525.Az

Uşaq və yeniyetmələrin sağlamlığı xalqımızın dəyərli sərvətidir


 

Uşaq və yeniyetmələrin sağlamlığı xalqımızın dəyərli sərvətidir <b style="color:red"></b> Azərbaycan Diabet Cəmiyyəti sədrinin müavini

Bu, həqiqətən təkzibedilməz bir aksiomadır. Məhz onlar xalqımızın genefondu olaraq onun gələcəyini, iqtisadi, siyasi və mənəvi inkişafını davam etdirəcək yeni nəsil kimi ümidimizi doğruldan vətəndaşlarımız olacaqlar. Bax, elə bu qayədən çıxış edərək Azərbaycan Diabet Cəmiyyəti “Bakı şəhərində I-XI siniflərdə təhsil alan məktəblilər arasında şəkərli diabet və digər endokrin patalogiyaların aşkarlanması və bu sahədə maarifləndirmə işinə ictimai dəstək” adlı maraqlı bir layihəni Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının mütəxəssisləri və bir qrup gənc pediatr-endokrinoloqlarla əməkdaşlıq çərçivəsində hazırlayıb və Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edib. Layihə bəyənilib və Şura tərəfindən maliyyələndirilib.
 
Lazımi təşkilatı işlər görüldükdən sonra onun icrasına başlanılıb və yaxınlarda layihə sona yetib. Belə bir layihənin işlənilməsində məqsədimiz nə idi?  Məlumdur ki, şəkərli diabet və digər endokrin xəstəliklər infeksion təbiətli xəstəlik olmasada axır 10-15 ildə böyük sürətlə artır, cəmiyyətə, ailələrə, ölkələrin iqtisadiyyatına ciddi maddi və sosial ziyanlar yaradır. Həm də təəssüflə qeyd edilməlidir ki, bu xəstəliyin gəncləşməsi bütün ölkələrdə olduğu kimi respublikamızdan da yan keçməyib. Hazırda 1000 nəfərdən çox uşaq və yeniyetmə diabet və digər endokrin patalogiya ilə qeydiyyatdadırlar. Bu xəstəliyin məkirli təbiəti onunla izah edilir ki, onun əlamətləri uzun müddət özünü biruzə vermir və diaqnoz müəyyən edildikdə bir çox halda artıq onun ağırlaşmaları üzə çıxır. Məhz bu amilləri nəzərə alaraq biz belə bir layihənin keçirilməsi üçün Azərbaycan Respublikasının təhsil naziri cənab M.Mərdanova müraciət etdik. Nazir layihənin əhəmiyyətini qeyd edərək onun reallaşdırılması üçün lazımi göstərişlər verdi.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi  layihənin keçirilməsi üçün paytaxtın Binəqədi, Nəsimi və Yasamal rayonları ərazilərində yerləşən 12 məktəbi ayırdı və bu məktəblərin direktorlarına layihənin uğurla yerinə yetirilməsi üçün lazımi təşkilatı işlərin görülməsini həvalə etdi. Layihə Binəqədi rayonunun 102, 135, 248 və 276, Nəsimi rayonunun 35, 151, 152 və 164, Yasamal rayonunun  18, 31, 60 və 153 saylı məktəblərində keçirilərək 3019 şagirdi əhatə edib. Azərbaycan Tibb Universiteti II uşaq xəstəlikləri kafedrası əməkdaşlarının hazırladıqları müayinə-sorğu anketi əsasında hər bir uşaq tibbi müayinədən keçirilib, onların fiziki inkişaf göstəriciləri (boy, çəki və bədən kütləsinin indeksi) müəyyən edilib, piylənmə dərəcələri, boy defisiti, bəzi oğlanlarda cinsi inkişafın yaş həddinə görə irəliləməsi, bəzilərində isə geri qalması, bir neçələrində ikitərəfli və birtərəfli kriptorxizm, qalxanvari vəzdə hiperplaziya və digər endokrin patalogiyalar aşkar edilibr. Belə ki, 525 şagirddə artıq çəki, 250 şagirddə birinci dərəcəli, 98 şagirddə ikinci dərəcəli piylənmə, 352 şagirddə isə çəki defisiti aşkarlanıb. Fiziki inkişaf göstəriciləri mövcud Sentel şkalasına əsasən qiymətləndirildikdə 259 şagirddin boy göstəricisində çox geri qalmaları müəyyən edilib. Qalxanvari vəzin müayinəsi zamanı 156 şagirddə qalxanvari vəzin birinci dərəcəli, 19 şagirddə ikinci dərəcəli hiperplaziya, 34 şagirddə isə digər patalogiyalar müəyyən edilib. Bütün bunlarla yanaşı uşaqların psixomator inkişafı, dərsə davamiyyət, müvəffəqiyyət göstəriciləri və sosial vəziyyəti qiymətləndirilib və bu göstəricilərin endokrin patalogiyalarla əlaqəsi araşdırılıb. Layihənin keçirildiyi bu məktəblərdə 4 nəfər 1-ci tip şəkərli diabeti olan şagirdlər ətraflı müayinə edilib, onların qarşılaşdıqları problemlərlə yaxından maraqlanıb lazımi tövsiyələr verilib.

Endokrinologiya elmi sahəsində son tədqiqatlar ona əsas verir ki, ailələrdə 1-ci və 2-ci dərəcəli qohumlarda şəkərli diabetlə xəstə olanlar varsa bu ailələrdəki piylənməyə məruz qalan uşaqlar böyük ehtimal ilə 2-ci tip şəkər xəstəliyinə risk qruppasına namizəddirlər. Keçirilən bu layihədə belə ailələrdən olan 167 şagirddə artıq çəki, 77 şagirddə 1-ci, 19 şagirddə isə 2-ci dərəcə piylənmə aşkarlanıb. Odur ki, bu şagirdlərlə bu gündən başlayaraq lazımi qabaqlayıcı profilaktik tədbirlərin aparılması, onların qida rasionlarının sağlam və enerji baxımından (kaloriy vahidinin) nizamlanması, fiziki fəallıqlarının artırılması (fiziki hərəkətlər, həkimin məsləhət gördüyü idman növü) məsləhətdir. Layihəni keçirən həkim-endokrinoloqlar məktəblərdə şagirdlərlə ətraflı maarifləndirmə işi aparmış, onlara layihə çərçivəsində hazırlanan diabet, piylənmə və qalxanvari vəzin xəstəlikləri və onların profilaktikasını özündə ehtiva edən bukletlər paylayıblar. Pataloji dəyişiklik aşkar edilmiş şagirdlərin valideynləri məktəbə çağrılıb, onlar və məktəb həkimləri bu barədə məlumatlandırılıb, onlarla lazımi maarifləndirmə aparılıb. Layihənin yekunu, hazırlanmış hesabat və Fiziki inkişaf göstəricilərinin şkalası Azərbaycan Respublikasının səhiyyə naziri cənab O.Şirəliyevə göndərilib. Əlbəttə, Azərbaycan Diabet Cəmiyyətinin həyata keçirdiyi bu layihə bir pilot layihə olaraq maliyyə məhdudluğu səbəbindən yalnız 12 məktəbi və bunlarda təhsil alan 3019 şagirdi əhatə edə bilib. Halbuki respublikamızda 5000-ə yaxın üumtəhsil məktəbi və onlarda bir milyondən çox uşaq və yeniyetmə təhsil alır.
 
Layihənin məqsəd və məramı baxımından bu tibbi müayinələr respublikanın bütün şəhər və rayonlarında yerləşən ümumtəhsil məktəblərində aparılmaqla oradakı bütün uşaq və yeniyetmələr əhatə olunmalı, alınan nəticələr təhlil edilməli, bu və ya digər patalogiyaya məruz qalanlarla xüsusi profilaktik tədbirlər keçirməli, geniş maarifləndirmə işi təşkil edilməlidir. Göründüyü kimi bu mühüm məsələ dövlət səviyyəsində həyata keçirilməlidir. 

Gənc nəslin sağlam və gümrah inkişafı  xalqımız üçün böyük əhəmiyyət kəsb edən bir məsələdir. Bu baxımdan ümid edirik ki, keçirdiyimiz bu pilot – layihənin məqsədi, alınan nəticələr səhiyyə, təhsil orqanlarını, bütün valideynləri və ictimaiyyəti düşündürəcək, belə tədbirlərin davamlı olaraq respublika miqyasında keçirilməsinin vacibliyi qənaətinə gətirəcək. Həqiqətən bu məsələ millətimizin gələcək genefondunu sağlam inkişafı naminə diqqətəlayiqdir.  
 





08.01.2013    çap et  çap et