzifələr daşıyan dövlət xadimi, ictimai xadim kimi xüsusi marağı heç də təəccüblü deyil. Əli müəllim yaxşı bilir ki, bu gün Azərbaycanda ictimai elmlərin bir çox sahələrinin yeni zaman kontekstində fundamental və obyektiv şəkildə işlənməsinə böyük ehtiyac duyulur. SSRİ dövründə sırf ideoloji kanonlar və partiya sifarişləri ilə aparılmış  tədqiqatların, yazılmış dərslik və monoqrafiyaların böyük əksəriyyəti bu gün makulatura keyfiyyəti daşımaqdadır. Saxta ideoloji sifarişləri postulatlar səviyyəsində cəmiyyətə təqdim edən elmi kommunizm, partiya tarixi, siyasi (?) iqtisad, Marksizm-Leninizm fəlsəfəsi və s. tipli tədris fənlərini və “elmi” ədəbiyyatı Qərb standartlarına uyğun və əsl həyatı əks etdirən, yeni cəmiyyətin tələblərinə cavab verən keyfiyyətli elmi araşdırmaların əvəz etməsi prosesi də baş verməkdədir. Əlbəttə, ictimai elmlərin keçmiş nəzəri kanonlarından birdən-birə çıxmaq heç də hamıya müyəssər olan keyfiyyət deyil. Bunun üçün yeni təfəkkür tərzi, yeni düşüncə və ən əsası, müasir dünyanı duymaq bacarığı çox vacibdir. Azərbaycanda belə bir elmi təfəkkür tərzi işığında fundamental əsərlər ortaya çıxmaqdadır. Bu sırada professor Əli Həsənovun həm də “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” adlı fundamental dərsliyi xüsusi qeyd edilməlidir.

Əvvəlcədən deyək ki, beynəlxalq münasibətlər kimi özündə  çox ciddi elmi, siyasi, kulturoloji bir yük daşıyan anlayışın nəinki araşdırma faktları, hətta bir leksik söz birləşməsi şəkli də Azərbaycan gerçəkliyi üçün yenidir. Niyə yenidir? Bu sualın cavabı da məlumdur. Cəmi 10-15 il bundan əvvəl bütün Sovet respublikalarının xarici siyasəti yalnız deklorativ mahiyyət daşıyırdı. Bu respublikaların “əvəzindən” bütün beynəlxalq münasibətləri Moskva özü aparırdı. Ona görə də təkcə Azərbaycanda deyil, bütün Sovet respublikalarında beynəlxalq münasibətlər sisteminə elmi cəhətdən də böyük bir etinasızlıq olmuşdur. Deməli, bu sahədə aparılacaq elmi araşdırmalarda müəllif, əslində, sıfırdan başlamalı olur.

Bu sətirlərin müəllifinin Əli Həsənovun bütün kitabları və xüsusilə dərslikləri barədə geniş məlumatı var. Ona görə də Əli müəllimin bir tədqiqatçı alim kimi Azərbaycan dövləti və dövlətçiliyi, xarici ölkələrin Azərbaycana və Azərbaycanın dünya dövlətləri sisteminə münasibəti ətrafında elmi konsepsiyasına yaxından bələddir. Bu konsepsiya müasir Azərbaycanın arxitektoru Heydər Əliyevin dövlət quruculuğu siyasəti kontekstində formalaşıb və Ümummilli liderimizin dövlətçilik konsepsiyası Əli Həsənovun elmi-nəzəri müddəalarına kod rolu oynamışdır. Bütün dediklərimizin bariz nümunəsi kimi alimin bu yaxınlarda çapdan çıxmış “Azərbaycanın geosiyasəti” dərsliyi ətrafında geniş dayanmaq istərdik.

İlk növbədə qeyd edək ki, Əli müəllimin 2005 və 2012-ci illərdə nəşr etdirdiyi “Geosiyasət” dərsliyi əslində geosiyasətin ümumi nəzəri aspektlərini geniş şəkildə ortaya qoymuşdur. Bu dərslikdə Əli Həsənov geosiyasətin tarixi köklərini, qədim və orta əsrlərdə geosiyasət ideyaları və nəzəriyyələrinin gerçəkləşmə məqamları, ayrı-ayrı ölkələrdə təzahür formatları, onun Şərq və Qərb modelləri, klassik geosiyasətin Avropa, Amerikadakı göstəriciləri, İkinci Dünya müharibəsi dövründə dövlətlərin taleyini həll edən geosiyasət, bizə qonşu olan Rusiyanın, Türkiyənin bu sahədə fəaliyyəti barədə geniş tədqiqat aparmışdır. Bu dərsliyin çox ciddi bir fəslini təşkil edən geosiyasət elminin əsasları ilə bağlı səhifələr bu mürəkkəb sahənin obyekt və predmetini, kateqoriyalarını, qanunlarını, funksiya və metodologiyasını geniş izah və təhlilləri ilə oxucuya fundamental informasiyalar verir. Oxucu həmin kitabda dünyanın geosiyasət strukturunun formalaşması, müasir dünya sistemi və onun geosiyasət reallıqları kimi maraqlı elmi təhlilləri tapır. Göründüyü kimi, professor Əli Həsənov qanunauyğun olaraq, əvvəlcə xüsusi bir kitabda geosiyasətin bütün mahiyyətini təqdim edir və yalnız bundan sonra məhz Azərbaycanın dünya sistemindəki geosiyasətini tədqiqata cəlb edir.

Yuxarıda qeyd etdiyimiz kimi, “Geosiyasət” dərsliyinin əhatəli təhlilləri birbaşa Azərbaycanın geosiyasəti probleminin elmi-nəzəri və praktik istiqamətlərini əks etdirən bu yeni dərslikdə termin ətrafında artıq səhifələrə yer qoymur. Əsər birbaşa Azərbaycanın geosiyasi maraqlarını və bu sahədəki təcrübəsini tarixi-xronoloji tədqiqat prinsipi ilə oxucuya çatdırır. Kitabın oxucuya nə verdiyini və oxucu arealını nə dərəcədə geniş nəzərdə tutduğunu dərsliyin anonsu daha dəqiq təqdim edir: “Geosiyasət elmi beynəlxalq münasibətlərin bütün səviyyələrində  - ölkələrarası, təşkilatlararası, hətta fərdlərarası əlaqələrdə, ayrıca götürülmüş məkanlarda ətraf aləmin, ümumi geosiyasi vəziyyətin düzgün qavranması, təbii, ictimai və elmi məlumatların, innovativ biliklərin dolğun qiymətləndirilməsi üçün mühüm vasitə rolunu oynayır. Dövlət təhsil standartlarına uyğun olaraq ali məktəblərin müvafiq ixtisasları üzrə təhsil alan tələbə və doktorantlar, ixtisaslaşmış akademiyaların dinləyiciləri və elmi işçilər üçün dərslik kimi yazılmış bu kitabdan həm də ictimai-siyasi xadimlər, millət vəkilləri, dövlət qulluqçuları, xarici siyasət, təhlükəsizlik və hərbi-geostrateji planlama sahəsində çalışan mütəxəssislər və ən geniş intellektual oxucu təbəqəsi - milli elita istifadə edə bilər”. Əlbəttə, kitabdan istifadə edə biləcək zümrənin konkret ünvanında - məsələn, jurnalistləri də mütləq göstərmək olar. Çünki “Azərbaycanın geosiyasəti” dərslik anlayışının tipoloji mahiyyətini özündə əks etdirməklə bərabər, mövzunun aktuallığı onu bütün ziyalı təbəqəsinin, dövlətinə, dövlətçiliyinə məhəbbət bəsləyən müasir ziyalı gəncliyin DƏRSLİYİNƏ çevirir. Bəs bu dərslik hansı konkret göstəriciləri ilə hər kəsin stolüstü kitabı kimi qiymətlidir? Bu suala cavab vermək üçün əsərin məzmunu, mahiyyəti ətrafında bəzi təhlilləri vacib saydıq.

İlk növbədə qeyd edək ki, müəllif bu kitabı “müstəqil Azərbaycan dövlətinin banisi - Ümummilli lider Heydər Əliyevin nurlu xatirəsinə ithaf” etmişdir. Bu sətirdə müəllifin Heydər Əliyevə dərin hörmət və ehtiramı Azərbaycana və millətə hörmət və məhəbbəti kimi qəbul olunur. Lap cavan çağlarından Heydər Əliyev kimi böyük ictimai və dövlət xadiminin yanında diplomat kimi çalışması Əli Həsənovun elmi, ictimai və dövlət məmuru statusunu müəyyən etmiş və bu fakt alimin, dövlət məmurunun ictimai hörmət qazanmasına bilavasitə zamin olmuşdur.

“Azərbaycanın geosiyasəti” əsəri də öz elmi xarakteri ilə milli dövlətçilik geosiyasətimizin qədim çağlarından başlayır və Heydər Əliyev fenomeni ilə, onun dövlətçilik konsepsiyasını yüksək şəkildə davam etdirən Prezident İlham Əliyev epogeyində tamamlanır.

Bu çoxəsrlik, çoxmərhələli geosiyasi dönəmlərin fundamental elmi təhlilini vermək üçün müəllif əsəri dörd bölməyə və hər bölməni bir neçə fəslə ayırmışdır. Bu bölmələr və fəsillərin hər biri mühüm elmi mahiyyət daşımaqla,  problemlərin oxucu tərəfindən daha konkret və daha aydın anlaşılmasına xidmət edir.

I bölmə “Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları” adlanır. Göründüyü kimi, müəllif elə ilk bölmədən Azərbaycanın geosiyasi inkişaf tarixini tədqiq etməklə: birincisi, bizim milli dövlətçilik tariximizin dərin və qədim qatlarını təqdim edir və bu təqdimatla milli dövlətçiliyimizin qədimliyinə şübhə yaratmağa çalışan bədxahlara xüsusi mesaj göndərir; ikincisi, millətə onun qədimliyini və bu qədimlikdən başlayan dövlətçilik bacarığı ətrafında xüsusi elmi izahları ilə xalqımızda özünə bir qürur hissi yaradır. Azərbaycanın dövlətçilik ənənələrinin tarixi köklərini tədqiq etmək H.Əliyevin belə bir tezisindən irəli gəlir ki, “XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən, müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır”.

Ona görə də “Azərbaycanın geosiyasi inkişaf tarixi” adlı I fəsildə ölkəmizin qədim zamanlardan Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti, Cənubi Qafqazdakı geosiyasi mühit kontekstində Azərbaycan gerçəkliyi, Xalq Cümhuriyyəti kimi müstəqil bir Azərbaycan dövlətinin Qafqaz siyasətinə təsiri, Azərbaycan Xalq Cümhuriyyətinin geosiyasi manevrləri, bu dövlətin iflası və bunun geosiyasi nəticələri kimi fundamental problemlərin elmi tədqiqi, sözün həqiqi mənasında, böyük əmək və bacarıq tələb edir. Çünki belə bir tədqiqat təkcə bir ölkənin - indiki halda Azərbaycanın deyil, diplomatik manevrlərin aparıldığı digər dövlətlərin də geosiyasi tarixini araşdırmağı, xarakterini tədqiq etməyi zəruriləşdirir.

Əlbəttə, biz Azərbaycanın tarixi dövlətçilik ənənəsi ilə, ölkənin digər dövlətlərlə qədim dövrlərdəki geosiyasəti ilə nə qədər qürur duysaq da, belə bir həqiqəti də etiraf etməliyik ki, Azərbaycan özünün qeyd etdiyimiz kontekstdə inkişaf prosesinin zirvəsini daha çox müasir dövrdə yaşamaqdadır. Ona görə də dərsliyin müəllifi arada məsafə qoymadan tarixi inkişaf mərhələlərinin təhlilindən dərhal sonra inkişafımızın müasir mərhələsinə keçir. “Azərbaycan Respublikasının müasir milli inkişaf siyasəti: xarakteristikası, əsas vəzifələri və tələblri” adlanan ikinci fəsil çox ciddi bir problemin elmi-politoloji təhlilini təqdim edir. Mən bu anda diqqəti fəslin sərlövhəsində özünü göstərən “vəzifələri” leksikonuna cəlb etmək istərdim. Çünki bu söz əvvəlcədən belə bir qənaətə gəlməyə imkan verir ki, müəllif faktların sadəcə konstatasiyasından uzaq olub, özünün də dövlətin inkişaf konsepsiyasına xidmət edən müddəalarını ortaya qoyur. Bu yerdə yenə də Əli Həsənovun səriştəli dövlətçilik təcrübəsindən dərs aldığı böyük Heydər Əliyev məktəbini yada salmaq zərurəti yaranır...

Müəllif ilk növbədə Milli inkişaf strategiyası kimi mürəkkəb bir anlayışın elmi-politoloji xarakterini verir. Bu aydınlatmaya görə milli inkişaf strategiyası “hər bir dövlətin daxili və xarici vəziyyətini, milli maraq dairələrini və onların təminatını, beynəlxalq aləm və region ölkələri ilə münasibətlərinin taktikasını, vəzifələrini, yollarını, vasitələrini və ehtiyatlarını, onu əhatə edən geosiyasi subyektlərin hərəkətlərini və buna müvafiq olaraq geosiyasi davranışını müəyyən edən” bir faktordur. Habelə, məlum olur ki, milli strategiya həm də milli inkişaf və milli təhlükəsizlik kimi fundamental vəzifələrin həyata keçirilməsi yollarıdır. Müəllif milli inkişaf startegiyasının dövlət maraqlarına xidmət edən cəhətlərini on mühüm müddəada ümumiləşdirmişdir. Bu müddəalarda milli inkişaf strategiyasının problemlərə elmi yanaşma prinsipini formalaşdırmaq, təhlükəsizlik konsepsiyasını meydana qoymaq, dövlətçiliyin müstəqillik, ərazi bütövlüyü, suveren idarəçilik, digər vacib atributlarını hazırlamaq, insan və təbii resursların səmərəli istifadəsini, dövlətin və ictimai həyatın milli, hərbi, sərhəd, iqtisadi, sosial, informasiya, ərzaq, enerji və s. sisteminin uğurlarını təmin etmək, hərbi və sərhəd təhlükəsizliyi doktrinalarını hazırlamaq, ölkənin geosiyasi kodunun, xarici siyasət konsepsiyasının yaradılması kimi mühüm məsələlər əhatə olunur.

Daha sonra əsərdə Azərbaycan Respublikasının milli inkişaf siyasətinin formalaşması, onun əsas mərhələləri və xarakterik xüsusiyyətləri açılır. Bütün bu elmi məsələlər Heydər Əliyevin belə bir tezisi üzərində qurulur: “... Müstəqilliyi qazanmaq, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi qorumaq, əldə saxlamaq, möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq, vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat şəraiti təmin etmək daha çətindir”. “Azərbaycanın geosiyasəti” əsərinin nəzəri əsasları inkişafın bütün olmuş və olacaq mərhələlərində Heydər Əliyevin bu fikrinin ardıcıl təmin olunmasından keçir. Əli Həsənov bir elm adamı və bir dövlət xadimi kimi keçdiyimiz və keçəcəyimiz yolların strateji xəritəsini cızmaqla dövlətini, vətənini sevənlər, xüsusilə dövlətin və vətənin taleyinə cavabdeh olanlar üçün H.Əliyevin arzuladığı şəraitin necə yarandığı və necə inkişaf edəcəyini göstərir.

Əlbəttə, dərslik ünvanlandığı auditoriya üçün qoyulan problemin elmi-nəzəri cəhətlərinə xüsusi diqqət yetirir. Lakin məsələnin praktik tərəfinin göstəriciləri, misalları olmasa, nəzəriyyə göydən asılı qalardı. Beynəlxalq münasibətlər sisteminin fundamental tədqiqatçısı Əli Həsənov əsərdəki bütün nəzəri məsələləri praktik göstəricilərlə əsaslandırır. Həm də bu praktik göstəricilər birbaşa Azərbaycanın müasir milli inkişaf faktları ilə müşayiət olunur. Belə olduğu halda oxucu iki istiqamətdə  - həm geosiyasətin beynəlxalq nəzəri prinsipləri ilə, həm də müstəqil Azərbaycan dövlətinin bu prinsiplər sistemində yerini görmək istiqamətində biliklər əldə edir. Məsələn, əsərin “Azərbaycan Respublikasının milli inkişaf siyasətinin əsas prinsipləri, vəzifələri və tələbləri” kimi bir bölməsi bizə bu gün ölkəmizdə güclü dövlət yaratmaq və səmərəli dövlət idarəçiliyi, ictimai-siyasi sabitliyin yaradılması və qorunması, iqtisadi inkişafa nail olunması, vətəndaş birliyi və cəmiyyətin bölünməzliyi prinsipi, yüksək vətəndaşlıq hissinin tərbiyə edilməsi, milli ideya birliyi, balanslı xarici siyasət və tarazlı daxili inkişaf kimi məsələlərin Azərbaycanda necə həyata keçirildiyini inandırıcı illüstrativ faktlarla təqdim edir.

Əsərin maraqlı cəhətlərindən biri budur ki, müəllif haqqında söhbət gedən məsələnin tarixi inkişaf yolunda hər kəsin xidmətini qiymətləndirir və bu inkişafın qaynaqlarını hörmətlə xatırladır. Həm də bu məqamda xalqın iradəsi əsas və təkanverici qüvvə kimi qiymətləndirilir. Məsələn, ayrı-ayrı dövlətlərdə xalqların və liderlərin - dövlət quruculuğunda, vətəni qorumaq və bəzi kritik situasiyalarda onu xilas etmək missiyasını üzərinə götürən böyük insanların birləşdirici rolundan bəhs edən müəllif belə bir missiyanı yerinə yetirənlərin, konkret simaların xidmətlərini qeyd edir və bu anda həmin xilaskarların istinad nöqtələrini xüsusi vurğulayır. Belə bir misal: “XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Azərbaycanın maarifçi ziyalıları, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin qurucuları və nəhayət, 1990-cı illərdə Heydər  Əliyev azərbaycançılıq ideyasına müraciət edərək onu milli və birləşdirici təlimə çevirməyə çalışmışlar. Məhz son mərhələdə Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə - azərbaycançılıq ideyası məzmunca tamamlanaraq və zənginləşdirilərək, yeni konfiqurasiyada rəsmi dövlət siyasəti səviyyəsində ölkə vətəndaşlarının və bütün dünya azərbaycanlılarının birləşdirici və səfərbəredici milli ideyası statusuna qaldırıldı”. Və həqiqətən də bu gün Azərbaycan xalqının bu milli ideologiyası Heydər Əliyev tərəfindən müqəddəs bir amal kimi ortaya qoyulmuş, formalaşdırılmış və öz səmərəsini verməkdədir.

Dərsliyin III fəsli Azərbaycan Respublikasının müasir geosiyasi inkişaf xüsusiyyətlərini,  geosiyasi statusu, vəzifələri və perspektivlərini təhlilə cəlb edir. Bu yerdə Azərbaycanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz, Orta Asiya, Rusiya və digər məkandakı geosiyasi münasibətləri, birgə layihələr, bu layihələrdə ölkəmizin üstünlükləri təhlil edilir. Xüsusilə təbii iqtisadi resursların gətirdiyi siyasi, iqtisadi dividendlər araşdırılır. Bu yerdə “Azərbaycanın planetar və regional geosiyasətinə həlledici təsir göstərən əsas amillər” diqqətlə nəzərdən keçirilir və müstəqilliyin bizə verdiyi imkanlar geniş təhlilə cəlb olunur.

Bu fəsildə habelə Azərbaycanın geosiyasi statusu və müasir geosiyasi fəaliyyət kodeksinin bütün parametrlərini araşdıran tədqiqatçı qürur doğuran belə bir nəticəyə gəlir ki, “hazırda Cənubi Qafqazdakı hər hansı regional məsələdə, nə geosiyasi və geoiqtisadi imkanları zəif qiymətləndirilən Gürcüstan, nə də ki, Rusiyanın “forpostu” hesab olunan Ermənistan Azərbaycanla heç bir rəqabətə tab gətirə bilmir”. Müəllif bunun səbəblərini maraqlı illüstrativ faktlarla izah edir. Bir tərəfdən Azərbaycanın tam müstəqillik faktı, digər tərəfdən ölkə rəhbərliyinin balanslaşdırılmış xarici siyasəti dövlətimizi nəinki regionda, həm də beynəlxalq arenada sayılıb-seçilən mövqeyə çıxarmışdır. Müəllifin qənaətincə, Azərbaycanın yeni geosiyasi reallıqlara  və bundan irəli gələn qlobal çağırışlara operativ reaksiyası, praqmatik fəaliyyəti ölkənin geosiyasi inkişafını təmin edən faktorlar sırasında mühüm yer tutmaqdadır.

Dərsliyin II bölməsi, bu bölmənin fəsilləri və ayrı-ayrı hissələri Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərini təhlilə cəlb edir. Bu məqamda ölkəmizin Avrasiya, ABŞ, Avropa İttifaqı, Türkiyə, İran və digər ölkələrlə geosiyasi münasibətləri real faktlar əsasında araşdırılır və qiymətləndirilir. Burada, habelə, postsovet - MDB məkanı, Orta Asiya və Xəzərətrafı dövlətlər, Qara dəniz hövzəsi dövlətləri... ilə Azərbaycanın geosiyasi maraqları ətrafında bu gün hər kəsin bilməsi vacib olan məqamlara elmi-politoloji baxış çox maraqla oxunur.

Eyni dövlətləri və eyni regionları bu dəfə geoiqtisadi münasibətlər bucağından təhlil edən III bölmənin Azərbaycanın iqtisadi münasibətdə olduğu ölkələrin geoiqtisadi maraqlarının elmi təhlilləri bu sahə ilə məşğul olan hər kəsi maarifləndirmək, öz işində nələrə diqqət etməyin vacib olduğunu bilmək mənasında da mühüm əhəmiyyət kəsb edir. Bir az da konkretləşdirsək deyə bilərik ki, III bölmə özünün ayrı-ayrı fəsilləri və paraqrafları ilə Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikasını, bölgənin müxtəlif parametrlərdən iqtisadi imkanları və iqtisadi maraqları, bu sırada ölkəmizin dövlət maraqlarını ifadə edən məsələlər, indi bizim üçün çox böyük əhəmiyyət kəsb edən Xəzərin hüquqi statusu, müstəqil Azərbaycanın enerji resurslarının sərbəst istehsalı və bunun H.Əliyev konsepsiyasına uyğun nəticələri, transmilli enerji ixracının uğurları və problemləri və s. kimi fundamental məsələlərə diqqət yetirir.

Kitabda ölkəmizlə bağlı təhlil edilən bütün məsələlər taleyüklüdür və milli maraqlarımızın ümumi sisteminə çevrilmiş bu məsələlərin elmi-nəzəri şərhi, habelə praktik sahədəki mövcud vəziyyətinin aydın təhlilləri dövlət maraqlarımızı düşünən hər kəs üçün qiymətlidir. Lakin sözün əsl mənasında fundamental bir məsələ də var ki, onun inkişafı dövlətin varlığını təmin edir. Bu da Azərbaycanın ordu quruculuğu və ölkənin xarici aləmlə hərbi-geostrateji münasibətləridir. Müəllif əsərin IV bölməsində bütün addımlarda düşünülmüş siyasi xət yeritmək tələb olunan bu məsələnin beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin əsasları ətrafında geniş söhbət açır. Belə məqamda tədqiqat prinsiplərinə uyğun olaraq, müəllif ilk növbədə beynəlxalq təhlükəsizlik siyasətinin əsasları ətrafında geniş araşdırma aparır. Bununla bağlı tədqiqatın ilk hissəsi beynəlxalq təhlükəsizlik sistemi, onun formalaşması, hüquqi əsasları, mahiyyəti, geosiyasi ölçüləri və tələblərini izah edir. Müəllif aydın bir üslubda dövlətlərin tarixən öz təhlükəsizliyini qorumaq üçün ayrı-ayrı təşkilatlarda birləşməsini və bu prosesin müasir dövrdə yaratdığı formatların - hərbi-siyasi ittifaqlar, koalisiyalar, o cümlədən, İkinci Dünya müharibəsindən sonra yaradılan BMT, NATO, Varşava Müqaviləsi Təşkilatı, ən müasir dövrün ATƏT və s. təşkilatları, onların tarixi və indiki fəaliyyəti haqqında bizə bilgilər verir. Bu sırada müəllifin beynəlxalq təhlükəsizlik anlayışı ilə bağlı izahı çox aydın və maraqlıdır: “Beynəlxalq təhlükəsizlik dedikdə, geosiyasətdə ilk növbədə, beynəlxalq münasibətlər sisteminin və beynəlxalq hüququn müharibə və silahlı münaqişələrdən, dövlətlərarası qarşıdurma və qeyri-sabitlikdən qorunması, dünya sisteminin əsas subyektlərinin - dövlətlərin qarşılıqlı şəkildə tarazlaşdırılmış milli maraq və milli təhlükəsizliyinin təminatı sistemi başa düşülür”. Bu kontekstdən çıxış edən tədqiqatçı beynəlxalq təhlükəsizlik sisteminin əsas prinsiplərinin BMT Nizamnaməsinə uyğun müddəalarını şərh edir. Bununla yanaşı, ATƏT-in missiyası, bu missiyanın aparıcı prinsipləri və bu sahəyə dair digər təşkilatların fəaliyyətini təhlil edir.

Professor Əli Həsənov həyatda olduğu kimi, elmi əsərlərində də böyük polemika mədəniyyəti göstərir. Məsələn, müəllif BMT Təhlükəsizlik Şurasının vəzifə və öhdəliklərini təhlil edərkən bu təşkilatın və bütövlükdə BMT-nin müasir dövrə yaramayan sənədlərinə tənqidi yanaşma zamanı mütəxəssislərin fikirlərini qabağa çəkir; bununla həm öz sözünü demiş olur, həm də oxucunu daha dərindən inandıra bilir. Belə anlardan birini misal çəkmək yerinə düşərdi: “Mütəxəssislər müasir beynəlxalq təhlükəsizlik sistemini həddən artıq qeyri-təkmil, fəaliyyətini isə səmərəsiz hesab edirlər. Onların fikrincə, BMT TŞ-nin qərarvermə prinsipləri və metodları münaqişəli halların qarşısının alınmasında, beynəlxalq və regional təhlükəsizliyə qarşı təhdidlərlə mübarizədə operativ müdaxilə imkanı vermir. Bu qurum həm də öz nizamnamə öhdəliyinə uyğun olaraq, nəinki ayrı-ayrı ölkələrə faktiki təhlükəsizlik, xarici hərbi müdaxilələrdən qorunma və s. sahələrdə təminat verə bilmir, hətta özünün yürütdüyü səbatsız, müxtəlif standartlı, prinsipsiz siyasət nəticəsində, məsələn, Ermənistan kimi cırtdan bir ölkəni beynəlxalq hüququn ən əsas normasına tabe etdirə bilmir. Mütəxəssislər bu vəziyyəti onunla əlaqələndirirlər ki, BMT TŞ-nin hazırkı daimi üzvlərini öz milli maraqlarından və onlara bilavasitə aid olan məsələlərdən başqa heç nə düşündürmür”. Bu həqiqəti hər kəs və xüsusilə diplomatiya üzrə təhsil alan gənc tələbələr yaxşı bilməlidirlər. Çünki Azərbaycana bu günkü ikili yanaşma prinsipinin başında elə BMT özü durur...

Lakin istər BMT-nin, istərsə də bir sıra digər təşkilatların ölkəmizə münasibətdə ikili standartlardan çıxışları sarsılmaz dövlətçilik məktəbi yaratmış Heydər Əliyevin siyasətini və bu siyasətin müasir davamçısı İlham Əliyevin fəaliyyət prinsiplərini sarsıda bilməz. “Azərbaycanın geosiyasəti” əsərinin müəllifi belə bir məsələni xüsusi qeyd edir ki, “Azərbaycan 1993-cü ildən başlayaraq prezident Heydər Əliyevin rəhbərliyi altında öz praqmatik təhlükəsizlik siyasətini və tarazlaşdırılmış xarici siyasət fəaliyyətini formalaşdıraraq, ilk növbədə müstəqil bir dövlət kimi dünya sistemindəki məxsusi yerini, beynəlxalq münasibətlər sahəsində təmsilçiliyinin strateji məqsədlərini və taktiki vəzifələrini, xarici aləmlə əlaqələrinin, xarici təhlükəsizlik siyasətinin konturlarını, prioritetlərini müəyyən etdi, qabaqcıl xarici ölkələrlə... əməkdaşlıq xəttini müəyyənləşdirdi”. Müəllif bu yerdə Azərbaycan dövlətinin təhlükəsizliklə bağlı xarici siyasətinin əsas vəzifə və istiqamətlərini on bir istiqamət üzrə geniş təsnifatını verir. Geniş təfərrüata varmadan qeyd edərdik ki, bu fəaliyyət istiqamətləri müasir dövlətçiliyin praktik fəaliyyət parametrlərinin beynəlxalq ölçüləri kimi ayrıca maraq doğurur.

Daha sonra bölmədəki fəsil və paraqraflarda Azərbaycanın hərbi təhlükəsizlik siyasəti, sərhəd təhlükəsizliyi, enerji təminatı, geoiqtisadi müstəqilliyi, ictimai-siyasi, sosial, etnik və milli insan ehtiyatlarının təhlükəsiz istifadə və idarə olunması, ölkənin ərzaq təhlükəsizliyi, informasiya  təhlükəsizliyi, ekoloji təhlükəsizlik kimi geniş miqyaslı məsələlər ətrafında təhlillər aparılır.

Bu sırada Azərbaycanın informasiya təhlükəsizliyi siyasəti müasir jurnalistlərimiz  üçün də iki istiqamətdən maraq doğurur. Birincisi, dərslik müəllifinin dediyi kimi, “XXI əsrin əvvəllərindən dünyada cərəyan edən əsas geosiyasi proseslərin idarə edilməsi, beynəlxalq münasibətlərin tənzimlənməsi, ölkələrin milli təhlükəsizliyinin təmin olunması və s. məsələlərdə ənənəvi hərbi-geostrateji, coğrafi-ərazi, iqtisadi, siyasi, sosial və s. problemlərlə yanaşı, dövlətlərin informasiya fəaliyyəti və təhlükəsizliyi məsələsi də ciddi müzakirə olunur”. Dərhal qeyd edək ki, hər hansı bir ölkənin informasiya təhlükəsizliyi informasiya texnologiyasının indiki inkişaf həddində prioritet məsələlərdəndir. Müasir rus tədqiqatçısı S.P.Rastorquevin də fikrincə, indiki çağda soyuq müharibə yalnız informasiya vasitəsilə aparılır. Belə halda ölkənin informasiya təhlükəsizliyinin prioritetliyi heç də təəccüb doğurmur. “Ölkənin informasiya təhlükəsizliyi” dedikdə, əsasən, məqsədyönlü şəkildə istər xaricdən, istərsə də daxildən ölkəyə qarşı yönəldilmiş ziyanlı informasiyalardan müdafiə cəhdi nəzərdə tutulur” (S.P.Rastorquev). Təsadüfi deyil ki, bu gün dünyanın bir sıra güc dövlətlərində, o cümlədən, Rusiya, ABŞ və Avropa ölkələrində “informasiya müharibəsi”, “informasiya qarşıdurmasının aktual problemləri”, “informasiya - psixoloji savaş”, “informasiya müharibəsinin fəlsəfəsi”, “informasiya silahı” və s. problemlər ətrafında ciddi tədqiqatlar aparılır. Əli Həsənov öz tədqiqatında məsələyə ciddi istiqamət verərək göstərir ki, “qloballaşmanın vüsət aldığı, virtual informasiya məkanının günü-gündən genişləndiyi, milli informasiya mühitinin pozulduğu, milli dəyərlərin meyarlarının və sədlərinin “universallaşdığı” müasir dünyada beynəlxalq və yerli ictimai rəyin təyin olunması, siyasi proseslərin məqsədli yönləndirilməsi günü-gündən aktuallaşır. Transmilli informasiya siyasəti və milli sədləri asanlıqla aşan beynəlxalq təbliğat fəaliyyəti ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına, milli cəmiyyətlərin vəziyyətinə ciddi təsir göstərir”. Müəllif Azərbaycanın müstəqillik dövrünün ilk çağlarından gətirdiyi aydın misallarla belə bir “təbliğatın” ölkəmizdən də yan keçmədiyini, bunun fəsadlarını oxucuya çatdırır, 1990-cı illərin birinci yarısından ölkənin informasiya təhlükəsizliyi ilə bağlı görülən tədbirlər haqqında maraqlı fikirlər deyir: “Prezident Heydər Əliyevin bu sahədəki siyasətinin nəticəsi olaraq “keçən iyirmi ildə Azərbaycanda milli informasiya siyasəti və təhlükəsizliyi sahəsində müəyyən qanunlar, konsepsiyalar, doktrinalar, xüsusi dövlət proqramları və s. sənədlər qəbul edilib, çoxsaylı praktiki addımlar atılıb və işlər görülüb”.

Bütün bu görülən və hələ zamana uyğun olaraq görüləcək işlər əsərdəki “Azərbaycanın dövlət informasiya siyasətinin əsasları: müstəqil kütləvi-informasiya vasitələrinin formalaşdırılması siyasəti və informasiya-kommunikasiya texnologiyalarının inkişafı” kimi maraqlı bir hissədə öz geniş təhlilini tapmışdır. Bu sahədə aparılan tədqiqatdan belə bir nəticə hasil olur ki, “Azərbaycan Respublikasının milli təhlükəsizliyi bu gün də ümumölkə səviyyəsində hərtərəfli informasiya təhlükəsizliyinin təmin olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Odur ki, fikrimizcə, ölkənin gələcək informasiya Konsepsiyasında müasir qlobal dünyanın çağırışları, Azərbaycanın sabit, təhlükəsiz və dinamik inkişaf səviyyəsini əks etdirən effektli informasiya təhlükəsizliyi siyasəti və fəaliyyəti öz əksini tapacaq, dövlətin informasiya təhlükəsizliyi siyasətinin əsasları sistemləşdiriləcək, hakimiyyət orqanlarının mövcud sahədəki fəaliyyət istiqamətləri dəqiqləşəcək və qarşıda duran vəzifələr müəyyən olunacaqdır”.

Göründüyü kimi, müəllif bütün əsər boyu faktları konstatasiya etmək yolu ilə deyil, onları araşdırıb ümumiləşdirmək və problemlərin həlli yollarını göstərən fikir və mülahizələr sistemini təqdim etməklə oxucunun maariflənməsinə xidmət etmişdir.

“Azərbaycanın geosiyasəti” əsəri öz strukturu və məntiqi ardıcıllığı ilə də diqqəti cəlb edir. Müəllif tədqiqatında dünyanın aparıcı dillərində olan etibarlı və səviyyəli 300-dən çox elmi ədəbiyyata müraciət etmişdir. Bu istiqamətdə əsərin elmi-nəzəri mahiyyəti böyük əhəmiyyət daşıyır. Problem birbaşa Azərbaycanın geosiyasəti ilə bağlı olduğu üçün ölkə gerçəkliyindən alınan misallar nəzəriyyənin praktik göstəricilərini təmin edir və bitkin bir tədqiqatın ortaya qoyulmasına səbəb olur.

“Azərbaycanın geosiyasəti” dərsliyinin elmi redaktoru siyasi elmlər doktoru, professor Elman Nəsirovu elmi-ictimai-politoloji mühit çox yaxından tanıyır və onun elmi redaktorluğu kitabın daha etibarlı mənbə olduğuna bir daha zəmanət verir.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri, professor Novruz Məmmədov, tarix elmləri doktoru, professor Musa Qasımlı, siyasi elmlər doktoru Hikmət Məmmədov, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimov dərsliyin rəyçiləridir. Ümumiyyətlə, tədqiqatçı Əli Həsənov özünün dərslik və monoqrafiyalarında araşdırdığı sahənin tanınmış alimlərini kitaba elmi redaktorluğa, əsərə rəy verməyə cəlb edir və bu cəhət onun həm də elmi mühitə inamının ifadəsi kimi qiymətləndirilir.

Kitab “Zərdabi LTD” MMC-də nəşr edilmişdir. Xüsusi qeyd etmək istərdik ki, 66 çap vərəqi (1056 səhifə) həcmində bu kitabı nəşriyyat nəfis tərtibatda və müasir yüngül çəkili kağızda çap etmişdir.

Sonda onu da qeyd edim ki, “Azərbaycanın geosiyasəti” dərsliyinə dair bu məqalə xeyli vaxtdan bəri yazı masamın üstündədir. Məqalənin dərc olunmağa məhz indi təqdim edilməsi tələbələrin yay tətilindən qayıtması ilə əlaqədardır. Universitetlərin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələrinə belə bir maraqlı dərsliyin ortada olmasını bildirməyi də özümə borc bildim. Lakin yuxarıda da qeyd etdiyim kimi, bu dərslik dövlətimizi, Azərbaycanımızı sevən hər kəs üçün qiymətli bir əsərdir və onun artıq stolüstü bir kitaba çevrildiyinə əminəm.

 





21.09.2015    çap et  çap et