525.Az

Başlanğıca qayıdış - Daşkəsəndə bir gün


 

Başlanğıca qayıdış - <b style="color:red">Daşkəsəndə bir gün</b>

Təsəvvüf fəlsəfəsindən yazanda tez-tez idrak prosesinin bir çevrə olduğunu təkrar edirəm - insan öz mən-inin fövqünə qalxıb ilahi aləmə yüksəlir, vəhdət anı yaşayır və yenidən geri - öz mən-inə dönür. Çevrə tamamlanır və insan yeni bir çevrə ilə yoluna davam edir - daha böyük çevrə, daha yüksək vəhdət yaşamaq üçün. Özündən uzaqlaşıb, yenidən öz başlanğıcına dönmələr. Bəli, bunu çox yazmışam, amma doğrusu, əyani şəkildə ilk dəfə indi yaşadım - illər sonra Daşkəsənə qayıdanda.

Müstəqillik yolunun Daşkəsən başlanğıcı

Ailəmiz Daşkəsənə köçəndə hamımız uşaq idik - Ülvi 4-də, Şövqi 2-də oxuyurdu, mən isə 5 yaşında. Bu uca dağlar bizdə hansı assosiasiyalar yaratmırdı - gah düşmənlərin əleyhinə dağlara çəkilən partizan olurduq, gah qartal olub zirvələrdə uçurduq, gah da dərələrdə sel kimi çağlayırdıq. Bir sözlə Daşkəsən xəyallarımızın başlanğıc nöqtəsi idi. Və bu elə zəngin nöqtə idi ki, açıldıqca açılırdı. Bu kiçik şəhərdə həm musiqi təhsili verilirdi, həm şeir məclisləri təşkil olunurdu, həm şahmat yarışları keçirilirdi, həm uşaqlar olimpiadalarda yüksək yer tuturdu. Bizim ailəmizin üzvləri bütün bu proseslərin içində idi. Bir sözlə, biz bu dağların, sərt qayaların bir parçası idik. Axı Ülvi 13 yaşında təsadüfən yazmamışdı:

Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq,
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik.

Ancaq Daşkəsən təkcə xəyallarımızı bulaq suyu kimi durultmadı, pərvazlandırmadı, həm də bu dağların dolanbac yollarını yaşatdı bizə.
 Azərbaycanda müstəqillik uğrunda hərəkatlar başlayanda Ülvi uzaq Sibir çöllərində əsgərlik xidmətini çəkirdi, Şövqi Bakıda tələbə idi. Mən isə hələ də Daşkəsəndə şagird idim - kommunizmə keçməyi gözləyən Sovet pioneri.  Hər şeyi tam dərk eləməsək də, hadisələrin ciddi, bəzən təhlükəli olduğunu görürdük.

Əvvəlcə Göyçədən qohumlarımız yurd-yuvalarını tərk etdilər. Bir neçə müddət bizdə də qaldılar və Bakıya köçdülər. Sonra Bakıda başlayan etiraz nümayişlərinin dalğası Daşkəsəni də silkələdi. Şəhərin kiçik meydanında əhali toplaşıb nə isə qışqırırdı, biz müəllimlərimizin sözünə baxmayıb səs-küylə nümayişə qaçırdıq, qapıbir erməni qonşularımızın köçüb getməsini susqun-susqun izləyirdik. Amma yenə hadisələrin məqsədi, insanların etirazlarının səbəbi qaranlıq qalırdı, müəllimlərimiz də çaşqınlıq içində idi. Sonra müstəqilliyin qiymətini Ülvi öz həyatı hesabına mənə "izah elədi" və mən birdən-birə böyüdüm. O qədər böyüdüm ki, yaşıdlarım uşaq göründü gözümə, içimdəki hisslər bu balaca şəhərə sığmadı, Bakı-Daşkəsən yolları dar çığıra oxşadı. Hətta ətrafdakı uca dağlar belə gözümdə təpəyə döndü. Gözümə görünən uzun bir yol və yolun üstündə məni gözləyən dağlardan da uca bir Ülvi var idi. Bu, müstəqillik yolu idi, Ülvi də mənim bələdçim. Beləcə yolumuza düzəldik - qorxusuz, hürküsüz, ta bu günə, sabaha kimi.

Yenidən dağlar qoynunda

Bilik Fondunun təşəbbüsü ilə Bilik günündə mühazirə oxumaq üçün məhz Daşkəsəni seçdim - mənim o dağlara ehtiyacım var idi. İşlərimlə bağlı neçə ölkəyə getsəm də, Avropada Alp dağlarına, Türkiyədə Uludağa qalxsam da, mənim məhz Daşkəsən dağlarına ehtiyacım var idi. Artıq yola hazırlaşanda anladım ki, bu, başlanğıcıma dönüş istəyidir. Qəribədir, illərdir duyduqlarımı və yazdıqlarımı indi bilavasitə yaşamalıydım.

Mən Daşkəsəni SSRİ yenicə dağılan bir vaxtda tərk eləmişdim, hələ heç müstəqillik aktımız qəbul edilməmişdi. İndi müstəqilliyimizin pik nöqtəsində yenidən ora dönürdüm. Yeniliklər olsa da, hər şey yerində idi, hətta bir vaxtlar yanıb kül olan balaca televiziya təmiri köşkü də. Sadəcə hər şeyin təyinatı dəyişmişdi: həmin kiçik köşk onu yandıranların acığına indi kosmetika satırdı. Çörək zavodu, univermaq - şadlıq sarayına çevrilmişdi, universam - beynəlxalq bank, klub - Heydər Əliyev Mərkəzi olmuşdu. Amma tək bir şey artıqlıq edirmiş bu balaca şəhərə, sanki təkcə o, şəhərin mənzərəsini pozurmuş, müstəqil Daşkəsənin azadlığına xələl gətirirmiş - kiçik kitab dükanı. Kitablarının ətrini indi belə unutmadığım, sonralar hər dəfə Axundov adına Kitabxanaya gedəndə xəyalımda canlanan o balaca, kitablarla dolu, 15 kv.m-lik dükan yox idi, sökmüşdülər. Hamının yiyəsi tapılmışdı, kitabların yox. O qədər çaşdım ki, boşluğa baxa-baxa qaldım. Əcəba, müstəqilləşəndə kitabı kökündən sökmək lazım imiş?

İlk getdiyim Ülvinin oxuduğu məktəb oldu - Nəsimi adına orta məktəb. Uşaqlara müqəddəslik duyğusu aşılayan mötəbər müəllimlərdən yalnız aşağı siniflərdə Ülvinin sinif rəhbəri olmuş Nərminə müəlliməni gördüm. Amma nə ədəbi duyğuları ilhamla çatdıran Zaman müəllim, nə rəqəmlərin sirrini sakit bir təmkinlə açan Səmayə müəllimə yox idi.

Yerişimizdən tanıyır o bizi,
Gözlərimizdən duyur qəlbimizi.
Nəsihətdir, öyüddür hər kəlməsi, -
Anama bənzəyən anam var mənim.

Bəli, Ülvinin anasına bənzəyən Səmayə müəlliməsini görə bilmədim - Gəncəyə köçmüşdü. Ülvinin hər inşasını xüsusi fenomen kimi ədəbi məclisdə müzakirəyə qoyan Zaman müəllim isə Haqq dünyasında idi. Amma məktəbdə Ülvinin guşəsi var idi. Məktəbin direktoru Üfət xanımın dediyinə görə, hər il orda bir yeniyetmə Ülviyə çevrilirmiş, onun kimi geyinib onun Andını deyirmiş. Məktəb öz Ülvisinə sahib çıxmışdı.

Qəribədir, ancaq mən Nəsimi adına məktəbə ilk dəfə idi gəlirdim, çünki başqa məktəbdə oxumuşdum. Amma onun həyətində dayananda daha bir şeyi anladım: düz qarşımda uca dağların möhtəşəm mənzərəsi açılırdı və adama elə gəlirdi ki, elə bil bu dağlarla eyni boydasan. Bunu məndən qabaq, həm də daha yüksək bir ilhamla Ülvi duyurmuş!

Bu dağlardan, dərələrdən,
İlham aldım əzəl gündən.
Yaşamaqçün sevmirəm mən,
Sevmək üçün yaşayıram.

Sonra yadıma Ülvinin dağlara yazdığı başqa misralar düşdü, anladım ki, dağlar məndən Ülvinin sorağını gözləyir:

Bir bahar bir ömür onu tərk etdi,
Hayandan gəlmişdi, hayana getdi.
Bilmədi, bilmədi, o ömür bitdi,
Yollara boylanıb darıxdı dağlar.

Darıxan dağlara nə deyəydim?! Sadəcə susdum, amma daha başımı qaldırıb bir də dağların üzünə baxmadım.

Getdim öz oxuduğum orta məktəbə. O vaxtlar məktəb rus şairi Aleksandr Puşkinin adına idi. Yolda ilk rastıma çıxan rus dili və ədəbiyyatı müəlliməm Şamama müəlliməm oldu və elə ilk baxışdan tanıdı məni. İllər sonra neçə şagird yola salan müəllimin səni tanımasından gözəl nə ola bilər! İllərin daha da gözəlləşdirdiyi bu xanım məni tək qoymadı, məktəbə geri döndü və... bir an olsun gözünü üzümdən çəkmədi. Sonda dözmədi, səbəbini dedi: "Sənə baxsam da, gözümün qabağındakı Ülvidi". Yəqin bilmirdi ki, ancaq o deyil, hamı, hətta dağlar-daşlar da mənə baxıb Ülvini görür. Ona görə yox ki, oxşayırıq, sadəcə, sanki onlar Ülvinin yolunu gözləyirdilər. Mən gəlişimlə onlara bu acı reallığı bir daha xatırlatmış oldum.

Sonra başqa müəllimlərimə də xəbər düşdü. Hər kəs toplaşdı: Duman müəllliməm, Hamaya müəlliməm, Solmaz müəlliməm - artıq əməkdar müəllim olan bu müdrik xanımların sadəcə varlığı belə adama enerji, ruh yüksəkliyi verirdi. Arada maraqla məndən soruşdular ki, rus məktəbi bitirdiyin halda, niyə Azərbaycan dilində yazırsan? "Ruhumun dilində yazıram", - dedim. "Müəllimin güclü olub," - Azərbaycan dilindən mənə dərs demiş Duman müəlliməm zarafat elədi. Onları dinləyə-dinləyə birdən ürəkdən elə sevindim, elə fərəhləndim ki, nə yaxşı ki, mənə məhz belə gözəl insanlar dərs deyib. Onların sevinci o qədər səmimi, o qədər ürəkdən, o qədər çox idi ki, məktəbin direktoru Aybəniz xanım mənə təklif elədi ki, tez-tez gəlim, axı doğma məktəbini unutmağa haqqın yoxdur. Düz deyir də, özüm yazıram ki, insan hər yeni yol başlamaq üçün yenidən başlanğıcına qayıtmalıdır.   

Yeni çevrəmin başlanğıcında

Bəli, Daşkəsən elə həmin Daşkəsən idi, mən başqa idim. Maraqlıdır, elə bil bu hissləri də Ülvi 17 yaşında artıq yaşamışdı:

İndi mənim qarşımda
Durur başqa bir qaya,
Durur başqa bir zirvə.
Bu zirvə də, qaya da,
Yaranıb Nizamilər,
Nəsimilər, Puşkinlər,
Vurğunların əliylə...

İllər əvvəl getdiyim yola bir daha düzəldim - Daşkəsən-Bakı. O vaxtlar bilmirdim məni nə gözləyir, indi də bilmirdim. Xatırlayıram ki, ancaq bu dolanbac yolların tez bitməsini gözləyirdim. İndi də eyni hissləri keçirirdim - bircə bu dolama yollar bitib düz yola çıxsaydım. Bəli, başlanğıc eynidir, sadəcə yeni çevrəm daha geniş olacaq, yeni vəhdətim daha yüksək olacaq. Axı yenə Ülvi bələdçimdir, yanımdadır və yenə də qorxusuz, hürküsüz çıxmışıq yola.

Yollar saysız,
Yollar sonsuz,
Yollar ötür,
Dünənimdən,
 bu günümdən, sabahımdan
   ötür keçir.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Çünki,
  dünyadakı bütün yollar,
Anamın təndir evinin qabağından
   ötür keçir.

Doğrudan da, bu yollar məni Ülvinin anasının yanına aparırdı. Axı indi evdə oturub anam da məndən soraq gözləyirdi - Daşkəsəndəki Ülvinin sorağını.

 





23.09.2015    çap et  çap et