525.Az

Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi


 

Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda) 

Çində fond birjasının uçqunu

Nailiyyətlərdən söhbət gedirsə, bu heç də o demək deyildir ki, Çin iqtisadiyyatı bütünlüklə problemlərdən xalidir və ancaq hamar yolla irəliləyir. Bu, əslində belə deyildir. Çin dünyanı bürüyən 2008-ci il böhranından kənarda qalsa da, 2015-ci ilin yayında gözləmədiyi ağır çətinliklərlə, maliyyə sisteminə dağıdıcı təsir göstərən bir vəziyyətlə üzləşməli oldu. İyulun 7-də fond birjalarının uçqunu baş verdi. Çində bazar artıq iyun ayında titrəməyə başlamışdı, burulğanlığı əvvəllər də  müəyyən dərəcədə yaşamışdı. Lakin həmin gün Şanxay və Şençjen birjalarında 173 şirkət qiymətli kağızlarının ticarətini dayandırdı. ÇXR fond birjalarının kəskin uçqununa görə həmin şirkətlər öz səhmlərinə qiymət qoyulmasını kəsdilər. Səhmlərin qiymətlərinin son 20 ildə ən iri miqyasda düşməsi baş verdi.

Kəskin uçqun marjinal (ən yüksək həddə) ticarətin aparılmasının və ya qiymətli kağızların satın alınması üçün borc almaqdan istifadə edilməsinin nəticəsi idi. Bu “iqtisadi qovuq” təhlükəsi yaratdı. Beləliklə, şirkətlərin ÇXR fond birjalarında qiymətləndirilən qiymətli kağızları öz dəyərlərinin çox hissəsini itirdi. Ziyanın ümumi məbləği 3 trilyon ABŞ dollarına bərabər oldu. 7 iyundan başlayaraq Şanxay və Şençjen birjalarının dövriyyələri üçdə bir həcmində aşağı düşdü və bu, ÇXR-də 1992-ci ildən sonra ən böyük azalma idi. Bu birjalarda isə 940 müəssisə öz qiymətli kağızlarını yerləşdirmişdi.

Çin fond bazarının uçqunu bütün dünyada birjadakı qiymətlərin 6-8 % aşağı düşməsinə səbəb oldu. ABŞ-da Dou-Cons indeksi 589 punkt və ya 3,6 % aşağı düşdü. Asiya birjaları görünməmiş həyəcanlı vəziyyət yaşamağa başladı. Çində 8 iyul 2015-ci ildə milli indeks 8 % endi. “8” rəqəmi Çində uğuru rəmzləndirir, belə ki, bəzi dialektlərdə bu, “çiçəklənmə” sözü mənasını verir. Təsadüfi deyil ki, Çində Beynəlxalq Olimpiya oyunları üç “8” rəqəmi ilə - 08.08.2008-ci ildə başlanmışdı. Lakin neqativ “8-lik” (2015-ci il iyulun 8-i) əslində tam əks mənanı bildirirdi. Həmin ayda investorlar öz səhmlərinin üçdə birini, ölkə iqtisadiyyatı isə 3 trilyon ABŞ dolları itirdi. Bu fond birjalarının ən güclü şəkildə aşağı düşməsi idi. Çinin uçub aşağı enən indeksi özünün arxasınca bütün qonşu Asiya ölkələrini də çəkib apardı.

İyul ayında baş verən Çin birjası qovuğunun dağılması təkrarən ay yarımdan sonra, 24 avqustda baş verdi. Ona görə də KİV-lər bunu “qara bazar ertəsi” adlandırdılar. Birja 8,5 % aşağı düşməklə bağlandı, bunu isə həqiqətən uçqun adlandırmaq olar. Amerikada Dou-Cons indeksi 6,8 %-ə qədər aşağı düşdü. Hələlik öz səhmlərini aşağı qiymətə satmaqdan imtina edib, saxlayan birja oyunçuları daha ağır vəziyyətə düşdülər.

Lakin fond birjalarının bu uçqunu panika üçün səbəb rolunu oynamır. Hökumət ciddi tədbirlər görməyə başladı. Bu vəziyyəti yüngülləşdirmək, fond bazarında stabillik yaratmaq üçün 140 milyard ABŞ dolları məbləğində pul xərclədi. Lakin bu, Çinin gələcəyi barədə həyəcanı bütünlüklə aradan qaldıra bilməz. Ölkədə artım tempi yavaşıyacaq, investisiyalar daha sürətlə azalacaqdır.

Ancaq hökumətin istehsalın artım sürətini stimullaşdırmaq üçün kifayət qədər vasitələri vardır. Dövlət şirkətləri öz səhmlərini geri satın aldı. Çin Mərkəzi Bankı əsas faiz tarifini 25 bazis punktu məbləğində aşağı saldı. Pekinin “People`s Daily” qəzetinin yazdığı kimi, “bizdə fond birjalarında stabilliyi saxlamaq üçün şərt, imkan və əminlik vardır”. Sentyabrın 1-də Çində 200 nəfər birjada panika yayanların həbs edilməsi bu ümidləri doğrulur.

Onlar öz təqsirlərini etiraf etmişlər. Bu, digər fırıldaqçılar üçün də yaxşı siqnaldır. Çox istərdik ki, bu nikbinlik Çinin iqtisadiyyatının gur inkişafını yenə də müşayiət etsin, problemlərin uğurlu həllinə köməklik göstərsin.

Çində fond birjalarının uçqunu klassik biabırçı təcrübədən kənara çıxmır. Səhmlərin qiymətlərinin şişirdilməsi, əsasən onun gələcəkdə böyük fayda gətirməsi ümidləri ilə bağlı olduğuna görə baş verir. Şirkətlər boş vəd verdiklərindən səhmlər yüksək qiymətə və qısa müddətdə satılırdı. Lakin bu ümidlərin doğrulacağına yaranan şübhələr həmin səhmlərin qiymətlərinin xeyli aşağı düşməsinə səbəb olur və bu, uçqun simptomu əmələ gətirir. Xalq da tez varlanmaq naminə şirkətlərin vədlərinə aldanıb, real qiyməti aşağı olan, lakin çox baha satılan səhmləri almağa başlayırdılar. Çində savadsız və ya azsavadlı adamlar səhm sahiblərinə çevrildilər. Bəzi məlumatlara görə, uçqun nəticəsində 200 min səhm sahibi ziyan çəkdi. Tarixi təcrübə də göstərir ki, şirkətlər səhmlərin qiymətini qovuq kimi şişirtdikdə, bu “sabun qovuğu” hökmən partlayır və səhmlərin qiyməti kəskin surətdə aşağı düşməyə başlayır.

Belə faktlar tarixdə əvvəllər də mövcud olmuşdur, lakin onlar Çindəkindən bir qədər fərqli idi. Bunun ilk nümunələrinə XVIII əsr Avropasında rast gəlinmişdir. İspan irsi uğrunda müharibəyə son qoyan 1713-cü ildəki Utrext sülhündən sonra Fransa və İngiltərə maliyyə böhranı ilə üzləşdi. Hər iki ölkədə şişmiş borcu ödəmək üçün yol tapmaq lazım idi. Britaniya hökuməti bank və kreditlər vasitəsilə öz resurslarını artırmışdı. Bütün Qərbi Avropanın özəl şəxsləri öz topladıqları vəsaitdən sahibkarlıq üçün pul - ssuda verməyə qayğı göstərirdilər, öz kapitallarının işləməsini istəyirdilər. Bütün bu situasiyadan kənarda İngiltərədə “Cənub dənizi qovuğu”, Fransada isə “Missisipi qovuğu” baş qaldırdı. Hər iki “qovuq” 1720-ci ildə başladı və uzun müddət ərzində təsir gücünə malik oldu. Səhm sahibləri öz paylarını satın alırdılar, böyük miqdarda nağd pulu borc kimi girov hesabına bankdan götürürdülər. Bank öz əməliyyatları üzərində açıq inhisardan istifadə edirdi. “Cənub dənizi kompaniyası” müxtəlif kommersiya imtiyazlarından istifadə edirdi.

Toplanmış pul ticarət və kənd təsərrüfatı torpaqlarından çıxarılırdı, böyük gəlir əldə etmək ümidi ilə səhm kimi bu şirkətlərə qoyulurdu.

Fransada 1717-ci ildə “Missisipi kompaniyası” yarandı, bir il sonra Şimali Amerikadakı Luiziana ilə ticarətdə ( Fransaya mənsub olan bu ərazini təqribən bir əsr sonra Napoleon Tomas Ceffersonun prezidentliyi dövründə ABŞ-a satmışdı) inhisarı ələ keçirdi və tezliklə Asiyadakı və Afrikadakı iri kompaniyaları həmin şirkət özünə absorbsiya etdi. Bütün müstəmləkə ticarətində açıq inhisara malik oldu, özəl şəxslərə birja səhmləri satırdı. Hamı da bu səhmləri həvəslə alırdı. Onların qiyməti çox yüksək idi. Kompaniya isə hələ realizə olunmamış layihələrə əsaslanırdı.

Səhm sahibləri öz pulları üçün qorxmağa və bu vaxt özlərindəki səhmləri satmağa başladılar. Bazar kəskin surətdə dağıldı. Çoxları öz həyat əmanətlərinin əldən çıxdığını başa düşdü. Digərləri girov qoyduqları mülkləri itirdilər. İnflyasiyaya uğramış qiymətlərin partlayışı ilə yalnız o adamlar uduzmamışdı ki, onlar səhmləri spekulyasiya isitməsindən əvvəl, xeyli ucuz qiymətə almışdılar.

İngiltərədə də “Cənub dənizi kompaniyası”nın səhmləri yüksək qiymətə satılmışdı. Öz səhmlərinin qiyməti qısa müddətdə 10 dəfədən çox qalxdı. Saxta layihələrə görə kompaniyalar təşkil edilir və onların səhmləri ən yüksək qiymətə satılırdı. Sonra qorxuya düşən səhm sahibləri onu satmağa başladılar. Beləliklə, adamların çoxu başa düşdü ki, yığdıqları pul və onlara çatan irsi mülkiyyət girov qoyulduğuna görə yoxa çıxmışdır.

Hər iki ölkədə böyük qəzəb meydana gəldi. Hər iki hökumət bu biabırçılıqda iştirak etmişdi. Çində isə hökumət “səhm qovuğunda” İngiltərə və Fransadan fərqli olaraq bilavasitə iştirak etməmişdi. Britaniya bu böhrandan daha yaxşı qaydada sağala bildi. Fransada bu fırıldağın müəllifi olan Lonun yaratdığı bank ləğv edildi. İngiltərədə gələcəkdə bu hadisənin təkrar edilməməsi üçün parlament “Qovuq Aktı”nı qəbul etdi, həm də İngiltərədə borc danılmadı və hökumət öz obliqasiyalarını ödədi. Fransada isə hökumət etibardan düşdü.

Digər böyük bir iqtisadi böhran olan Böyük Depressiya 1929-cu ildə başlanmışdı. 1920-ci illər, ümumiyyətlə, bütün dünyada kənd təsərrüfatının xroniki depressiya dövrü idi, fermerlər öz borclarını qaytara bilmirdilər. Avropada buğda zəmiləri I Dünya müharibəsi dövründə baş dəfə azalmışdı. Buğdanın dünya qiyməti qalxırdı. Lakin fermerlər qoyduqları girovu geri ala bilmirdilər. Müharibədən sonra Avropada traktorların istifadəsi ilə kənd təsərrüfatının mexanikləşdirilməsi və digər proqressiv vasitələr hesabına məhsuldarlıq beş dəfə artdı. Buğda istehsalının izafi bolluğu yüksəldi. Lakin tələbat ona müvafiq olaraq artmırdı. Xalq heç də artıq miqdarda çörək almaq istəmirdi. Buğdanın qiyməti xeyli aşağı düşdü, bu vaxt bu ərzaq məhsulu 400 il əvvəldə olduğundan aşağı qiymətə satılırdı. Digər kənd təsərrüfatı bitkiləri istehsalı da tənəzzülə uğradı. Şəkərin qiyməti də çox aşağı düşdü.

Bu, 1929-cu il Böyük Depressiyasına səbəb oldu. Sənaye depressiyaya uğrayanda şəhər əhalisi ərzağa sərf etdiyi xərcləri azaltmağa başladı və bu vəziyyət fermerləri daha  da yoxsullaşdırdı.

Böyük Depressiya 1929-cu ilin oktyabrında Nyu-York Fond Birjasının dağılması ilə başlandı. Burada qiymətlər izafi spekulyasiya hesabına fantastik yüksəkliklərə qalxmışdı. Sadə adamlar da çox pul qazanmağa cəhd edirdilər, borc götürülmüş pula səhmlər alırdılar. Onlar öz imkanlarından 5-10 dəfə çox səhmlər alırdılar, xəyalən bu borcu ödəyəcəklərini düşünürdülər. Onlar banklardan borc pul götürürdülər. Bu birja qiymətlərini qaldırırdı və adamlar bəxtlərini kağıza bağlayırdılar. Belə satış fond birjasında qabarma dalğası yaratdı. Lakin səhmlərin qiymətlərini məhvedici şəklindəki aşağı düşməsi başlandı. Bir ayda səhm qiymətləri 40% düşdü. 1929-cu ildən 1932-ci ilədək səhmləri Nyu-York Fond birjasında satılan 50 iri sənaye şirkətinin orta dəyəri 252-dən 61-ə düşdü. Həmin üç ildə 5 min amerikan bankı öz qapılarını ağladı.

Böhran maliyyədən sənayeyə, Birləşmiş Ştatlardan isə dünyanın qalan hissəsinə yayıldı. Amerikan kapitalının müharibədən sonrakı gur ixracı başa çatdı. Öz gəlirləri aşağı düşdüyündən amerikanlar xarici malları almağı dayandırdılar. Şirkətlər və adamlar hər yerdə onlara olan borcu ala bilmirdilər və fabrik-zavodlar öz məhsullarını ya sata bilmir, ya da bütünlüklə bağlanırdı.

Dünya istehsalı üç ildə 38% aşağı düşdü, dünya beynəlxalq ticarəti 23-yə qədər azaldı. Birləşmiş Ştatlarda milli gəlir 85 milyard dollardan 37 milyard dollara düşdü. İşsizlik artdı. 1932-ci ildə dünyada 30 milyon işsiz var idi. Adamlar həyatının əsas hissəsini işdən kənarda keçirirdi. Milyonlarla adam dolanışığından məhrum olmuşdu, çoxları ailələrini xeyriyyə vəsaitləri və maddi yardımlar hesabına saxlayırdı. Ölkələr öz iqtisadiyyatlarını himayə etməyə keçdilər, öz valyutalarını devalvasiya edirdilər. Ticarət hətta barterə yaxın olan qaydada keçirilirdi. İxrac və idxal hökumətin lisenziyasına tabe edilir, bütövlükdə xarici ticarət mərkəzləşmiş qaydada planlaşdırılmalı və idarə edilməli idi. Bu, SSRİ qaydasına yaxınlaşırdı. İqtisadi millətçilik güclənirdi.

Tarixi nümunələr, əlbəttə ki, Çində baş verən fond birjası uçqunundan daha geniş miqyası əhatə edirdi, ona görə də ciddi iqtisadi və sosial böhrana səbəb olmuşdu. Çində isə fond birjalarının çökməsi heç də ümumi böhrandan xəbər vermir və prosesin davamına mane törədilsə, ölkə və xalq nisbətən az ziyanla həmin vəziyyətdən çıxa biləcəkdir. ÇXR-in potensialı bu qorxulu çağırışa uğurla cavab vermək ümidi yaradır və düzgün iqtisadi və maliyyə siyasəti problemin böyüməsinə və onun ziyan vurmasının artmasına çox güman ki, imkan verməyəcəkdir.

(Ardı var)

 





23.11.2015    çap et  çap et