525.Az

Ötən dərsin davamı


 

Ötən dərsin davamı<b style="color:red"></b>

O, böyük alim idi və tarixdə qalmaq haqqına layiqliyi artıq sağlığında özünə də, ətrafdakılara da bəlli idi.

1970-ci ildə yazdığı şəxsiyyətlər haqda düşüncələrini Romen Rollanın sözləri ilə başlayırdı və həmin müdrik fikir elə akademik Şəfaət Mehdiyevin özünə də çox yaraşırdı: "O şəxslər həqiqətən böyükdür ki, onların ürəyi hamı üçün döyünür".

Bu isə şəxsiyyət anlayışı barədə gəlib 60-na çatmış, amma arxada qoyduğu mübarizəli, enişli-yoxuşlu yolu ilə ikiqat uzun ömür sürmüş təsiri bağışlayan Şəfaət müəllimin yenə özünə tam uyğun gələn şəxsi qənaəti idi: "Şəxsiyyətlər müxtəlif olur. Yüksək mənəviyyatı, saf qəlbi, təmiz vicdanı olan şəxslərlə yanaşı, təəssüf ki, heç bir siması olmayanlar da vardır. Ancaq həyat xalq üçün yazıb-yaradan, heç bir fəxri adda, yüksək mükafatda gözü olmayan şəxsiyyətləri sevir, onlara yenilməz bir heykəl qoyur. Bu heykəlin adı xalq məhəbbətidir".

Şəfaət Mehdiyev geoloq idi. Ancaq məşğul olduğu bu elm sahəsinin o qədər müxtəlif istiqamətlərinə dərindən aşina idi ki, artıq universal zəkalı bir alim kimi qiymətləndirilirdi.

O, 40 yaşında elmlər doktoru olmuşdu, 48 yaşında elmdəki ən yüksək rütbəyə çataraq akademik seçilmişdi.

400-dən çox elmi araşdırma, 40-dan artıq sanballı monoqrafik nəşrin müəllifliyindən əlavə Şəfaət müəllim 70-dən çox alimə rəhbərlik edərək onlara yol açdı və hərdən-hərdən də iftixarla deyərmiş ki, hər yetirməm bir əsərimdir.

O, dünya elmində neftin əmələ gəlməsi, mənşəyi ilə bağlı mövcud olan biogen və abiogen nəzəriyyələrin ən müsbət cəhətlərini əxz etməklə yanaşı, bəşər elmi xəzinəsinə möhtəşəm töhfə kimi qiymətləndirilən bir yeniyə imza atdı.

Şəfaət Mehdiyev neftin dərinlik-biogen nəzəriyyəsini yaratdı və bu, dünya neft sənayesi tarixinə Azərbaycan kəşfi kimi daxil oldu.

Bütün sadalananlarla yanaşı, o həm də orta əsrlərdən bəri Azərbaycanın üstün qafa sahiblərinə xas olan bir məziyyəti varlığına hopdurmuş yaradıcı idi.

Alim olduğu qədər də ədib idi. Sadəcə həvəskar deyil, elə peşəkarcasına yazıb-yaradan, yaşayacaq bədii əsərlər doğuran bir nasir, dramaturq, şair idi.

O, böyük elm və təhsil təşkilatçısı idi, uzun illər Azərbaycan Dövlət Universitetinə, Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna başçılıq etdi.

Düşündüklərini, elmi tapıntılarını yazıda ustalıqla ifadə etdiyi kimi, fikirlərini onu dinləyənlərə sadə, anlaşıqlı, cəlbedici tərzdə çatdırmaqda da əvəzsiz idi. 

Şəfaət Mehdiyevin necə müəllim olması haqqındasa mənə canlı şahid, bəstəkar, müğənni dostum Rizvan Sədirxanov danışıb.

Şəfaət müəllim Rizvana 1960-cı illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda, indiki Neft və Sənaye Universitetində dərs demişdi.

Rizvanı bəstəkar, müğənni kimi təqdim etdiyimə görə təəccüblənərsiniz  ki, bu sənət hara, o təhsil ocağı hara?

İş ondadır ki, Rizvan, həqiqətən, həmin ali məktəbin Neft-mədən fakültəsini bitirib, yaxşı da oxuyub. Sonra xeyli müddət neftçi də işlədi, lap məşhur "Bəxtiyar" filmindəki kimi, dəniz buruqlarında bir neçə il qazmaçı mühəndis olaraq çalışdı. Bir mütəxəssis kimi onu çox yüksək qiymətləndirirdilər, lakin ürəyi musiqinin yanında idi.

Xalq arasında "AZİ" deyilən nüfuzlu institutda təhsil ala-ala Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbini də bitirdi, Müslüm Maqomayev, Lütfiyar İmanov və başqa neçə-neçə tanınmışın müəllimi olan Aleksandr Akimoviç Milovanov kimi püxtə maestrodan vokalın sirlərini öyrəndi, sonra neftçiliyini edə-edə konservatoriyanı da başa vurdu, bunlarla ürəyi soyumadı, gedib İtaliyada da oxudu, bilik və səriştələrini daha da mükəmməlləşdirdi.

Və neftçilikdən biryolluq ayrılaraq taleyini musiqiyə bağladı.

Rizvan söyləyir ki, 1967-ci il idi, ikinci kursdaydıq və bir səhər auditoriyaya ciddi görkəmli, şıq geyinmiş, eynəkli bir müəllim daxil olaraq bizə paleontologiya fənnindən mühazirələr oxuyacağını bildirdi.

Bir neçə qrup birləşdiyindən tələbələrin sayı 70-dən çox imiş, bir az səs də varmış içəridə və ilk dəfə gördükləri müəllim mühazirəsini başlamazdan öncə onlara müraciət edir: "Kimin dinləmək marağı yoxdursa, gedə bilər. "3"ə tam təminat verirəm. Gedənlər rahatca getsin, qalanlar qalsın, dərsimizi başlayaq".

Zahirindən rəsmiyyət yağan müəllimin bu bəyanatının zarafat yox, yetərincə ciddi söz olduğunu hiss edən 20-25 tələbə dəftər-kitabını yığışdıraraq otağı tərk edir və mühazirə başlanır.

Bir neçə dəqiqə sonra tələbələr Şəfaət Mehdiyevin biliklə aşıb-daşan, təlqinedici, rəvan  nitqini dinlədikcə sanki sehrlənirlər və tənəffüs zənginin necə vurulduğunun  belə fərqində olmurlar.

Rizvan bunu da söyləyir ki, biz auditoriyadan getmiş tələbələrə çox şey itirdiklərini xəbər verəndən, ağzıaçıq dinlədiyimiz maraqlı mühazirə haqda məftun təəssüratlarımızı bölüşəndən sonra onlar hamısı növbəti dərsdə iştirak edirdi və tədricən hətta başqa fakültələrdən də tələbələr həvəslə Şəfaət müəllimin cazibəli mühazirələrini dinləməkçün bizə qoşulurdular.

Bu dərslər rus bölməsində imiş və Şəfaət Mehdiyev incəliklərinə qədər bildiyi bu mövzulardan quru elmi dillə deyil, poetik bir tərzdə, tələbələr arasındakı rusları da heyrətləndirən zəngin, təsirli, şirin dillə danışırmış.

Ruscanı o cür yaxşı bilirmiş, azərbaycancaya isə ana dilində oxunaqlı nəsr əsərləri, dramlar, şeirlər yazacaq qədər kamillik və məharətlə sahib imiş.

Amma bunlar hamısı deyil. Farscanı da gözəl bilməsinə artıq özüm şahidəm.

1975-ci il idi. Universitet tələbəsi idim və Azərbaycan Televiziyasında o vaxt "Gənclik" redaksiyasının xətti ilə "Yaşıdlarımız" adlı hər ay efirə çıxan verilişi hazırlayırdım. 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində Qələbənin 30 illiyi münasibətilə həmin proqramın bir buraxılışına müharibə veteranlarını dəvət edərək verilişi onların cəbhə xatirələri üzərində qurmaq tapşırılmışdı. Dəvət edilməli qonaqlar sırasında akademik Şəfaət Mehdiyevin də adı vardı.

O zaman əksər verilişlər kimi, "Yaşıdlarımız" da canlı yayımlanırdı və işin tərsliyindən Şəfaət müəllimin həmin gün, həmin saatda telestudiyaya gəlmək imkanı yox idi. Qərara alındı ki, gedib çəkək.

Təbii ki, bu iş də indiki kimi asan deyildi. O çağlar filmləri çəkərkən lentləri aşkarlanmaq üçün Moskvaya, yaxud Kiyevə göndərərdilər.

Belə kiçik müsahibələr, xəbər proqramları üçün operativ süjetlər isə "ensiz lent" deyilən, adətən həvəskar kino üçün nəzərdə tutulan 8 millimetrlik lentlərə alınar, elə öz studiyamızdakı laboratoriyada əlüstü aşkarlanaraq montaj edilər, çox zaman da həmin axşam efirə verilərdi.

Akademik Şəfaət Mehdiyev Qafqazdan Ukraynayadək uzun və əzablı döyüş yolu keçmişdi.

Kamera işləyirdi, Şəfaət müəllim müharibə illərinin dəhşətlərindən bəhs edirdi və belə bir təsirli məqamı da söylədi ki, əsgər gedəndə özü ilə balaca bir kisədə Vətən torpağı götürübmüş.

Neft mütəxəssisi olduğuna, arxa cəbhədə bu cür ixtisaslı kardlara tələbat çox duyulduğuna görə 1944-cü ildə Novruz bayramı ərəfəsində ordudan tərxis olunaraq Bakıya qayıdır.

Əzizlərinə sarılaraq öpüşüb-görüşəndən sonra ən ağır günlərdə belə göz bəbəyi kimi qoruyub saxladığı həmin bir ovuc Vətən torpağı tökülmüş kisəni çıxarıb qoyur masanın üstünə.

Anası Bəyim xanım da qoynundan yazıları solub-saralmış bir üçkünc məktub çıxarır.

Şəfaət cəbhəyə yola düşəndən 3 ay sonra evə ilk məktubu çatıbmış. Həmin gündən ta tək balası evə dönənədək hər an səksəkə içərisində yaşamış anası bu zərfi gecə-gündüz köksünün üstündə gəzdirmişdi...

Cəbhədəki fəaliyyətlərindən danışanda Şəfaət müəllim bunu da söyləmişdi ki, o dövrdə İranda da bizim hərbi hissələrimiz varmış və vaxtaşırı İrandan gələn, farsca yazılmış məxfi məktubları da 4-cü Ukrayna cəbhəsinin rəhbərliyi ona tərcümə etməkçün verirmiş.

Çəkilişdən sonra soruşmuşdum ki, bəs farscanı haradan bilirdiniz?

Gülümsünmüşdü və suala sualla cavab vermişdi ki, bununla maraqlanmaqda, deyəsən, sən də farsca bilirsən.

Mən universitetin Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsində oxuduğumu demişdim.

Qayıtmışdı ki, mən əslən İrandanam, Cənubluyam, Sarabda doğulmuşam.

Və sanki bir az dalğınlaşan kimi olmuşdu. Farsca iki beyt demişdi. Cəlaləddin Ruminin "Məsnəvi"sinin ilk misralarını:

Beşnov əz ney çon hekayət mikonəd,
Vəz codagiha şekayət mikonəd.
Kəz neyestan ta məra beborideənd,
Əz nəfirəm mər o zən nalideənd. 

Bizim Əhməd Şəfai, Nəyyar Zaman Hatəmi kimi fars əsilli müəllimlərimiz vardı ki, həmişə tələbələrlə farsca danışardılar və onların tələffüzü, təbii ki, təmiz fars ədəbi dilinə uyğun idi. Lakin Şəfaət müəllim bu misraları bizim adət etdiyimiz tərzdə təmiz fars tələffüzündə deyil, İran Azərbaycanından olanların tərzində demişdi:  

Bişnöv əz ney çün hikayət mikünəd,
Vəz cüdagiha şikayət mikünəd...

Belə deyiş ədası da bizə, ən azı, əslən Xamnədən olan müəllimimiz Mübariz Əlizadənin farsca şeirləri özünəməxsus şivə ilə dilə gətirməsindən tanış idi.

Televiziyanın rejissoru Azər Qasımzadə, operator, işıqçı maraqla Şəfaət müəllimə baxırdılar və o, oxuduğu misraların tərcüməsini də demişdi: "Neyi dinlə ki, hekayət söyləyir. Ayrılıqlardan şikayət eləyir ki, məni qamışlıqdan kəsib götürəndən sonra qadınlı-kişili hamı ahu-zarımdan nalə çəkir".

O vaxtlar mən televiziyada ayda 2-3 müxtəlif veriliş aparırdım, radioda "Bulaq" yazırdım, başqa redaksiyaların xətti ilə hər həftə müxtəlif verilişlərim səslənirdi, "Bakı" qəzeti ilə əməkdaşlıq edirdim və həm evdəkilər, həm də tanışlar bəzən irad tuturdular ki, çox parçalanma, əsas öz dərsinlə, öz sahənlə məşğul ol. Amma qəribədir ki, Şəfaət müəllim tam əksini demişdi: "Düz eləyirsən ki, jurnalistikayla da məşğul olursan. Bu iş qələmini bir az da açar, səni hərtərəfli inkişaf etdirər".

Çox sonralar bildim ki, Şəfaət müəllim də cavanlığında qəzetçilikdə gücünü sınayıbmış, 1930-cu illərdə "Gənc işçi", "Neft kadrosu" qəzetlərində çalışıbmış, "Gənc bolşevik" jurnalının redaktoru olubmuş.

Ertəsi gün olan bu çəkilişimiz və görüşümüz haqda təfərrüatları fakültədə müəllimim professor Rəhim Sultanova danışanda o, akademik Şəfaət Mehdiyevi həm fars poeziyasının bilicisi, həm də yaxşı ədib kimi səciyyələndirmişdi: "Şəfaət məndən 2 yaş böyükdür. Mən 1912-dənəm, o isə 1910-dan. Bir tərəfi də, mənim kimi, ərdəbillidir. Geologiyanın yox, ədəbiyyatın ardınca getsəydi, ya böyük filoloq alim, ya çox məşhur şair, yazıçı olardı".

Şəfaət müəllim uşaqkən ayrıldığı ata-baba yurdunun həsrətini ömrü boyu çəkmişdi və oralara qədəm basmaq görkəmli alimə ixtiyar çağında, sinni 80-i adlayanda, 1991-ci ildə, SSRİ dağılanda nəsib oldu.

Elə ilk görüşümüzdə Cənubdan söz açınca dalğınlaşması da hər zaman içərisində gəzdirdiyi həmin xiffətlə bağlıymış.

Şəfaət Mehdiyevin 1975-ci ildə qələmə aldığı, sərdar-i milli Səttarxana həsr etdiyi "Ərk qalası" pyesi də, söz yox, daim qəlbində ağrısını-acısını daşıdığı, heç vaxt bitməyəcək kimi yaşadığı Cənub nisgilindən yaranmışdı.

Bütöv, böyük, güclü Azərbaycan onun ən ali arzusu, amalı idi.

Hər halda xoşbəxt insanmış ki, Allah ona uzun ömür bağışlayaraq Azərbaycanı müstəqil görməyi də, Sovet dönəmində keçilməz olan sərhədlərin açılmağını, aradakı dəmir pərdənin götürülməsini, Təbrizə, Ərdəbilə, Saraba səfərə çıxmasını da nəsib etdi. 

Vətənə bağlı ülvi diləkləri isə çox idi.

Gündəlik insani münasibətlərdə azdanışan, sözə xəsis olan, qaradinməz təsiri oyadan Şəfaət Mehdiyev, əslində, çox həssas, bəlkə də çılğın bir insan idi və hərdən-hərdən duyğularının vulkan kimi püskürməyə hazır olmasının əks-sədaları onun şeirlərində, hekayələrində, pyeslərində, bədii lövhələrindədir.

"Ərk qalası"nın sonunda igid Səttarxanın dilindən səslənən sözlər Şəfaət Mehdiyevin millətə, yurda bağlı ürəyinin çırpıntıları, həyatı boyu qəlbində gəzdirdiyi ən munis niyyətlərinin ifadəsi, Xiyabanilər, Səttarxanlar getsə də, Xiyabaniliyin, Səttarxanlığın ölməzliyinə, davamlı olacağına inamıdır: "Azadlıq, bərabərlik, xoşbəxtlik uğrunda mübarizə davam edəcəkdir. Ancaq Məlik ül-Mütəkəlliminlərin, Mirzə Cahangirxanların, Hüseynxan Bağırxanların, yüzlərlə qəhrəman mücahidin qanı hədər getməmişdir. Biz bu igid oğullarımızın xatirəsini izzətlə, ən ali insani hisslərlə, qələbəyə doğru gedən bir əsgər kimi xatırlayırıq.

Bu yol haqq və ədalət yoludur, ona görə də qalib gələcəkdir.

Ey Azərbaycan! Sənin Babək oğlun azğın xilafətə zərbə endirdi. Sən öz himmət və əzminlə müstəbid şahları diz çökməyə məcbur etdin. Sən İran üçün Qanun-i əsası aldın! Azadlıq firiştəsini (mələyini - R.H.) sən istibdad ifritəsinin cəngindən xilas etdin! İndi də onu öz namusun kimi qorumalısan!

Ey mənim şöhrətim, qürurum Azərbaycan! Səttar səndən uzaqda olsa da, həmişə sənin sərbazındır!"

Vətəndaş yanğısı Şəfaət Mehdiyevi ömrü boyu müşayiət edən hiss olub və millət, Vətən anlayışlarında ən xırda cizgi də ondan ötrü ən yüksək məna daşıyıb.

Yurdun bir daşının ağrısını da, bir ağacına dəyən zərbəni də o, qəlbinə yaxın tutub, həmin ağrıları için-için yaşayıb.

Belə olmasaydı, bu düşüncələri də yaranmazdı: "Cəbrayılda bir çinar var - yaraşıqlı, qol-budaqlı, nəhəng, qocaman bir çinar! Əsrlər boyu vüqarla ucalmış, kölgəsində minlərlə yolçu dincəlmişdir. Yayın şiddətli istisində onun dibindən axan kəhrizin saf-sərin suyundan içənlər təkrar-təkrar həmin çinarı görmək üçün buraya qayıtmışlar.

Deyilənə görə, bu çinarın beş yüz yaşı vardır. Hündürlüyü 35 metrdir. Ümumiyyətlə, Cəbrayıl rayonu qocaman çinarlar vətənidir. Yaşları 1000-i ötmüş həmin çinarlardan biri Karxulu kəndində, ikincisi Füqanlı kəndinin yaxınlığında yol kənarındadır. Bunlar dünyanın ən qocaman çinarlarındandır. Onların yaşıdlarına ən çoxu bir və ya iki xarici ölkədə rast gəlmək olar.

Lakin söhbətimiz Cəbrayıl rayon mərkəzindəki həmin çinar haqqında olacaq. Çünki onun sahibi yoxdur. Bu nəhəng ağacın gövdəsini bir neçə adam qucaqlaya bilmədiyi halda onu əsir ediblər. Budaqları restoran üçün dirək olmuşdur. Səhərdən axşama qədər onlarla adamın ayaqları altında tapdalanan bu çinarın ah-naləsini eşidən yoxdur.

Təbiətin insanlara bəxş etdiyi bu misilsiz neməti bu vəziyyətdə seyr etdikdə adamın ürəyi parça-parça olurdu.

Biçarə çinar hər tərəfdən mühasirəyə alınıb, hətta doyunca günəş şüalarından və təmiz havadan da məhrum olubdur".

Şəfaət Mehdiyev bu sətirləri can yanğısı ilə qələmə alanda hələ Qarabağın faciəli günləri çox-çox uzaqlarda idi. Kimin ağlına gələrdi ki, gün yetişəcək, bu çinar elə doğrudan-doğruya əsir düşəcək, erməni təcavüzünə məruz qalacaq!

Şəfaət Mehdiyevin çinarı insan kimi dil açıb danışırdı və elə sözlər deyirdi ki, sanasan, həmin hekayət heç 40 il əvvəl yox, indi, bizim günlərdə yazılıb: "Mən də bir min, iki min, üç min il və daha artıq yaşamaq istəyirəm, yaşaya da bilərəm, əgər qoysalar!..

Uzun illərdir məni dustaq eləyiblər.

Əgər həqiqətən məni bu əsirlikdən xilas etmək istəyirsinizsə, göydən yerə enin!"

Gövdəsinə özümüzünkülərin bir mismar vurmasına dözə bilməyən, ürəyi parça-parça olan vətənpərvər Şəfaət Mehdiyev o çinarın indiki əsarətini seyr edə bilsəydi, nə hala düşərdi?!

Bəlkə hər ağacımıza, daşımıza, otumuza, çiçəyimizə o cür sevgiylə, o sayaq canıyananlıqla, o təhər təəssüblə yanaşa bilməməyimizdəndir ki, bu gün həmin çinar da, Cəbrayıl da düşmən əlindədir!

Nicat yolu hardadır bəs?

Bu yolu da qoca Şəfaət həmin qəmli çinar hekayətində bizə pıçıldayıb: "Əgər həqiqətən xilas etmək istəyirsinizsə, göydən yerə enin!"

Və bu yerdə söhbət artıq itirmiş olduqlarımızdan deyil, bundan sonra itirə biləcəklərimizdən də gedir.

Göydən yerə enək, dəyərlərimizin, sərvətlərimizin yanında olaq, hayan duraq onlara!..

Alim babalarımız Xətib Təbrizi də, Fələki Şirvani də, Nəsirəddin Tusi də, Hüsaməddin Xoylu da, Fəzlullah Rəşidəddin də, Abbasqulu ağa Bakıxanov da, lap elə Şəfaət Mehdiyevin cavan müasirlərindən olmuş Xudu Məmmədov da şeirlər yazıblar.

Ancaq Şəfaət Mehdiyevin bədii sözə üz tutması sadəcə hərdən ürək boşaltmaq, mürəkkəb elmi tədqiqatlardan usanarkən daxili dinclik tapmaq məqsədi daşımayıb.

Onun ədəbi təcrübələri də elmi peşəkarlığı ilə yanaşı addımlayıb və bu yöndə də Şəfaət müəllim öz millət və ölkə quruculuğu ideallarına tən gələn sistemlilik və ardıcıllıqla çalışıb.

Fəlsəfi, didaktik pritçalardan tutmuş lirik şeirlərəcən, fantastik, yumoristik, satirik hekayələrdən tutmuş esselərədək, nəğmələrdən tutmuş publisistik qeydlərədək ən müxtəlif ədəbi şəkillərdə qələmini sınayıb.

Millətimizi millət etmək yolunda şam kimi yanmış Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir haqqında pyeslər doğurub. 

Bəzən xəyal aynasında ötən günlər düşür yada,
Qanad çalır könül quşu, getməyibsə ömür bada.
Düşür yada sevinc, kədər, o günlərin səadəti,
Düşür yada bahar seli, pıçıldaşan çinarlar da.

...Əsrarəngiz təbiət də asan vermir sən sevəni,
Günəş nurun səpələyir, zirvələrdən qovur səni.
Əməlində duyur insan gözəlliyi, lətafəti,
Ötən ötdü... salma yada, sabaha sən ver vədəni. 

Akademik Şəfaət Mehdiyev ömrü bada verməyən, daim əli sabaha uzanan bir insan idi və onun ilhamlı könlündən qopmuş ədəbi əsərlər də bunun əlavə təsdiqidir.

Elmi əsərlə bədii əsərin mühüm bir fərqi var. Elm daimi inkişafdadır, dünən sənin ən böyük kəşf, ixtira, tapıntı kimi qiymətləndirilən müşahidələrin başqa yeni kəşflər, ixtiralar, tapıntılar üçün bünövrəyə çevrilir. Təbii ki, elə həmin səbəbdən də illər ötdükcə elmi nəşrlərə köhnəlmək də xasdır. Ədəbi incilər ki belə deyil! Onlar lap min il ötsə də təzələyini, yeni zamanlarla həmahəngliyini, həmnəbzliyini qoruyub saxlaya bilir.

Alim Şəfaət Mehdiyevin XX əsrdə yazdığı monoqrafiyalar, dərsliklər elmi əhəmiyyətini bir çox cəhətdən hifz etsə də, hər halda artıq tarixdir. Keçmiş elmi əsərlərin yeni zaman içərisində də yeni günlə və tələblərlə tam ayaqlaşması üçün gərək müəllif də sağ ola, öz əsərlərinə yeni vaxtın işığında əl gəzdirə.

Bədii təfəkkürün bəhrələri üçünsə bu qorxu yoxdur. Bircə kəlməsini belə dəyişməsən də, əskiləşmir, nimdaşlaşmır, təzə dövranda qərib görsənmir, daha artıq - yeni-yeni çalarları və qatları ilə yaşamağa və sevilməyə qadir olduğunu büruzə verir.

Yazıçı Şəfaət Mehdiyevin artıq XXI yüzildə, ömrünü onsuz davam etdirən ədəbi saxlancları hər dəfə Azərbaycan oxucusunun görüşünə gələrkən bir daha o həqiqəti isbat edir ki, səmimi söz, sərrast söz, zəka və qəlb nuru ilə isinmiş söz zaman ötüşü ilə birovuzlaşan, soluxan deyil.

Əksinə, Şəfaət Mehdiyev, gənc çağlarında tədqiq etdiyi kristallar kimi, hər yeni zamanın işığında başqa cilvədə  bərq vurmaq iqtidarındadır.

...1956-cı ildə Şəfaət Mehdiyev elmdə mayak, yolgöstərici sayılan nadir əsərini ortaya qoyur.

Bu, neftşünaslıq elmimizdə onun adıyla bağlanan mühüm bir mərhələnin başlanğıcı demək idi.

Onun tərtib etdiyi "Azərbaycanın neftlilik-qazlılıq xəritəsi" sonrakı çox onillər boyunca neft-qaz yataqlarının kəşfi üçün "qızıl açar"a çevrilir.

Lakin Azərbaycanın təfəkkür və duyğu tarixində bir zirvə kimi ucalan akademik Şəfaət Mehdiyev özü də yaratdıqları və şəxsiyyətiylə müstəsna bir xəritədir ki, hər gələn zaman içərisində diqqətləri çəkəcək.

Bu misilsiz Şəfaət Xəritəsini seyr edənlər vətənsevərlik, millətpərvərlik dərsləri alacaqlar, onun elmi kəşflərinin işığıyla yeni-yeni daha parlaq kəşf və tapıntılara doğru irəliləyəcəklər, ədəbi əsərlərindəki duyğu selində ruhən saflaşacaq, könül rahatlığı tapacaqlar.

...Akademik Şəfaət Mehdiyevin müəllim olaraq bir şakəri də varmış. Hər dəfə sinfə daxil olanda soruşarmış ki, ötənsəfərki mühazirəmizin son cümləsi nə idi?

Və yeni mühazirəsini həmin cümlədən başlayarmış.

Bizlər də hər dəfə Şəfaət Xəritəsinə nəzər salanda - ondan miras qalan elmi və bədii əsərləri vərəqləyəndə hər cümlə bir qığılcıma çevrilərək unudulmaz alimimiz və ədibimiz Şəfaət Mehdiyev haqqında yeni-yeni minnətdarlıq və heyranlıq dolu hekayətlərin başlanmasına təkan verəcək.

Əsl xalq məhəbbəti, Vətənin yaddaşında heykəlləşmək elə bu deyilmi?! 

 





15.12.2015    çap et  çap et