525.Az

Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi


 

Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Tayvanda millətçi hökumət və Böyük Sıçrayış

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra bir-birinin yanında iki Çin dövləti mövcud idi. Çan Kayşinin Millətçi hökuməti cənubi və mərkəzi Çində olmaqla, amerikanlar tərəfindən dəstəklənirdi. Mao Tszedunun başçılıq etdiyi Kommunistlər isə Şimali Çində möhkəm baza yaratmışdılar. Onların Xalq Azadlıq ordusunun bir milyona yaxın əsgəri var idi.

1946-cı ildə koalisiya hökuməti yaratmaq cəhdləri uğursuz olduqda, millətçilərlə kommunistlər arasında tam miqyaslı müharibə başlandı. Kənd yerlərində milyonlarla kəndlini kommunistlərin torpaq vermək barədəki vədləri cəlb edirdi və çoxları Mao hökumətinə qoşulurdu. 1948-ci ildən Xalq Azadlıq Ordusu (XAO) Pekini mühasirəyə aldı. Sonrakı ilin yazında kommunistlər Yantszı çayını keçib, Şanxayı işğal etdilər. Sonrakı iki ay ərzində Çin hökuməti özünün 2 milyon nəfərlik tərəfdarları ilə Çinin materik ərazisinin sahilindən kənardakı Tayvan adasına qaçdılar. 1 oktyabr 1949-cu ildə Mao Səma sülhü qapısının (Tyananmen meydanının) tribunasına qalxıb, meydanda onun qarşısında toplaşmış minlərdə adama qələbə bəyanatını çatdırdı. O dedi ki, Çin xalqı ayağa qalxmışdır və heç kəs bir daha onu alçaltmağa qadir olmayacaqdır.

Yeni qələbələr çalmış Kommunist Partiyası, onun sədri Maonun liderliyi altında sosialist cəmiyyəti qurmaq barədə uzun müddətli bir məqsədə malik idi. 1955-ci ildə Çin hökuməti bütün özəl fermer torpaqlarını kollektivləşdirdi və sənayenin və kommersiyanın əksəriyyətini milliləşdirdi. Kollektiv təsərrüfatlar ərzaq istehsalını artırmaqda uğursuzluğa uğradıqda, Mao 1958-ci ildə Böyük Sıçrayış kimi tanınan daha radikal proqrama başladı. Ənənəvi kənd təsərrüfatları geniş “Xalq Kommunalarında” birləşdilər. Onların hər biri 30 min adamdan ibarət idi. Mao ümid edirdi ki, bu proqram xalqı XX əsrin sonundan əvvəl iqtisadi yüksəlişi sürətləndirmək naminə kütləvi cəhdə və kommunizmin- sinifsiz cəmiyyətin final səhnəsinə çatmaq üçün səfərbər edəcəkdir. Lakin Böyük Sıçrayış etmək əslində bədbəxtliyə çevrildi. Pis iqlim və yeni sistemə kəndlilərin nifrəti birləşib, ərzaq istehsalını aşağı saldı. Bu uğursuzluqlara baxmayaraq, Mao tam sinifsiz cəmiyyət barədəki öz arzusunu tərk etməyə hələ də hazır deyildi və 1966-cı ildə Çinin kommunizmə yeni güclü yürüşünə start verdi.      

Prezident Lindon Conson 1965-ci ildə Cənubi Vyetnama Birləşmiş Ştatların qoşunlarını göndərdi ki, cənubi-şərqi Asiyada kommunizmin ekspensiyasının qarşısını almağa cəhd etsin. Birləşmiş Ştatların başlıca marağı artıq Sovet İttifaqı deyil, kommunist Çini idi. 1960-cı ilin ortalarından Sovet İttifaqının rəsmiləri belə baxış nümayiş etdirdilər ki, mahiyyətcə mühafizəkar dövlət kimi SSRİ sərhədlərini genişləndirməkdən daha çox öz geniş imperiyasını himayə etmək barədə düşünür. Mao Tszedunun bütöv sinifsiz cəmiyyət yaratmaq barədəki cəhdinə isə çox böyük diqqət verilirdi. Böyük Sıçrayış siyasətinin uğursuzluğa uğramasına baxmayaraq, o, bu vaxt daha böyük dramatik məcburiyyətlə Çinin kommunizmə doğru hərəkətinə başladı.

Mao inanmışdı ki, yalnız daimi inqilabi qızğınlıq atmosferində çinlilər keçmişi geridə qoyacaq və kommunizmin son səhnəsinə çatacaqdır. Buna müvafiq olaraq, 1966-cı ildə o, Qırmızı Qvardiyaçıların - xunveybinlərin cilovunu buraxdı, kommunist partiyasının bəxti gətirməyən üzvlərindən və narazı gənclərdən inqilabi birliklər yaratdı. Onlar küçələrə tökülüşüb, Çin cəmiyyətini, kapitalist yolunu tutmaqda günahkar olan elementlərin natəmizliyindən təmizləmək istəyirdilər. Məktəblər, universitetlər, fabriklər və hətta hökumət üzvləri - nazirlər Qırmızı Qvardiyaçıların yoxlamasına tabe olmalı idilər. Bu Böyük Proletar Mədəni İnqilabı (hərfi mənada Çin dilindəki adı “proletar mədəniyyəti yaratmaq üçün böyük inqilab” kimi tərcümə olunurdu) 1966-cı ildən 1976-cı ilə kimi on il ərzində davam etdi. Qırmızı Qvardiyaçılar millətin diqqətini ona cəlb edirdilər ki, “dörd köhnə” ad altındakı- köhnə ideyalar, köhnə mədəniyyət, köhnə qaydalar və köhnə adətlər ləğv edilsin. Onlar məbədləri dağıdır, əcnəbi yazıçıların kitablarını yandırırdılar. Onlar küçə adlarını cırıb atır və onların yerinə inqilabi adlar qoyurdular. Mao təlimindən uzaqlaşmaqda şübhələnən adamlara hücumlar edilirdi. Belə ittiham olunanlar ictimai mitinqlərdə alçaldılır, onlar öz “cinayətlərini” etiraf etməyə məcbur edilirdilər. Xunveybinlər professorları, böyük dövlət xadimlərini diz üstə çökdürüb, onların başına, inkvizitorların istintaq apardıqları adamların başına uzun konusvari papaq geyindirdikləri kimi, ağ kolpak qoyurdular, onlara hər cür təhqir yağdırırdılar. Həmin canfəşanlığın bir nəticəsi kimi də ziyalılar kənd təsərrüfatı əməyi ilə məşğul olmağa göndərilirdilər.

Mao başa düşdü ki, daimi inqilabi həvəs əhval-ruhiyyəsini dəstəkləmək heç də asan iş deyildir. Partiya üzvləri də daxil olmaqla əsas qruplar və çox sayda hərbi zabitlər “daimi inqilab” barədə Maonun arzusuna tərəfdar çıxmışdılar. Xalq hərəkata qarşı çıxmağa başladı və 1976-cı ilin 9 sentyabrında Mao öldükdə, praktiki qaydada düşünən islahatçılar hakimiyyəti radikalların əlindən aldılar və Çin problemlərinə daha ratsional münasibət bəsləməyə keçdilər. Maodan bir neçə ay əvvəl- həmin ilin 8 yanvarında Çjou Enlay da həyatdan getmişdi. Maonun - “böyük sükançının” və özünün adlandırdığı kimi “qoca Buddanın” vəfatı xəbərini xalq böyük hüznlə qarşıladı.

Maonun Çin inqilabına başçılıq etdiyi tarixin maraqlı səhifələri vardır. Çin Qızıl Ordusu qoşunlarını Qomindan ordusunun mühasirəsindən çıxarmaq üçün o, 1934-1935-ci illərdə şimal əyaləti olan Şensiyə “Böyük Yürüşü” təşkil etmiş və orada kommunist dayaq mərkəzi yaratmışdı. Bu yürüşün yolu 2 min km məsafədə olmaqla, şimali Çindən keçirdi. “Böyük Yürüş” dağ silsilələrindən və səhradan keçməklə bir il davam etmişdi.  

 Maonun ölümündən sonra yeni mühüm hadisələr baş verdi. Böyük sıçrayış da, mədəni inqilab ideyaları da artıq arxada qalmışdı. Çin xalqı gələcəyə yeni qapı açmağı bacardı. Xalqa xas olan daxili müqavimət qüvvəsi mədəni inqilabın milli xarakterə ağır təsir göstərməsinə imkan vermədi. Düzdür, xunveybinlər onlara deyilənləri təkrar edirdilər, onlar əllərində kiçik sitat kitabçasını yelləyərək deyirdilər ki, əgər Günəş gündüz işıq saçırsa, Maonun əsərləri əbədi işıq buraxır. Lakin bu, xalqın psixologiyasına ciddi xətər toxundura bilmədi. Bu, sadəcə rəhbərə ritual təzimi praktikası idi. Ona görə də Çinin öz xarakteri ölmədi. Bəzilərinin fikrinə görə, mədəni inqilabın yeganə müsbət cəhəti ondan ibarət oldu ki, insanlar həm də sərbəst qaydada düşünmək və hansısa bir dərəcədə fikrini azad ifadə etmək imkanı qazandılar. Ümumi psixozun təsiri ilə yanaşı adamlar qadağalar qandalının qırıldığını güman edib, yuxarıdan gələn göstərişə boyun əyməklə yanaşı, sərbəst fərdi fikrə gəlməyi də öyrəndilər.

1970-ci illərdə Çin-amerikan əlaqələri yaxşılaşmaqda davam etdi, 1979-cu ildə iki ölkə arasında diplomatik əlaqələr quruldu. Bu dövrdən Çin və Birləşmiş Ştatlar “strateji münasibətin” qapısını döydülər və bununla Asiyada Sovet müdaxiləsinə qarşı mübarizələrini əlaqələndirməyə başladılar.

Çinlə SSRİ arasındakı münasibətlər ideoloji və siyasi çəkişmələr atmosferində gedirdi. Çin hətta sərhədlər barədə 1858-ci il müqaviləsini ləğv etməyi qərara aldı və 1903-cü ildə Rusiyaya keçmiş bütün ərazilərin geri qaytarılmasını tələb etdi. Danışıqlar heç bir nəticə vermədi. Nəhayət, SSRİ də öz növbəsində 1964-cü ildə Sovet-Çin sərhədlərini dəyişikliyə məruz qalmayacağını bəyan etdi. Sərhədlər üstündəki mübahisə artıq üç il ərzində davam edən ideoloji mübarizəni daha da kəskinləşdirdi. Çəkişmə sonralar da “böyük proletar mədəni inqilabı” illərində də davam etdi. Maoist rəhbərlik sinfi mübarizəni kəskinləşməsi tezisindən çıxış edərək, bunu “sosialist tərəqqisi” kampaniyası kimi aparırdı və Sov. İKP-nin Qərblə dinc yanaşı yaşamaq barədə irəli sürdüyü xətti rədd edərək, onu “təftişçilik” kimi ittiham edirdi.

“Dördlər bandası” və islahatçılar

Maonun ölümündən sonra hakimiyyəti qəsb etməyə çalışan və “dördlər bandası” adlanan qrup partiya rəhbərliyindən uzaqlaşdırıldı və onlara qarşı cinayət işi başlandı. İş 1981-ci ilin yanvarında başa çatdı. Maonun dul qadını Tszyan Tsin və keçmiş baş nazir Çjan Çjunçjao ölüm cəzasına məhkum edildi, iki nəfərə isə azadlıqdan məhrum edilmə cəzası verildi. Təşəbbüsü “böyük proletar mədəni inqilabı”nın əleyhdarları ələ keçirdilər.

1981-ci ildə keçirilən ÇKP MK plenumu öz qərarında Mao Tszedunun və onun ideyalarının tarixi roluna, həm də xalq respublikasının nailiyyətlərinə qiymət verdi. Qərarda Mao Tszedunun ləyaqətləri və nöqsanları qiymətləndirildi, göstərildi ki, “mədəni inqilab” vaxtı onun böyük səhvlərinə baxmayaraq, Çin inqilabına onun töhfəsi daha böyükdür. Səhvlər isə inqilabın görkəmli rəhbərinə məxsus idi. Qərarda deyilirdi ki, Mao Tszedun “böyük marksist, böyük proletar inqilabçısı, strateqi və nəzəriyyəçisi” idi.

Partiyanın praqmatik qanadı sənayeləşməyə üstünlük verdi. “Dördlər bandası” üzərində proses başa çatdıqdan sonra hakimiyyət uğrunda mübarizənin yeni mərhələsi başlandı. Xua Qofen partiyanın sədri vəzifəsindən azad edildi. Hakimiyyətə Den Syaopin tərəfdarları gəldi, onun təşəbbüsü ilə dərin sosial və iqtisadi islahatlar prosesi başlandı. Onun məqsədi ölkənin modernləşdirilməsi və Qərblə daha dərin əlaqələrin qurulması idi.

1984-cü ildə Çinlə Böyük Britaniya arasında imzalanan birgə bəyanata görə 1997-ci ildə İngiltərə Syanqanı (Honkonq) Çinə qaytardı. Çində sosializm sistemi mövcud olduğu halda Syanqan yarım əsr ərzində kapitalist sistemində yaşamağı davam etdirəcəkdir. “Bir dövlət, iki quruluş” ideyası Çinin birləşməsi üçün nəhəng əhəmiyyətə malik olduğunu və həyati əhəmiyyət daşıdığını nümayiş etdirdi. Den Syaopinin 1986-cı ildə dediyi “Materikdə sosializm olacaq, bu vaxt Tayvanda da kapitalizm qalacaqdır” sözləri həmin ada barədə də oxşar mülayim siyasət aparılacağını vəd edirdi.

1992-ci ildə ÇXP-nin XIV qurultayında Den Syaopin kursuna sədaqət təsdiq edildi. Den Syaopin Çini fövqəl dövlət kimi bərpa etməyə cəhd edirdi, daim ABŞ-ın birqütblü hegemonluğunun əleyhinə çıxış edirdi. Bu 88 yaşlı siyasətçinin özü qurultayın işində iştirak etmirdi, lakin Siyasi Büroda əsas vəzifələrə ona sədaqətli olan adamlar seçildilər. Partiyanın sədri vəzifəsini yenidən Tszyan Tszemin tutdu o, 1989-cu ildən həmin vəzifədə idi. ÇXR Dövlət Şurasının sədri vəzifəsinə Li Pen seçildi. Qurultayın qətnaməsində sosializmin Çin modelinin inkişafında Den Syaopinin töhfəsi qeyd edildi, qurultay iqtisadi islahatlar kursunu təsdiq etdi. Ancaq siyasi həyatın demokratikləşdirilməsi problemi qurultayda müzakirə edilmədi.

Təkcə onu göstərmək kifayətdir ki, 1980-ci ildə Den Syaopin iqtisadiyyata mərkəzi nəzarəti zəiflətməyə başladıqda Çində adambaşına düşən ÜDM paritet alıcılıq qabiliyyətinə görə hesablandıqda 193 dollar idi. Bu gün həmin göstərici təqribən 7 min ABŞ dollarına bərabərdir və ya 36 dəfə çoxdur. Bu mənzərə həmin böyük islahatçının başladığı düzgün siyasətin nəhəng həyatiliyini sübut edir.

Xu Zintaodan sonra partiya rəhbərliyinə gələn Si Tsinpin ölkə üçün böyük təhlükəyə çevrilən korrupsiyaya qarşı kəskin mübarizə aparılması vəzifəsini irəli sürdü. Onun “pələnglərə və milçəklərə zərbə vur” şüarı bu mübarizədə yüksək vəzifəlilərə heç bir güzəşt edilməyəcəyindən xəbər verir. Reallıq bu vəzifənin ardıcıllıqla həyata keçirildiyini təsdiq etdi. Ölkənin Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, o, həm də Siyasi Büronun tərkibinə daxil idi, həbs edildi və ona qarşı cinayət işi qaldırıldı. Onun protejesi və qanunsuz işlərdə daim himayə etdiyi bir milyarder ölüm cəzasına məhkum edildi. Ondan əvvəl bir böyük partiya xadiminin aparvadi da həmçinin ölüm cəzasına, özü isə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdi.

(Ardı var)

 





16.11.2015    çap et  çap et