525.Az

Elmi düşüncənin Tofiq Hacıyev mərtəbəsi


 

Elmi düşüncənin Tofiq Hacıyev mərtəbəsi<b style="color:red"></b>

Alim itkisi ağır olur. Həm də o halda ki, o alim bütöv bir millətin, bütöv bir xalqın sidq-ürəkdən qəbul etdiyi, adı gələndə yalnız sevgi və hörmətlə qarşılaşdığı bir insan olsun...

Tofiq müəllimin ölüm xəbərini mənə ilk dəfə səhər xəbərlərini radioda efirə oxumaq üçün hazırlaşan qızım çatdırdı. Mən onun telefonda ilk sözündən necə titrədiyini hiss etdim və bu an içimdə nəyinsə qırıldığını anladım. Mənim qızımın Azərbaycanda və türk dünyasında ünlü ada sahib bu alimin ölümündən doğan bu hönkürtüyə hazır anını o gün hər kəs yaşadı. Təkcə dilçilər deyil, təkcə universitet tələbələri və universitet müəllimləri deyil, onun sözünə, fikrinə, ləyaqətinə az-çox bələd olan hər kəs yaşadı.  Universitetin Filologiya fakültəsinin professoru İfrat xanım Əliyevanın gizli bir hıçqırıqla dediyi "ölüm Tofiq müəllimə heç yaraşmadı" sözləri o səhər ictimai məkandan eşitdiyim ilk fikir oldu. Sonra adamların bir-birinə zəngləri, bir-birinə başsağlıqları, Bakı Dövlət Universitetinin, Elmlər Akademiyasının otaqlarında, foyelərində kədər, təəssüf hissləri. Və sonra Azərbaycan mediasında bu faciəli itkinin ağır xəbərləri ölkəyə yayıldı və indi hər kəs bu böyük alimin, böyük bir müəllimin, böyük bir insanın ölüm xəbərini öz kədəri, ağrısı kimi qarşıladı.

Tofiq Hacıyev niyə hər kəsə doğma, belə əziz oldu? Hər şeydən əvvəl ona görə ki, Tofiq müəllim möhtəşəm elmi düşüncəsi ilə insanlığı paralel yaşayan bir şəxsiyyət oldu. Bu iki uca keyfiyyətin onda birləşməsi isə Tofiq Hacıyevin müəllimlik keyfiyyətini ortaya qoydu. Tofiq müəllim şəxsən mənə auditoriyada, rəsmi statusda dərs deməyib.  Ancaq mənim çox əziz dostlarımın- 60-cılar nəslindən olan Ramiz Rövşən, Cəlil Nağıyev, bir az sonrakı Kamil Vəli Nərimanoğlu, Nizami Cəfərov kimi adamların birbaşa müəllimi olub və onlar həmişə bu böyük müəllimin böyüklüyündən qüvvət alıblar.

Tofiq Hacıyevi mən o zamankı M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda müəllimliyinin ilk illərindən tanımışam. Taleyimin ən bəxtəvər məqamlarından biri olub ki, mən Azərbaycan Dövlət Universitetinin lap birinci kursunda bu universitetin səliqə-sahmansız yataqxanasında sonralar insanlığına, qayğılarına, savadına hamımızın heyran olduğumuz İsmayıl Məmmədovla- Tofiq müəllimin o cavan, bir az çılğın qaynı ilə bir otaqda qaldım. İsmayıl Məmmədovla yataqxanada qaldığımız o iki il (İsmayıl məndən iki kurs yuxarı idi) mənə çox şey verdi. Bəlkə o iki il mənim elmi istiqamətə yönəlməyimə, sonrakı az-çox bütün normal həyatıma qəti istiqamət verdi. İsmayılın- (dostlarımızın "Qara İsmayıl" dedikləri) bu adamın mənim taleyimdə çox zaman heç qiymətləndirə bilmədiyim neçə-neçə  xeyirxahlığı var. Amma bunların içərisində ən önəmlisi məni o cavan Tofiq müəllimlə elə o tələbəlik illərində tanış etməyi olub. Bir az keçdi, İsmayıl Məmmədov müəllimliyə təyinat aldığı rayondan Bakıya- bitirdiyi universitetə qayıtdı. "Xutor" adlanan bir məhəllədə "naxalstroy" deyilən bir mənzil düzəltdi özünə və universiteti bitirən kimi mənə də öz evinin yanında taleyimin ən xoşbəxt günlərini yaşadığım eləcə bir ev düzəltdi. İsmayıl Məmmədovun mənim divarımın o üzündəki mənzili 60-cıların, 70-cilərin ziyalı ocağına çevrildi. Bu ocağın ən gur şöləsi həmişə Tofiq müəllimin gəlişindən ucalırdı və biz onun hər söhbətindən elm, ürfan dərsləri alırdıq...

Bu tanışlıq mənə bacardığım və bacarmadığım çox şey öyrətdi. Mənə- jurnalistikada fəaliyyətə girişən bir adama "Molla Nəsrəddin"in satira dilinin heyrətamiz cəhətlərini öyrətdi. Biz Tofiq müəllimdən- onun kitablarından, bəlkə dilçi alimlər sırasında ən aydın üsluba malik əsərlərindən klassikaya, bədii sözə, dilimizin şirinliyinə məhəbbət öyrəndik. Tofiq Hacıyev Dədə Qorqudu dilimiz və düşüncəmiz səviyyəsində tədqiq etməyi öyrətdi. Azərbaycan elmi-ədəbi mühitində fenomen fakt kimi qiymətləndirilən mərhum Aydın Məmmədov bu məktəbin yetirməsi oldu. İstedadı və milli təfəkkürə sevgisi ilə seçilən Kamil Vəli Nərimanoğlunun "Kitabi- Dədə Qorqudun poetikası" bu məktəbdən qaynaqlandı.

Sovet ideologiyasının "türk" sözü üzərinə qoyduğu təhlükəli senzura qadağaları zamanında yazdığı ədəbi dil tarixləri ümumtürk dili kontekstində qələmə alındı. "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" kitabı ilə dilimizin həm nəzəri, həm də praktik tərəflərini təhlilə çəkdi. Azərbaycan nəsrinin çox görkəmli ustadlarından biri olan Elçin hələ təxminən 25 il əvvəl o kitabın işıq üzü görməsini Yazıçılar Birliyindəki məruzəsində hadisə kimi qiymətləndirmişdi.

Tofiq Hacıyevi Bəxtiyar Vahabzadə, Məmməd Araz, Yaşar Qarayev, Bəkir Nəbiyev... kimi milli dəyərlərimiz əziz tuturdular. Tofiq Hacıyevi müasirlərimiz - Anar, Elçin, Fikrət Qoca, Abbas Abdulla... kimi bədii söz ustaları yüksək qiymətləndiriblər. Birbaşa dilçilik elmində olmayan Xudu Məmmədovun, Nurəddin Rzayevin mükalimələrində - Xudu müəllimin Ağdamın indiki qərib Mərzili kəndindəki dialoqlarında Tofiq müəllimin elmi cəsarətinin qiymətini mən özüm çox eşitmişəm. Ədəbi zümrə Füzulidən danışanda onun bu nəhəng söz ustadının dil sənətkarlığına həsr etdiyi fundamental əsərini xatırladırlar. Ən təəccüblüsü də o idi ki, ömründən faciələrin- şəxsi və milli faciələrin əskik olmadığı Tofiq Hacıyev heç vaxt bu faciələrin ağrılarına boyun əymədi. Leninqrad universitetinin Şərqşünaslıq fakültəsində təhsil alan və elə bu anlarda gələcəyin alimi olmağı öz istedadı ilə vəd edən 18 yaşlı oğlu yay tətilində bağ evinin xırda təmirindən sonra əl-ayağının əhəngini yumağa əyildiyi Xəzərin küləkli dalğalarının qurbanı oldu...

Sonra çox sevdiyi və vaxt tapdığı hər anda üz tutduğu Cəbrayılın işğalı baş verdi. Tofiq müəllim üçün bu milli faciə onun şəxsi faciəsindən də ağır oldu. Amma sınmadı Tofiq müəllim. Elə o ağır faciəli illərdə ədəbi mühitimizə ünvanladığı möhtəşəm əsərlərini yazdı...

Alimliyi, müəllimliyi, insanlığı özündə birləşdirən Tofiq müəllimə ən böyük sevgini universitetdə - ömrünün 46 ilini həsr etdiyi Bakı Dövlət Universitetində görmüşəm. Adi tələbədən tutmuş rektora qədər hər kəsin ürəyində bir Tofiq Hacıyev məhəbbəti var. Rektor, akademik Abel Məhərrəmov Elmi Şuranın kürsüsündəki hər çıxışında, vacib pedaqoji qərarların müzakirəsində mütləq "necə baxırsınız bu məsələyə, Tofiq müəllim?" deyə adətən iclas salonunun birinci sırasında oturan bu adamdan soruşardı.

Tofiq Hacıyevə universiet sevgisinin daha bir konkret ünvanı var: Filologiya fakültəsi. Bu fakültənin Əlövsət Abdullayev, Ağamusa Axundov, Firudin Hüseynov, Fərhad Zeynalov, Muxtar Hüseynzadə, Səlim Cəfərov... kimi elm və insanlıq nümunələri Tofiq müəllimə dərin hörmət göstərirdilər. Bu gün bizim müasirlərimiz olan filfak müəllimlərinin, fakültənin texniki işçilərindən tutmuş məşhur professorlarının hər birinin gözündə Tofiq Hacıyev itkisinin süzülən yaşını gördüm...

Tofiq Hacıyev türk sözü olan yerdə öz sevgisini həmişə göstərib. Və sonralar tale elə gətirdi ki, o universitetin Türkologiya kafedrasında müdir oldu. Ancaq hələ buna qədər Tofiq müəllim B.A.Serebrennikov və N.Z.Hacıyevanın "Türk dillərinin müqayisəli tarixi qrammatikası", M.Acının "Türklər və türk dünyası: gizli tarix" və yenə də həmin müəllifin "Qıpçaq çölünün yovşanı" kimi kitabları tərcümə edib.

Mən Tofiq Hacıyevin ölümündən dərhal sonra çeşidli mətbuatda və saytlarda onun haqqında ürək ağrısı ilə yazılanları oxudum. Bilmirəm, tələskənlikdənmi, ya nədənsə, bizə yadigar kimi qoyub getdiyi son əsərinə rast gəlmədim. "Türklər üçün ortaq ünsiyyət dili" adlanan bu kitabı müəllif 2013-cü ildə - əsərin çapdan çıxdığı vaxt mənə də hədiyyə edib. Bu kitab hələ XIX əsrin axırlarından ortaya qoyulmuş ümumtürk dili məsələsini yenidən gündəmə gətirir. Dilçi alim bu kitabda Krım-tatar ideoloqu İsmayıl bəy Qaspıralı, filosof-publisist Əli bəy Hüseynzadənin və Türkiyədən Ziya Göyalpın o zaman irəli sürdükləri və xüsusilə Əli bəy Hüseynzadənin modelləşdirdiyi "işdə, fikirdə, dildə bir" ideyasının yeni müstəqillik dövründə elmi-publisistik həllini irəli sürür. Tofiq müəllimin bu kitabındakı bölmələrin biri belə adlanır: "İşdə, fikirdə, dildə bir" ideyasının Əli bəy Hüseynzadə mərtəbəsi". Diqqətli oxucu yəqin hiss etdi ki, mən Tofiq Hacıyevə bağlı bu essenin sərlövhəsini azacıq improvizə ilə həmin bölmədən almışam. Çünki elmi düşüncənin də  Tofiq Hacıyev mərtəbəsi mövcuddur.

Tofiq Hacıyevin Azərbaycan elmi mühitinə bu sonuncu yadigarı həm elmi təhlilləri ilə, həm də bu təhlillərin publisistik xarakteri ilə maraq doğurur. Ümumiyyətlə Tofiq müəllimin elmi üslubunda publisistik mahiyyət çox güclüdür. Yəqin ona görə ki, bu böyük alim sözünü təkcə elmi ictimaiyyətə deyil, həm də bütün cəmiyyətə çatdırmağı vacib saymışdır.

Tofiq müəllimin bizə çox yadigarı var. Bu yadigarlar içində böyüdüb boya-başa çatdırmağa macal tapdığı bir Azəri də var - öz nəslinə, qohum-övlada, dostlarına və elmi mühitə yadigar etdiyi Azər. Bütün mücəssəməsi və insanlıq xarakteri ilə atasına, atasının sevdiyi vətənə oğul olan Azər...

... Tofiq müəllim Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" ilə təltif olunub. "Ləyaqət nişanı" söz birləşməsi Tofiq Hacıyevin bütün yaşam tərzinə ən yaxşı yaraşan bir ifadədir. Tofiq Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, BDU Türkologiya kafedrasının müdiri idi. O, 450-yə yaxın elmi məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifidir, bir çox fəlsəfə və elmlər doktorunun yetişməsində birbaşa əməyi keçmişdir. Lakin bütün bu elmi adların, vəzifələrin əvvəlində onun xidmətlərini ümumiləşdirən bir söz birləşməsi də var: Vətən sevgisi. Tofiq Hacıyev bütün əməlləri ilə sevdiyi bu Vətənin əziz torpağına qovuşdu.

 





01.12.2015    çap et  çap et