525.Az

"Türk Dövlətləri Birliyi" kitabı haqqında düşüncələrim


 

"Türk Dövlətləri Birliyi" kitabı haqqında düşüncələrim<b style="color:red"></b>

Çağdaş dövrümüzdə insanın müxtəlif informasiya vasitələri ilə əhatə olunmasına baxmayaraq, kitab nəşri və onun verdiyi bilgi əvəzedilməzdir.

Aktual və əhəmiyyətli mövzulara həsr edilmiş kitablar hər zaman oxunur və dəyərləndirilir. Ümumi hesablamaya görə hər gün internetə 15-20 milyona yaxın informasiya daxil olsa da, maraqlı, məzmunlu kitab oxunuşu öz təsir gücünü qoruyub saxlayır.

Azərbaycanın dəyərli ziyalısı Cavanşir Feyziyevin "Şərq-Qərb" Nəşriyyatı tərəfindən nəşr edilmiş "Türk Dövlətləri Birliyi" (Qlobal İnteqrasiyanın Avrasiya) kitabını böyük maraqla oxudum və bu qənaətə gəldim ki, araşdırılan mövzu tarixi, siyasi həm də strateji baxımdan əhəmiyyətlidir. Müəllif isə bu vacib problem adi sözlərlə oxucuya təqdim etmir, onu tarixi baxımdan da düzgün olaraq və elmi əsaslarla təhlilə cəlb edir. Kitabda yalnız türk xalqlarının şərəfli keçmişi əksini tapmır, eyni zamanda bugünkü problemlərinə də toxunulur və öyrənilir.

Kitab altı fəsildən ibarətdir: 1) I fəsil - Tarixdən doğulan gələcək; 2) II fəsil - Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi; 3) III fəsil - Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri; 4) IV fəsil - Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti; 5) V fəsil - Sarsılmaz təməllər üzərində; 6) VI fəsil - Türk Dövlətləri Birliyinin strategiyası.

Təbiidir ki, Sovetlər Birliyinin dağılması ilə bu imperiyanın əsarətində yaşamış türk xalqları da azadlığa çıxdı və öz müstəqil dövlətlərini elan etdilər. Əslində XX əsrdə baş verən bu ikinci hadisə idi. Çar Rusiyasının çökməsindən sonra türk xalqlarının müstəqil dövlət qurmaq cəhdləri baş tutub, uzun müddətə reallaşmasa da, ikinci mərhələdə bu artıq reallıqda özünü göstərdi. Və bu hadisə türk xalqlarının yalnız mövcudluğu uğrunda mücadiləni deyil, eyni zamanda onların tarix, siyasət, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə inteqrasiyaya ehtiyaclarını ortaya qoydu. Çünki dəyişən və sürətlə inkişaf edən dünyamızda "qloballaşma", "inteqrasiya", "insan haqları", "demokratiya", "Beynəlxalq hüquq normaları" terminləri tez- tez eşidilməkdədir və türk toplumlarının da bu dəyərlərdən uzaqda dayanması qeyri - mümkündür.

Türk Xalqlarının Birliyi uğrunda mübarizənin çox maraqlı tarixi və o qədər də asan olmayan inkişaf mərhələləri vardır. Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə yazırdı: "Bütün türk elləri coşğun irmaqlara (çaylara) bənzər. Bir gün gələcək ki, bu irmaqlar axıb, böyük Türk dənizində birləşəcəkdir".

Əslində C. Feyziyevin bu kitabında türk ellərinin yaxın zamanlarda birləşib, bir gücə çevrilə bilmək imkanlarından danışılır.

Kitabın birinci fəslinin adı da çox mətləblərdən xəbər verir: "Tarixdən doğulan gələcək". Həqiqətən toplumların inkişafı üçün tarix ciddi bir mənbədir və onu yaşatmağı, dəyərləndirməyi bacarmaq isə daha əhəmiyyətlidir.

Türkiyə dövlətinin qurucusu M.K.Atatürk yazırdı: "Tarixi yapan da böyükdür, tarixi yazan da". Bu baxımdan C.Feyziyevin türklərin tarixinə üz tutması, ən maraqlı məqamları oxuculara təqdim etməsi faydalıdır. Müəllif yazır: "Qədim türklərin etnik - tarixi differensasiyası onları tədricən Avrasiya hərbi - siyasi proseslərinin, eyni zamanda, daxili sosial strukturlaşmanın yeni üfüqlərinə çıxarır. Nəhayət, bu proseslər 552-ci ildə, adında "türk" etnonimini daşıyan ilk dövləti - Göy Türk imperiyasını meydana gətirir. Göytürklər tarixdə ilk dəfə olaraq ümumtürk siyasəti və ideologiyasını daşıyan dövlət qururlar" (bax: səh. 30).

Kitabda türklərin yaratdığı imperiyalardan, onların tarixindən də maraqlı məlumatlar verilir. Bu baxımdan müəllif yazır: "Dövlətlərin imperiyalara transformasiyası - bir çox daxili və xarici amillərlə bağlı olan mürəkkəb bir proses olub, ulusal - siyasi sistemin təkamülündə onu dominantlığa çatdıran həlledici mərhələdir, bu sistemin daha geniş coğrafi - siyasi məkanda özünün təhlükəsizliyini etibarlı şəkildə təmin etmək məqsədlərini gerçəkləşdirməsidir" (bax: səh. 37).

Müəllif bir fikri də vurğulayır ki, türk xalqlarının sayca böyük əksəriyyəti - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikası kimi müstəqil dövlətlərə malikdir. Lakin hələ də böyük əksəriyyəti müxtəlif səviyyəli muxtariyyat statusuna malik olmaqla digər dövlətlərin tərkibində yaşayır. Məsələn, Rusiya Federasiyasında 6-ya qədər belə bölgələr var: Tatarıstan, Başqırdıstan, Çuvaş Respublikası, Xakasiya, Yakutiya - Saxa Respublikası, Altay Respublikası, Tuva Respublikası. Digər bölgələrdə də türkəsilli xalqların - tatar, başqırd, çuvaş, xakas, yakut, altay, tuvalılar, Krım tatarları, uyğur, qaqauz, qaraçay, balkar, noqay, kumık, şor və karaimlərin yaşadığını nəzərə alsaq, geniş bir xəritə göz önündə canlanır.

C. Feyziyev bu kitabında Türk Birliyi ideyasının təkamül prosesinə də diqqət yetirir və maraqlı məqamlar açıqlayır: "Ən qədim zamanlardan bizim eranın I minilliyinin sonlarına qədər davam etmiş, uzun bir tarixi dövrdə hun - türküt - göytürk - yeni nəsil türk - oğuz, türk - qıpçaq, türk - bulqar, türk - karluk, türk - uyğur varislik xətti üzrə etnik və sosial - siyasi differensasiyasının bütün reallıqları nəzərə alınmaqla, bu etnosistemin öz dixotomik bütövlüyünü saxlamağa çalışması və ona nail olması nəticə etibarı ilə Avrasiyada dinamik olduğu qədər də elə bir sabit tarixi mənzərəni formalaşdırdı ki, hətta bütün qonşu xalqlar da bu coğrafiyada Türk və ya Turan dünyası deməklə, onun əsl adını təyin etmiş oldular. Bundan sonra - ta XIX əsrə qədər Avrasiyada nə baş verəcəksə, bilavasitə və dolayısı ilə Türkün adı ilə bağlı olacaqdır" (bax: səh. 56-57).

Həqiqətən tarixin gedişatında və ictimai - siyasi hadisələrə təsirində şəxsiyyətlərin böyük rolu vardır. Bu mənada müəllif türk dünyasının böyük şəxsiyyətlərini də unutmur, onların fəaliyyətindən danışır. Görkəmli türkçülər olan Yusif Akçuranın (1876-1935), Əli bəy Hüseynzadənin (1864-1940), Əhməd bəy Ağaoğlunun (1869-1939), İsmayıl bəy Qaspıralının (1851-1914), Ziya Göyalpın (1876-1924), Zəki Vəlidi Toğanın (1890-1970), Ayaz İshakinin (1878-1954) və digərlərinin türklərin tarix, mədəniyyət sisteminin inkişaf edib formalaşmasında böyük rolu olub.

Müəllif doğru olaraq göstərir ki, dünya tarixini tarix olmadan təsəvvür etmək mümkün olmadığı kimi, dünya mədəniyyətini də türk mədəniyyəti olmadan təsəvvür etmək mümkün deyil. Odur ki, çağdaş dünyamızın sivilizasiya sistemində türklərin ayrıca rolu vardır. Bu gün dünyada haqlı olaraq bir məqam ciddi vurğulanır və belə termin də işlədilməkdədir: "Qros kommunikeyşin system" (ingiliscədir). Yəni  ayrı - ayrı mədəniyyətlərin yaxınlaşması, əlaqəsi. Yəni, yalnız Qərb mədəniyyəti yox, həm də Şərq mədəniyyəti. C.Feyziyevin kitabında isə Şərq mədəniyyətinin ən dəyərli məqamlarını özündə yaşadan Türk Dövlətləri Birliyi ideyası ilə bağlı maraqlı fikirlər vardır.

Kitabda Azərbaycanın Türk Birliyi dünyasında əhəmiyyətli rolu vurqulanmaqdadır. Müəllif isə oxuculara fikrini Bütöv Azərbaycan olaraq çatdırır: "Bütöv Azərbaycan vahid Türk dünyasının tərkib hissəsi kimi". Müəllif yazır: "Biz Qarabağ probleminə dünya ictimaiyyətinin diqqətini cəlb edə bilsək də, Azərbaycan torpaqlarının iki dövlət (İran və Rusiya) tərəfindən bölünərək işğal edilməsi, nəticədə tarixi - siyasi ədalətsizliyə yol verilməsi və bu gün Güney Azərbaycanın müstəqil dövlətçilikdən məhrum edilməsi faktına böyük siyasət sferasında biganəliyi - indeferent münasibəti aradan qaldıra bilməmişik".

Bu mənada müəllifin gəldiyi nəticə də doğrudur: "Türk dünyasının bütövlüyü farsların əlində qalan Güneyini və erməninin əlində qalan Qarabağını özündə birləşdirəcək Vahid Azərbaycanın ərazisindən - ürəyindən keçir!"

Kitabın "Qaynaqlar" (yəni istifadə edilmiş ədəbiyyat) bölməsi də zəngindir. Burada verilən 315-ə qədər ədəbiyyat mənbəsi əsasən Azərbaycan, Türkiyə türkcəsi, ingilis və rus dillərini əhatə edir. Kitabda müxtəlif internet saytdan da istifadə edilmişdir.

C.Feyziyevin nəşr edilən bu kitabı təhsildə, elmdə, diplomatiya sahəsində çalışan insanlar üçün faydalı vəsaitdir.

 





20.11.2015    çap et  çap et