525.Az

Göz yaşının tamı


 

Göz yaşının tamı <b style="color:red"></b>

Bizdən çox dadan varmı?! Dünya qanın içində boğulur. Saman çöpü də yoxdu tutub çıxsın. Sərçə də yoxdu dimdiyində heç olmasa bir damla su atsın onun üstünə, yanır! Dünyanı qanın içində boğanlar, yandıranlar da hərdən timsah göz yaşları töküb bahalı dəsmalları ilə televiziyalarda poz verib göz yaşlarını silirlər. Dünya deyəndə bir az yekə çıxdı ey, Yaxın Şərq.

Bir terror dövləti də yaradıblar, adını da qoyublar İraq Şam İslam Dövləti. Ən müasir silahlarla silahlandırıblar. 50-80 min arası ordusu var deyirlər. Bu boyda bir ordu dünyanın o 200 dövlətinin yüzdə doxsanında yoxdu. Hamısı da say-seçmələr, xüsusi təyinatlılar. O cılız-mılızlar var ha, onlar da o say-seçmələrə çay paylayanlardı, aftafa gəzdirənlərdi, bir də el dilində desək, dəvənin filan yerini yağlayanlardı. İslama dəxli olmayan, dünyanın qeyri-islam dövlətlərinin formalaşdırdığı bu İŞİD müsəlmanların əzrayılına çevrilib. Cocuq-mocuq, qoca, qadın fərqinə varmadan, hamısı onun terrorunun qurbanıdı. Minillik tarixi abidələr, dünyanın ən qədim mədəniyyəti, hamısı terrorun qurbanıdı. Özü də çox dəhşətli bir terrorun.
Türkiyə ilə Rusiyadan başqa hələ ki, onlara bir dirəniş göstərən də yoxdu.
SrağagünTürkiyənin televiziya kanallarının birində çox maraqlı bir süjet göstərdilər. İŞİD terrorçuları yüzdən artıq ən bahalı CİP maşın karvanları ilə bir şəhərə hücuma gedirdi. Bir 30-50 metr aralıda da NATO-nun vertolyotu onları müşayiət edirdi. Çox maraqlı görüntü idi. Adama elə gəldi ki, sanki onları qəfil hücumlardan xəbərdar etmək üçün müşayiət edir. Nə isə, özləri bilər, bir də Tanrıları. Əgər Tanrıları varsa.
Və bu günlərdə düyanın məhəbbət şəhəri adlanan, dünyanın mədəniyyət paytaxtı adlandırılan Parisdə dəhşətli bir terror! Yüzdən çox insan bu insanlıq dışı olan terrora qurban getdi, iki yüzdən çoxu da yaralandı – ölüm-qalım savaşında! Mən bu terroru elə orda qurban gedənlərin əzizləri kimi yaşadım. Çünki mən o terrorun qurbanlarından biriyəm və 25 ildi bu terrorları yaşayıram. Təkcə mən yox, mən və bizlər, bu xalq!

90-cı ilin yanvarı. Parisdəkindən çox itki verdik, Parisdəkindən çox yaralılarımız oldu, amma kimsə mənə və bizə başsağlığı vermədi.
Tbilisidən Ağdama gələn avtobus vağzala çatanda partladı, onlarla ölü və yaralı. Amma bir kimsə mənə və bizə başsağlığı vermədi.
Qaradağlıda say-seçmə oğullarımız terrorun qurbanı oldu, amma kimsə mənə və bizə başsağlığı vermədi.
Şuşada içində cocuq-mocuğun, ağbirçəklərin-ağsaqqalların olduğu vertolyotu vurdular, adamlar içindən yana-yana töküldü. Amma kimsə mənə və bizə başsağlığı vermədi.
Xocavənddə dinc əhalini doğrayıb quyuya tökdülər, amma kimsə mənə və bizə başsağlığı vermədi.
Ağdamın Əfətli kəndində əsgərlərimizə terror eləyib kazarmanı partlatdılar, amma kimsə mənə və bizə başsağlığı vermədi.
Ağdamda evimi-eşiyimi partlatdılar, əzizlərimi qırdılar, amma kimsə mənə və bizə başsağlığı vermədi.
1995-ci ildə metronu partlatdılar, evinə-eşiyinə tələsən məsum insanları terrora qurban elədilər, amma kimsə mənə və bizə başsağlığı vermədi.
Sayım?! Birdi-ikidi, görən niyə belədi?
Üç gündü baxıram bütün dünya yas içində və bunu təbii qəbul edirəm, ağrıyıram, acıyıram, günahsız insanlar vəhşicəsinə!..
Futbol matçlarında bir dəqiqəlik sükutlar, futbolçular qollarına qara lent bağlayıblar, təbiidi. İnsanlar terror qurbanlarını anırlar.
Parisdə bir cındır adı olan jurnal var, cındır-cındır işlərlə məşğuldu. Terrorçular redaksiyanı basdı, 12 adam öldürdü. Dünyanın bütün liderləri yığılıb getdilər Parisə, yasa. Küçə yürüşü keçirtdilər, təbiidi.
Bəs təbii olmayan nədi? Ən böyük terror qurbanı olan bizlərə kimsə başsağlığı vermir və kimsə yasımıza gəlmir. Nədən qardaş, bəlkə biz Tanrının yaratdıqları deyilik?

Təxminən üç ay öncə Türkiyənin Suruc şəhərində iki böyük partlayışda saysız-hesabsız insanlar qırıldı. Azərbaycandan başqa kimsə Türkiyəyə başsağlığı vermədi, kimsə Türkiyənin göz yaşlarını silmədi. Heç bir ölkənin komandası qoluna qara bağlayıb meydançaya çıxmadı. Təbii olmayan budu!
Elə bu günlərdə Ankaradakı Parisdəki terrordan da dəhşətli terror. Türk və kürdlərin bir bayraq altında keçirdikləri qardaşlıq mitinqində terror! Və Parisdəkindən də çox insan qırıldı və yaralandı. Nə bir dəqiqəlik sükut elan edən oldu, nə də qoluna qara bağlayıb meydançaya çıxan futbolçu. Yenə Azərbaycan oldu Türkiyənin yanında. Yenə ağrıyan da, acıyan da , Türkiyənin göz yaşını da silən biz olduq. Nədən dünya belədi, qardaş?!
Sosial şəbəkələrə baxıram. Bizimkilərin bir çoxu profillərinə özlərinin Fransa bayrağına bələnmiş şəkillərini qoyurlar. Təbiidi! Fransız xalqı ilə həmrəyliklərini bildirirlər, kədərlərini bölüşürlər. Amma Surucda və Ankarada terror olanda nədənsə Türk bayrağına bələnmiş şəkillərini qoymamışdılar. Yox, adamın Allahı var, beş-on nəfəri vardı. Bax, təbii olmayan budu.
Parisdəki dəhşətli terrordan sonra Fransa prezidentinə ilk başsağlığı verən Azərbaycan prezidenti, hörmətli İlham Əliyev oldu. Çünki 25 ildir ən böyük terrora məruz qalmış, ən böyük terrorları yaşamış bir xalqın, bir dövlətin başçısı kimi fransız xalqının bu dəqiqə hansı hisslər yaşadığını, hansı ağrı-acını yaşadıqlarını hamıdan yaxşı bilir.
Kimsə bizim göz yaşlarımızı silməsə də, biz dünyada hər bir məsum insanın, hər bir məsum xalqın, hər bir terror qurbanının göz yaşını silməyə hazırıq. Çünki göz yaşının tamını da hamıdan çox dadmışıq.
Tanrı Azərbaycanı qorusun!
Tanrı Prezidentimizi qorusun!

"Ədalət" qəzeti

 





16.11.2015    çap et  çap et