Əvəz Qurbanlının əruz vəznində yazdığı şeirlər məni həmişə heyrətləndirib. Bu qədər əruza bələdlilik, vəznin enerjisini hiss eləmək bacarığı məni çox düşündürüb. Hələ o, nə qədər şairlərə əruzu asan bir yolla mənimsədib. İndi onlar Əvəzi öz ustadları hesab edirlər.
Əvəz əruzu kimdənsə öyrənməyib, onun qanındadır. Bəs əruz vəzni Əvəzin beyninə, düşüncəsinə haradan gəlib? Çünki onun doğulduğu məkan əruz şeir ənənəsindən xeyli uzaqdı. Bəs necə olur ki, Muğan torpağında doğulub boya-başa çatan Əvəz əsasən Şamaxı satirik ədəbi məktəbinin davamçısı kimi əruzda satirik şeirlər və ya qəzəllər yazır? Özü də gözəl yazır.
İstedadın irsi keçməsi amilini önə çəksək, deyə bilərik ki, Əvəzin qanındakı şeiriyyat, ona babasının vətəni olan şairlər və ariflər və alimlər məskəni Ərdəbil mahalından süzülüb gəlib. Lakin hər bir halda, Əvəz Qurbanlı Muğan torpağındadır, Saatlı rayonunda doğulub. Bu yerlərin abı-havası Saatlı ilə kürək-kürəyə verən İmişli rayonunun yetirməsi kimi mənə də çox doğmadı.
Mən Muğan torpağını çiçək-çiçək, turac-turac, meh-meh oxumağa başladım, qalın bir kitab kimi. Xüsusən səhərlər, səhərin açılmasına az vaxt qalanda üzümü havaya tutub qəribə bir səhra uğultusunu dinlədim. Elə bildim bu çöldən uzun bir dəvə karvanı keçir və əsən sərin meh də həmin karvanın ləngəri, əruz vəzninin həzəc bəhridir. Yadıma Xalq şairi Məmməd Rahimin "Leninqrad göylərində" poemasının proloqundan aşağıdakı misralar düşdü.
Ağarır dan yeri, ötür qumrovlar,
Min kərvan gələrək min kərvan gedir.
Arxayın-arxayın ötmə ətərsiz,
Deməsinlər halı pərişan gedir.
Bax, Muğan torpağının həm səhərində, həm də axşamının ala-toranında Əvəz Qurbanlının iç dünyasını kəşf elədim. Min illərdir Muğana Şirvan tərəfdən əsən sirli möcüzəli mehin ritmi əruzdur. Çobanın avazı əruzdur, hüzür yerlərində arvadların ediləməsinin ritmində əruz var. Atların qaçışı, ceyranların uçuşu, torağayların səkməsi, Muğanı əkib-becərən insanların -suçuların suyu əkinə müəyyən ritmlə verməsi və balaca ot tayalarını müəyyən ritmlə yabalara taxıb qaldırması, ağır tayları 3 dəfə yelləyərək bir, iki, üç deyərək maşınlara, atlara yükləmələrinin ritmində əruz elementləri çoxdur. Başa düşdüm ki, Əvəz Qurvanlı şeirinin bələyi elə bu yerlərdə biçilib.
Əvəzin əruzu başqalarından seçilir, deyək ki, Bakıda, Şamaxıda və Lənkəranda yazıb-yaradan şairlərin əruz şeirlərindən tamamilə fərqlidir. Məncə, bu ritm daha çox Qarabağın klassik ədəbi məktəbindən su içir və ordan qanad açır. Amma Əvəzin ən çox öyrəndiyi yer Şamaxı ədəbi məktəbidir, S.Ə.Şirvaninin, M. Ə Sabirin, Təbrizdən M.Ə. Möcüzün və Baba Pünhanın şeir məktəbinə yaxın olan Əvəzin şeirləri Muğan çöllərinin ətrinə bürünərək yeni bir rəng alır. Əvəzin satirik şeirlərinin əsasında satirik ruhlu əruz şeirləri dayanır. Hətta o lirik qəzəl, şeir yazanda belə, satira ovqatında olur. Çünki Əvəzin əvvəldən köklənmiş şeir ritmu bunu tələb edir.
Bu dünyaya açan zaman gözümü,
Şair təbli hiss etmişəm özümü.
Əqidəmi, ürəyimi, sözümü,
Bir-birilə tutuşdurub zəmanə -
Məni şair yetişdirib zəmanə!
Mən güləndə dərd üzünü göstərib,
Qılıncdan da sərt üzünü göstərib.
Zərbəsinin bəzisini göstərib,
Bəzisini ötüşdürüb zəmanə -
Məni şair yetişdirib zəmanə!
("Məni şair yetişdirib zəmanə")
Əslində bu şeir satirik şeir deyildir. Bəs niyə oxunuşu satiranı xatırladır. Adam oxuduqca hiss edir ki, növbəti bəndlərdə məsələ daha da kəskinləşəcək. Çünki satira həmişə zəmanə ilə bağlı olduğundan artıq oxucu fikri başqa istiqamətə yönəlir.
Əvəz Qurbanlı haqlı olaraq deyir ki, məni şair yetişdirib zəmanə. Çünki Əvəzin şairlik istedadında dominatlığı həmişə satira oynayır və əsas obraz zamanənin özüdür.
Amma Əvəzin həyata baxışı birmənalı deyil. Çox mənalılıq onu daha dəqiq təyin edir. Onun satirik və ya başqa şeirlərinin quruluşunda bir dramaturgiya, ssenarilik cəhətləri özünü göstərir. Əvəz nə yazırsa, hər şeydən əvvəl, onun səhnə quruluşunu da fikirləşir.
Uyquda gördüm ki, taraz yatmışam,
Yüz kərə əhsən mənə, saz yatmışam!
Dəysə də yüzlərlə təpik, durmaram,
Öylə dəyib bircə qapaz, yatmışam!
Uyquda Allah yetirər ruzimi,
Eyləmişəm razü niyaz, yatmışam!
Dəstəmazım varsa, ibadətdəyəm,
Xəlq qılan vaxtı namaz, yatmışam!
("Yatmışam")
Özünün etiraf etdiyi kimi, o sevgi şeirinə də satira qatır. Bəzən bu, daxilən, hissin davamı kimi gəlir. "Saz" şeirinə fikir verin. Xalq ruhunu ifadə edən saz Əvəzin ifasında əruz təfiləsi ilə tərənnüm olunur.
Bu nə səsdir, hansı qüdrətdən alıb ilham saz?
Kim, onun sehrindən əhvalım qılıb bir cam, saz!
Açmaq olmaz sirrini sazın, əgər imkan ola,
Mümkünatilə çəkər çox müşkilə əncam saz.
("Saz")
Bütün bunlar onu göstərir ki, Əvəz irfandan tutmuş bu gunün modern şeirinə qədər hazırlıqlı adamdar. Daim öyrənən, müşahidə edən, klassik ədəbiyyata dərindən bələd olan şairdir. Əvəz satirik şeirlərində olduqca müasirdir. Son dövrlərdə, demək olar ki, hər bir şeydə populyarlıqa işlədilən "Dəstək" sözünə şair yeni bir naxış vurub bədii sözün qüdrəti ilə onu yeni bir aspektdə gündəmə gətirir.
Dəstək, düzü, istər ki, bulardan biri qalsın,
Kim razı olar öz rəqibindən geri qalsın?
Qoymaz Rza heç bunlar üçün "əl yeri" qalsın,
Məxmər qapılar üstə görüb "məxməri" dəstək!
Bunlar da gərəkdir tapalar bir iri dəstək!
("Dəstək")
İxtisasca hüquqşünas olan Əvəz, elə bil bədii sözdə də bu missiyanı layiqincə yerini yetirir. Klassik şairlərin hüquqlarını ədəbi sözə sədaqəti ilə qoruyur. O daim klassiklərdən ehtiyatla və özü də şagird kimi öyrənir.
ANS-in "Qulp" verilişində satirik şeirləri, bəhri-təbilləri ilə tamaşaçaları heyrətləndirən Əvəz birdən-birə irfan şeirinin dərinliklərinə baş vurur, orda da biliyi, savadı, təcrübəsi və istedadı ilə könülləri nurlandırır.
Azıb nə küfrə getdin, ey Həqiqət axtaran bəşər,
Azaldı aldığın cavab, çoxaldı verdiyin sual...
Əvəz irfana baş vurur və bəzən görürsən ki, ordan ya nəğmə ilə geri dönür, ya da çox maraqlı bir nəsr əsəri ilə. Onu da qeyd edim ki, heç vaxt irfandan heç bir şair kənarda qala bilməz. Çünki bütün şairlər bu yolda doğulubdur.
Əvəz dövri-mətbuatda elmi- publisistik məqalələri ilə müntəzəm çıxış edir. Lirik şeirlərinə mahnılar bəstələnib. "Zastava, silaha!" adlı tammetrajlı bədii film ssenarisi 2010-cu ilin avqust ayında Dövlət Sərhəd Xidməti tərəfindən təşkil edilən müsabiqənin qalibi olub.
Əvəzin şeir, qəzəl, satira, roman yazmasının mərkəzində istedad dayanır. Onun "Canlı dirəklər" romanını bir neçə günə oxudum. Gözlərim önündə başqa bir aləm açıldı. Elə bil romanın müəllifi satirik şeirlər yazan Əvəz deyildi. Tamamilə başqa bir dil, təfəkkür, düşüncə sərgilənir bu romanda. Sərhəd həyatı yadda qalan, inandırıcı bir dillə təsvir edilir. Vətənpərvərlik duyğuları və ən əsası bu duyğularda peşəkarlıq məsələləri romanın əsas ideya xəttini təşkil edir. Əsərdə şairin öz obrazı da var: əsgər Qurbanov. Yuxarıda qeyd etdiyim kimi Əvəzin yaradıcılığında dramaturgiya, ssenarı elementləri üstünlük təşkil edir. Burda xüsusi vurğulamaq istərdim ki, "Canlı dirəklər" romanından maraqlı bir film çəkmək olar.
Əvəz Qurbanlı bu yaxınlarda ölkə prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Əlbəttə, bu, onun ictimai fəaliyyətinə, ədəbi, publisistik yaradıcılığına verilən əsas qiymətdir.
Mən şair dostuma yeni-yeni yaradıcılıq uğurları arzulayıram.