525.Az

Görünən dağa nə bələdçi?!


 

Görünən dağa nə bələdçi?!<b style="color:red"></b>

AZƏRBAYCAN "SABİTLİK ADASI" ÜNVANINI İNAMLA QORUYUR

"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir"

Heydər Əliyev 

Bu gün dünyanın ayrı-ayrı ölkələrində inqilablara külli miqdarda investisiya qoyan qüvvələr məğlub olmalarına baxmayaraq kapitulyasiya ilə barışmaq istəmir, nə vəchlə olur-olsun itirdiklərini geri qaytarmaq üçün ən çirkin vasitələri belə məqbul sayırlar. XIX əsrin görkəmli fikir adamı Oskar Uayldın təbirincə desək, bu dairələr gözəllikdə pislik axtarmaqla məşğul olan korlanmış insanlardan ibarətdir. Dövlətləri parçalamaq, kütləvi qırğınlar törətmək hesabına öz nüfuz dairələrini genişləndirməyə çalışan bu qüvvələr məqsədlərinə çatmaqdan ötrü şər-böhtan kampaniyası aparmaqdan belə çəkinmirlər. Amma bir şeyi unutmaq olmaz ki, qalib, ya məğlub, fərqi yoxdur, oyunu nə qədər tez bitirsən, bir o qədər az itki verərsən. Xüsusilə də, əgər sonda məğlubiyyət qaçılmazdırsa. Lap şahmat oyunundakı kimi: rəqibi məğlub etmək üçün ilk növbədə piyadalar, daha sonra fil, at və toplar qurban verilir. Nəhayət, kifayət qədər itki verən tərəf oyunu heç olmasa bərabərə bitirməyə çalışır. Bu zaman isə son sözü rəqib deyir.

Siyasət meydanını şahmat taxtasına bənzətsək, bu böyük oyunda rəqibləri ilə müqayisədə Azərbaycan nə qədər humanist təsir bağışlasa da, dövlət mənafelərinin və umumi maraqların qorunması baxımından bir o qədər prinsipial və qətiyyətlidir. Məlum güc mərkəzləri nə qədər əlləşib-vuruşsalar da, inkişaf, tərəqqi yolu seçən və bu istiqamətdə dönmədən addımlayan Azərbaycanı öz niyyətindən döndərə, necə deyərlər, "bu gözəllikdə çirkab yarada" bilmədilər. Avropada yaşanan son proseslər, sosial-iqtisadi böhran, miqrant probleminin yaratdığı mərhumiyyətlər Qərbin çıxılmaz, olduqca çətin vəziyyətlə üz-üzə dayandığını bir daha ortaya qoymuş oldu.

Dünyada yaşanan sosial-iqtisadi tənəzzülə, siyasi kataklizmlərə baxmayaraq, Azərbaycan bir ölkə olaraq bu proseslərdən məharətlə çıxa bildi. Aparılan ardıcıl, balanslı siyasi kurs və mütərəqqi islahatlar nəticəsində Azərbaycan dövləti özünü bütün neqativ təsirlərdən qorumağı bacardı, iqtisadi inkişaf tempini qoruyub saxladı. Neft və təbii qazın qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında artım tendensiyası dəyişmədi. Bu artım daha çox qeyri-neft sektorunun hesabına təmin edildi. İnkişaf etmiş bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan vətəndaşları əmək haqqı, təqaüd və sosial müavinətlərlə əvvəlki qaydada və vaxtında təmin olunurlar. Bütün bunlar bir daha ölkəmizdə uğurlu siyasi-iqtisadi modelin olduğunu göstərir.

Azərbaycanın əleyhdarları dünyanı bürümüş iqtisadi-siyasi böhranın ölkəmizdən də yan keçməyəcəyini düşünsələr də, yaşananlar hər şeyin əksinə olduğunu təsdiqlədi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasına uyğun olaraq Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının neftdən asılılığı azaldıldı, qeyri-neft sektorunun sürətlə inkişafına nail olundu. Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət edən bu uzaqgörən siyasət ölkəmizin dinamik inkişafının əsas xüsusiyyətlərindən biridir. Bu gün nəinki yerləşdiyi regionda, eyni zamanda bütün dünyada sürətli inkişaf tempinə görə lider ölkələrdən biri olan Azərbaycanın inkişaf konsepsiyasının prioritet hədəfi qeyri-neft sektorunun aparıcı sahələrindən olan sənayenin inkişafının davamlı xarakter alması və daha da genişləndirilməsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsi olaraq son 10 ildə ölkədə sənayenin inkişafı yeni mərhələyə qədəm qoyub. Bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiya yatırılıb, sənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabətqabiliyyətli sənayenin yaradılması tədbirləri real nəticələr verib. Müqayisə üçün ən tutarlı nümunə isə, heç şübhəsiz, Azərbaycanın borc alan dövlətdən borc verən dövlətə çevrilməsidir.

Korrupsiyaya qarşı mübarizədə innovativ yeniliklər 

Davamlı tərəqqiyə nail olmaq üçün hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri də korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığının qarşısının alınmasıdır. Bu amili həmişə diqqətdə saxlayan dövlət başçısı cənab İlham Əliyev 2004-cü ildən etibarən korrupsiyaya qarşı mübarizənin hüquqi və institusional əsaslarının yaradılması istiqamətində ardıcıl islahatlar həyata keçirməyə başladı; müvafiq Dövlət Proqramı hazırlandı, korrupsiyaya qarşı mübarizə aparan dövlət qurumu formalaşdırıldı, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya, eləcə də açıq hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı qəbul olundu. Bunun ardınca isə Azərbaycan hökuməti yeni innovativ yeniliyin tətbiqinə qərar verdi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yaradıldı. Qeyd etmək olar ki, şəffaflığı və birpəncərə sistemini təmin edən "ASAN xidmət" mərkəzləri Azərbaycan brendi olaraq bu gün demokratik islahatlar aparan dövlətlərin arzusunda olduğu və tətbiq etməyə hazırlaşdığı müasir dövrün qabaqcıl yeniliklərindəndir. Eyni zamanda, bir çox sahələrdə əldə olunan uğurlar dünya ölkələrini, beynəlxalq təşkilatları Azərbaycanla əməkdaşlığa cəlb edir. Çünki əvvəllər ölkəmizin qabaqcıl dövlətlərin təcrübəsinə ehtiyacı var idisə, bu gün həmin dövlətlər Azərbaycanın əldə etdiyi uğurlardan yararlanmağa meyllidirlər.

Dünya iqtisadi böhran, Azərbaycan inkişaf yolunda 

Dünyada baş verən siyasi çaxnaşmalar, əksər dövlətləri iflic vəziyyətinə salan iqtisadi böhranın təsiri Azərbaycanda, demək olar ki, hiss olunmur. Aparılan müstəqil, balanslı daxili və xarici siyasət, münaqişələrdən uzaq, dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində qurulan münasibətlər, ildən-ilə daha da möhkəmləndirilən iqtisadi dayanıqlılıq ölkəmizin işıqlı gələcəyini təmin edir. Lakin ölkəmizin qazandığı nailiyyətlər Ermənistan başda olmaqla bizi gözügötürməyən qüvvələri narahat etməyə başlayıb. Onlar əllərinə düşən ilk fürsətdən Azərbaycanı nüfuzdan salmağa can atırlar. Bu məqsədlə erməni lobbisinin maliyyə dəstəyinə arxalanan bəzi Qərb və Amerika siyasi dairələri anti-Azərbaycan şəbəkəsi formalaşdıraraq sistemli şəkildə ölkəmizə qarşı təzyiq siyasəti həyata keçirməyə çalışırlar. Qərəz üzərində qurulan bu siyasət ölkə Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, heç bir nəticə verməyəcək. Ölkəmizin adı ilə bağlı olan mühüm layihələrin, beynəlxalq tədbirlərin həyata keçməsinə mane olmağa çalışan ermənipərəst qüvvələrin atdığı addımlar 2012-ci ildə "Avroviziya" mahnı müsabiqəsi, 2015-ci ildə isə Birinci Avropa Oyunları keçirilən zaman iflasa uğradı kimi, bundan sonra da nəticəsiz qalacaq və ölkənin imicinə zərrə qədər də mənfi təsir göstərməyəcək. Əksinə, yüksələn iqtisadi inkişaf fonunda ölkəmizin region və beynəlxalq aləmdə rolu, nüfuzu daha da artmaqdadır. Rəsmi Bakı dəfələrlə sübut edib ki, yürüdülən xarici və daxili siyasət tam müstəqil əsaslarla idarə olunur və qazanılan bütün nailiyyətlər də hesablanmış siyasətin nəticəsidir. Bu mənada, Azərbaycan qazandığı uğurlara təkbaşına nail olub. Ona görə də heç bir qüvvənin dövlətimizin müstəqil fəaliyyətinə qarışmağa haqqı yoxdur. Ermənistandan fərqli olaraq Azərbaycan müstəqillik əldə etdiyi dövrdən bu yana heç vaxt hər hansı bir dövlətin təsiri altında, forpost ölkə kimi yaşamayıb. Bunun nəticəsidir ki, keçən əsrin axırlarında olduğu kimi hal-hazırda da Ermənistan yalnız himayəsi altında olduğu dövlətlərin sığalından çox əmrlərini görür, eşidir və yerinə yetirmək məcburiyyətində qalır. Xüsusilə vurğulamaq lazımdır ki, regionda sabitliyin bərqərar olmasına maneə törədən, təmas xəttində atəşkəsi pozaraq gərginliyi artırmağa çalışan Ermənistanın arxasında dayanan Qərb dairələri bu məkrli siyasəti ilə heç nəyə nail ola bilməyib. Əksinə paralel şəkildə Yaxın və Orta Şərq, Şimali Afrikada dağıdıcı siyasətini həyata keçirən Avropa bumeranq effekti yaşayaraq humanitar fəlakət - miqrant problemi ilə üz-üzə qalıb. Bununla belə, müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutan mühacirlər burada isti qarşılanacaqlarını, hər cür qayğı, nəvazişlə əhatə olunacaqlarını düşünsələr də köhnə qitədə qarşılaşdıqları mənzərə onların təsəvvür etdiyindən tamamilə fərqli olub. Yaşanan son hadisələrin fonunda özünü "demokratiya beşiyi" hesab edən Avropa daha çox işğalçı və müstəmləkəçi, faşist keçmişi ilə ön plana çıxıb. Bu o deməkdir ki, Qərb öz keçmişi ilə vidalaşmaq fikrində deyil. Sadəcə olaraq, insan hüquqları, dini və irqi bərabərlik - tolerantlıq kimi ali və humanist dəyərləri sözdə qoruduğunu göstərməklə qara və qanlı keçmişini, əsl iç üzünü gizlətməyə çalışır. Çünki bu humanitar fəlakətin əsas səbəbi də Qərb dövlətlərinin, xüsusən ABŞ-ın apardığı neomüstəmləkəçi siyasətdir.

Sentyabrın 8-də iqtisadi məsələlər və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr olunan müşavirədə dövlət başçısı İlham Əliyev də dünyada baş verən siyasi kataklizm, sosial-iqtisadi problemlər və xüsusilə də Qərbin üzləşdiyi miqrant axını ilə bağlı məsələlərə öz münasibətini bildirdi, aparılan ardıcıl və uğurlu siyasət nəticəsində Azərbaycanın bu cür böhranlı proseslərdən kənarda qalmağa müvəffəq olduğunu dilə gətirdi. Prezident bəyan etdi ki, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu, Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir: "Xarici müdaxilələr nəticəsində qaçqın vəziyyətinə düşmüş yüz minlərlə insan Avropaya üz tutub. Sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hazırda onların böyük köçü müşahidə olunur... Bu insanların bir hissəsi Avropa qitəsinə üz tutandan sonra indi bütün Qərb mediası gecə-gündüz həmin görüntüləri yayır və bu vəziyyətə görə onları günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə, onların fəlakətidir".

Ölkə rəhbərinin də qeyd etdiyi kimi, bu gün post-sovet məkanı, Şimali Afrika və Yaxın Şərq ölkələrində uzun müddət mövcud olmuş sabit siyasi sistemlər "ərəb baharı", "maydan hərəkatı", "zanbaq inqilabı" kimi adlarla kamuflyaj olunan zorakı üsullarla devrilib, yerli iqtisadiyyat dağıdılıb, dövlətlərin ərazi bütövlüyü pozulub, milli sərvətləri isə transmilli korporasiyalar tərəfindən talan edilib.

Dövlət başçısı İlham Əliyevin müşavirədə dünyadakı mənzərəni fəal bir şəkildə diskussiya predmetinə çevirməsi hər bir azərbaycanlının ürəyindən olub. Çünki ölkəmiz əleyhinə də eyni ssenarilər hazırlanıb. Ölkə lideri açıq şəkildə söyləyib ki, Azərbaycanda "maydan hərəkatı"nın növbəti dalğasını törətməyə çalışanlar - inqilaba investisiya qoyanlar bu gün məğlub olublar. Bu on milyonlarla vəsaitlər puç olub. Şübhəsiz ki, bu hadisələrə təkan verən dairələr eyni mənbə və mərkəzdən idarə olunurlar. Onlar ölkəmizə bir ovuc casuslar şəbəkəsini qaldıraraq bizlərə silah üzərində demokratiya vəd edirdilər. Həqiqətənmi, həmin dairələr Azərbaycan vətəndaşlarına daha artıq siyasi azadlıqlar və böyük gələcək vəd edə bilərlər? Qətiyyən bu belə deyil. Əgər həmin inqilab layihələri Azərbaycanda baş tutsaydı, 20 il bundan əvvəl yaşadığımız qaçqın və köçkünlük həyatı yenidən təkrarlanacaqdı. Və heç kim də bu ağrılı, acılı vəziyyətimizdə bizə kömək əli uzatmayacaqdı. Çünki dünya olduqca adiləşib və qəddarlaşıb. Şübhə yox ki, bu gün yüz minlərlə insanın böyük məsafələri qət edərək özünə sığınacaq axtarmasına, aclıqla mübarizə aparmasına soyuqqanlı nəzərlərlə müşahidə edən Avropa heç bir dəyər tanımadan Azərbaycanı da bu burulğanın içində görməyə şad olardı. Lakin biz dövlətimiz və Prezidentimizin ətrafında sıx şəkildə birləşərək onların bu arzularını ürəklərində qoyacağıq. Heç kəs Azərbaycanın varlığını bizim qədər istəyə bilməz!

Hamımızın bir Vətənimiz var...

İsrailin eks-prezidenti Şimon Peresin bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə baş tutan Yalta Avropa Strategiyası konfransında söylədiyi nitq dərhal ictimai fikrin diqqətini çəkdi. 92 yaşlı Ş.Peres öz nitqində ölkəsinin yarım əsrdən çox keçdiyi çətin yola nəzərə salaraq fikrini belə yekunlaşdırdı: "Bütün bunların hamısı mənim keçmişdən aldığım dərslərdir. İnsanlar məndən indiyəcən necə fəal qalmağımın səbəbini soruşurlar. Cavab sadədir: əldə etdiyiniz uğurlarınızla arzularınızı müqayisə edin, əgər arzularınız əldə etdiklərinizdən çoxdursa, deməli, siz hələ gəncsiniz, yox, əksidirsə, deməli, siz qocalmısınız". Qoca Peres bu sözləri ilə əslində, bütün insanları yorulmadan çalışmağa, öz Vətəni və xalqı üçün nəsə etməyə çağırırdı.

Bu gün canımız qədər sevdiyimiz Azərbaycanın inkişafı, tərəqqisi, daha böyük uğurlar qazanması üçün bir vətəndaş kimi hər birimiz məsuliyyət daşıyırıq. Biz son illər az uğurlar qazanmamışıq, amma  92 yaşlı Peresin dediyindən çıxış etsək, arzularımız daha böyükdür: bu arzuların hamısının mayası isə Azərbaycanımızı daim daha Güclü, daha Qüdrətli görmək istəyindən yoğrulub və bunun uğrunda  çalışmağa hamılıqla borcluyuq!

 





23.09.2015    çap et  çap et