525.Az

Bu şəhər...


 

Bu şəhər...<b style="color:red"></b>

Əziz Şahinə və Borçalıya

Bir dostum mənə “Mən sevdiyim və tanıdığım şəhərlərdə itirəm” – demişdi, inanmamışdım. Bakının tanımadığım küçələrində min bir düşüncə və xəyallar ilə gəzərkən eyni duyğuları yaşayınca dostuma haqq vermişdim.

Mən nə zaman bu şəhərdə yola çıxsam itirdim. Gah “Azadlıq”da, gah “Səməd Vurğun”da, gah da İçəri şəhərdə itib gedirdim. Maşınlar, insanlar, binalar, səslər anidən yoxa çıxır və mən dənizə doğru enən dümdüz bir çöldə, səmanın altında təkbaşıma qalırdım. Sonra Paul Eluardın:

Qapılar tutulmuş, neylərsən
Neylərsən içəridə qalmışıq
Yollar kəsilmiş,
Şəhər məğlub olmuş, neylərsən

misraları ağlıma gəlirdi və o misraları sayıqlaya - sayıqlaya dənize qaçır , dalğaların səslərini dinləyə - dinləyə sevdiyim türküləri söyləyirdim. O türkülər şəhəri, şəhərin küçələrini və tünlüyünü mənə daha çox sevdirirdi. Amma nədənsə o sevgi böyüyüb yaxın dostluğa dönüşəmmirdi.Gurultular içində yalnız qalıram.Gəncliyimdə xəyallarımı dolduran, həsrətindən içimi yandıran, məni dəli  - divanə edən və az daha anarxizmə götürəcək olan bu şəhər mənə yabançı gəlirdi. Halbuki o şəhərə ilk gəlişimdə vüslatın sevinciylə nə qədər ağlamış, nə qədər göz yaşı tökmüşdüm!

Arada bir dostlar axtarırdı məni. Sevinclə gedirdim. Bu şəhərdən bir səs, bir nəfəs, bir xəbər duymaq məqsədiylə dostların arasına qatılırdım. Amma o söhbətlərin istiliyində, o qəhqəhələrin canlılığında da o şəhərin qollarını, qucağını tapammırdım heç cürə.

Mən o şəhərdəydim, amma o şəhər məndə deyildi.

Nə isə, bir gün...

Bir gün Tofig Abdin zəng vurdu.

“Gəl söhbət edək” - dedi.

“Olar,yolu  tərif et, taksi ilə gəlim” - dedim.

Sanki şəhərdə itdiyimi anlamış kimi dedi:

“Ay kişi, taksi nədir? Bir dəfə də xalqın içinə gir, min bir avtobusa, gəl!”

Onun dediyini etdim. Mindim avtobusa getdim. Amma o şəhərin insanları kimi pulu enərkən deyil minərkən verdim sürücüyə...

Və şəhərlə dostluğum belə başladı. Artıq hər yola çıxdığımda itməyə başlayınca minirdim bir avtobusa və 20 qəpiyə şəhəri başdan başa gəzirdim. Nə avtobusun nömrəsinə, nə də getdiyi səmtə baxırdım.Təbii bəzən tamamən tərs bir yönə gedən bir avtobusa minir, yanlış yerdə enir və bir daha şəhərin mərkəzinə ancaq axşam gələ bilirdim. Amma olsun, avtobuslar mənə şəhəri göstərir və tanıdırdı.

Avtobuslar mənə sadəcə şəhəri tanıtmadı. İnsanlarını da tanıtdı. Səbirli, səbirsiz, kədərli, sevincli insanlarını...Bəzən onları yaxından izlədim, bəzən söhbətlərini dinlədim, bəzən də məndən soruşduqları yolu tərif edəmmədiyim üçün utandım.

Bir gün o şəhərin insanlarından biriylə çay içmək nəsib oldu mənə. Orta boylu, arıq, əsmər, orta yaşlarda biriydi. O qədər cana yaxın və istiqanlıydı ki, her avtobusa mindiyimdə və insanların üzlərinə baxdığımda hey onu xatırlardım. O qədər nəşəliydi ki, hər kədərli olduğumda onun səsiylə güldüm. Doğrusu şəhəri bir az da o sevdirdi mənə. Sadəcə şəhəri deyil, şəhərdə heç tanımadığım insanları da...

Cəsurdu, nəşəliydi, bir az da keyf əhliydi..

“Heç kimdən qorxmursanmı?” – deyə sordum. Güldü.

“Arvadımdan qorxuram” - dedi.

Niyə qorxduğunu da anlatdı...

“Bir gün arvad pul verib məni bazara göndərdi. Hava çox istiydi. Bazara getmədim, getdim bir kafenin bağçasında oturub özümə pivə sifariş etdim. Bir müddət sonra telefonum çaldı. Zəng vuran arvadımdı. “Haradasan?” – deyə sordu. “Allah bəlanı versin, sənin üzündən bu bürküdə bazarda canım çıxır!” - dedim. “Bəlli”- dedi. “Sənin canın çıxsın ki, mən sənin on metr yaxınında durub səni izləyirəm”. Döndüm baxdım, arvad divarın dibində durmuş mənə baxır.Gəl də qaçma..

Bir gün yenə evdən qaçacağam, amma xanımım Demokl qılıncı kimi başımın üstünü kəsdirib, çıxammıram evdən.Yeni köçəcəyimiz evdə ustalar çalışırdı. Xanım o evə gedib baxmamı istəyirdi. Düşündüm nə etməli? Getdim hamama və telefonda dostuma mənə zəng vurması üçün mesaj yazdım. Sonra da o dostumun telefondakı adını bizim evdə çalışan ustanın adıyla dəyişdirdim.Gəlib heç bir şey olmamış kimi qonaq otağında oturdum.Telefonu da stolun üstünə qoydum. Çox keçmədən dostum zəng vurdu, amma telefonda onun adı deyil, ustanın adı görünür. Mən sanki zəngə biganəyəmmiş kimi göründüm və telefonu arvadım mənə sarı uzadıb: “Ustadır”- deyə israrla cavab verməyimi istədi. Telefonu alıb ustayla danışıram kimi  cavab verib evdən qaçdım.”

O, mənə bunları söylərkən mən qəhqəhəylə gülürdüm. O, səslərin arasında birdən ciddiləşdi və:

-Dur-  dedi.- Sən Almaniyadan gəlmisən,deyilmi ?

-Bəli,- dedim.

-Mən atamı Avropa məhkəməsinə şikayət etmək istəyirəm, mənə almanca bir məktub yaz.- dedi. Çaşdım:

-Niyə?

-Atam mənimlə anamın insan hüququna təcavüz etmiş.- dedi.

-Anlamadım,- dedim.

-Bunu sənə deyil, məhkəməyə söyləyəcəm. Bir otaqda beş uşaq necə doğulmuş, onun hesabını soruşacam atamdan!- dedi.

Anlamışdım, gerçəkdən də Molla Nəsrəddin bu torpaqlarda yaşamışdı və bu şəhərlə getdikcə yaxın dost olurdum.

 





04.01.2013    çap et  çap et