525.Az

Qələmlər və portretlər


 

Qələmlər və portretlər<b style="color:red"></b>

Qələmin çoxsaylı assosiasiyalarından biri də yəqin ki, həyatdır. Hər mənada.

Yerə basdırılmış bir qələm yarpaqlayanda bu kiçik möcüzə həyat deyilmi?! Yaxud ağ vərəqin üstündə yazıb-yaradan qələm hansı isə bir yeni ideyaya həyat vermirmi? Fərqli görünsə də, əslində eyni missiyadır: gizlin bir xəzinəni üzə çıxarır, tanıdır. Sadəcə biri qara torpaqdan, digəri qara mürəkkəbdən.

Qurani-Kərimdə surələrdən birinin adı qələmdir. Daha vacibi isə and içilən şeylərdən biri də qələmdir: “And olsun qələmə və qələmə alınanlara!” (Qələm surəsi, 1) Bəzi təfsirlərə görə, müqəddəs kitabda məhz insana xüsusi yardımı və faydası olan şeyə and içilir. Və belə nəticə çıxartmaq olar ki, qələm də insanın varlığı üçün xüsusi bir mahiyyətə malikdir. Deməli, onunla yazılanlar da bu mahiyyətin tərkib hissəsi olmalıdır. Axı, qələmin qüdrəti yazdıqları ilə məlum olur. Düzdür, ayədəkinin ilahi bir qələm, yazılanın da ilahi kitab, hətta Lövhi Məhfuz olması barədə təfsirlər var. Bu barədə çox şey yazmaq olar. Ancaq mən hər dövrün kitabı olan Qurani-Kərimin ayəsini günümüzə də gətirmək istəyirəm. Yəni gözlə görülməyən, əllə tutulmayan bir ideyanı kağızın üstündə yaratmaq sanki yoxdan var eləməyə bənzəyir və bu, doğrudan da bir müqəddəs missiyadır. Amma təəssüf ki, zaman keçib, dövran dəyişib, qələmin mənasının üstünə dürlü-dürlü mənalar gəlib.

Əvvəllər qələmlər lələkdən, yaxud qamışdan olardı. Yazı yazılanda, yəni yaradıcılıq prosesində bu lələk tez-tez mürəkkəb qabına girib-çıxardı: ilk mənbəyi, kökü ilə hər dəqiqə əlaqəsi vardı, ondan güc alırdı. Sonralar diyircəkli, avtomat qələmlər çıxdı. Hamı eyni mənbədən qidalanırdı, ehtiyatı bitəndə yenisi ilə əvəz olunurdu. Beləcə bir qələm əməlli-başlı tarix yaşayırdı. Atadan, babadan qalma qələmlər xüsusi dəyərə malik idi. Bir az da vaxt keçdi və qələmlər birdəfəlik oldu, ehtiyatlar dəbdən düşdü, yoxa çıxdı. Qələmin öz gücünü haradan alması məsələsi də mənasını itirdi. Mənbə ilə qələm arasında əlaqə itdi, naməlum mənbə hörmətə mindi, qələm özü dəyərdən düşdü. Ən vacibi isə, mənbəyi xaricə bağlı olan qələmlər daha hörmətli oldu. Bir az da keçdi və kompüterlər, noutbuklar çıxdı. Və qələmin ələmli günləri başladı, sənətlə sənətkar arasında vasitəçilik vəzifəsindən azad olundu - istefaya göndərildi.

Bu gün qələm arxaikləşmiş olmasa da, adiləşmiş sözlərdən biridir: çörək kimi, avtobus kimi, ölüm kimi. Texnikanın inkişafı ilə üstəlik bir az da dəbdən düşüb. Onu düşdüyü tozlu küncdən götürüb gün işığına tutanda isə qələmin əməlli-başlı bir fəlsəfi yükə malik olduğunu gördüm. Sən demə, qələmlər insanlara çox bənzəyirmiş.

Qələm var ki, nəzarətçiyə bənzəyir: qırmızı yazır, düzəliş edir, çalın-çarpaz xətt çəkmək qüdrətinə malikdir. Buna görə başqa qələmlər, xüsusilə səhv yazanlar ondan yaman qorxur. Çünki səhvi tapan da odur, qiymət verən də. Dövranın dəyişməsi ilə qırmızı qələmin fəaliyyətində də dəyişiklik olur: bəzən düzü səhv çıxarıb onu düzdə qoya bilir.

Qələm də var ki, mindilli adamlar kimi bir neçə rəngdə yazır. Bilmirsən, nə məzhəbə qulluq edir. Əslində o, gündəlik istifadə, yazıb-yaratmaq üçün deyil. Onun hər şərait üçün öz rəngi var, buqələmun kimi. O, insanlarla oyun oynamaq üçün çox əlverişlidir. Hətta bəzən taleyüklü oyunda da iştirak edə bilir: yaşıl rənglə izin verib birdən-birə qırmızıya çevrilib üstündən xətt çəkməyi onun kimi başqa qələm bacarmır. Belə qələmlərin ən maraqlı xüsusiyyəti odur ki, sadə mürəkkəbi olsa da, ən az o işlənir. Yəni onun əsl qələmlik siması o qədər də gərəkli deyil, əsas olan onun rəngdən-rəngə düşməsidir.

Nazir olan qələmlər var. Onun yazıb- yazmamasının elə də böyük əhəmiyyəti yoxdur - bahalı markadandır, vəssalam. Əsasən, o, hörmətli bir yerdə nümayiş üçün üzə çıxır və uzağı bir imza atır, yenə gedir oturur taxtında. Bu qələmlərin mürəkkəbi bitsə də, hörməti hörmətdir - markadır axı. Yəni o, bir qələm kimi funksiyasını itirsə də mövqeyi qalır: ən yaxşı yazan qələmdən daha hörmətli hesab edilir. Ən vacibi isə budur ki, onu kimə hədiyyə edirlərsə, ona da sadiq kimi görünür. Amma sadəcə görünür.

Bu həyatda özünə heç cür yer tapa bilməyən, potensialını heç cür reallaşdıra bilməyən, istedadsız gənclərə bənzəyən qələmlər də var. Ağzına kimi mürəkkəblə dolu olsa da, gah yazır, gah quruyur. Tez-tez üzü danlansa da, tələsik məqamda adamı çətin vəziyyətə salsa da, onu atmırlar. Elə arada-bərədə başını girələyir özü üçün. Ta ki, biri əsəbləşib onu zibil qutusuna atana kimi. Ən maraqlısı da odur ki, onun mürəkkəbi heç vaxt bitmir - davamlı istifadə olunmur axı.

Qələm də var ki, hər şeyi mükəmməldir: axıcı “dili”, rahat forması, müvafiq qiyməti. Bacarıqlı, ağıllı, on barmağında on mərifət olan işçilər kimi. Belə qələmlə yazı yazanda sözlər öz-özünə düzülür yan-yana. Beləsini tapmaq çox çətindir. Amma vay o haldan ki, belə qələm düşə bir naşının, ya da bir uşağın əlinə. Başlayalar belə qələmlə ya krossvord doldurmağa, ya da daha betəri - karandaş əvəzi onunla şəkil çəkməyə. Əsl əsər yazmaq üçün doğulan bu qələmlə kitab-qəzetdəki şəkillərə bığ-saqqal qoyanda isə o qələmin halını heç təsəvvür eləməsəniz yaxşıdır. Onun yeganə çıxış yolu tələm-tələsik mürəkkəbini bitirməkdir.

Öz “dərisinə” sığmayıb aşıb-daşan, dörd tərəfində hər kəsin diqqətini özünə cəlb eləmək üçün oturduğu yeri belə çirkləndirməkdən çəkinməyən qələmlərin də öz oxşarı var - özündən müştəbeh, başqasına yuxarıdan aşağı baxan, amma özü də cəmiyyətdə qəbul edilməyən adamlar. Onlar ağ köynəklərə ləkə salmaqda xüsusilə mahirdirlər. Beləsinin ağzını bağlı saxlamaq bir az kömək eləsə də, yaxşısı budur ondan vaxtında canını qurtarasan. Yoxsa bütün diqqətin, vaxtın onun pisliklərini təmizləməyə gedəcək.

Heç cür layiqli dəyərini tapmayan mütəxəssislər adamın ürəyini necə ağrıdırsa, gözəl ümidləri olsa da, bir hərf belə yazmadan elə qabındaca quruyan qələmlər də eləcə məyusluq yaradır. Çünki ya qələm çox olur, ona növbə çatmır, ya da qələmin nə olduğunu bilməyənin əlinə düşür. Belə qələmin nəyə qadir olduğu, nə rəngdə yazdığı naməlum qalır, potensialı açılmadan məhv olur. Nə vaxtsa lazım olanda isə artıq qurumuş olur. Yazığın dili də olmur desin ki, məndən vaxtında istifadə edəydiniz, yaddan çıxartmayaydınız, axı mənim də deyəcək sözüm var idi.

Sadiq məmura oxşayan qələmləri idarələrdə, banklarda masaların üstündə görmək olar. Boğazına da bir ip keçirirlər ki, hər kəs bilsin ki, bu qələm ancaq bu idarəyə xidmət edir, onu başqa yerdə istifadə etmək olmaz. Bu onu məmurdan başqa, bir az da həyətdəki köpəyə bənzədir: məlum vəzifəsi var və öz işini sona qədər vicdanla yerinə yetirməlidir. Başqaları kimi, gündə birinin əlində, birinin qapısında deyil, əldən-ələ gəzmir. Yeganə naqis tərəfi budur ki, onun işdən başqa arzusu, xəyalı ola bilməz, bu qadağandır. Onun işi ancaq sənədlərlədir.

Pozanı özündən olan qələmlər digərlərindən daha imtiyazlıdırlar. Day-dayısının gül balası kimi. Başında duran pozan qələmin yazdıqlarını özü pozur. Bir növ öz əli öz başı olur. Səhvi yerindəcə düzəldilir. İstər böyük səhv olsun, istər ən kiçik səhv, fərq eləməz, həmin saniyə düzəliş edilir.Digər qələmlərdən əsas üstünlüyü də onun səhv eləmək imkanlarının olmasıdır. Belə qələmlər adətən həyatın hələ ki hazırlıq mərhələsində olanlar üçün çox əlverişlidir, onlar rahatca sınaq-səhv metodundan istifadə edirlər.Pozan bitənə qədər qələm kef edir. Bəzən pozan qələmə az qala yalvarır ki, bir az hərəkətlərinə diqqət eləsin, amma kimə deyirsən. Qələm səhv eləməkdən elə bil ləzzət alır. Pozanın canı sağ olsun.

Qələm də var ki, zər-zibalı, nazlı-duzlu qıza oxşayır. Yazmağa nə həvəsi olur, nə bacarığı. Elə daş-qaşını, bər-bəzəyini parıldadır, bununla da əldən-ələ gəzir, ən yaxşı hədiyyə hesab edilir, əzizlənir. Adı qələm olsa da, suvenir adı ona daha çox yaraşır. Bu tipli cavan oğlana bənzəyən qələm də var - bir az əyri tutanda, kağız xoşuna gəlməyəndə yazmır. Yox, yazdıqları xüsusi əhəmiyyət kəsb eləməsə də, yazdıqları əyriş-üyrüş, lazımsız olsa belə, zahiri imic onun üçün çox əhəmiyyətlidir: hər kəs görməli, əmin olmalıdır ki, o, ancaq düz duranda yazır. Ancaq belə qələmlər adamı tez bezdirir. Bir-iki dəfədən sonra atırlar zibil qutusuna. Kimdir onun nazı ilə oynayan.

Nəhayət, fəhlə qələm var ki, qələmlik missiyasını bircə o daşıya bilir. Alın təri ilə işləyir, canını qoyur öz işinə, bacardığını əsirgəmir. İş zamanı onun qiyməti olmur. Amma sadə görkəmi, bəzən fikirli-fikirli çeynənmiş başı ona hər vaxt adam arasına çıxmağa imkan vermir. İşgüzar və ucuz görkəmi ilə sahibini bəzən utandırır. Yenə də heç nəyə baxmayaraq qara rənglə ağ vərəq üzərində yazıb yaradır, düşüncələri muncuq-muncuq düzür. Həyatdan umduğu tək şey isə budur: ağ vərəq.   

Mən sadəcə gördüyüm, ünsiyyətdə olduğum qələmlərdən danışdım. Bu hamısı deyil, təbii ki. Amma bu ünsiyyətdən anladığım bir şey oldu. Bəli, qələmlər insanlara çox bənzəyir. Belə olan halda, insan özü sürətlə dəyərdən düşürsə, nə üçün qələmdə, onun yazdığında müqəddəs missiya axtaraq ki?

 





16.11.2015    çap et  çap et