525.Az

“Gəl gör, mənə eşq neylədi...”


 

“NAZIMIN ÇAĞDAŞLARI” SİLSİLƏSİNDƏN

“Gəl gör, mənə eşq neylədi...” <b style="color:red"></b>

ANAR

 

Yunis İmrənin adını ilk dəfə atamgildə Nazım Hikmətin dilindən eşitmişəm. Nazım təkrarsız şeir oxumaq məharətiylə, məlahətli səsiylə Yunusun misralarını deyirdi:

 

Ben Yunusu biçareyim

 

Aşk elinden avareyim

 

Başdan ayağa yareyim

 

Gel gör, bana aşk neyledi

 

Bu misraları oxuyarkən şair üzünü özündən çox-çox cavan olan sevgilisinə, “son eşqi, son ağrısı” (Rəsul Rza) Veraya tuturdu. Vera türkcə bilmirdi. Bəlkə Nazım bu misraları onunçün çoxdan tərcümə etmişdi.

 

Bəlkə yox. Bəlkə sevgilinə müraciət edərkən səni anlayıb anlamayacağı önəmli deyil. Vacib olan özünün özünə etdiyin etirafdır.

 

Sevdalanan insan çox vaxt duyğularını şairlərin diliylə izhar edir. Özləri şair olanlar belə bəzən daha əvvəl yaşamış şairlərin sözlərinə müraciət edirlər. Yunislə Nazımı yeddi əsr ayırır, amma o da Cəlaləddin Rumi kimi Nazimin çağdaşıdır.

 

Nazım Hikmətə həsr olunmuş, Türkiyədə artıq nəşr edilmiş, indi Bakıda çapa hazırladığımKərəm kimikitabınaNazımın çağdaşlarıadlı bir bölüm əlavə etmək istəyirəm. Bu bölümə böyük şairin zamandaşları ona mənən yaxın olan insanlarZəkəriyyə , Səbihə Yulduz Serteller, Mikayıl Rəfili, Konstantin Simonov, Orxan Vəli, Əziz Nesin, Fazil Hüsnü Dağlarca, İbrahim Balaban, Yaşar Kamal, Əkbər Babayev (Orxan Vəlidən başqa hamısıyla şəxsən tanış idim) haqqında esselərimi daxil etdiyim kimiÇağdaşımız Mevlana Yunis İmrəyə aid bu yazımı da daxil edəcəm.

 

Böyük şairlər hansı əsrdə yaşamalarından asılı olmayaraq bir-birinin çağdaşlarıdır. Hamısı eşq heyranlığı sevgi aldanışları, məhəbbət iztirabları haqqında, ölüm qorxusu, ayrılıq acısı, tənhalıq nisgili, qəriblik həsrəti, xəyal qırıqlığı ümid təsəllisi barədə , eyni əbədi duyğuları ifadə ediblər. Əlbəttə hərəsi öz diliylə, öz üslubuyla, öz deyim tərziylə...Öz zamanının lisanında.

 

Mənim fikrimcə, Oğuz şeirində, yəni Anadolu Azəri türklərinin möhtəşəm şeir dünyasında ən uca beş zirvə var: Dədə Qorqud söyləmələri, Yunis İmrənin yaradıcılığı, Füzulinin türkcə Divanı Leyli Məcnunu, SabirinHophopnaməsi”, Nazım Hikmətin poeziyası...

 

Yunis İmrə haqqında çoxdan yazmaq istəyirdim. Görünür vaxtı yetişmədiyindən niyyətimi gündən günə ötürürdüm. 2013- ilin ilk günlərindən Yunis İmrə nədənsə qəlbimin ən munis həmdəmi oldu, demək istədiklərimi onun diliylə ifadə etməyə ehtiyac duydum.

 

Kitabi Dədəm Qorqud” “Xanım Hey!” xitabıyla başlayır. Yunis İmrə:

 

Sən bura qəribmi gəldin

 

Neçin ağlarsan bülbül, hey? – deyir

 

Yarından ayrımı düşdün,

 

Neçin ağlarsan, bülbül, hey? – deyir.

 

Yunis İmrənin poetik irsiKitabi Dədəm Qorqud”-dan sonra zaman etibariylə dilimizin ən böyük bədii abidəsidir, bugünkü dilimiziAzəri Anadolu türkcəsini formalaşdıran, biçimləşdirən, büllurlaşdıran bir dildir:

 

Nedim, əlim yetməz yara,

 

Bulunmaz dərdimə çara,

 

Oldum elimdən avara,

 

Məni burda əylərmisən?

 

 

Bu qarşıma köküs gərən

 

Daş bağırlı dağlarmısan?

 

Mən yarımdan ayrı düşdüm

 

Sən yolumu bağlarmısan?

 

Qarlı dağların başında

 

Salxım-salxım olan bulud!

 

Saçın yolub mənim üçün

 

Yaşın, yaşın ağlarmısan?

 

Nəfəsi Dədə Qorquddan gələn Yunis şeirinin əks-sədası özündən sonrakı şairlərimizin aşıqlarımızın yaratdıqlarında da eşidilirAşıq Paşadan, Nəsimidən, Füzulidən, bayatılarımıza qədər, Aşıq Veysələ, elə Nazım Hikmətin özünə qədərhamısının müəyyən sətirlərində Yunislə səsləşmələr tapmaq olar.

 

Yunis İmrə(1238-1320):

 

Gəldi keçdi ömrüm mənim

 

Ol yel əsib keçmiş kimi

 

Hələ mənə boylə gəldi

 

Bir göz yumub açmış kimi

 

 

 

İşbu sözə haq tanıqdır

 

Bu can köküsə qonuqdur

 

Bir gün olar uçar gedər

 

Qəfəsdən quş uçmuş kimi

 

deyirsə,

 

Aşıq Paşa(1272-1333) da:

 

 

Nazənin bu ömrümüz bir göz yumub açmış kimi

 

Gəldi keçdi, duymadıq bir quş qonub uçmuş kimi

 

deyir.

 

 

Yunis:

 

 

Əvvəl mənəm, axır mənəm

 

Canlara can olan mənəm

 

Gözsüz məni necə görsün

 

Könüllərə girən mənəm

 

deyir.

 

Bu misralar Nəsiminin yalnız məşhurMəndə sığar iki cahan, mən bu cahana sığmazamşeirində deyil,

 

Mən mülki-cahan, cahan mənəm mən,

 

Mən həqqi-məkan, məkan mənəm, mən...

 

qəzəlində əks-səda verir.

 

 

Füzulinin :

 

 

Eşq imiş hər varsa aləmdə,

 

Elm bir qeylü qall imiş ancaq

 

beytində Yunus İmrə ruhu var.

 

 

Gəldin, keçdin, biləmmədim,

 

Ah neyləyim, ömrüm səni...

 

bu, Yunis İmrədir

 

 

 

Əfsus ki, yarım gecə gəldi, gecə getdi

 

Heç bilmirəm ömrüm necə gəldi, necə getdi...

 

bu da Ağabəyim Ağadır.

 

Deyə bilərsiniz ki, bu motivlər əsrlər boyu şeirimizidə yayğın olan, dönə-dönə işlənmiş təşbehlərdir. Doğrudur, amma o da həqiqətdir ki, axı bunları buna bənzər onlarca obrazlı ifadəni İLK DƏFƏ, hamıdan əvvəl Yunis İmrə deyib. Yazılı ədəbiyyatımızda da, aşıq şeirində dünyarədifli çox sayda gözəl şeirlər var. Amma Yunis İmrə hamıdan öncə deyib ki:

 

Bilirəm mən səniyalan dünyasan,

 

Şahları taxtından salan dünyasan.

 

 

 

 Yaxud

 

 

Yeri, yeri, yalan dünya,

 

Yalan dünya deyilmisən?

 

Yeddi yol boşalıb, yenə

 

Dolan dünya deyilmisən?

 

Yeddi əsr sonra Səməd Vurğunun məşhur şeirində dünyabir yandan boşalır, bir yandan dolur”...

 

Yeri gəlmişkən dünyanın boşalıb, “yeddi yol yenidən dolmasıfikri ən müasir elmi fərziyyələrləyer üzündə uyqarlıqların (sivilizasiyaların) dəfələrlə dağılması yenidən yaranması mülahizələriylə həmahəng səsləşir.

 

Yunisin:

 

Yüz Kəbədən yeyrəkdir

 

Bir könül ziyarəti

 

 

yaxud

 

 

Daş olsan da əriyərsən

 

misraları bizim bayatalırda da əks olunub.

 

Hər bir sənətkarın müəyyən yaşda istər-istəməz ölüm haqqında düşünməsi yazması təbiidir.

 

Nazım Hikmət:

 

ölümdən qorxmaq ayıb

 

düşünmək ölümü

 

yazırdı

 

Ölüm Yunis İmrə yaradıcılığının da israrla təkrar olunan mövzularındandır.

 

Vaxtınıza hazır olun

 

Əcəl vardır, gələr bir gün

 

deyə xəbərdarlıq edən Yunus ölümün tərifini verir:

 

Bir kimsənin belin bükər,

 

Bir kimsənin mülkün sökər,

 

Bir kimsənin yaşın tökər,

 

Əzasını əzər ölüm.

 

Ölüm haqqında bu ümumi, mücərrəd düşüncələri şair get-gedə öz yaxın aqibəti kimi qavrayır:

 

 

Bir qorxu düşdü canıma,

 

Əcəb nola mənim halım?

 

Dərman işləməz qanıma

 

Əcəb nola mənim halım?

 

Şeir boyu bu ölüm xofu tükürpərdici, əyani səhnələr şəklini alır:

 

 

Dünya birdən soyuyacaq,

 

Yuyucu tənim yuyacaq

 

Axır ki, qəbrə qoyacaq,

 

Əcəb nola mənim halım?

 

 

Əzalarım söküləcək,

 

Gözə torpaq töküləcək,

 

Münkirlə İnkir gələcək,

 

Əcəb nola mənim halım.

 

 

ayaq tuta, əlim,

 

ağlım qala, bilim.

 

Cavab verməz olar dilim,

 

Əcəb nola mənim halım?

 

Bu misralar isə artıq sanki qəbrin içində uzanmış adamın dilindən deyilib:

 

Beş qarış bezdəndir donum

 

İlan-çayan yeyə tənim

 

Hara dönsəm, daşdı yönüm...

 

Unudulmuş olam bir gün

 

 

Bu zindanın dəhşətinə

 

Təkbaşına dalam bir gün...

 

Amma böyük sənətin ölümsüzlüyü Yunis İmrənin sənətkar kimi zəfəri ondadır ki, o Ölümün özünü belə həyatın sonu kimi deyil, misralarda yaşayacaq bədii obraz kimi dəyərləndirir, dünyayla mərd-mərdana, erkək kimi, ağlayıb-sızlamadan vidalaşmağı bacarır:

 

Biz dünyadan gedər olduq,

 

Qalanlara salam olsun!

 

Bizim üçün xeyir-dua

 

Qılanlara salam olsun

 

 

Bir qaydadı: Gələn gedər,

 

Əcəl ki var, bizi güdər...

 

Bizim halımızdan xəbər

 

Soranlara salam olsun!

 

Şəxsi kitabxanamda Yunis İmrənin Türkiyədə, Azərbaycanda nəşr olunmuş əsərlərinin müxtəlif nəşrləri, onun haqqında yazılmış tədqiqatlar var. Türkiyədə olarkən oradakı dostlarıma zarafatla deyirdim ki, yeddi əsr bundan qabaq yaşamış Yunisin kitabını asanlıqla oxuyub anlayıram, amma bu kitaba günümüzdə yazılmış Önsözlə tanış olarkən tez-tez lüğətə müraciət edirəm.

 

Sözüm ondadır ki, Köprülünün diliylə desək, türk ədəbiyyatının ən böyük sufisi, gah türkmən kəndlisi, gah dərviş deyə adlandırılan, özü özünə Miskin, Dərviş, Aşiq deyən şairin şeirlərini irfani poeziyanın örnəyi kimi qiymətləndirir, təsəvvüf anlayışlarıyla yozurlar. Əlbəttə, hər bir araşdırmaçının buna haqqı var. Bəlkə bu yanaşma Yunis İmrənin bədii niyyətinə, yaradıcılıq məqsədinə daha doğru-dürüst şərhdir. Amma hər oxucunun da mütaliə etdiyi əsərləri öz təəssüratlarıyla qavramaq, izah etmək, duymaq haqqı var.

 

Yunis İmrənin bəlkə ən məşhur beyti belədir:

 

 

Məni məndə demə, məndə deyiləm,

 

Bir mən vardır məndə məndən içəri

 

 

yaxud (başqa variantda):

 

 

Beni sorma bana, bende degülem,

 

Surətim boş yürür dondan içeri.

 

Bu misraları, hər halda Azəri türkcəsində gətirdiyim beyti Sufizm təbirləriylə təfsir etmək istəmirəm, mənimçün bu beyt çağdaş insanın varlığını dəqiq əks etdirən psixoloji portretdir. İnsan cəmiyyət, mühit, ailə içində yaşayır, çalışır, başqalarıyla görüşür, söhbət edir, kiminləsə dalaşır, kiminləsə barışır. Amma bütün bu zahiri, dekorativ bəlirlərin içində İnsanın bir dəruniməni var ki, o bambaşqadır, öz daxili aləmində öz duyğularıyla, düşüncələriylə yaşayan, dış dünyasında heç kəsin görmədiyi, bilmədiyi, xarici aləmlə heç bir ilişgisi olmayan insanın həqiqi, əsl, gerçəkMənidir. Məhz buMənzahiriMəndən içəridədir.

 

Keçən əsrin iyirminci illərində Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul olan ədəbiyyatımıza müəyyən xidmətlər göstərmiş İsmayıl Hikmət elə o illərdə Bakıda iki kitab nəşr etdirib – “Azərbaycan ədəbiyyatı tarixiTürk ədəbiyyatı tarixi”. Bu kitablarda Orta əsrlərdə dili, ədəbi biçimləri, ruhu etibariylə ayrılmayan şairlərimizi türk şairləri Azərbaycan şairləri deyə iki qismə ayırıb. Anadoluda, Azərbaycanda yaşamamış, “Əsiri-möhnəti-Bağdadolan Füzulini Azərbaycan ədəbiyyatından heç kəs ayıra bilməz. Görkəmli ingilis şərqşünası Uilkinson Gibb kimi mötəbər alim Füzulinin dilinin Çağataycadan Osmanlıcdan fərqli bir dil, yəni Azərbaycan türkcəsi olduğunu təsdiq edir, onu məhz Azərbaycan şairi sayır, amma eyni zamanda ondanOsmanlı Şeir tarixiadlı monumental kitabında bəhs edir. bu da etiraz doğurmur. Çünki Bağdad sakini Azərbaycan şairi Füzuli həm Türkiyə ədəbiyyatının iftixarı sayıla bilər. Sivas hökmdarı Qazi Burhanəddin haqlı olaraq Azərbaycan ədəbiyyatına aid edilir. Çox əcəb. Belə olan surətdə Yunis İmrənidilimizdə yaratdığı zəngin irsi olan bu böyük şairimizi nəyə görə ədəbiyyat tariximizə salmamalıyıq?!

 

Bir neçə il bundan qabaqKitabi Dədəm Qorqudun 1300 illiyini təntənəylə qeyd etdik. Məlumdur ki, dastandakı bəzi motivlər çox daha qədimdir, amma mətndə Dədə Qorqudun məhz Həzrət Məhəmmədin müasiri olduğu göstərildiyinə görə buna əsaslanaraq dastan Vİİ əsrə aid edildi. Unudulmaz Öndərimiz Heydər Əliyevin dəstəyi ilə bu tarix Azərbaycanda təsdiq olundu, YUNESKO da, Türkiyə alimləri bu rəqəmi qəbul etdilər. Bu faktın böyük əhəmiyyəti ondadır ki, indi ədəbiyyat tariximizi ərəb fars dillərində yazan şairlərimizin(onların da Azərbaycan ədəbiyyatına aid olmaları heç bir şübhə doğurmamalıdır) əsərləriylə deyil, öz ana dilimizdə yaranmış əzəmətli abidəylə başlaya        bilirik.

 

Ənənəvi olaraq İzzəddin Həsənoğlunun iki qəzəlini dilimizdə yaranan ilk şeirlər sayırıq. Həsənoğlunun müasiri Yunis İmrənin yaratdığı zəngin irsi ədəbiyyat xəzinəmizə daxil etmədən ondan sonra yaranan heca şeirimizin inkişaf yollarını necə müəyyənləşdirə bilərik?

 

Vaxtilə bu sahədə səmərəli təşəbbüslər olub. 1928-ci ildə görkəmli yazıçımız Abdulla ŞaiqƏdəbiyyatdan kitabındayazırdı: “Yunus İmrə Sakarya ətrafındakı kəndlərdən birində yetişmiş bir türkmən kəndlisidir. O, burada rəncbərliklə keçinən çox fəqir bir adam idi. Tapdıq İmrə namında bir pir dərvişə intisab edərək illərlə onun qapısında çalışmışdır”.

 

1982-ci ildəİki zirvə. Yunus İmrə, Aşıq Veysəladlı kitab yanılmıramsa Yunis İmrənin Azərbaycan oxucularına təqdim olunan ilk nəşri idi. Kitabı şair Məmməd Aslan tərtib etmiş, Bəxtiyar Vahabzadə kitaba Önsöz yazmışdı.

 

Türkiyənin müxtəlif guşələrində, on yerdə Yunis İmrənin məzarı (maqamı) göstərilir. Məmməd Aslan qeyd edir ki, “son zamanlar Azərbaycanın Qax rayonu ərazisində dərviş Yunus İmrəyə ünvanlanmış bir məzar da aşkar olunub. Bu da şairin istər Anadoluda, istər Azərbaycanda hələ xalq zehniyyətində qədər önəmli yet tutduğunun göstəricisidir”.

 

Türkiyənin sabiq mədəniyyət naziri, qiymətli ziyalı Namik Kamal Zeybək Yunis İmrənin Türkiyə nəşrlərindən birinə yazdığı Önsözdə haqlı olaraq qeyd edir ki, “Türkiyədə Yunus İmrəni sevməyən varmı? Yunus İmrə sevgisi bizi bir-birimizə bağlayan ən dəyərli bağlardandır. Azərbaycanlı böyük şair VahabzadəBir yerdə öldüyü halda, niyə min yerdə məzarı olduğunusoruşur bunun cavabını verir:

 

Hər gün qazılır çünki könüllərdə məzarı.

 

Otlarda, çiçəklərdə güllərdə məzarı

 

Əfsanəmi gerçəkmi, bir insan neçə insan,

 

Varlıq səsidir qopmuş o Türkün qopuzundan”.

 

İki zirvəkitabına yazdığı Önsözdə isə Bəxtiyar Vahabzadə xüsusi vurğulayır:

 

Özlərini mühitə, cəmiyyətə uyğunlaşdırmağı bacarmayan, əslində istəməyən fikir adamları öz içində yaratdığı xəyalı həqiqət dünyası ilə təskinlik tapırlar. İç dünyası ilə çöl dünyası, dildəki yalanla ürəkdəki həqiqətin əbədi savaşında insan özünü axtarır, bu zaman: “Necə olur əzmi-səfər?”, “Qorxu qiyamətdəndir, ya mən neçin qızaram?” “Adəmin torpağını dörd fərişdə götürdü, suyunu nədən qatdı?” kimi suallar qarşısında dayanmalı olur”.

 

Xalq şairi Zəlimxan YaqubYunis İmrə dastanıadlı maraqlı poema yazmışdır.

 

Yunis İmrəni Türk ədəbiyyatı tarixindən heç vəchlə çıxarmadan (bu mümkün deyil), Azərbaycan ədəbiyyatı tarixinə qatmaq, onu ona mənsub olan yerdə təsdiq etmək bizim şərəf borcumuzdur.

 

Dəfələrlə demişəm ki, şairlik iddiam yoxdur. Amma hərdənbir klassik şairlərin şeirlərindən qidalanaraq onlarla səsləşmələr yazmağı kim mənə qadağan edə bilər?

 

Böyük Yunis İmrəyə həsr etdiyim bu yazımı da onun yuxarıda gətirdiyim məşhur gəraylısı ilə səsləşən şeirimləvaxtiylə yazılmış misralarla bitirmək istəyirəm:

 

Ötüb getdi ömrüm mənim

 

Yellər əsib keçmiş kimi.

 

Ömrün sonu qaçılmazdır

 

Fələk kəfən biçmiş kimi.

 

 

İstədim dəryada üzəm,

 

Qartal tək göylərdə süzəm.

 

Elə bildim ölümsüzəm,

 

Abi-həyat içmiş kimi.

 

 

İllər keçdi bir an kimi,

 

Cəllad yoxdu Zaman kimi.

 

Həyat bir yuxuymuş demə,

 

Bizə gəlirolmuşkimi.

 

 

Yanvar 2013

 

 





10.01.2013    çap et  çap et