525.Az

O illərdən üzü bəri...


 

BİZİM ABİDİN 60 YAŞINA

O illərdən üzü bəri...<b style="color:red"></b>

Müəllim və müəllimliin də qəribə taleyi var. Bəzən müəllim təkcə öz taleyini deyil, haçansa orta məktəbin sinif otaqlarında, universitetin tələbə auditoriyalarında dərs dediyi şagirdlərin, tələbələrin də taleyini yaşayır-pisinin də, yaxşısının da. Amma deyəsən, pislər çox yadda qalmır.
Müəllimin hansısa şagirdi, tələbəsi ucalanda, el-obaya, Vətənə yararlı olanda onun sinif otağındakı, universitet auditoriyasındakı uşaqlıq, cavanlıq çağları, şagirdlik, tələbəlik illəri ətrafında xatirələri çözələnir və müəllim elə bil bu anda öz taleyini də yaşayır. Tale mənim bəxtimə belələrini çox qismət edib. Bu gün publisistikanın və bütövlükdə ədəbi yaradıcılığın, telejurnalistikanın, qəzetçiliyin ustadları səviyyəsinə yüksəlmiş jurnalistlərin hər uğuru mənim də ürəyimi dağa döndərir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışan, bir zaman mənə də dərs demiş müəllimlərimin yetişdirməsi olan bu "tələbələr" özlərinin qərəzsiz, vicdanlı, ədalətli yaradıcılıqları ilə bizim qürurumuza çevriliblər. Və hərdən düşünürəm, bu möhtəşəm qələm sahibələrinin təmiz və vicdanlı, ustad və metr yaradıcılıq fəaliyyətində mənim də, heç olmasa, zərrəcə əməyim varsa, onda mən xoşbəxt bir tale yaşayıram.

Bu yerdə mənim yadıma müasir rus yazıçısı Yuri Bondarevin "Bizi bağışlayın" hekayəsi düşür. Azərbaycan kinematoqrafçılarının da müraciət etdiyi bu əsərdə böyüyüb dünya şöhrəti qazanmış bir alim uzaq yolun yolçusu olduğu qatardan düşüb təsadüfən haçansa oxuduğu orta məktəbə gəlir və ona dərs demiş bir müəlliməsi ilə görüşür. Məlum olur ki, xatirələrə heç zaman vaxt tapmamış, məktəbini və müəllimlərini tamam unutmuş bu alimin haqqında neçə illərdən bəri çeşidli qəzet və jurnallarda dərc olunan yazıları həmin müəlliməni birər-birər bir qovluğa yığıb əziz bir xatirə kimi saxlamaqdadır.

Haqqında qəzet yazıları ilə dolu o qovluğa baxandan sonra müəlliməsi soruşur: "Paşa, de görüm, sənin uğurlarında mənim zərrəcə də olsa əməyim varmı?". Böyük alim bu anda çox sarsılır və əlbəttə, müsbət cavab verir. Mən Azərbaycan kinematoqrafçılarının çəkdiyi eyni adlı filmdə bu səhnəyə baxıb çox kövrəldim. Uğurlarında mənim də "zərrəcə" əməyim olan tələbələrimi xatırladım. Amma mənim taleyim onda gətirib ki, o böyüyən, ucalan tələbələrimizin heç biri haçansa auditoriyalarında oxuduğu Jurnalistika fakültəsini, müəllimlərini nəinki unutmayıblar, habelə sanki həmişə bizimlə, bir az da irəli getsəm, şəxsən mənimlə bir yerdə kimidirlər. Rəşad Məcid, Akif Aşırlı fakültənin səlahiyyətli müəllimi kimi bizdə hər zaman lazım gələndə ustad dərsləri keçir, tələbələrin hazırladıqları "Jurnalist" qəzetini növbəli şəkildə öz qəzetlərində - "qəzetdə qəzet" formatında çap edirlər. Azərbaycan telemühitində "milli metr" səviyyəsinə yüksəlmiş Mirşahin fakültədə vaxtaşırı ustad dərsləri keçir və s. Yaradıcılıqda və ictimai mühitdə öz yeri olan məzunlarımız haqqında düşünəndə mənə və fakültəmizə doğma daha bir adam yadıma düşür: Abid Tahirli. Filologiya üzrə elmlər doktoru Abid Tahirli. Etiraf edim ki, məni yuxarıdakı "prelüdiyaya" Abid Tahirli barədə düşüncələrim cəlb etdi. Və yenə də etiraf edim ki, mənə həmişə cavan görünən, həm elmi çevikliyi, həm insani keyfiyyətləri, haçansa bitirdiyi universitetə sonsuz məhəbbəti və hörməti ilə hər an yanımızda olan Abid Tahirlinin 60 yaşına Elçin müəllimin "525-ci qəzet"dəki bir yazısından sonra inandım. Yaradıcılığının bütün istiqamətləri ilə, bədii və publisist sözünün bütün məqamları ilə mənim çox böyük hörmət bəslədiyim Elçin "Dəyişməzlik" sərlövhəli bir yazısı ilə Abidin 60 yaşına əvəzolunmaz bir hədiyyə etdi və mən də qəflətən anladım ki, sən demə, Abidin 60 yaşı tamam olur. Bu 60 rəqəmi məni o illərə qaytardı. 1975-1980-ci illərə.

Hərçənd, qanunauyğunluq "qəribə" ola bilməz. Amma mən indi mütləq deməliyəm ki, hər tələbənin müəllim yaddaşında qalmaması da qəribə bir qanunauyğunluqdur. Beş il dərs deyirsən, amma yadında qalmayan çox sayda tələbə də olur. Abidin bəxti, elə fakültənin də bəxti onda gətirmişdi ki, onun oxuduğu qrupda şəxsən mənim yaddaşımda elə birinci kursda yuva salmış tələbələr vardı: Mehman Mehmanov - sonralar Daxili İşlər Nazirliyinin idarə rəisi, Ruslan Rəfizadə - əvvəl "Kommunist"in, daha sonra "Xalq qəzeti"nin ləyaqətli və istedadlı jurnalisti, bu gün medianın ekspert kimi müraciət etdiyi İlham İsmayıl, istedadlı publisist və şair Qardaşxan Əzizov, içində Vətən sevgisi gəzdirən Rauf Məmmədov, İskəndər Allahverdiyev, Tahir Səfərov, Novruz Novruzov kimi ləyaqət sahibləri... Bu tələbələrə qiymətdə "plüralist" olmaq çətindir. Onların hamısı bu gün Jurnalistika fakültəsinin sadiq dostları, hətta bəzən güvənc yerləri kimi qiymətləndirilir. Onların arasında olub da Abid olmamaq mümkünsüzdür. Abid tələbəlik illərindən bir çox istedadlı tərəfləri ilə bərabər elmə də xüsusi həvəsi olan bir adam kimi özünü göstərirdi. Amma bütün müsbət keyfiyyətlərinin önündə Vətən sevgisi dayanırdı. Bu sevgi Abidi "Vətən" cəmiyyətinə gətirib çıxardı. Abidin yazıçı-vətəndaş Elçin Əfəndiyevin o zaman- 1980-ci illərin ağır ideoloji çağında, Qorbaçovun anti-Azərbaycan isterikası qarşısında meydan oxuyan "Vətən" cəmiyyətinin "Odlar yurdu" qəzetindəki fəaliyyəti mənim də gözümün qarşısında baş verib. Mən bu anda Elçin Əfəndiyevin Abid Tahirlinin 60 yaşı münasibətilə yazdığı bir əsərdən misal gətirmək istərdim: "1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində "Odlar yurdu" qəzetinin qısa bir müddətdə 250000 (iki yüz əlli min!) tirajla çap olunmasında və hər nömrənin bizdə də, xarici ölkələrdə yaşayan həmvətənlərimizin arasında da əldən-ələ gəzməsində, Sovet İttifaqında hələ hakim ideologiyanın fironluq etdiyi bir dövrdə bu qəzetdə Sovet mətbuatında M.Ə.Rəsulzadənin xatirələrindən, ADR-nın parlament iclaslarının materiallarından tutmuş Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və b. kimi siyasi xadimlərin haqqında uzun fasilədən sonra ilk dəfə olaraq dərc edilən pozitiv məlumatlara qədər yazıların işıq üzü görməsində qəzetin redaktoru Ramiz Əsgərlə bərabər, Abidin də çox ciddi rolu olmuşdur".

Abid bu qəzetdə o zamanlar üzərinə qadağalar qoyulan milli mövzulardan biri - Azərbaycanın xaricdə yaşayan ziyalıları ilə bağlı yazılar üzərində işləyirdi. Əlbəttə, bütün bunlar haqqında "Vətən" cəmiyyətinin o vaxtkı rəhbəri Elçin Əfəndiyev xatırlatdığımız yazısında maraqlı faktlara toxunmuşdur. Amma Abid Tahirlinin elə o zaman da, sonralar da universitetlə də bağlı bir taleyi var. "Vətən" cəmiyyətində xaricdə yaşayan azərbaycanlıların həyatını, Vətən həsrətini, ideoloji fəaliyyətini dərindən izləmək imkanı qazanan Abid Tahirli bir gün bütün bunların elmi təhlilini, xüsusilə Azərbaycan diaspor təşkilatlarının mətbuat fəaliyyətini araşdırmağa mənəvi haqqı olduğunu ortaya qoydu və o özünün doğma fakültəsində bu sahədə əvvəlcə namizədlik, daha sonra doktorluq dissertasiyalarını uğurla müdafiə etdi. İndi geridə qalan o illərin tələbəsi Abid filologiya üzrə elmlər doktoru kimi həm də bitirdiyi fakültənin elmi potensialının gerçəkləşməsinə xidmət etməkdədir. Qısa bir müddət ərzində bu elmlər doktoru Mətbuat tarixi və ideoloji iş metodları kafedrasında neçə-neçə dissertantın opponenti kimi çıxış etməkdədir. Kafedranın müdiri, professor Şamil Vəliyev mübahisə doğura biləcək dissertasiyanı kimin oxuması barədə müzakirələrdə indi ilk olaraq Abid Tahirlini yada salır. Çünki A.Tahirli obyektivliyini və özünün alim şərəfini qoruyan mütəxəssisdir. Bu gün Jurnalistika fakültəsinin mütəxəssis alimləri sırasında Abid Tahirli möhürü də var.

Abid Tahirlinin bir elm adamı kimi tədqiqat obyekti var: Azərbaycan mühacirəti və Azərbaycan mühacir mətbuatı. Bu, böyük və məsuliyyətli bir tədqiqat sahəsidir və Abid bu məsuliyyətli sahədə xeyli iş görmüşdür. Onun bu sahədə meydana qoyduğu bir neçə kitabı Jurnalistika fakültəsinin tələbələri üçün əhəmiyyətli dərs vəsaiti rolunu oynamaqdadır.

Abid Tahirli doktorluğu müdafiə edib, elmi dərəcə alıb işin bitdiyini hesab edənlərdən deyil. Bu alim və publisist indi daha çox yazmağa və daha ciddi problemləri ortaya qoymaqdadır. Abidin publisistika sahəsindəki mövzularının təkcə repressiya qurbanları olmuş jurnalistlərlə, yazıçı və şairlərlə bağlı hissəsi onun milli ruhunu, vətənpərvərlik keyfiyyətini anlamağa imkan verir. Bir də Abid Tahirlinin bu qədər elmi və publisistik fəaliyyəti qarşısında özünəməxsus təvazökarlığını qeyd etmək istərdim. Doktorluğunun kimlərsə tərəfindən yazıldığı "doktorlardan" fərqli olaraq, arxivlərin dərin qatlarında, xarici ölkə mənbələrində min cür əziyyətlə əsərlər meydana qoyan Abid Tahirlidən heç vaxt iddia görməmişik. Abid o uzaq tələbəlik illərindəki insanlıq, müəlliminə (istər müstəqim, istərsə də mənəvi mənada) heç vaxt yuxarıdan aşağı baxmayıb. Bir sözlə, bütün bunların ən qısa və yaxşı ifadəsini mən Elçinin yazısında gördüm: "... orasını da demək istəyirəm ki, Abid təmiz, etibarlı, xeyirxah bir şəxsiyyətdir və bu uzun illər ərzində mən flyuger kimi dəyişən bir çox insanlardan fərqli olaraq, Abidin şəxsiyyətində heç bir dəyişiklik görməmişəm, əksinə, o təmizlik də, etibarlıq da, xeyirxahlıq da illər keçdikcə, elə bil, daha da artıb və saflaşıb".

 





19.11.2015    çap et  çap et