525.Az

Əbədi yaşar sənətkar ömrü


 

Əbədi yaşar sənətkar ömrü<b style="color:red"></b>

Hər bir dövlətin, millətin özünəməxsus milli sərvəti, zəngin mənəvi xəzinəsi var.

İncəsənətin ayrı-ayrı sahələri ilə məşğul olan insanlar öz millətinin, xalqının milli-mənəvi sərvətini inkişaf etdirməklə yanaşı, eyni zamanda onu dünyaya tanıdırlar. Vaxtilə böyük ingilis ədibi Vilyam Şekspir bildirirdi ki, həyat bir səhnədir, bizlərsə aktyoruq, hərə öz rolunu bir şəkildə səhnədə canlandırır. Vilyam Şekspirin bu bənzətməsi ilə razılaşsaq, onu da qeyd etmək lazım gəlir ki, bəziləri bu "həyat səhnəsi"ni vaxtından əvvəl tərk edir. Elə insanlar da var ki, həyatda elə aktyor olaraq rol oynayır. Belə görkəmli insanlardan biri də sevimli sənətkarımız, görkəmli aktyor, hər bir azərbaycanlının sevimlisi Yaşar Nuridir... Yaşar Nuri Azərbaycanın ən görkəmli və ən sevimli aktyorları sırasındadır. Artıq 3 ildir ki, noyabr ayının 22-də bizlər böyük sənətkarımızın dünyadan köçməyini yad edir, onu xatırlayırıq. Özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, hamımızın sevimlisi Yaşar Nuri aktyor ailəsində dünyaya göz açmışdı. Aktyorun atası Məmmədsadıq Nuriyev Azərbaycan kino və teatr tarixində çoxsaylı rolların mahir ifaçısı olmuşdur. Hər birimizin sevə-sevə izlədiyi "Yeddi oğul istərəm", "Ulduz", "Uşaqlığın son gecəsi", "Sehirli xalat" və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət etmişdi və hər iki sənətkar kino və teatr tarixində unudulmaz rolların mahir ifaçısına çevrilib.

Yaşar Nuri hələ kiçik yaşlarında ikən səhnədə rol almışdı. İlk dəfə on bir yaşı olarkən "Toy kimindir?" tamaşasında Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz aktyorumuz Yaşar Nuri televiziyada "Yelkən" verilişinin aparıcısı olmuş, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişlərində iştirak etmişdi. Onun yaradıcılıq arealı bununla məhdudlaşmır. Dəyərli sənətkarımız müxtəlif dram dərnəklərində iştirak edir, görkəmli kino və teatr xadimlərimizdən dərs alırdı.

Yaşar Nuri teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olmuşdur. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində "Övlad" komediyasında Silva, "Bağlardan gələn səs" dramında Pərviz, "Ölülər" əsərində Məşədi Oruc, "Od gəlini" dramında Altunbay , "Büllur sarayda" pyesində Bayandur, "Bizim qəribə taleyimiz" pyesində Davud, "Bəşərin komediyası və yaxud Don Juan" əsərində Sqanarel, "Dəli yığıncağı" faciəsində Sərsəm Salman, "Fəryad" əsərində Rəhman, "Mesenat" əsərində Ağamusa Nağıyev, "Sevil" əsərində Əbdüləli bəy, "Qanlı Nigar" pyesində Abdi, "Gülüstanda qətl" pyesində Şahməmməd İsmiyeviç, "Afət" əsərində Xandəmir və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırmışdı.

Yaşar Nuri eyni zamanda hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yadda qalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları sevə-sevə izləyirik. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı "Yollar görüşəndə", "Ömrün yolları", "Qatarda", "Evləri köndələn yar", "Qonşu qonşu olsa", "Kökdən düşmüş piano", "Topal Teymur", "Yarımştat", "Ac həriflər", "Göz həkimi", "Yaşıl eynəkli adam", "Səni axtarıram" trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilmişdir. Bir çoxunun yaddaşında Yaşar Nuri "tamada Surxayzadə", "Gülərin Həsənağası", "Gülnarın Elçini", "çəkməçi Dadaşov", "ac həriflərin Həsən dayısı", "fotoqraf Əli bəy" və digər obrazlarda qalmışdır. Bu da aktyorun istənilən obrazı yaddaqalan və unudulmaz canlandırmasından irəli gəlir.

Yaşar Nurinin aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız "Dörd bazar günü", "Bəyin oğurlanması", "Ad günü", "Yol əhvalatı", "Yaramaz", "Yuxu", "Hər şey yaxşılığa doğru", "Lətifə", "Qətl günü", "Fransız", "Yoxlama" və s. filmlərdə rol almışdır.

Yaşar Nurinin fitri istedadı bununla bitmir. O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda "Subaylarınızdan görəsiniz" tamaşasına quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkmişdi.

Yaşar Nuri yaddaqalan obrazları ilə həmişə xalqımızın ürəyində yaşayacaq. Təkrarsız və bənzərsiz istedada malik bu sənətkar özünəməxsus lirik koloritlə tamaşaçıların rəğbətini qazanmış və istənilən azərbaycanlının sevilmli aktyoruna çevrilmişdi. Özünəməxsus səhnə mədəniyyəti və davranışı, improvizə qabiliyyəti, yaradıcılıq istedadı, obrazlara məxsusi yanaşma tərzi onu bir çox aktyor yoldaşlarından, həmkarlarından fərqləndirirdi. Onun film və tamaşalarda səsləndirdiyi bəzi fikirlər az qala hər birimizin dilində gündəlik işlədilən və tez-tez rast gəldiyimiz ifadəyə çevrilib. Yaşar Nurinin səsləndirdiyi "Sənə əjdaha lazımdır?", "Hə, nolsun", "Ay moment" və s. ifadələr bugünkü gündə tez-tez dilimizdə işlədilir və hər dəfə "Yaşar Nuri demişkən" söylənilib bu böyük sənətkarımız yad edilir. Bütün bunlar böyük aktyorumuza olan rəğbətdən irəli gəlir.

Belə bir məşhur fikir var: "Dünya bir pəncərədir, hər gələn baxar gedər..." Həqiqətən də, belədir, lakin kimlərsə bu pəncərədən çox baxır, kimlərinsə ömür payına "pəncərədən" az müddət baxmaq nəsib olur... Yaşar Nuri də bu "həyat pəncərəsindən" az müddət baxa bildi... Artıq 3 ildir ki, bizlər onun yoxluğu ilə barışmırıq, ancaq nə etmək olar, hər kəsin bu həyatda bir ömür payı var. Yeganə təsəllimiz isə budur ki, Yaşar Nurinin əziz xatirəsi yaratdığı obrazlarla yad edilir və hər zaman ürəklərdə yaşayır. Bir sözlə, həyatdan köçməklə  ədəbiyaşarlılıq hüququ qazandı sevilən aktyorumuz Yaşar Nuri... Allah sizə rəhmət eləsin, əbədiYAŞAR sənətkarımız...

 





20.11.2015    çap et  çap et