525.Az

Gözü yolda qalan var


 

Gözü yolda qalan var <b style="color:red"></b>

Yenə payız gəldi. Yenə köçəri quşların köçü başlandı. Üzü günəşə doğru boy göstərən yarpaqların  torpağa sarı uçuşu kədərli bir simfoniyanı xatırladır. Həm Şurdəsgahı kimi kövrək düşüncəlidir. Qarabağın bu payızını da görə bilmədik. Elə bu nisgil bizi sıxır, incidir. Elə bil yurd həsrətimizin harayı dağlarda ilişib qaldı. Dağlarda əsirlikdə. Özümüz isə fikirlərin,düşüncələrin əlində əsir-yesir olmuşuq.

 

Günəş dan yerindən bir qarış boyu aralanıb. Sübh sazağının üz-gözümüzdə izi qalır. Dayandığımız yerdən qabağa getmək mümkün deyil. Bir qədər aralıda erməni səngərləridir düşmənlərin qaraltısı açıq-aşkar görünür. Göz işlədikcə baxıram. Şelli, Kolanı, Şahbulaq dağları, boş qalmış yurd yerləri qərib-qərib bizə sarı boylanır. Sanki nəsə demək istəyirlər. Lap yəqin bilirəm ki, kəndimizdəki Çinarlı bulağının gözündə beşbarmaq şəkilli bir çinar yarpağı yuyunur. Bir onu bilirəm ki, həmin o bulağın başında nakam bir sevginin izi qalıb. Sözün əsl mənasında içimdə od tutub yanıram, dağlara sarı baxa bilmirəm. Xəcalətimdən başımı aşağı salıram, daha doğrusu, başımız onsuzda aşağıdır. Xarabalığa çevrilmiş yurd yerlərinin iniltisini eşidir, şəhid ruhlarının məzəmmətini duyuram. Bu cənnət torpaqlara necə qıydıq? Bu amansız sual içimdəki dərd ağacına iynə kimi sancılır durduğum yerdə qıvrılıram. Zəhəri, kini, küdurəti, qəzəbi, nifrəti, qisası öləzimiş ilan kimi...

 

Üzü Ağdama sarı baxıram. Bu dünyada bircə təsəllim buna çatır. Bir saat, iki saat keçir, yerimdəcə donub, elə hey baxıram. Xəyalım ildırım sürəti ilə erməni səngərlərindən keçib o taya adlayır, tanış cığırlardan keçir, on il nəfəsimiz ilə qızınmış, uşaqlığımızı daş-divarlarına həkk etmiş məktəbin yanından keçib ilk sevginin sətəlcəminə tutulduğum küçə ilə qaçaraq öz evimizə çatır. Bir vaxtlar iməklədiyim torpağın üstünə çökürəm. Torpaq yanıb, qarsalanıb, təəccüblü orasıydı ki, bu yanmış torpağın sinəsində neçə-neçə payız çiçəyi boylanırdı. Əvvəlcə karıxdım. Yanmış torpaq hara,çiçək bitirmək hara? Qəflətən bütün bədənim titrəyir,ürəyim çırpınır. Yəqin bu çiçəklər şəhid ruhlarıdır, yanmış torpağın bağrını yararaq üzə çıxıblar. Bəs indi onlara cavab verəcəyəm, onların ittiham dolu suallarına söz tapa biləcəyəmmi?!

 

Yaxşı ki, ruhların dili yoxdur, yoxsa soruşardılar ki, öyündüyünüz, qürur duyduğunuz, babaların əmanəti olan Ağdamı niyə itirdiniz?! Mənim ruh qardaşlarım daha qəzəblə deyərdilər ki, daş-qaya olaydınız, odun-ocaq olaydınız, qırılıb tükənəydiniz, əlil-şikəst olaydınız, amma bu yurdu qıymayaydınız?!

 

Xəyalım kor-peşiman geri qayıdır erməni səngərlərinin üstündən keçəndə onu gülləborana tuturlar, xəyallarım yaralanır, qanım tökülür, ağrı hiss edirəm... Yaralı xəyallarla haracan getmək olar?! Bilmirəm...

 

1991-ci il. Azərbaycanın bu qədim gözəl şəhəri Ermənistan-rus qoşunları tərəfindən müntəzəm olaraq bombardmana məruz qalırdı. Şəhər atəş altında nəfəs alırdı. Martın 8-dən 19-na kimi ermənilər Naxçivanik, Xanabad, Əsgəran istiqamətindən Ağdam şəhərinə 200-dən artıq raket atmışdılar. Ən şiddətli bombardman martın 12- gecə saat 4.30 dəqiqədə olmuşdur. Fasiləsiz raket zərbələri saat 6-ya qədər davam etmişdi. Həmişə canlı,qaynar, gur olan Ağdam erməni-rus hərbi birləşmələri ilə təkbətək qalmışdı.

 

Sadə bir epizoda nəzər saldıq. Bunun arxasında isə yüzlərlə insanın məhv olmuş taleyi dayanır. Ağdamlılar ötən müharibənin bütün ağırlığını öz çiyinlərində həmişə hiss ediblər, altı min nəfərə yaxın şəhid veriblər. Qarabağın toy otağı hesab olunan Ağdam kimi gözəl bir şəhəri itiriblər. Yurd yeri, torpaq yoxdursa, demək, heç yoxdur. Heç ...

 

Çox mahir qəddar birsehrbazınsehrli çubuğu Ağdamın məhvinə hökm çıxardı. Ağlımız kəsə-kəsə,gözümüz görə-görə beşiyimizi qəbir evimizi itirdik.

 

Birdən elə bil Ağdamın xarabalıqlarından, “ruhlar şəhərindən” “Çahargahyüksəlir, onun çılğın cəsur sədaları eşidilir, haray qoparır. “Çahargahod-alov püskürür, gah zilə qalxır, gah da bəmə enir, sanki pıçıltı ilə bizə deyir: iki şəhidlər qəbirstanlığında ruhların harayı göylərə bülənd olub. Niyə qayıtmırsınız?! Bu suala cavab vermək mümkün deyil. Bizi dədə-baba torpağımızdan, yurd yerimizdən, uşaqlığımızdan, gəncliyimizdən, ilk sevgimizdən, mənəviyyatımızdan, adət-ənənələrimizdən, xeyir-şərimizdən, bir sözlə özümüzü-özümüzdən zülümlə, sitəmlə, xəyanətlə ayırdılar. Mərdi qova-qova namərdə çevirdilər. Qisas aldılar. Ağdam sarsıldı, bu cənnət diyar şəhid oldu. Neyləmək olar, bu da bir tale oldu, dözdük, kösöv kimi içimiz qaraldı, ayrıldıq, beşiyimizdən, qibləmizdən ayrıldıq. İyimi ildir bu ayrılığın yaşı,bu qəddar ayrılıq bizi yadlaşdırdı, bizi qocaltdı, bizi ruhu uçmuş bir məxluqa çevirdi. Məğrurluğumuza, ağayanalığımıza, adımıza kölgə saldı. Fəqət bizi əysələrdə, sındıra bimədilər.

 

Rastağır batman avazı ilə Ağdama ağı deyir. Xaraba qalmış bir yurdun hıçqırıqlarını, ağrı-acısını dilə gətirir.

 

Hardasınız, haralara üz tutdunuz, ocağınız yansa da, işığınız gəlsə , danışıb-gülsəniz , özünüz-özünüzdə deyilsiniz. Qərib-qərib gəzib dolaşsanızda ürəyiniz, qəlbiniz, nəfəsiniz, sözünüz-söhbətiniz, gülüşünüz, hayınız-harayınız, göz yaşlarınız məndədir, Ağdamdadır. Qayıdın, oturmaqdan ayağınız, uzanmaqdan beliniz,baxmaqdan gözünüz yorulmadı? Qayıdın, qayıdın, üzü Ağdama sarı, üzü yurda sarı, üzü beşiyə, ana qucağına sarı,üzü qibləyə sarı. Gəlin. Dişiniznən, dırnağınıznan, qanınıznan yol açın, olar. Darıxmışam, çox darıxmışam, səsiniz üçün, özünüz üçün, gələcək nəsillər üçün darıxmışam. Qayıdın, gəlin, insafınız olsun,gözü yolda qalmışam. Qayıdın...

 

Biz, o yerlərə qayıda bilmədik. Bizi o cənnət yurdaŞurqaytardı. Yenidən həyata qayıtmış, sözün əsl mənasında,ikinci bir ömür yaşayanŞurxalq çalğı alətləri ansamblı. Ağdamın musiqi, muğam rəmzi. Bu ansambl 1952-ci ildə yaradılıb. Azərbaycanın muğam sənətinə görkəmli ifaçılar bəxş edib. Zaman-zaman Ağdamı, ölkəmizi əcnəbilər qarşısında ləyaqətlə, yüksək peşəkarlıqla təmsil edib. Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdam işğal ediləndən sonra bu ansamblın da taleyinə ağır zərbələr dəydi. Çox ağır günlər yaşadı,illər uzunu qazandığı şan-şöhrət kölgədə qaldı, bu müqəddəs ocağın başına səməndər quşu kimi yığışan xanəndələrin hərəsi bir səmtə üz tutdu. Böyük tarixə malik ansambl sözün həqiqi mənasında dağıldı. Böyük bir ənənə,zəngin bir məktəb, dəyərli bir ifaçılıq ocağı ən ağır günlərini yaşadı. Dəqiq olmasada,təxminən iki il bundan əvvəl yerli icra hakimiyyətinin başçısı Nizami Sadıqov vaxtilə böyük şöhrət qazanmış, doğma şəhəri kimi sözün əsl mənasında tarmar olmuş ansamblın üzvlərinin axtarışına başladı. Gərgin keçən axtarışlar öz bəhrəsini verdi. Hərəsi bir tərəfə üz tutmuş ifaçılar Quzanlı qəsəbəsinə dəvət olundular. Məşqlər başlandı. Bir neçə ay davam edən məşqlərdən sonra ilk baxış konsert keçirildi. Nəticə qənaətbəxş olsada hələ kəm-kəsir çox idi. Sözün əsl mənasında gecə-gündüz məşqlər ara vermədi. Ansamblın bir neçə məşqində məndə iştirak etdim şahidi oldum ki, Nizami müəllim necə həyəcan keçirir, hər sözün üstündə neçə dəfə düzəliş edir, ansamblın üzvləri ilə birlikdə nəfəs alırdı. Nəhayət məşqlər başa çatdı. Rayon ictimaiyyəti qarşısında ilk konsert proqramı ilə çıxış edən ansambl sürəkli alqışlar qazandı. Həmin vaxt o insanların gözlərinə baxanda göz yaşları içərisində bir sevinc dan ulduzu kimi parlayırdı. Bir anlığa olsada həmin insanlar keçmişdəki o bəxtəvər günlərə qayıtmışdılar, Ağdamlı günlərə qovuşmuşdular. Bu yerdə Nizami Sadıqovun bir deyimi yadıma düşdü: – ermənilər bizim torpaqlarımızı işğal etdilər, ruhumuzu işğal etməyə onların gücü çatmadı.

 

Zaldakı insanlar həmin an bir nəfər kimi döyüşə getməyə hazır idilər. Sonra Bakıda, FilarmoniyadaŞuransamblının çıxışı böyük bir sənət imtahanı oldu Ölkənin görkəmli sənətkarlarının iştirak etdiyi konsert yəqin ki,uzun müddət yaddaşlarda yaşayacaqdır. Sözün düzü, Ağdamın işğalından sonra bu qədər duyğu həyəcan keçirməmişdim. Həmin konsert bizə öz adımızı, ruhumuzu, ümidimizi,sabaha inamımızı, son döyüşə mütəşəkkilliyimizi, doğma Ağdama qayıtmaq inamımızı bir daha özümüzə qaytardı. Bizə ağdamlı olmağın ilk əlifbasını qaytardı.

 

Ağdam başdan-ayağa bir cənnət idi. Demək,biz bəxtəvər olub cənnətdə yaşamışıq. Sonra həmin cənnətdən qovulduq. Cənnətdən qovulmuşların alqışı, qarğışı eşidilmir.

 

oktyabr, 2012-ci il

 

 





09.01.2013    çap et  çap et